Azərbaycanda yeni kənd təsərrüfatı sistemi formalaşır

 

Respublikanın müxtəlif regionlarında Dövlət Torpaq Fondu hesabına yaradılan iri fermer təsərrüfatlarında ölkə üzrə orta məhsuldarlıqdan ən azı 2 dəfə çox məhsul əldə olunur ki, bu da ərzaq təminatının yerli istehsal hesabına ödənilməsinə sanballı töhfədir

Azərbaycanın regionlarında Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq iri fermer təsərrüfatlarının yaradılmasına start verilib. Dövlət Torpaq Fondunun hesabına yaradılan iri fermer təsərrüfatlarının fəaliyyətə başlaması ilə ölkəmizdə, əslində, yeni bir kənd təsərrüfatı sisteminin formalaşdığını söyləmək mümkündür. İri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq hazırda Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı, Şamaxı rayonlarında 30 min hektardan artıq sahədə 15 sahibkarlıq subyekti tərəfindən 19 iri fermer təsərrüfatı yaradılır. Ümumi dəyəri 123,7 milyon manat olan bu təsərrüfatların yaradılmasına 54,8 milyon manat məbləğində dövlətin güzəştli kreditləri verilib.

Hazırda iri fermer təsərrüfatlarında müasir texnologiyanın tətbiqi nəticəsində torpağın münbitliyinin artırılmasına, suvarma suyuna qənaət olunmasına, torpağın şoranlaşması və erroziyaya uğraması proseslərinin qarşısının alınmasına və ən əsası, orta məhsuldarlığın ən azı iki dəfə artırılmasına şərait yaradılıb. Artıq fəaliyyətə başlamış təsərrüfatlarda ərzaq buğdası üzrə orta məhsuldarlıq 57-60 sentner təşkil edir ki, bu da ölkə üzrə göstəricidən iki dəfəyədək çoxdur. Müasir təsərrüfatlarda növbəli əkin sisteminin həyata keçirilməsi kənd təsərrüfatını rentabelli sahəyə çevirməklə yanaşı, bir sıra məhsulların istehsalının artımına səbəb olacaq. Bu da ərzaq buğdasına, yüksək reproduksiyalı buğda toxumuna, heyvandarlıqda və quşçuluqda istifadə edilən və əsasən idxal olunan yem məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsinə imkan verəcək. Bu isə, öz növbəsində, ölkədə heyvandarlığın, o cümlədən quşçuluğun inkişafı ilə yanaşı, istehsal olunan məhsulların maya dəyərinin aşağı düşməsinə müsbət təsir göstərəcək. Bir sözlə, iri fermer təsərrüfatlarının yaradılması ilə ölkəmizdə daha səmərəli yeni kənd təsərrüfatı sistemi formalaşır.

Astarada çayçılığın şöhrəti geri qaytarılır

İri fermer təsərrüfatları yaradılarkən respublikanın bölgələrinin coğrafi-iqlim xüsusiyyətləri, o cümlədən də tarixən formalaşan ənənələri əsas götürülür. Bu baxımdan zəngin çayçılıq ənənələri olan Astarada “Astaraçay” kənd təsərrüfatı müəssisəsinin fəaliyyətə başlaması təsadüfi deyil.

“Astaraçay” kənd təsərrüfatı müəssisəsi 2010-cu ildə yaradılıb. Təsərrüfatın ümumi əkin sahəsi 640 hektardır. Çay plantasiyalarında müasir suvarma şəbəkəsi yaradılıb və hazırda təsərrüfatda 400 hektara yaxın çay sahəsi mövcuddur. Əkilən “Kolxida” çay toxumları Gürcüstanın Batumi şəhərinin Çayçılıq Elmi-tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən toplanıb. Toxumlar sınaqdan keçirilərək yerli şəraitə uyğunlaşdırılıb.

