Dövlətin diqqət və qayğısı regionlarda sahibkarlığın sürətli inkişafını təmin edib

 

Bu ilin 6 ayında regionlarda müxtəlif sahələr üzrə 2972 sahibkara 96 milyon manat həcmində güzəştli kreditlər verilib

Son illərdə dünyada bir sıra arzuolunmaz tendensiyaların müşahidə edilməsinə baxmayaraq, Azərbaycan nəinki öz dayanıqlılığını qorumağa, hətta iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırmağa nail olub. Qlobal risklər şəraitində Azərbaycanın davamlı inkişaf templərini saxlamasını şərtləndirən mühüm amillərdən biri də ölkəmizdə özəl bölmənin inkişafının yüksək səviyyədə dəstəklənməsi ilə bağlıdır. İstər bölgələrdə, istərsə paytaxtda sahibkarlıq subyektlərinin inkişafı yönündə mühüm tədbirlər görülür. Ölkəmizdə qeyri-neft sektorunun uğurlarından söhbət açarkən bu sahəyə göstərilən dövlət dəstəyini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin bu sahənin inkişafını stimullaşdırmaq məqsədilə müxtəlif vaxtlarda imzaladığı Fərman və sərəncamlar, regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən Dövlət proqramları ölkədə qeyri-neft sektorunun inkişafına güclü hüquqi təminat yaradır.

Məsələn, sentyabrın 3-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabirabadda sahibkarlığın güzəştli kreditləşdirilməsi ilə bağlı növbəti forum keçirib. 100-dək sahibkarın iştirak etdiyi forumda Sabirabad və ətraf rayonlarda ixtisaslaşdırılmış “yaşıl marketin, iri fermer təsərrüfatının, çörək, pendir, meyvəqurutma, ketçup, mayonezxardal sousu istehsalı müəssisələrinin, cins heyvandarlıq, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olub. İşgüzar forumda Sabirabad və ətraf rayonlardan olan 89 sahibkara 870 min manata yaxın güzəştli kredit verilib.

Sonda forum çərçivəsində güzəştli kredit ayrılmış Sabirabad rayonunun Kürkənd kəndində istifadəyə verilmiş 6,3 hektar ərazidə illik istehsal gücü 2,7 min ton tərəvəz olan müasir istixana kompleksinə baxış keçirilib.

Qeyd edək ki, sahibkarlığın inkişafına dəstək olaraq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu ilin ilk altı ayında iqtisadiyyatın müxtəlif sahələri üzrə 2972 sahibkara 96 milyon manat həcmində güzəştli kreditlər verilib. Bu isə ümumilikdə qeyri-neft sektorunun inkişafına və ümumi daxili məhsulun artımına öz təsirini göstərib. Belə ki, cari ilin ötən dövrü ərzində ölkədə 26,3 milyard manat ümumi daxili məhsul istehsal olunmaqla real artım 5,7 faiz təşkil edib, qeyri-neft sektoru üzrə isə 9,2 faiz artım əldə edilib.

Göründüyü kimi, ölkəmizdə qeyri-neft sektorunun inkişafına göstərilən davamlı dövlət qayğısı öz bəhrəsini verməkdədir. Hərtərəfli dövlət dəstəyi və güclü maliyyə təminatı sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur.

Son illərdə dövlət başçısının elan etdiyi “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq respublikada çoxsaylı sahibkarlar ordusunun formalaşması məmnunluq doğurur. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Ölkəmizdə sahibkarlığın inkişafından söhbət açarkən bu sahə ilə bağlı hüquqi bazanın ardıcıl olaraq təkmilləşdirilməsini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin 2014-cü il martın 3-də imzaladığı “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərman özəl bölmənin yeni mərhələsinin hüquqi təminatlarını özündə əks etdirir. Prezidentin imzaladığı bu Fərman ölkəmizdə özəl bölməyə dövlət dəstəyinin ardıcıllığını bir daha təsdiqləyir. Fərmana uyğun olaraq həyata keçirilməsi planlaşdırılan islahatlar çərçivəsində 6 qanunun qəbul olunması nəzərdə tutulub. Bunlardan iki qanun tamamilə yeni olacaq. Bunlar “Özəl kredit büroları haqqında” və “Təminatlı əqdlər haqqında” qanun layihələridir. Bu qanunların qəbul olunması bank xidmətləri sferasının genişlənməsinə, eləcə də, sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılmasına şərait yaradacaq. Son 12 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatıb. Sahibkarlığın inkişafına maliyyə dəstəyinin daha da gücləndirilməsi siyasəti cari ildə də davam etdirilib.

Sahibkarlığın dəstəklənməsi ölkədə aqrar sektorun və bütövlükdə regionların inkişafına əlavə impuls verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə davamlı olaraq həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən birini kənd təsərrüfatında yüksək inkişafa nail olunması, o cümlədən də, respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması təşkil edir. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Eyni zamanda, respublikamızda həyata keçirilən səmərəli siyasət sayəsində ölkənin iqtisadi gücünün və maliyyə imkanlarının artması Azərbaycanda kənd təsərrüfatı sahəsində mövcud olan potensialdan istifadə edilməsinə münbit zəmin yaradır. Dövlət başçısı ölkəmizdə kənd təsərrüfatında artım tempinin təmin olunmasını və bu istiqamətdə müasir dövrün tələblərinə cavab verən səmərəli tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.

