Dövlət proqramlarının uğurla icrası regionlarda
kənd təsərrüfatının inkişafına da təkan verib
Respublikamızda
2004-cü ildən etibarən uğurla
reallaşdırılan regionların sosial-iqtisadi
inkişafına dair Dövlət
proqramları çərçivəsində aqrar
sektorun inkişafı istiqamətində də
zəruri tədbirlər həyata keçirilib
Məlum olduğu kimi, dövlət tərəfindən
aqrar sahədə həyata keçirilən
infrastruktur layihələrinin
davamlılığı, aqrolizinq
xidmətinin genişləndirilməsi,
eləcə də, kreditlərin verilməsinin
sürətləndirilməsi Azərbaycanda kənd təsərrüfatının inkişafına
müsbət təsir
göstərib.
Ümumiyyətlə, hazırda öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biri də daxili istehsal hesabına ölkənin ərzaq təhlükəsizliyinə nail olmaqdan ibarətdir. Təsadüfi deyil ki, respublikamızda 2004-cü ildən etibarən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində də bu istiqamətdə zəruri tədbirlər həyata keçirilib və son dərəcə yaxşı nəticələr əldə edilib. Belə ki, artıq respublika əhalisinin bir sıra ərzaq məhsullarına olan tələbatı 100 faiz daxili istehsal hesabına ödənilir. Eyni zamanda, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq yaxın perspektivdə ölkənin bütün pozisiyalar üzrə ərzağa olan tələbatının tam yerli istehsal hesabına ödənilməsi hədəf seçilib. Heç şübhəsiz, istənilən ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üçün, ilk növbədə, kənd təsərrüfatının inkişafına diqqət ayrılmalıdır və Azərbaycan bu sahədə xüsusi olaraq fərqlənir. Elə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilməsi də deyilənlərin əyani sübutudur. Daha dəqiq desək, 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsinin prioritet məsələ olduğunu bir daha təsdiqləyir. Yuxarıda da vurğuladığımız kimi, qarşıya qoyulan hədəf isə budur ki, biz özümüzü 100 faiz ərzaq məhsulları ilə təmin etməli, bu məhsulları xarici bazarlara da ixrac etməliyik.
Onu da vurğulamaq yerinə düşər ki, dövlət başçısının qarşıya qoyduğu hədəflərə nail olmaq üçün ölkənin hər yerində, o cümlədən, Yevlax rayonunda da uğurlu fəaliyyət göstərilir. Torpaq mülkiyyətçilərinə dövlət tərəfindən göstərilən diqqət və qayğı, rayon ərazisindəki suvarma sistemlərində, magistral suvarma kanallarında, kollektor-drenaj şəbəkələrində əsaslı təmir və təmizləmə işlərinin keyfiyyətlə aparılması, aqrar sahədə çalışanlara güzəştli və imtiyazlı şərtlərlə edilən yardımların verilməsi bu rayonda da kənd təsərrüfatının müxtəlif sahələrində inkişafı şərtləndirib. Bu isə öz növbəsində 2015-ci ilin birinci yarısında da uğurların əldə olunması ilə nəticələnib.
Belə ki, bu ilin ilk altı ayı ərzində rayonda ümumilikdə 41,6 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. 2015-ci ilin məhsulu üçün 232 hektarda kartof, 530 hektarda tərəvəz, 6845 hektarda təzə yonca, 10 min 10 hektarda taxıl, o cümlədən, 4469 hektarda buğda əkilib. Buğda istehsalçılarına 165 min manat dövlət yardımı verilib. Sahələrdən 32867 ton taxıl məhsulu toplanıb.
Eyni zamanda, torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə 2839 ton mineral gübrə satılıb. Cari ilin altı ayı ərzində 2014-cü ilin altı ayı ilə müqayisədə 14,4 ton ət, 129 ton süd, 1,1 ton yun, 96 min ədəd yumurta çox istehsal edilib.
Hesabat dövründə rayonda ümumilikdə 43,9 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 5,4 faiz çoxdur.
Yeri gəlmişkən, Yevlax rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində də tədbirlər davam etdirilir. Belə ki, cari ildə rayonun Salahlı, Cırdaxan, Balçılı və Varvara kəndlərinə xidmət edən P-4 magistral suvarma kanalında əsaslı təmir işləri aparılıb. Varvara kəndində yeni nasos stansiyası və xidməti binanın tikintisi başa çatıb. Rayon ərazisində 220 kilometr suvarma kanalı, 59,5 kilometr kollektor-dren şəbəkəsi lildən təmizlənib, 1800 metr asma növ kanallar, 2900 metr beton kanallar əsaslı təmir edilib.
Hazırda Meyvəli kəndi ərazisində 600 hektar əkin sahəsinin suvarılması məqsədilə müasir tələblərə cavab verən 2 ədəd, Ərəbbəsrə kəndi ərazisində 650 hektar əkin sahəsinin suvarılması üçün 1 ədəd nasos stansiyasının inşası aparılır.
