Çex Respublikasının
Prezidenti Miloş Zeman Azərbaycan Respublikasına rəsmi səfər
edib
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Çex Respublikasının Prezidenti Miloş Zemanın sentyabrın 15-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Çex Respublikasının Prezidenti Miloş Zemanı və xanımı İvana Zemanovanı qarşılayıblar.
Fəxri qarovul dəstəsinin rəisi Çex Respublikasının Prezidentinə raport verib.
Çex Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Çex Respublikasının Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Miloş Zemana, Çex Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Prezidentlər rəsmi foto çəkdiriblər.
* * *
Sentyabrın 15-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çex Respublikasının Prezidenti Miloş Zemanın təkbətək görüşü olub.
Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Bu səfərin ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib. Əlaqələrimizin möhkəmləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulanıb.
Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
* * *
Sentyabrın 15-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çex Respublikasının Prezidenti Miloş Zemanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Dövlət başçıları görüşdə çıxış ediblər.
Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd olunub, iqtisadi əməkdaşlığımızın inkişafından məmnunluq ifadə edilib və bu əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib. Nəqliyyat, energetika, qarşılılıqlı investisiya qoyuluşu, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
* * *
Sentyabrın 15-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çex Respublikasının Prezidenti Miloş Zemanın iştirakı ilə Azərbaycan-Çexiya sənədləri imzalanıb.
Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Prezidenti Miloş Zeman imzalayıblar.
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Çex Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov və Çex Respublikasının kənd təsərrüfatı nazirinin müavini xanım Yaroslava Beneş Şpalkova imzalayıblar.
* * *
Sentyabrın 15-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çex Respublikasının Prezidenti Miloş Zemanın birgə mətbuat konfransı olub.
Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı: “Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
Cənab Prezident, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Biz Sizin səfərinizə böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu keçəcək və səfərin nəticələri ölkələrimizi bir-birinə daha da yaxın edəcəkdir.
Əlaqələrimiz uğurla inkişaf edir. Siyasi, iqtisadi, mədəniyyət sahəsində çox gözəl nəticələr vardır. Biz siyasi sahədə uğurlu əməkdaşlıq edirik. Beynəlxalq müstəvidə də, beynəlxalq təşkilatlar çərçivəsində də birgə fəaliyyət göstəririk, əməkdaşlıq edirik. Bu gün biz Sizinlə əlaqələrimizin müxtəlif aspektlərini geniş və səmimi şəkildə müzakirə etdik. Bir daha görürük ki, ikitərəfli əməkdaşlığın dərinləşməsi üçün heç bir maneə yoxdur, əksinə bizim aramızda tərəfdaşlıq və dostluq əlaqələri yaranıbdır.
Bu gün imzalanan strateji tərəfdaşlıq haqqında Bəyannamə bu sözlərimin əyani sübutudur. Bu, çox ciddi siyasi sənəddir, ikitərəfli əlaqələrimizin səviyyəsinin mahiyyətini əks etdirir və doğrudan da əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırıbdır.
Mən Sizə məlumat verdim ki, bizim Avropa İttifaqına üzv ölkələrlə buna bənzər 7 müqavilə, anlaşma, bəyannamə vardır. Artıq Avropa İttifaqına üzv ölkələrin 8-i ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər imzalanıbdır.
Bu Bəyannamədə əlaqələrimizin müxtəlif aspektləri öz əksini tapır. Eyni zamanda, bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və münaqişənin həlli yolları da göstərilir. Bu mövqeyə, bu dəstəyə görə Sizə minnətdaram. Bəyannamədə göstərilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktı, ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı əsasında öz həllini tapmalıdır. Bu, yeganə mümkün həll variantıdır. Bütün münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır.
Uzun illərdir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisi - Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 bölgə erməni işğalı altındadır. Bu bölgələrdə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Bu siyasət nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Torpaqlarımızın 20 faizi işğal altındadır və Ermənistan bu işğalçı siyasətini davam etdirir, beynəlxalq vasitəçilərin çağırışlarına məhəl qoymur. Bu məsələ ilə məşğul olan Minsk qrupunun həmsədrləri - Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları ən yüksək səviyyədə bəyan etmişlər ki, bu münaqişə ilə bağlı status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi təbii ki, işğala son qoyulması deməkdir. Biz bunu istəyirik, beynəlxalq birlik də bunu istəyir və əminəm ki, biz istədiyimizə nail olacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və beləliklə beynəlxalq hüquq və ədalət zəfər çalacaqdır.
