Azərbaycanda dərmanların qiymətlərinin 2-3 dəfə aşağı salınması təmin edilib

 

Qiymətlərin tənzimlənməsi fonunda, həmçinin, dərman preparatlarının keyfiyyəti də ciddi nəzarətdə saxlanılır

 

Son illərdə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq davamlı şəkildə həyata keçirilən geniş məzmunlu sosial siyasətin fonunda səhiyyə sahəsində reallaşdırılan islahatlar xüsusilə diqqəti cəlb edir. Əhalinin gündəlik həyatı, bilavasitə sağlamlığı ilə bağlı olan səhiyyə sahəsində yeniliklər istər bu sahədə qanunvericilik bazasının daha da möhkəmləndirilməsində, istərsə də müasir infrastrukturun qurulmasında və kadr hazırlığına diqqətin daha da artırılmasında öz əksini tapıb.

Sevindirici haldır ki, ölkəmizdə dövlət başçısının siyasi iradəsinə uyğun olaraq səhiyyə sahəsində həyata keçirilən məqsədyönlü islahatlar, o cümlədən tibb müəssisələri şəbəkəsinin və strukturun təkmilləşdirilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi nəticəsində əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin səviyyəsinin yüksəlməsində əsaslı keyfiyyət dəyişikliyi baş verib. Səhiyyənin prioritet sahələri üzrə qəbul edilən 9 Dövlət Proqramı çərçivəsində reallaşdırılan tədbirlər bu sahədə vəziyyəti əsaslı şəkildə yaxşılaşdırılıb.

Dərman bazarında ciddi dönüş yaradılır

Son illərdə ölkəmizdə həyata keçirilən uğurlu səhiyyə islahatları fonunda ən arzuolunmaz vəziyyət dərman bazarında hökm sürürdü. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin həm 2015-ci ilin birinci rübünün, həm də cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclaslarındakı nitqlərində bu məsələyə xüsusi diqqət yönəldərək dərman bazarındakı xaotik vəziyyətlə bağlı narahatlığını ifadə edib. Həqiqətən də, ölkənin dərman bazarında vəziyyət arzuedilən səviyyədən çox uzaq idi. Bəzi işbazların sərbəst bazar iqtisadiyyatının prinsiplərindən sui-istifadə edərək qiymətləri artırmaları, bunun müqabilində keyfiyyət amilinin arxa plana keçməsi, bəzi hallarda isə həkimlərin məsuliyyətsizliyi dərman bazarında böyük ədalətsizliyə yol açırdı ki, bunun da əziyyətini, ilk növbədə sadə insanlar çəkirdilər. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu kimi nöqsanlar barədə söhbət açaraq bütün bu pozuntuların aradan qaldırılmasının vacibliyini bildirib: “... Bu sahədə çox ciddi pozuntular olubvar. Bu pozuntulara son qoyulmalıdır”.

Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq son vaxtlar ölkənin dərman bazarında vəziyyətin qaydaya salınması istiqamətində müvafiq tədbirlər görülür. Bu sahədə, ilk növbədə, qanunvericilik bazasının möhkəmləndirilməsinin əhəmiyyətini vurğulamaq lazımdır. Parlamentin yaz sessiyasında “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərdə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmasına dair müddəa öz əksini tapıb. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli Fərmanı ilə Nazirlər Kabinetinə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının, Tarif (qiymət) Şurasına isə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin təmin edilməsi tapşırılıb. Fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 3 iyun 2015-ci il tarixli qərarla “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq edilib.

Normativ hüquqi bazanın təkmilləşdirilməsi və nəzarətin gücləndirilməsi öz növbəsində dərman bazarının tənzimlənməsində mühüm rol oynayır. Prezident İlham Əliyev bu günlərdə iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə dərman bazarının tənzimlənməsində çox ciddi dönüşə nail olunduğunu xüsusi nəzərə çatdıraraq vurğulayıb:Onu da deməliyəm ki, dərman preparatları bazarının tənzimlənməsi işində biz çox ciddi dönüşə nail olduq və sentyabrın 15-dən sonra hər bir Azərbaycan vətəndaşı bunu hiss edəcək. Dərmanların qiymətinin orta hesabla 2-3 dəfə aşağı salınması təmin edilibdir”.

1057 adda dərman vasitəsinin qiymətləri tənzimlənib

Qeyd olunduğu kimi, “Dərman vasitələri haqqında” Qanuna edilən dəyişikliyə əsasən ölkəmizdə dövlət qeydiyyatına alınan bütün dərmanların qiymətləri müvafiq qaydada tənzimlənəcək. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin direktoru Fərid Əliyev KİV-ə verdiyi müsahibəsində bildirib ki, hazırda ölkədə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin sayı dörd min beş yüzdən artıqdır. Bu dərman vasitələrinin qiymətləri mərhələli şəkildə Tarif Şurası tərəfindən təsdiqləndikcə eyni preparatlar bütün ölkə ərazisində təsdiqlənmiş vahid qiymətlə satılacaq.