Burada həmçinin Koreya Respublikası şirkətinin layihəsi əsasında çay fabriki inşa edilib. Ərazisi 5 hektar olan fabrikdə xaricdən gətirilən ən müasir avadanlıq quraşdırılıb. Müəssisənin məhsuldarlığı gün ərzində 12 tondur. Gələcəkdə gündəlik çay istehsalını 24 tona çatdırmaq mümkündür. Çəkici-bükücü sex də müasirliyi ilə diqqəti çəkir. Burada çəkisi 100, 200 və 400 qram olan çay bükümləri hazırlanacaq. Müəssisədə dəqiqədə 8 ədəd çay bükümünün istehsalı mümkündür. Qeyd edək ki, ölkəmizdə çayçılığın təməli ötən əsrin 30-cu illərindən başlayaraq respublikamızın bir sıra bölgələrində, əsasən də Astara və Lənkəranda qoyulub. Uzunömürlü çay kolları həm bol və qiymətli məhsulu ilə, həm də ekologiyanın mühafizəsi və qorunması baxımından nadir bitkilərdən sayılır. Respublikamızda çayçılığın inkişafında Sovet dövründə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər də mühüm rol oynayıb. Çay bitkisi hər yerdə deyil, yalnız spesifik xüsusiyyətləri olan torpaqlarda yetişdirilir. Bu baxımdan Astara öz əhəmiyyəti ilə diqqət çəkir. Astarada yetişdirilən yaşıl çay öz dadı və keyfiyyəti ilə seçilir. Bu bölgədə ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilən məhsul dünyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq sərgilərdə dəfələrlə qızıl medala layiq görülüb. Son illərdə bu sahədə yaranan durğunluq artıq aradan qalxır. İndi Astarada çayçılığın əvvəlki şöhrətinin özünə qaytarılmasına geniş imkanlar açılıb. Çünki çayçılıq Astaranın kənd təsərrüfatı sektorunda strateji əhəmiyyətə malik sahədir. “Astaraçay” kimi müəssisələrin istifadəyə verilməsi isə, ilk növbədə, Azərbaycanda böyük ənənəsi olan çayçılığın yenidən dirçəlməsinə şərait yaradır. Müəssisədə çay muzeyi, dequstasiya zalı və turistlər üçün çay evi də tikilib.

Prezident İlham Əliyev cari ilin aprelində bölgəyə səfəri çərçivəsində çay fabriki ilə tanış olub. Dövlət başçısı kollektiv üzvləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Azərbaycanın yaxın gələcəkdə özünü keyfiyyətli yerli çayla təmin edəcəyinə əminliyini nəzərə çatdıraraq bildirib: “Astarada çayçılığın çox qədim və gözəl ənənələri var. Sovet dövründə böyük çay plantasiyaları salınmışdır. Əfsuslar olsun ki, sonrakı dövrdə bu sahə bir qədər tənəzzülə uğramışdır. Biz məcbur olub çayı xaricdən idxal etməyə başlamışdıq. Amma indi belə gözəl müəssisələr yarandıqda əminəm ki, Azərbaycan yaxın gələcəkdə özünü keyfiyyətli yerli çayla təmin edəcək”.

Lənkəranda yeni sitrus bağları salınır

Azərbaycanın dilbər guşələrindən olan Lənkəranın sitrus bağlarının şöhrəti ölkəmizin hüdudlarından uzaqlara yayılıb. Sovet dönəmində burada yetişdirilən müxtəlif növ sitrus meyvələri keçmiş ittifaqın ayrı-ayrı regionlarına və uzaq xaricə göndərilirdi. Hazırda rayonun əlverişli coğrafi-iqlim xüsusiyyətlərinə və ənənələrinə uyğun olaraq burada yeni sitrus bağları salınır. Ölkəmizdə “Kənd təsərrüfatı ili” çərçivəsində nəzərdə tutulan tədbirlər planına uyğun olaraq Lənkəranda yeni “Gilan aqro-sitrus” təsərrüfatı yaradılıb. Yeni sitrus təsərrüfatının ümumi sahəsi 45 hektardır. Hazırda 15 hektar sahədə “Gilan aqro” şirkəti tərəfindən Cənubi Koreyadan gətirilən 20 min ədəd “Shiranuhi” (Hallabong) və “Kanpei” (Red Hyaang) sitrus ağacları əkilib. Təsərrüfatda işlər davam etdirilir. Yeni salınmış sitrus təsərrüfatında 140 nəfərin daimi işləməsi nəzərdə tutulur. Ərazidə plakatlar, meyvələr və onlardan hazırlanan məhsullardan ibarət sərgi nümayiş etdiriləcək. Sitrus təsərrüfatının ümumi smeta dəyəri 10 milyon manatdır. Gələcəkdə təsərrüfat genişləndirilərək 500 hektara yaxın ərazini əhatə edəcək. O cümlədən dağətəyi ərazilərdə terras əkin üsulu ilə sitrus plantasiyaları salınacaq. Aparılacaq işlərin nəticəsində bölgədə istifadəsiz qalmış torpaqlar yenidən kənd təsərrüfatı dövriyyəsinə qaytarılacaq və bu da 2000 yeni daimi iş yerinin yaranmasına imkan verəcək. Burada suvarma ilkin olaraq damcı üsulu ilə həyata keçiriləcək, sonradan bununla yanaşı, çiləmə üsulundan da istifadə edilməsi nəzərdə tutulub. Becərilən məhsuldar sitrus növlərindən yüksək dad keyfiyyətlərinə və əmtəəlik xüsusiyyətlərə malik meyvələr əldə ediləcək. Bu növlərin məhsuldarlığı hektarda orta hesabla 35-45 tona çatır ki, bu da yerli növlərdən 2-3 dəfə çoxdur. İstehsal olunmuş meyvələrdən təzə halda və qida, qənnadı, kosmetik, ətriyyat və digər sənaye sahələrində, həmçinin şirə istehsalında və şərabçılıqda istifadə edilməsi nəzərdə tutulur. O cümlədən daxili bazarda satış üçün rayonda mövcud olan “Gilan-Lənkəran” konserv zavodunda meyvə şirəsi istehsal olunacaq. Sitrus təsərrüfatından ümumilikdə 1800 ton məhsul götürüləcək. Bu da 180 min nəfərin illik istehlak normasına bərabərdir.