Bəyannamədə digər sahələr də öz əksini tapır. Bizim iqtisadi sahədə çox uğurlu əməkdaşlığımız var. Deyə bilərəm ki, bu gün biz həm heyətlər səviyyəsində, eyni zamanda, ikitərəfli formatda daha çox iqtisadi əməkdaşlığı müzakirə etmişik. Burada gözəl potensial var. Ölkələrimiz arasında ticarət dövriyyəsi artır. Eyni zamanda, Çex banklarının Azərbaycanda müvafiq layihələrinin icrasına böyük miqdarda vəsait ayrılır. Buna görə də minnətdarıq. Çünki bu vəsait imkan verir ki, Azərbaycanda müxtəlif infrastruktur layihələri icra edilsin, ilk növbədə nəqliyyat sektorunda. Bu barədə də biz geniş fikir mübadiləsi apardıq və əlbəttə ki, biz əldə edilmiş nəticələri yüksək qiymətləndiririk. Eyni zamanda, biz gələcəyə baxmalıyıq. Əminəm ki, sabah keçiriləcək Çexiya-Azərbaycan biznes forumu ikitərəfli iqtisadi əməkdaşlığın dərinləşməsi üçün mühüm hadisə olacaqdır.
Qarşılıqlı investisiyaların qoyuluşu məsələləri əhəmiyyət kəsb edir. Həm Çex Respublikası, həm Azərbaycan xarici sərmayə üçün çox məqbul ölkələrdir. Xarici sərmayələr yüksək səviyyədə qorunur. Çalışmalıyıq ki, bizim iş adamlarımız da bir-birini daha da yaxından tanısınlar və əməkdaşlıq dərinləşsin. Bu yaxınlarda hökumətlərarası komissiyanın iclası da keçirilmişdir. Bu da çox önəmli formatdır. Beləliklə, əminəm ki, gələcək illərdə iqtisadi sahədə daha da uğurlu nəticələr olacaqdır. Bu gün artıq deyə bilərəm ki, ticarət dövriyyəsinin səviyyəsi müəyyən dərəcədə bizi qane edə bilər.
Energetika sektorunda əməkdaşlıq da əlbəttə ki, danışıqlar mövzusudur. Azərbaycan Çexiyaya xam neft ixrac edir. Çexiyanın enerji balansında Azərbaycan nefti müəyyən bir hissəni - təxminən 30 faizi təşkil edir. Bu da çox önəmli hadisədir. Azərbaycan hazırda “Cənub” qaz dəhlizinin icrası ilə məşğuldur. Bu, nəhəng enerji layihəsidir. Bu layihənin ümumi dəyəri 45 milyard dollara bərabərdir. Burada “Şahdəniz-2” qaz yatağının ikinci fazasının işlənməsi məsələsi öz həllini tapacaq. Eyni zamanda, 3 yeni qaz kəməri çəkiləcəkdir. Cənubi Qafqaz qaz kəməri - Azərbaycanı Gürcüstanla birləşdirən, TANAP - Türkiyə ərazisindən keçən və TAP - Türkiyə sərhədindən İtaliya sərhədlərinə qədər uzanan üçüncü qaz layihəsidir. “Şahdəniz-2” qaz yatağının işlənməsi ilə bərabər bu dörd nəhəng layihə “Cənub” qaz dəhlizini formalaşdırır və burada Azərbaycan öz liderlik funksiyalarını uğurla yerinə yetirir. Azərbaycan bütün bu layihələrdə investor kimi iştirak edir. Bəzi layihələrdə əsas investor kimi iştirak edir. Baxmayaraq ki, dünyada neftin qiyməti son aylar kəskin şəkildə aşağı düşüb, bu layihənin icrasında heç bir yubanma yoxdur, bütün işlər vaxtında görülür. Azərbaycan tam əmindir ki, beynəlxalq əməkdaşlıq nəticəsində bu layihə öz həllini tapacaq və beləliklə, Avropaya Azərbaycandan yeni qaz kəmərinin tikintisi təmin ediləcəkdir.
Digər sahələrdə də əməkdaşlıq üçün yaxşı perspektivlər var. Mən xüsusilə humanitar sahəni qeyd etmək istəyirəm. Azərbaycanda Çexiya mədəniyyətinə, tarixinə çox böyük maraq var. Əminəm ki, cənab Prezident, Siz və Sizinlə bərabər Azərbaycana gəlmiş nümayəndə heyətinin üzvləri bu sahə ilə də tanış olacaqsınız.
Bir daha Sizi səmimiyyətlə salamlayıram. Azərbaycana
xoş gəlmisiniz. Əminəm ki, səfəriniz
çox uğurlu olacaqdır”.
Çexiya
Prezidenti Miloş Zemanın bəyanatı: “Hörmətli cənab
Prezident.
Xanımlar və cənablar.
