Parisdə “Dini tolerantlıq: Azərbaycanda
birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans
keçirilib
Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva konfransda iştirak edib
Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə həyata keçirilən “Azərbaycan Parisin ürəyində”
adlı layihə çərçivəsində sentyabrın
8-də Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə
yaşamaq mədəniyyəti” mövzusunda konfrans
keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konfransda iştirak edib.
Konfransın aparıcısı görkəmli politoloq Pyer Konesa Fransa cəmiyyətində tolerantlıq mövzusunun hər zaman aktual olduğunu bildirərək Azərbaycan tərəfindən bu sahədə atılan addımların əhəmiyyətindən danışıb. O, Heydər Əliyev Fondunun Parisdə təşkil etdiyi konfransda həm Azərbaycanın, həm də Fransanın nüfuzlu din xadimlərinin və dini təşkilatların nümayəndələrinin iştirak etdiyini bildirib və burada aktual məsələlərin müzakirə olunacağını vurğulayıb.
Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare bu gün dünya gündəmində tolerantlıq mövzusunun daha aktual olduğunu bildirib. O, dünyəvi məsələ olan bu mövzuya Azərbaycanın göstərdiyi marağın nümunəvi xarakter daşıdığını diqqətə çatdırıb.
Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva konfransda çıxış
edərək ölkəmizin tarix boyu sivilizasiyaların və
mədəniyyətlərin qovuşuğunda yerləşdiyini,
Asiya ilə Avropa arasında körpü olduğunu və bu
amillərin mədəniyyət müxtəlifliyinin
yaranmasında mühüm rol oynadığını bildirib.
“Tolerantlıq ənənələri bizim ölkədə
indi də yaşayır. Azərbaycan həm İslam Əməkdaşlıq
Təşkilatının, həm də Avropa
Şurasının üzvüdür. Biz mədəni və
tarixi irsimizlə fəxr edirik”, - deyən Mehriban Əliyeva Azərbaycanda
məscidlərin, kilsələrin və sinaqoqların
mövcudluğunu diqqətə çatdırıb və
ölkəmizdə bütün dini azadlıqların təmin
edildiyini bildirib. Vurğulayıb ki, Azərbaycanda bütün
dinlərin nümayəndələri eyni hüquqa malikdirlər,
heç vaxt ölkəmizdə dini, milli zəmində
heç bir qarşıdurma baş verməyib. Birinci xanım
Mehriban Əliyeva diqqətə çatdırıb ki, ölkəmizdə
tolerantlıq ənənələrinin qorunmasında dövlət-din
münasibətləri mühüm rol oynayır. Azərbaycanda
yaradılan şərait onu deməyə əsas verir ki,
multikulturalizmin alternativi yoxdur.
Rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun digər dinlərə də
xüsusi diqqət göstərdiyini deyən Mehriban Əliyeva
Luvr muzeyində İslam mədəniyyəti bölməsinin
təşkilində, Romada katakombaların bərpasında, yəhudi
uşaqlar üçün təhsil imkanlarının
yaradılmasında, Strasburq və Fransanın digər
regionlarındakı kilsələrin təmirində Fondun
yaxından iştirak etdiyini bildirib.
Mehriban Əliyeva çıxışında Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Bu münaqişə nəticəsində
Azərbaycan torpaqlarının 20 faizinin işğal
olunduğunu, 1 milyon insanın qaçqın və məcburi
köçkünə çevrildiyini, Xocalıda 613 azərbaycanlının
vəhşicəsinə qətlə yetirildiyini, milli və
tarixi abidələrimizin
dağıdıldığını diqqətə
çatdırıb.
Azərbaycanın birinci xanımı ölkəmizin gələcəkdə
də ümumbəşəri dəyərlərə öz
töhfəsini verməkdə davam edəcəyini
vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı 1995-ci ildə qəbul edilən
Konstitusiyamızda Azərbaycanın dünyəvi dövlət
olması prinsipinin yer aldığını, bu dünyəviliyin
isə özündə din-dövlət münasibətlərini
ehtiva etdiyini bildirib. Qeyd edib ki, bu gün Azərbaycanda
tolerantlığın mühüm elementlərindən biri
onun qorunmasının dövlət siyasətinə
çevrilməsidir.
Mübariz
Qurbanlı 2001-ci ildə yaradılan Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə
məlumat verib, ölkəmizdə ənənəvi dini
icmalara hərtərəfli yardım göstərildiyini,
onların arasında ayrı-seçkiliyin
qoyulmadığını diqqətə çatdırıb. Heydər Əliyev Fondunun ölkəmizdə
tolerantlıq mühitinin daha da güclənməsinə
mühüm töhfələr verdiyini vurğulayıb.