Respublikamızda aqrar sektorun inkişafına göstərilən dövlət dəstəyi çoxşaxəlidir. Məsələn, bölgələrdə dövlət vəsaiti hesabına kənd təsərrüfatı üçün lazımi infrastruktur yaradılır, bu sahəyə investisiyalar yönəldilir. “AqrolizinqASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Mineral gübrələrin dəyərinin 50 faizdən çoxu dövlət büdcəsinin vəsaitləri hesabına kompensasiya olunur. 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilib və 12500-dən çox yeni yerinin açılması imkanı yaradılıb. Təxminən 78 faizi regionlara yönəldilmiş bu güzəştli kreditlər hesabına ötən il 39 iri istehsal, emalinfrastruktur müəssisəsi istifadəyə verilib. Cari ildə isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir.

Beləliklə, ölkədə sahibkarlığın dəstəklənməsinin, həmçinin, güclü potensiala malik aqrar sektorun və bütövlükdə regionların inkişafında mühüm rol oynadığını da ayrıca qeyd etmək lazımdır. Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının icrasının birinci ilində bölgələrdə sahibkarlıq subyektlərinin sayının artması nəticəsində regionlardan vergi daxilolmaları əvvəlki ilə nisbətən 9,8 faiz artıb, xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatıb. Son 12 ildə ölkə üzrə sahibkarlara verilən kreditlərin 78 faizi, açılan yerlərinin isə 81 faizi regionların payına düşüb.

Ölkəmizdə yaradılan aqrar-sənaye müəssisələri uğurla fəaliyyət göstərir. Respublikamızda indiyədək dövlətin ayırdığı güzəştli kreditlər hesabına 13 quşçuluq fabriki, 2 heyvandarlıq kompleksi, 12 soyuducu və taxıl anbarı, 8 istixana kompleksi, 3 ət emalı, 2 konserv, 7 çörək zavodu tikilib istifadəyə verilib.

İri fermer təsərrüfatlarının yaradılması ilə respublikanın aqrar sektorunda məhsuldarlıq, o cümlədən də, taxıl tədarükü artacaq. Yeri gəlmişkən, təcrübə göstərir ki, iri fermer təsərrüfatlarında daha yüksək məhsuldarlığa nail olmaq mümkündür. Buna görə də, respublikamızda taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılmasına start verilib. İlkin nəticələrə əsasən, iri fermer təsərrüfatlarında məhsuldarlıq hər hektar üzrə 55 sentner səviyyəsində olub ki, bu da kifayət qədər yüksək göstəricidir. Respublikamızda yeni sahibkarlıq subyektlərinin yaradılması yolu ilə bu proses davam etdiriləcək. Birinci mərhələdə 4 min 8 yüz hektar torpaq sahəsi əhatə edilib. Hazırda icra edilən yeni layihələr çərçivəsində 30 min hektar torpaqda iri fermer təsərrüfatları fəaliyyət göstərəcək. İndiyədək respublikamızda 20-dək iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 123,7 milyon manat olan bu təsərrüfatların yaradılmasına 54,8 milyon manat məbləğində dövlətin güzəştli kreditləri verilib. Təsərrüfatlarda müasir texnologiyanın tətbiqi nəticəsində torpağın münbitliyinin artırılmasına, suvarma suyuna qənaət olunmasına, torpağın şoranlaşması və eroziyaya uğraması proseslərinin qarşısının alınmasına və ən əsası, orta məhsuldarlığın ən azı iki dəfə artırılmasına şərait yaradılıb. Ümumiyyətlə, iri fermer təsərrüfatlarının yaradılması ilə ölkəmizdə kənd təsərrüfatının yeni effektiv sistemi formalaşır.

Eyni zamanda, regionlarda sahibkarlığın təşviq olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Məsələn, gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması məqsədilə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində ilk biznes inkubator fəaliyyətə başlayıb. 2014-cü ildə sahibkarların maarifləndirilməsi və nümunəvi layihələrin təqdim olunması ilə bağlı regionlarda minlərlə sahibkarın iştirakı ilə 169 tədbir keçirilib, 47 sahibkarın Almaniyada təcrübə keçməsi təşkil olunub. Dövlət başçısının göstərişinə əsasən regionlarda kiçik sahibkarlıqla məşğul olan vətəndaşların güzəştli kreditlərə çıxışını təmin etmək və fermerlər arasında kooperasiya əlaqələrini gücləndirmək məqsədilə Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq edən bank olmayan kredit təşkilatlarının sayı artıq 20-yə çatdırılıb.

 

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.-2015.-5 sentyabr.- S. 8.