Artıq dərmanların qiymətlərinin tənzimlənməsinə start verilib. Tarif Şurasının cari il iyulun 30-da keçirilmiş iclasında 256 dərman vasitəsi üzrə qiymətlər təsdiq olunub. Tarif Şurasının avqustun 25-də keçirilən növbəti iclasında isə daha 801 dərman vasitəsinin qiyməti müəyyənləşdirilib. Beləliklə, elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib. Bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb. Bütövlükdə isə, həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınıb.

Bununla da, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin təqribən 15 faizinin hazırkı qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olan satış qiymətləri təsdiqlənib. Böyük sosial əhəmiyyət kəsb edən bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaq. Tarif Şurasının katibliyindən mətbuata verilən açıqlamada bildirilir ki, 25 təsiredici maddə (kombinə olunmuş dərman vasitələri istisna olmaqla) üzrə 1057 dərman vasitəsinin təsdiq edilmiş qiymətləri cari il sentyabrın 15-dən qüvvəyə minəcək. Şuranın qərarına əsasən, həmin tarixdən etibarən qiymətləri təsdiq edilməyən qeyd olunan tərkibli dərman vasitələrinin satışı yalnız qiymətlər təsdiq edildikdən sonra həyata keçirilə bilər.

Dərman bazarına keyfiyyətsiz preparatların daxil olmasının qarşısı alınır

Əlbəttə, dərman preparatlarının qiymətlərinin tənzimlənməsi və aşağı salınması heç də onların keyfiyyətinin arxa plana keçməsi anlamına gəlməməlidir. Əksinə, dərman vasitələrinin dövlət qeydiyyatına alınması onların keyfiyyətinə də zəmanət verir. Fərid Əliyev dərman vasitələrinin keyfiyyətinə bu sahəyə milli nəzarətedici orqan olan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən çox ciddi nəzarət olunduğunu bildirib: “Qiyməti təsdiqlənmiş bütün dərman vasitələri dövlət qeydiyyatına alınıb, onların keyfiyyət, effektivlik və təhlükəsizlik parametrlərinin tələblərə uyğunluğu təsdiqlənib”.

Hazırda ölkənin dərman bazarına keyfiyyətsiz preparatların daxil olmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq monitorinqlər aparılır. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi dərman preparatlarının keyfiyyətinə nəzarəti gücləndirmək məqsədilə istehsal müəssisələrində yoxlamalara başlayıb. Bu məqsədlə Dünya Səhiyyə Təşkilatı (DST) tərəfindən təlim keçmişmüvafiq sertifikatlar almış istehsalat müfəttişləri hazırlanıb. Yoxlama zamanı xammalın keyfiyyəti, avadanlıqlar, işçilərin peşəkarlıq səviyyəsi, istehsalat sahələrinin uyğunluğu, proseslərin validasiyası və sənədləşdirmə sisteminin DST-nin Etibarlı İstehsalat Təcrübəsi (Good Manufacturing Practice - GMP) standartlarına uyğunluğu araşdırılır. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən KİV-ə verilən açıqlamada bildirilir ki, satışa çıxarılmazdan əvvəl dərman vasitəsinin keyfiyyətinin yoxlanılması da ciddi nəzarətdə saxlanılır. Dərman vasitəsi dövlət qeydiyyatına alındıqdan sonra hər dəfə ölkəyə idxal olunan zaman Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssislərinin iştirakı ilə idxal olunan dərman vasitəsinin hər bir seriyasından müvafiq laborator yoxlamaların aparılması üçün nümunələr götürülür. Nümunələr Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində yaradılmış laborator tədqiqatlar şöbəsinə təhvil verilir. Müvafiq yoxlamalar aparıldıqdan sonra dərman vasitəsinə analiz sertifikatı verilir. Son bir neçə ay ərzində laboratoriya tərəfindən 6 preparatın seriyasında normativ sənədlərin tələblərinin pozulduğu aşkarlanıb və satışına qadağa qoyulub.

Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinə nəzarət şöbəsi mütəmadi olaraq planlı və plandankənar yoxlamalar həyata keçirir. Plandankənar yoxlamalar əsasən qeydiyyatsız dərmanların satışına dair əhalidən daxil olmuş müraciət və şikayətlər əsasında aparılır. İl ərzində 84 aptekdə reydlər aparılıb. Nəticədə 4 aptekin qanunsuz fəaliyyət göstərməsi faktı aşkarlanıb. Apteklərin fəaliyyəti dayandırılıb, sahiblərinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.1 bəndinə uyğun olaraq protokollar tərtib edilib. Bundan əlavə, qeydiyyatsız dərman vasitələri satan, habelə dərman vasitələrini reseptsiz satan iki aptekin lisenziyası alınıb, bir aptekin fəaliyyəti dayandırılıb. Yoxlamalar zamanı bazardan 361 adda (1370 qutu) qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatları müsadirə olunub.

 

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.-2015.- 11 sentyabr S. 6.