Azərbaycanda aqrar sektorun inkişaf etdirilməsi
real zəminə və ölkənin güclü iqtisadi
potensialına əsaslanır
Dövlət proqramlarının uğurlu icrası ölkənin şimal-qərb regionunda da sözügedən istiqamətdə müsbət nəticələrin əldə edilməsinə səbəb olub
Hazırda öz inkişafına görə öncül yerlərdən birini tutan Azərbaycanda bütün sahələrdə inkişaf və tərəqqi müşahidə edilir. Bu inkişafdan isə ölkənin kənd təsərrüfatına xüsusi pay düşüb desək, heç də yanılmarıq. Eyni zamanda, ölkəmizdə kənd təsərrüfatının öz inkişafına görə fərqlənməsi də təsadüfi deyil. Məsələ burasındadır ki, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq müəyyənləşdirilən iqtisadiyyatın neftdənkənar sahələrinin inkişafı strategiyasında, həmçinin kənd təsərrüfatında intensiv metodlardan istifadə etməklə yüksək məhsuldarlığa nail olunması, respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması əsas hədəflərdən biri kimi nəzərdə tutulub.
Bununla yanaşı, Azərbaycanın kənd təsərrüfatının geniş inkişaf perspektivlərinə malik bir ölkə olduğunu nəzərə alsaq, respublikamızda yeni dünya çağırışlarına uyğun olaraq aqrar sektorun inkişaf etdirilməsinin real zəminə və ölkənin güclü iqtisadi potensialına əsaslandığını söyləyə bilərik. Yəni əksər ekspertlərin də vurğuladıqları kimi, əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Eyni zamanda, respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir.
Bütün bunların fonunda xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə 2015-ci il ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilib. Yeri gəlmişkən, Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən dövlət başçısı qeyd etmişdir ki, kənd təsərrüfatı hər bir ölkənin uğurlu iqtisadi inkişafını təmin edən əsas sahədir: “Deyə bilərəm ki, kənd təsərrüfatının inkişafı üçün bu il çox önəmli addımlar atılmışdır. Bir neçə fərman imzalanmışdır ki, bu da kənd təsərrüfatının inkişafına xidmət göstərir. Məsələn, taxılçılıqda məhsuldarlıq böyük dərəcədə - təxminən 20 faiz artmışdır. Əvvəllər hektardan 22 sentner götürürdüksə, mənə verilən məlumata görə indi 30 sentner götürmüşük. Dövlətin dəstəyi ilə iri fermer təsərrüfatları yaradılır, meliorasiya tədbirləri, bütün aqrotexniki tədbirlər görülür, strukturlaşma prosesi gedir və şəffaflıq təmin edilir. Əlbəttə, gələcəkdə daha da ciddi işlər aparılacaq ki, həm məhsuldarlıq artsın, həm də biz torpaq fondumuzdan maksimum dərəcədə istifadə edək”.
Beləliklə, dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıya qoyduğu hədəflərə nail olunması istiqamətində atılan addımlar Azərbaycanın hər yerində, həmçinin ölkənin şimal-qərb regionunda da öz müsbət bəhrəsini verir. Hər halda bu regionun aparıcı rayonlarından olan Şəkidə əldə edilən uğurlu nəticələr də belə deməyə əsas verir.
Məlumat üçün bildirək ki, ötən illərdə olduğu kimi, bu ilin birinci yarısında da Şəkidə məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər reallaşdırılıb.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, Ümummilli liderimiz Heydər Əliyevin böyük siyasi iradəsi sayəsində Azərbaycanda MDB ölkələri arasında ən sürətli torpaq islahatları həyata keçirilib, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmləri formalaşdırılıb, beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanılıb. 2001-ci ildə Ulu öndərin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edilib. Bu proqram çərçivəsində görülmüş işlər nəticəsində ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artıb. Sonradan Azərbaycanda sürətli iqtisadi inkişafın başlaması nəticəsində aqrar sahənin daha da inkişaf etdirilməsi üçün görülən tədbirlər də genişlənib.
Aqrar sahənin inkişafı və bu əsasda ölkənin etibarlı ərzaq təhlükəsizliyinə nail olunması, eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi strategiyasının başlıca istiqamətlərindən birini təşkil edir. Ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunmasında zəruri normativ-hüquqi bazanın yaradılması müstəsna rol oynayır. Belə ki, Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib. Dövlət başçısı 2014-cü il yanvarın 16-da isə “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən Dövlət Proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkil edilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub.