“Avanqard” təsərrüfatı toxumçuluq üzrə ixtisaslaşıb

Ölkəmizdə aqrar sektorun strateji inkişaf kursuna uyğun olaraq toxumçuluğa böyük diqqət yetirilir. Ölkə başçısının 2 mart 2015-ci il tarixli Sərəncamına əsasən yaradılan Dövlət Toxum Fondu “Toxumçuluq haqqında” qanuna uyğun olaraq, məhsul istehsalçılarını keyfiyyətli toxumla təmin etmək, dövlətin beynəlxalq müqavilələrini yerinə yetirmək, habelə təbii fəlakətə məruz qalmış bölgələrə kömək göstərmək funksiyalarını həyata keçirəcək.

Lənkəran iqtisadi rayonuna daxil olan Cəlilabadda yaradılan “Avanqard” fermer təsərrüfatı da əsasən toxumçulq üzrə ixtisaslaşıb. Yeni fermer təsərrüfatı keçmiş dövlət kənd təsərrüfatı istehsalı müəssisəsinin bazasında 1300 hektar torpaq sahəsi üzrə müsabiqənin qalibi olmuş “Avanqard” MMC tərəfindən yaradılıb. Təsərrüfatın investisiya layihəsinin ümumi dəyəri 5,9 milyon manat təşkil edir ki, bunun da 1,9 milyon manatı sahibkarın şəxsi vəsaiti, 4 milyon manatı isə güzəştli kredit vəsaiti hesabına həyata keçirilir. Təsərrüfat yüksək reproduksiyalı buğda toxumuna olan tələbatın yerli istehsal hesabına ödənilməsində əhəmiyyətli rol oynayacaq. Bu il təsərrüfatda yazlıq qarğıdalı əkilib və hər hektardan orta məhsuldarlığın 10 tondan artıq olacağı gözlənilir.

Ərazidə yeraltı qrunt sularının axıdılması məqsədilə 4860 metr uzunluğunda drenaj qazılıb, ABŞ-ın “Lindsay” şirkətinin istehsalı olan süni yağış yağdırma üsulu ilə müasir suvarma sistemləri quraşdırılıb. Təsərrüfatın fasiləsiz su ilə təminatını həyata keçirmək üçün 3 kilometr uzunluğunda mövcud kanal təmizlənib, tutumu 50 min kubmetr olan süni göl yaradılıb, 2,3 kilometr uzunluğunda yeni elektrik xətti çəkilib.

Təsərrüfat üçün ofis binası, nasosxanalar və texnikaların saxlanılması məqsədilə avtopark tikilib. “Aqrolizinq” ASC vasitəsilə Almaniyanın “Claas” şirkətinin istehsalı olan texnika və aqreqatlar gətirilib. Layihənin icrası nəticəsində 50-dək yeni iş yeri yaradılıb.

 

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.-2015.- 11 sentyabr S. 8.