İcazə verin, cənab Prezident Əliyevin sözlərinə
davam olaraq təkrar edim ki, Azərbaycan ixracımız
baxımından bizim üçün mühüm ölkədir. Biz neftimizin təxminən
30 faizini Azərbaycandan idxal edirik. Bununla
belə, Azərbaycan digər səbəblərə görə
də bizim üçün yaxın ölkədir. Əhalimizin sayı demək olar ki, eynidir. İqtisadi artım tempi kifayət qədər məqbuldur.
İşsizliyin səviyyəsi isə
aşağıdır. Lakin bir məsələni
də qeyd etmək istərdim. Prezident
Əliyev təvazökarlıq baxımından onu demədi.
Azərbaycan öz öhdəliklərini yerinə
yetirən ölkədir. Sizi əmin edə
bilərəm ki, Azərbaycanda olan əla maliyyə durumu
heç də bütün ölkələrdə yoxdur.
Mənə bildirildi ki, Azərbaycan ərazisində
apardığımız fəaliyyətin
sığortalanmasına gəldikdə, heç bir işin
pozulması və ya sığorta halı
olmamışdır. Cənab Prezident, mən bunu yüksək
dəyərləndirirəm. Bütün bunlar
hamıya aydın olan, lakin adı çəkilməyən
ölkələrlə müqayisədə Azərbaycana olan
etimadı daha da artırır.
Biz, həmçinin bir sıra iqtisadi və ticari məsələləri
müzakirə etdik. Qeyd etmək istərdim ki, Çex iş adamları
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin birinci mərhələsinə
uğurla sərmayə qoymuşlar. Artıq
tikintinin ikinci mərhələsi başlayır. Ümidvaram ki, bu sahədə də əməkdaşlığımız
uğurlu olacaq. İnfrastruktur
baxımından bu layihə kifayət qədər
genişmiqyaslıdır. Azərbaycanın
ikinci şəhəri Gəncənin icra hakimiyyətinin
başçısı şəhər nəqliyyatı, o
cümlədən aşağı gərginlik tramvayları ilə
bağlı Çex Respublikasına müraciət
etmişdir. Çünki heç kəsin
xətrinə dəyməmək üçün bildirim ki,
adı çəkilməyən ölkənin verdiyi ilk təklif
qəbuledilməz idi. Çexiyanın təklifi
daha münasib oldu. Əlbəttə ki,
işlədiyimiz ənənəvi sahələr, xüsusən
də müdafiə sənayesi, eləcə də Azərbaycanın
polis qüvvələri üçün istər radar, istərsə
də digər silah növləri baxımından əməkdaşlığa
hazırıq.
İmzalanmış sənəddə göstərildiyi
kimi, biz kənd təsərrüfatı sahəsində əməkdaşlığa
açığıq. Bildiyimiz qədər, bu sahədə Azərbaycan
öz məhsullarının bir hissəsini ixrac edir və bu
baxımdan özünü təmin edən ölkədir.
Bundan əlavə, onlarla digər nümunə gətirə
bilərəm. Lakin, fikrimcə, onlar haqqında biz sabah biznes forumda söhbət aça biləcəyik.
Hamınızı həmin tədbirdə
görməyi arzulayıram. Sabah bu haqda
daha dolğun danışacaq şəxsləri qabaqlamaq istəməzdim.
Yekun olaraq, bildirmək istərdim ki, mən cənab
Prezidenti Çex Respublikasına səfərə dəvət
etdim. Qeyd edim ki, Prezidentin rəhbərliyi altında
Çex Respublikasına da bir sıra Azərbaycan sərmayələri
qoyulsa, çox şad olaram. Ölkəmizdə
mehmanxanalar və kurortlar, investisiya baxımından digər münasib
məkanlar var. Tam əmin ola bilərsiniz
ki, Çexiyada qoyulmuş maliyyə sərmayələri
özünü doğruldacaq. Çex
Respublikası bu baxımdan Mərkəzi Avropada kifayət qədər
təhlükəsiz yerdir. Təbii ki, digər
tədbirlər çərçivəsində də
görüşəcəyik. Lakin Praqada gələcək
görüşümüzü səmimiyyətlə
arzulayıram. İnanıram ki, bu
görüş baş tutacaq və həmin görüşdə
atılmış yeni iqtisadi addımları qeyd edə biləcəyik”.
* * *
Sonra jurnalistlərin sualları cavablandırılıb.
Çex
televiziyasından Miroslav Karas: Azərbaycan parlamenti müvafiq
parlamentar qurumla əməkdaşlığını
dayandırır və ölkənin Şərq Tərəfdaşlığı
proqramındakı iştirakına yenidən baxmağı
planlaşdırır. Cənab Prezident
Əliyev, Azərbaycan deputatlarının mövqeyi ilə
bağlı nə deyə bilərsiniz?
