Azərbaycanı xilas edən insan
Rusiyada nəşr edilən “Mir i politika” (MP) adlı beynəlxalq siyasi jurnalda Rusiya Federasiyası Yazıçılar İttifaqının üzvü Nina Puşkovanın “Azərbaycanı xilas edən insan. Bakıdan subyektiv qeydlər” sərlövhəli məqaləsi dərc olunub. Material Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə həsr edilib. Müəllif bu görkəmli siyasi xadimin xilaskar missiyası barədə fikirlərini oxucularla bölüşür, titanik fəaliyyəti sayəsində Azərbaycanın bir sıra bəlalardan xilas olmasına və ölkəmizin bugünkü sürətli inkişafının möhkəm təməlinin qoyulmasına, onun regionda lider dövlətə çevrilməsinə imkan yaradan bu dahi şəxsiyyətin fenomenini anlamağa çalışır.
Müəllif yazır: “Dəfələrlə Bakıda olmuşam və kiçik mağazaların vitrinlərindən tutmuş ayaqqabı emalatxanalarına qədər hər yerdə Heydər Əliyevin portretlərini görmüşəm. Mən anlamaq istəyirdim: necə və nə üçün belə olub ki, keçmiş Siyasi Büro üzvü, Qorbaçovun yenidənqurma dövründə istefaya göndərilən, bir növ kölgədə qalan bu insan birdən-birə yenidən öz xalqına lazım olub və müasir Azərbaycanın qurucusuna çevrilib?!
Bu il may ayında, Heydər Əliyevin doğum gününün növbəti ildönümündən az sonra yenidən Bakıda oldum. Həmin günlərdə azərbaycanlı tarixçilərlə, fotoqraflarla, Əliyevin şəxsi mühafizə dəstəsinin rəisi, rejissorlar və yazıçılarla görüşdüm.
Buna layiq olmayan insana fikrən abidə ucaltmaq mümkün deyil. Yekaterinburqda Yeltsinin abidəsinin açılışında ən çoxu 100-150 nəfər toplaşmışdı, özü də bu adamlar əsasən Moskvadan gələnlər idi. Sonra isə bu abidə barədə yalnız bir dəfə eşitdik - onun üstünə rəng tökmüşdülər. Heydər Əliyevə isə Azərbaycanda əsas abidə insanların xatirəsindədir və bu abidəni nə uçurtmaq olar, nə də üstünə rəng tökmək.
Elə adamlar var ki, adları bütün
dünyada məşhurdur. Sinqapur Prezidenti Li Kuan Yu, Fransa Prezidenti General de Qoll, Fidel
Kastro, Nelson Mandela belələrindəndir. Bu
siyahı o qədər də uzun deyil. Lakin
Azərbaycanın tarixini bilsələr bu siyahıya Heydər
Əliyevin də adını əlavə etmək olar. Respublikada Onu ölkənin parçalanmasına və
ya avantürist niyyətlərin qurbanına çevrilməsinə
imkan verməyən insan, bu cür siyasətçi hesab edirlər”.
Müəllif öz materialında Heydər Əliyevin
keçmiş Sovet İttifaqının rəhbərlərindən
biri vəzifəsində fəaliyyətindən söhbət
açaraq qeyd edir ki, O, adi idarəçi deyildi. N.Puşkova
xüsusi vurğulayır ki, bir sıra müasir menecerlərin
düşündüyündən fərqli olaraq, Heydər
Əliyevin nəzərində insanlar və onların taleyi əhəmiyyətsiz
məsələ deyildi. O yazır: “Həmin illərdə
Baykal-Amur magistralının (BAM) tikintisində fəal iş
gedirdi, daha doğrusu, bu tikintidə işlər yerində
sayırdı. Burada iş şəraiti hədsiz ağır,
hava şəraiti dözülməz idi. O diyarda işləmək
üçün insanlar çox dözümlü olmalı
idi. Bu insanların qüvvəsi tükənəndə,
insan materialı bu şəraitə davam gətirməyəndə
oraya çox vaxt tələbə briqadalarını, gəncləri,
bir sözlə gənclik həvəsindən başqa
heç nəyi - nə təcrübəsi, nə ixtisası
olmayan adamları göndərirdilər.
Ümumiyyətlə, tikinti yerində sayırdı. Hesabat vermək
üçün heç bir əsas yox idi. Vəziyyəti araşdırmaq üçün Heydər
Əliyevi oraya göndərdilər.
O, ittifaq
nazirlərini və diyar rəhbərlərini topladı, əyninə
sırıqlı gödəkcə, ayağına uzunboğaz
çəkmə geyib palçıqlı yollarla, bir növ məhək
daşı sayılan məşhur BAM tunelinə yollandı -
özü də xidməti maşında yox, UAZ avtomobillərində.
