Azərbaycan qlobal risklər
şəraitində öz nadir
inkişaf mənzərəsi ilə fərqlənir
Beynəlxalq miqyasda maliyyə-iqtisadi böhranın davam etdiyi, neftin qiymətinin aşağı düşdüyü 2015-ci ilin ilk yarısında ölkəmiz ÜDM istehsalında 6 faiz artıma nail olub ki, bu da çox yüksək göstəricidir
Hər bir ölkənin sosial-iqtisadi sahədə qazandığı nailiyyətlər, geniş maliyyə imkanları, müasir dünya çağırışları ilə ayaqlaşması onun beynəlxalq müstəvidə layiqli yerinin müəyyənləşməsini, qlobal miqyasda gedən proseslərə təsir imkanlarının artmasını, eyni zamanda, milli mənafenin keşiyində ləyaqətlə dayanmasını, insanların sosial müdafiəsini dolğun şəkildə təmin etməsini şərtləndirən əsas amillər qismində çıxış edir. Bu mənada son 12 ildə Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı nailiyyətlərin, qlobal risklər fonunda iqtisadi dayanıqlılığının artmasının, maliyyə imkanlarının genişlənməsinin regionun və dünyanın ayrı-ayrı ölkələrindəki vəziyyətlə müqayisəli təhlili nikbinlik doğurur.
Azərbaycan dünya üçün çətin illərdə də öz iqtisadi potensialını artırmağa nail olub
Məlumdur ki, hazırda dünyanın mənzərəsi kifayət qədər mürəkkəbdir və təəssüf doğuran məqamlar, arzuolunmaz proseslər günümüzün sərt reallığına çevrilib. Beynəlxalq aləm bir neçə il bundan əvvəl başlayan qlobal maliyyə-iqtisadi böhranın acı fəsadlarından hələ tam yaxa qurtarmamış dünya yeni qlobal risklərlə üzləşib. Geostrateji planda hegemon güclərin siyasi-iqtisadi maraqlarının toqquşması, enerji daşıyıcıları ilə zəngin bölgələrə nəzarət imkanları qazanmaq iddiaları, irqçilik, ksenofobiya hallarının artması uzun sürən dağıdıcı müharibələrlə müşayiət olunur. Dünyanın hegemon gücləri siyasi məqsədlərini reallaşdırmaq naminə bir sıra hallarda ayrı-ayrı ölkələrə qarşı iqtisadi və digər təzyiq rıçaqlarını da işə salırlar.
Bütün bunların nəticəsi kimi son vaxtlarda birjalarda neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi zəncirvari reaksiya doğuraraq ayrı-ayrı ölkələri ciddi sınaq qarşısında qoyub. Bəzi dövlətlər başqa çıxış yolları tapmayaraq sosial layihələri ixtisara salmaq, maaşları, pensiyaları azaltmaq, iş yerlərini kütləvi surətdə bağlamaq məcburiyyətində qalıblar. Təkcə ötən il Beynəlxalq Valyuta Fondu qlobal artım proqnozunu azalmağa doğru iki dəfə dəyişib. İndiki şəraitdə iqtisadi artımın bərpasında problemlər həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir. Bu günlərdə Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə dövlət başçısının vurğuladığı kimi, xüsusilə Avrasiya məkanında bu böhran daha da ciddi formalar alıb: “Dünyada dərin iqtisadi və maliyyə böhranı davam edir. Xüsusilə Avrasiya məkanında bu böhran daha da ciddi formalar alıb. Həm Avropada, həm də Asiyada iqtisadi tənəzzül müşahidə olunur”.
Diqqəti çəkən və böyük narahatçılıq yaradan cəhətlərdən biri də odur ki, Avrasiyada yaşanan tənəzzülün, münaqişələrin, digər kataklizmlərin yaxın perspektivdə aradan qaldırılacağı gözlənilmir və bununla bağlı hər hansı nikbin proqnozlar verilmir. Beləliklə, İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq Avropa məkanı böyük humanitar fəlakətlə üz-üzə dayanıb. Yaxın Şərqdə alovlandırılan müharibələrdən canını qurtarmaq istəyən yüz minlərlə qaçqın Avropaya üz tutub. Bu köçün artacağı və öz növbəsində, yeni problemlərə yol açacağı da istisna deyil.
Dünyadakı belə kədərli mənzərə ilə müqayisədə Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün nadir inkişaf dövrünü yaşayır. Belə ki, son illərdə dünyada müşahidə edilən qlobal risklər fonunda respublikamız nəinki iqtisadi-maliyyə dayanıqlılığını qorumağa müvəffəq olub, eyni zamanda, öz potensialını ilbəil genişləndirib. Bütövlükdə, beynəlxalq iqtisadi-maliyyə böhranının başlandığı 2008-ci ildən bəri milli iqtisadiyyatımız təxminən 27 faiz, o cümlədən qeyri-neft sektoru 55 faiz artıb.
Respublikamızda sürətli sosial-iqtisadi inkişaf tempi cari ilin ilk yarısında da davam edib. Cari ilin 6 ayı ərzində ölkəmizin qazandığı uğurlardan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev onu da vurğulayıb ki, dünya miqyasında buna bənzər yüksək nəticələr görmək çox çətindir: “...6 ayın yekunları deməyə əsas verir ki, biz bu ili çox yüksək nəticələrlə başa vuracağıq. Ümumi daxili məhsul təxminən 6 faiz artmışdır. Qeyri-neft iqtisadiyyatı 9 faizdən çox artmışdır. İnflyasiya çox aşağı səviyyədədir. Kənd təsərrüfatı 7,3 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faiz artmışdır. Yəni, bu, böhranlı ildə əldə edilən nailiyyətlərdir və dünya miqyasında buna bənzər yüksək nəticələr görmək çox çətindir”.