Sonra konfrans öz işini diskussiyalar şəklində
davam etdirib. Qeyd olunub ki, Azərbaycanda müxtəlif xalqların
birgə yaşamaq qaydası, ayrı-ayrı dinlərə
münasibət, digər ölkələrlə müqayisədə
dini təriqətlərə fərqli baxış, cəmiyyətdə
tolerantlıq mühitinin qorunması kimi məsələlərin
müzakirəyə cəlb edilməsi daha aktualdır.
Azərbaycan
Dağ Yəhudiləri dini icmasının sədri Milix
Yevdayev çıxışında ölkəmizdə yəhudilərin
7 sinaqoqunun, 2 orta məktəbinin, 1 kollecinin, 3 uşaq
bağçasının və Yəhudi evinin fəaliyyət
göstərdiyini bildirib. O qeyd edib ki, Azərbaycan və yəhudi
xalqları hər zaman bir yerdə yaşamağın
yaxşı nümunəsini nümayiş etdiriblər və
dağ yəhudiləri indi də Azərbaycanda inkişaf
proseslərində yaxından iştirak edirlər. “Təsəvvür edin, müsəlman ölkəsində
dövlət bizim üçün sinaqoq tikib. Bunun dünyada analoqu yoxdur”, - deyən Milix Yevdayev
bildirib ki, Azərbaycanda dinlərarası konsensus dövlət
siyasəti səviyyəsinə qalxıb və bu sahədə
ikili standart yoxdur.
Fransa Yəhudi Təsisatları Əlaqələndirmə
Şurasının nümayəndəsi Jan Pyer Alali bir
müddət əvvəl ölkəmizə səfər
etdiyini, Azərbaycanda gördüklərindən böyük
təəssürat aldığını, ölkəmizdə
etiqad sərbəstliyinin, yəhudi icmasına göstərilən
münasibətin yüksək səviyyədə olduğunu
konfrans iştirakçılarının diqqətinə
çatdırıb.
Diskussiyaya qoşulan digər iştirakçılar
ölkəmizdə dinlərarası münasibətlərin tənzimlənmə
qaydaları, orta məktəblərdə dinin tədrisi və
digər məsələlərlə bağlı suallar veriblər.
Qeyd olunub ki, Azərbaycanda dinlərarası münasibətlərdə
heç bir problem yoxdur və bu, əsrlərdir ki, davam edir. Orta məktəblərdə
dinin tədrisinə yer verilib və gənclərin milli mənəvi
dəyərlər ruhunda tərbiyə olunması diqqət mərkəzində
saxlanılır.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva
ölkəmizdəki tolerantlıq mühitinin əsasında
duran mühüm amillərdən danışarkən, ilk
növbədə siyasi sabitliyi, sosial və iqtisadi
inkişafı ön plana çəkib. Qeyd edib ki, Azərbaycanda
sosial problemlər uğurla həll olunur, təhsil sektorunun
inkişafına xüsusi diqqət göstərilir və bu da
özlüyündə cəmiyyətdə radikal meyillərin
yaranmamasına şərait yaradır. “Biz dünyaya
çatdırmaq istəyirik ki, birgə yaşayış
mümkündür”, - deyən Mehriban Əliyeva Azərbaycanın
bu təcrübəsinin bütün dünyada geniş təbliğ
olunmasının vacibliyini vurğulayıb.
Fransa Müsəlmanları Şurasının
vitse-prezidenti Tofiq Septi ölkəmizdəki tolerantlıq
mühitinin onda böyük maraq doğurduğunu, bunun
canlı şahidi olmaq istədiyini bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin sədr
müavini Qəmərxanım Cavadlı 1823-cü ildən fəaliyyət
göstərən idarənin dövlət-din münasibətlərinə
töhfə verdiyini, bu prosesdə qadınların fəaliyyətindən
də istifadə olunduğunu bildirib.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan
Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein qeyd edib ki,
bütün dinlər Azərbaycanda eyni hüquqa malikdir və
onlar cəmiyyətin həyatında yaxından iştirak edir. Bütün
bu uğurların təməlində Azərbaycan
xalqının nadir mentaliteti dayanıb.
Alban-udi
dini icmasının sədri Robert Mobili 170 il
kilsədən uzaq düşən udi icmasının indi Azərbaycan
dövlətinin qayğısı sayəsində yenidən
kilsəyə qayıtdığını, ölkəmizdə
udi etnosu üçün məktəblərin fəaliyyət
göstərdiyini bildirib.