Nazirlər Soveti sədrinin birinci müavini yerli məmurlarla bərabər
metal qəfəslərdə içərisinə su dolmuş,
bəzi yerləri uçulub tökülən, mühafizə
baxımından ağlasığmaz dərəcədə təhlükəli
şaxtaya endi. Heydər Əliyevin şəxsi mühafizə
dəstəsinin rəhbəri Aleksandr İvanov o günləri
xatırlayaraq deyir: “Orada biz cavanlar üçün soyuq və
qorxulu idi, Əliyev isə elə bil qəsdən hey irəli
gedir, bütün rəisləri arxasınca çəkib
aparırdı. O istəyirdi ki, insanların hansı şəraitdə
işlədiklərini hamı hiss etsin. Şaxtaya enəndən
sonra keçirdiyi müşavirədə isə soruşdu: “Hə,
necə hesab edirsiniz, bu kurort şəraiti nəzərə
alınsa, şaxtaçıların əməkhaqqı necə
olmalıdır?”
Məqalədə
deyilir ki, Heydər Əliyev 1986-cı ildə, SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini olarkən 22 nazirlik və idarə,
o cümlədən o vaxt heç bir adı olmayan, indi
Fövqəladə Hallar Nazirliyi (FHN) adlanan idarə də Onun
nəzarəti altında idi. Müəllif bununla əlaqədar
içərisində 1234 nəfər olan “Admiral Naximov”
laynerinin suya batması ilə bağlı dəhşətli
faciəni xatırlayaraq yazır: “Hakimiyyət orqanları bu
hadisəyə təcili münasibət bildirməli idi. Heydər Əliyevi Novorossiyskə göndərmək
qərara alındı. O gələndə şəhərin
əsas meydanında çoxlu insan toplaşmışdı:
sanki möcüzə sayəsində xilas olanlar, onların
qohumları, həlak olanların doğmaları, şəhər
sakinləri, başqa yerlərdən gələnlər... Bu, ümumi kədərin birləşdirdiyi
insanların qüssəli, faciəli toplanışı idi.
Əliyev buraya gələndə izdihamda canlanma
başlandı. Həyəcanlanmış bir kişi kütlə arasından tribunaya
yaxınlaşmağa çalışırdı. Əliyev
bilirdi: insanları sakitləşdirmək, onların hər
biri ilə söhbət etmək lazımdır.
Qırıq-qırıq izahatlardan məlum oldu ki, bu
kişinin qızı həlak olub, bir il əvvəl
isə arvadı vəfat edib. İndi isə
bürokratlıq və biganəlik üzündən ona qızını
arvadının yanında dəfn etməyə icazə
vermirdilər. Əliyev dərhal müvafiq göstəriş
verdi: “Bütün problemləri həll etməli!
Adamlara kömək etməli! Təqsirkarları cəzalandırmalı!
Heç kəs məsuliyyətdən kənarda
qalmamalıdır!”. Belə
adamlar yüzlərlə idi.
Mitinqdən
sonra keçirilən müşavirədə “Naximov”un sərnişinlərinin həlak olması barədə
məlumatlardan biri Əliyevin gözünə sataşdı. Həmin məlumatda ölümün səbəbi
qrafasında “batma” sözü yazılmışdı.
- Siz
burada nə yazıldığını başa
düşürsünüzmü? - deyə
Əliyev məmurlardan birinə müraciət etdi. - Bir
neçə il keçəcək və həlak
olmuş bu kişinin arvadı kömək və ya müavinət
üçün müraciət edəndə bürokratın
biri ona belə cavab verə bilər: “Sənə nə
müavinət? Bəlkə sənin ərin sərxoş
olub suda batıb?! Hər yerdə ölümün səbəbini
bu cür yazın: “Ölüm “Admiral Naximov” gəmisində
faciə nəticəsində baş verib”.
Məqalədə xüsusi vurğulanır ki, Heydər
Əliyev insanları sevirdi, onlar da Ona eyni münasibət bəsləyirdi. Müəllif qeyd edir ki,
sovet dövründə Onun respublikaya rəhbərlik etdiyi vaxtlarda
Azərbaycanda yeni zavodlar, su anbarları, neft emalı müəssisələri,
evlər, məktəb binaları, yəni sonralar ölkənin
iqtisadiyyatının təməlini, əsasını, özəyini
təşkil edən hər şey tikilirdi. Müəllif
yazır: “Əliyev peşəkarları sevir və onları
seçirdi. Çalışırdı ki, respublikanın ən
yaxşı tələbələri Moskvanın, Leninqradın
və Novosibirskin aparıcı ali məktəblərində
təhsil alsınlar”.