Ölkədə bütün sosial proqramlar ixtisarsız yerinə yetiriləcək
Azərbaycan sosial dövlətdir və Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşları dayanır. Son 12 ildə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq reallaşdırılan güclü sosial siyasət böyük maliyyə tutumuna malik infrastruktur layihələrinin həyata keçirilməsində, idarəetmənin təkmilləşdirilməsində, zəruri institusional islahatlar aparılmasında, yoxsulluğun və işsizliyin səviyyəsinin aşağı salınması məqsədilə silsilə tədbirlər görülməsində öz əksini tapıb. Dünya üçün çətin keçən illərdə Azərbaycanda məktəb tikintisinə, səhiyyə ocaqlarının yenidən qurulmasına və onların maddi-texniki təchizatının yaxşılaşdırılmasına, mədəniyyət abidələrinin bərpasına və bu qəbildən olan digər layihələrə böyük məbləğdə maliyyə vəsaitləri ayrılıb. Son 12 ildə böyük qismi bölgələrdə olmaqla 3 mindən çox məktəb binası inşa olunub, 500-dən artıq səhiyyə ocağı yüksək səviyyədə yenidən qurulub, 50-dən çox Olimpiya kompleksi, çoxlu sayda gənclər mərkəzi istifadəyə verilib.
Eyni zamanda, Azərbaycan dövləti qlobal risklərin artmasına baxmayaraq, bundan sonra da özünün geniş spektrli sosial siyasətini davam etdirmək niyyətindədir. Prezident İlham Əliyev ölkəmizdə bütün sosial proqramların ixtisarsız yerinə yetiriləcəyini bildirib: “İlk növbədə, qeyd etməliyəm ki, bütün sosial proqramlar ixtisarsız icra ediləcəkdir. Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, burada heç bir ixtisar ola bilməz”.
Bu məqamda onu da vurğulayaq ki, ölkəmizdə həyata keçirilən institusional islahatlar, idarəetmənin təkmilləşdirilməsi, bütün sahələrdə şəffaflığın artırılması kimi tədbirlər də sosial siyasətin daha məzmunlu və daha səmərəli olmasını şərtləndirir. Bu kontekstdə son vaxtlar ölkəmizdə Prezident İlham Əliyuevin tapşırıqlarına əsasən səhiyyə sahəsində zəruri islahatların aparılmasını, o cümlədən dərmanların keyfiyyətinə və qiymətinə ciddi nəzarət olunmasını, həmçinin “ASAN xidmət”ə bir sıra yeni funksiyaların həvalə olunmasını xüsusi vurğulamaq lazımdır.
Uğurların əsasında düşünülmüş siyasət dayanır
Bir vaxtlar bədxahlarımız Azərbaycanın uğurlarını sırf neft amili ilə bağlamağa çalışırdılar. Ölkəmizin beynəlxalq imicinə, dinamik sosial-iqtisadi inkişafına hansı yollarlasa xələl gətirmək istəyən xarici dairələr və onların sifarişlərini yerinə yetirən “beşinci kolon” təmsilçiləri iddia edirdilər ki, Azərbaycan neft hasil edir və buna görə də ölkənin ümumi daxili məhsul istehsalı, maliyyə resursları artır. Ölkəmizin dünya birjalarında neftin qiymətinin kəskin azalması fonunda da öz uğurlarını davam etdirməsi bu kimi cəfəng iddiaların, qərəzli yanaşmaların heç bir əsasının olmadığını təsdiqlədi. Azərbaycanın uğurlarının əsasında düşünülmüş, məqsədyönlü siyasət dayanır. Dövlət başçısının qeyd etdiyi kimi, uzun illər ərzində ölkəmizdə düşünülmüş iqtisadi siyasət əsasında islahatlar aparılıb və bu islahatlar hazırda beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Məsələn, bu il “Fitch” reytinq agentliyi Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib.
Beləliklə, Prezident İlham Əliyevin səyi ilə neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi strategiyası öz gözəl bəhrələrini verir. Artıq bir neçə ildir ki, ölkəmizdə qeyri-neft sektorunda davamlı olaraq böyük uğurlar əldə edilir. Qeyri-neft sektorunun inkişafı ÜDM-in strukturuna ciddi təsir göstərib. Belə ki, artıq ÜDM-in strukturunda qeyri-neft sektorunun çəkisi artaraq 60 faizə yaxınlaşıb. Proqnozlara əsasən, gələcəkdə bu göstərici daha da artacaq. Belə ki, ölkəmizdə dinamik inkişaf edən qeyri-neft sektoru hesabına neft sektorunun ümumi daxili məhsuldakı xüsusi çəkisinin 2013-cü ildəki 43,4 faizdən 2018-ci ildə 28,7 faizədək azalması gözlənilir.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı hər hansı kənar təsirlərdən etibarlı şəkildə sığortalanıb. Respublikamız neft gəlirlərinin azalmasının müqabilində öz iqtisadiyyatını daha da inkişaf etdirmək üçün geniş rezervlərə malikdir.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-2015.- 10 sentyabr
S. 5.