Sərəncama uyğun olaraq qısa müddətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası”nın layihəsi hazırlanıb. Burada ölkədə gələcək aqrar siyasətin əsas prinsipləri, kənd təsərrüfatının inkişafı ilə bağlı strateji hədəflər və prioritet istiqamətlər öz əksini tapıb. Dövlət başçısı cari il 2 mart tarixində “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamda ölkədə ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədi ilə yüksək məhsuldarlığa malik və quraqlığadavamlı yeni növ toxumlara tələbat yarandığı vurğulanır. Sərəncamla ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun yaradılması qərara alınıb. Dövlət başçısının imzaladığı bu sənədə əsasən, Nazirlər Kabinetinə Dövlət Toxum Fondunun fəaliyyətinin təmin edilməsi, habelə yüksək məhsuldar toxumların istehsalının və tədarükünün həyata keçirilməsini stimullaşdırmaq üçün zəruri tədbirlər həyata keçirmək tapşırılıb.
Bütün bu sadalananların fonunda bildirmək yerinə düşər ki, respublikamızın ən iri taxılçılıq rayonlarından biri olan Şəkinin fermer təsərrüfatlarında 2015-ci ilin məhsulu üçün 61968 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilib. Yetişən məhsulu tez və itkisiz yığmaq üçün bütün zəruri tədbirlər həyata keçirilib, taxıl biçininin tez və itkisiz başa çatdırılması üçün konkret tapşırıqlar verilib. Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində rayonda taxıl biçini uğurla başa çatdırılıb və yüksək məhsuldarlıq əldə edilib.
Şəki taxılçıları builki mövsümdə 62 min hektar sahədən 186 min tona yaxın məhsul əldə ediblər. Taxıl istehsalı əvvəlki illə müqayisədə 2,4 dəfədən çox, yəni 110 min ton artıb. Tədarük olunan məhsulun 116 min 842 tonu buğda, 68 min tonu arpa, qalanı isə vələmirdir. Hər hektardan orta hesabla 30 sentner məhsul götürülüb. Məhsuldarlıq əvvəlki illə müqayisədə 18 sentner artıb.
Biçilən taxıl sahələri qısa müddətdə küləşdən təmizlənib və hazırda təsərrüfatlarda payızlıq taxıl səpini üçün yay şumunun çıxarılmasına başlanılıb.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində qarşıya qoyduğu əsas vəzifələrdən biri də iri fermer təsərrüfatlarının yaradılması və ixrac məsələsidir. Məhz dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq rayonda Orta Zəyzid bələdiyyəsinə məxsus ərazidə sahibkarlar tərəfindən icarəyə götürülmüş 78 hektar ərazidə müasir texnologiyalar əsasında yeni Aqropark salınıb. Burada yüksək keyfiyyətli meyvə bağı salınıb, eyni zamanda, məhsulun saxlanılması, qablaşdırılması və emal olunması üçün işlər görülür. Əldə olunan məhsulun daxili bazarda satışı ilə yanaşı, həm də xaricə ixrac olunması nəzərdə tutulur. Ən müasir tələblərə cavab verən, meyvə məhsulları istehsalı və emalı üzrə ixtisaslaşacaq Aqroparkda 100-dən çox iş yerinin açılması nəzərdə tutulur.
Rayonun kənd təsərrüfatının əsas sahələrindən biri də heyvandarlıqdır. Bu sahənin də dinamik inkişafının təmin edilməsi, heyvandarlıq məhsulları istehsalının həcminin artırılması daim diqqət mərkəzində saxlanılır. Qeyd etmək lazımdır ki, rayonda istər bitkiçilik, istərsə də heyvandarlıq məhsulları istehsalının artırılması ilə yanaşı, emal olunmasının təşkili, yeni emal müəssisələrinin yaradılması, istehsal olunan məhsulların satışına köməklik göstərilməsi, aqroservis xidmətlərinin genişləndirilməsi və s. qarşıda duran həlli vacib məsələlərdəndir.
Yeri gəlmişkən, qarşıdan gələn payız-qış mövsümündə mal-qaranın yemə olan tələbatının tam şəkildə ödənilməsini təmin etmək üçün şəkili fermerlər indidən ciddi hazırlıq görürlər. Şəkinin təsərrüfatlarında indiyədək 103 min ton qaba yem tədarük olunub. Tədarük edilən yemin 54 min tonunu quru ot, 49 min tonunu isə küləş təşkil edir. Qaba yem tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 min ton artıb. Hazırda təsərrüfatlarda qaba yem tədarükü davam edir.
Təsərrüfatlarda, eyni zamanda, payızlıqların səpini üçün yay şumunun çıxarılması da davam edir. İndiyədək 4,5 min hektar sahədə şum aparılıb. Bundan əlavə, payızlıq səpin üçün toxum fondu da ayrılıb.
Beləliklə, bütün bu sadalananlar ölkəmizdə kənd təsərrüfatının inkişafının diqqət mərkəzində olduğunu təsdiqləməklə yanaşı, ayrı-ayrı regionlarda da bu istiqamətdə məqsədyönlü işlərin getdiyinə işarə edir.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-2015.- 10 sentyabr.-
S. 7.