Yazıda Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi
Komitəsinin keçmiş baş katibi Mixail Qorbaçovun
Heydər Əliyevə qısqanc münasibətindən də
danışılır. Müəllif yazır: “Qorbaçov Heydər
Əliyevin üzünə yalnız bir dəfə
gülümsəmişdi, o da Heydər Əliyev pensiyaya
çıxmaq barədə ərizəni imzalayanda. Qorbaçov sonralar Azərbaycanı xilas edən bu
adamdan hakimiyyətə gəldiyi andan var gücü ilə
yaxa qurtarmağa çalışırdı. Təkcə bu fakt Qorbaçovun kadrlarla bağlı
qərarlarına hökm oxumağa yetər. ... Faciəli
hadisələr Heydər Əliyev istefaya göndəriləndən
sonra baş verdi. 1990-cı
ilin yanvarına doğru Əliyevin taleyi kəskin dəyişdi.
O, artıq həyat yoldaşını dəfn etmişdi,
baş katibin isə münasibəti sadəcə soyuq deyildi,
açıq-aşkar pis münasibət idi - şəxsi nəsə
sezilirdi. Onda danışırdılar ki, Heydər
Əliyevin nüfuzu o qədər yüksək idi ki, həm
Brejnevin, həm də Andropovun ölümündən sonra
çoxları nəhəng ölkənin Nazirlər Sovetinin
sədri vəzifəsinə Heydər Əliyevi qoymaq istəyirdi.
Bu da Qorbaçovu
qıcıqlandırırdı. İsrarla
deyirdilər ki, Qorbaçov Ona ilişir və bunu
paxıllığından edir. Axı, Heydər
Əliyev həm peşəkarlığı, həm insani
keyfiyyətləri, həm sözünün üstündə
durmaq bacarığı, həm də işgüzarlıq
baxımından baş katibdən əsaslı şəkildə
fərqlənir”.
N.Puşkova
M.Qorbaçovu və Heydər Əliyevi müqayisə edərək
yazır: “Qorbaçov effektli görünməyi, gözəl
jestləri, camaat içində çıxış etməyi
çox sevirdi. Sonralar onun bu keyfiyyəti
hamını məyus etdi, insanların davamlı
narazılığına səbəb oldu. “Çənəsini
boş qoyub ölkəni bada verdi”:
xalqın Qorbaçovun hakimiyyətinə
çıxardığı qəti hökm belə oldu. Heydər Əliyev isə onun tamam ziddi idi”.
Müəllif
yazır ki, Heydər Əliyevin Özünün
ucaltdığı Azərbaycanın - sürətlə
inkişaf edən və istehsalın səmərəliliyinə
görə ön yerlərə çıxmağa
başlayan, doğumun artdığı çiçəklənən
bir ölkənin Sovet İttifaqının mövcud olduğu
son illərdə tədricən öz mövqelərini itirməsini
ürək ağrısı ilə izləməsindən, Onun
1990-cı il ilin qanlı 20 Yanvar hadisələrinin
sabahısı günü Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyinə gələrək çoxsaylı
jurnalistlər qarşısında bəyanat verməsindən,
bu cinayətin törədilməsinə görə
Qorbaçovu açıq ittiham etməsindən söz
açır. Məqalədə o da deyilir ki, müstəqilliyin
ilk illərində Naxçıvan Muxtar Respublikasının
parlamentinin sədri seçilən Heydər Əliyev Azərbaycanda
hökm sürən xaos və hərc-mərclik fonunda
kiçik vətənini Bakıdan nə pul, nə də ərzaq
almadan xilas etmək yollarını axtarırdı. Məqalədə
deyilir: “O, İranın və Türkiyənin həmsərhəd
vilayətlərindən həyati əhəmiyyətli təchizatlar
barədə müqavilələri möcüzə sayəsində,
Öz nüfuzundan istifadə etməklə, Onun şəxsiyyətinə
olan inam sayəsində imzalamışdı. İradəsinin
gücü, böyük təcrübəsi və işləmək
bacarığı öz bəhrəsini verdi:
Naxçıvan nəinki qurtuldu, ixtilafların və
iqtidarsızlığın qalan Azərbaycanı silkələdiyi
bir vaxtda o, güclənməyə başladı.
Sonra xalq Heydər Əliyevi Azərbaycanda hakimiyyətə
çağıraraq ədaləti bərpa etdi”.
Məqalə bu sözlərlə bitir: “Heydər
Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi
nəticəsində Azərbaycan Respublikasının Prezidenti
seçildi. Və yeni bir tarix - Onun xilas etdiyi Azərbaycanın
tarixi başlandı”.
Yeni Azərbaycan.-2015.-
9 sentyabr S. 3.