Bakı Avropa Yəhudiləri dini icmasının sədri
Gennadi Zelmanoviç Azərbaycanda digər dinlərin nümayəndələri
ilə yanaşı, yəhudilərin də diqqət və
qayğı ilə əhatə olunduğunu, onların ibadəti
üçün heç bir problemin olmadığını
bildirib.
Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol
prefekturasının ordinarisi Vladimir Fekete Azərbaycan katoliklərinin
də yaradılan münbit şəraitdən istifadə edərək
dini ayinləri sərbəst yerinə yetirdiklərini və
onlar üçün katolik kilsəsinin tikildiyini qeyd edib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva
bir daha konfrans iştirakçılarına minnətdarlıq
edib və bildirib ki, belə tədbirlər xalqlarımızı
bir-birinə daha da yaxınlaşdırır. Mehriban
Əliyeva konfransın 2-ci sessiyasının gələcəkdə
Bakıda keçirilməsi təklifi ilə
çıxış edib.
Qeyd edək ki, konfransda Azərbaycan ilə yanaşı,
Fransanın nüfuzlu dini təşkilatlarının rəhbər
şəxsləri və nümayəndələri də
iştirak ediblər.
Xatırladaq ki, Heydər Əliyev Fondu
“Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi
çərçivəsində bu günədək Azərbaycanda
və digər ölkələrdə bir sıra tədbirlər
həyata keçirib. Müxtəlif mədəniyyətlərin və
sivilizasiyaların qarşılıqlı zənginləşməsinə,
xalqlararası dialoqun dərinləşməsinə, ölkəmizdə
tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət
verən Heydər Əliyev Fondu bu layihələr çərçivəsində
dini abidələrdə, ziyarətgahlarda, tikililərdə təmir-bərpa
işləri aparır, müxtəlif konfranslar, sərgilər
təşkil edir.
* * *
Sentyabrın 8-də Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə “Parisin ürəyində Azərbaycan musiqisi” adlı
klassik musiqi gecəsi keçirilib.
Gecədə çıxış edən Parisin 1-ci
rayonunun meri Jan Fransua Löqare bir neçə gündür
ki, Fransa paytaxtında Azərbaycan incəsənətinin
uğurla təmsil olunduğunu və səslənən əsərlərin
Paris sənətsevərlərinin xatirində unudulmaz təəssürat
yaratdığını bildirib.
Xalq
artisti, pianoçu Murad Hüseynovun, eləcə də gənc
skripkaçılar Ceyla Seyidova, Anar Seyidov və digərlərinin
iştirakı ilə keçirilən konsertdə Azərbaycan
və dünya klassik musiqisinin nümunələri səsləndirilib.
Musiqi janrları arasında simfonik musiqinin xüsusi yeri
var. Təməli XX əsrdə qoyulmuş Azərbaycan bəstəkarlıq
məktəbi və simfonik ifaçılıq bir-biri ilə
daim əlaqədə olub, biri digərinin inkişafını
şərtləndirib. Azərbaycanın milli musiqi irsinin qorunub
saxlanılması, dünya musiqi incilərinin Azərbaycanda, xalqımıza
məxsus nadir musiqi əsərlərinin isə dünyada
tanıdılması Heydər Əliyev Fondunun mədəniyyət
sahəsindəki fəaliyyətində mühüm yer tutur.
Parisdə təşkil olunan bu konsert isə
Fondun bu sahədə həyata keçirdiyi layihələr
silsiləsindəndir. Ümumiyyətlə,
Heydər Əliyev Fondu xalqın milli varlığını
özündə yaşadan maddi-mənəvi irsə
böyük diqqət və həssaslıqla yanaşır,
milli mədəniyyətimizin dünya arenasına
çıxmasında və təbliğində fəal
iştirak edir. Bu konsert də Fondun ölkəmizin
xaricdə təbliği istiqamətində reallaşdırdığı
mühüm layihələr sırasına daxil olub.
Konsertin sonunda dünya şöhrətli fotoqraf Reza
Deqatinin ölkəmizdə tolerantlıq mühitini əks
etdirən fotolarından ibarət maraqlı kompozisiya
nümayiş etdirilib. 3D formatında hazırlanan illüstrasiya
konsert salonunun tavanında rəngarəng görüntülər
yaradıb və tamaşaçıların böyük
marağına səbəb olub.
(Tədbirdən geniş hesabat qəzetin növbəti
nömrəsində veriləcək).
Yeni Azərbaycan.-2015.-
10 sentyabr.- S. 3.