Bu məqamda xatırladaq ki, Prezident İlham Əliyevin ötən il dekabrın 25-də imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, cari ildə rayon ərazisində 5 ədəd yeni subartezian quyusu qazılması nəzərdə tutulub. Və artıq Malbinəsi kəndində 1 ədəd quyu qazılıb, Qaramanlı kəndində isə quyunun qazılmasına başlanılıb. Qazılacaq digər quyuların yerləri müəyyənləşdirilib və layihələndirmə işləri aparılıb.
Məlum olduğu kimi, müasir dünyamızda ölkələrin ərzaq təhlükəsizliyi proqramlarında daxili taxıl tədarükü müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında respublikamızda taxıl istehsalının artırılmasının zəruriliyini bir daha gündəmə gətirib. Dövlət başçısı son illərdə bir sıra istiqamətlər üzrə daxili tələbatın yerli istehsal hesabına ödənilməsindən məmnunluğunu ifadə etsə də, ərzaq təminatında ən ağır pozisiyanın məhz taxılçılıqla bağlı olduğunu bildirib: “Biz bütün bu pozisiyalar üzrə 100 faiz səviyyəsinə çatmalıyıq. Burada ən ağır pozisiya, əlbəttə ki, taxıldır. Ancaq hesab edirəm ki, iri fermer təsərrüfatlarının yaradılması nəticəsində biz bu məqsədə çatacağıq”.
Öz növbəsində dövlət başçısının müvafiq tövsiyə və tapşırıqlarına uyğun fəaliyyət göstərən yevlaxlı fermerlər bəhs olunan istiqamətdə uğurlar əldə ediblər. Belə ki, rayonda ötən ilin payızında səpilmiş 10 min 10 hektar taxılın biçilməsi müvəffəqiyyətlə yekunlaşıb, 32 min 867 ton məhsul tədarük edilib. Hər hektardan məhsuldarlıq orta hesabla 32,8 sentner olub ki, bu da ötən illə müqayisədə 5,3 sentner çoxdur.
Kimsəyə sirr deyil ki, ölkəmizdə bütün sahələrdə, o cümlədən də, kənd təsərrüfatı sahəsində də uğurların əldə olunmasının başlıca səbəbi dövlətini diqqət və qayğısıdır. Eyni zamanda, ölkədə kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısı çoxşaxəlidir. Belə ki, respublikamızda “Aqrolizinq” ASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Mineral gübrələrin dəyərinin 50 faizdən çoxu, texnikanın dəyərinin 40 faizi dövlət büdcəsinin vəsaitləri hesabına kompensasiya olunur. Mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə yüksəldilib. Ölkəmizdə hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnir. Eyni zamanda, hər il kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikaların sayı əvvəlki ilə nisbətən artır. Tətbiq edilən güzəştlərin həcminin artırılması hesabına 2014-cü ildə fermerlər texnikanı əvvəlki ilə nisbətən 50 faiz, gübrəni isə 30 faiz aşağı qiymətlə əldə ediblər. Bu da məhsulun maya dəyərinin əhəmiyyətli dərəcədə azalması nəticəsində fermerlərin gəlirlərinin artmasına və investisiya imkanlarının genişləndirilməsinə müsbət təsir göstərib. Bitkiçiliyin inkişafına birbaşa dəstək tədbirləri çərçivəsində 2014-cü ilin məhsulu üçün buğda və çəltik səpininə görə 20,1 milyon manat, əkin sahələrinin və çoxillik bitkilərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə isə 51,8 milyon manat yardım göstərilib.
Bu amil Yevlaxda da qabarıq nəzərə çarpır. Belə ki, mayın 15-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu rayonun Salamabad kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Foruma Yevlaxın və Bərdə rayonunun aqrar sahədə çalışan sahibkarları, həmçinin, bank mütəxəssisləri dəvət edilib. 80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində sahibkarlara 5 hektar sahədə nar bağının salınması, kiçik pendir istehsalı sexinin yaradılması, gündəlik istehsal gücü 2 min ədəd olan müasir kiçik həcmli çörək müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələri, həmçinin, güzəştli kreditin verilmə mexanizmini əks etdirən bukletlər paylanıb.
Sonda bir daha vurğulayaq ki, məhz istehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin fəaliyyətə başlaması, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Belə yüksək dinamikanın nəticəsidir ki, son illərdə ölkəmizin bir sıra ərzaq məhsulları ilə təminatı sırf daxili istehsal hesabına həyata keçirilir. Respublikamızda əhalinin ət və ət məhsullarına, üzümə, kartofa, tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə çatması məmnunluq doğurur.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-2015.- 4 sentyabr.-
S. 7.