Prezident
İlham Əliyev: Azərbaycan parlamentinin dünənki qərarının
səbəblərini yəqin ki, siz bilirsiniz. Bir
neçə gün bundan əvvəl Avropa Parlamenti Azərbaycan
ilə bağlı qətnamə qəbul etmişdir. Deyə bilərəm ki, bu qətnamə tamamilə əsassızdır,
yalan, böhtan, qərəzli münasibət üzərində
qurulmuş bir siyasi təxribatdır. Biz
bilirik ki, bunun arxasında hansı qüvvələr
dayanır. Bu qüvvələr bundan əvvəl
dəfələrlə Azərbaycana qarşı əsassız
ittihamlar irəli sürmüşlər, bizi şantaj
etmişlər. Onların yeganə məqsədi ondan
ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət
aparan, tolerant, multikulturalizmin məkanı olan Azərbaycanı
ləkələsinlər, gözdən salsınlar və
Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətə
zidd bir rəy yaratsınlar. Burada əlbəttə
ki, biz erməni lobbisinin rolunu da görürük və hesab
edirəm ki, Avropanın müvafiq hüquq mühafizə
orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə erməni
lobbiçiləri arasındakı gizli əlaqələri də
araşdırsalar pis olmaz.
Onu da qeyd etmək istəyirəm ki, bizə qarşı
bu çirkin əməllərdə fəal iştirak edən
deputatların bəziləri Azərbaycanın ayrılmaz hissəsi
olan və işğal edilmiş Dağlıq Qarabağa bu
vaxta qədər dəfələrlə qanunsuz səfərlər
etmişlər və beləliklə, Azərbaycan
qanunlarını kobudcasına pozmuşlar. Eyni zamanda, bir
daha demək istəyirəm, əfsuslar olsun ki, bu gün Avropa
məkanında, xüsusilə Avropa Parlamentində anti-Azərbaycan
qruplaşması yaranıbdır. Bu
qruplaşma əlindən gələni etməyə
çalışır ki, Azərbaycanı gözdən
salsın və imicini ləkələsin. Bizim
üçün, bir Prezident kimi mənim üçün
Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu qətnamə
kağız parçasından başqa bir şey deyil. Mən buna əhəmiyyət vermirəm. Əlbəttə ki, bunu pisləyirəm, ancaq bu qətnamə
bizim iradəmizə, tutduğumuz mövqeyə heç bir təsir
etməyəcək. Azərbaycanı
özünə tabe etmək istəyən xarici dairələrə
də sözüm ondan ibarətdir ki, sizin bütün səyləriniz
əbəsdir. Azərbaycanın müstəqil,
milli maraqlar üzərində formalaşmış siyasətinə
heç bir kənar qüvvə şantaj, böhtan yolu ilə
təsir edə bilməz.
O ki
qaldı Azərbaycan parlamentinin reaksiyasına, hesab edirəm
ki, bu reaksiya gözlənilən idi. Çünki
Azərbaycan parlamenti müstəqil qurum kimi öz rəyini
ifadə etdi, deputatların çoxu öz
çıxışlarında fikirlərini söylədilər
və onların sözündə həqiqətdən
başqa heç bir şey yoxdur.
Birincisi, kimisə ittiham etməzdən əvvəl sən
bir güzgüyə bax. Bu gün Yaxın Şərqdən
bütün dünyanın gözü qarşısında
Avropaya pənah aparan qaçqınların taleyi göz
qabağındadır. O insanlar xarici müdaxilənin
qurbanlarıdır. O insanların ölkələri
dağıdılıb, yerlə-yeksan edilib. Kim
bunu edib? Xarici qüvvələr o ölkələri
dağıdıb. Ölkələrin ərazi
bütövlüyünü pozub. Yüz
minlərlə insanı məhv edib. Milyonlarla
insan öz yaxınlarını itirib. Bu
faciəvi şəraitə dözməyən insanlar artıq
Avropaya gəlməyə başlayıblar. Görün,
onları Avropada nələr gözləyir - islamofobiya,
irqçilik, ksenofobiya! Budurmu Avropa dəyərləri?!
Avropa Parlamenti bu məsələlərlə məşğul
olsa daha yaxşı olar.
Bu gün Avropa dəyərlərinin
sarsıdılması prosesi gedir. Avropa həmişə
bizim bölgədən mütərəqqi, müasir, tolerant
bir məkan kimi görünürdü. Ancaq
bu gün bunu əfsuslar olsun ki, çox nadir hallarda
görürük. Aqressiv, başqa ölkələrin
işinə müdaxilə edən, tolerantlığı demək
olar ki, itirən dairələr bu gün, əfsuslar olsun,
Avropa Parlamentində və bəzi digər qurumlarda
hökmranlıq edir.
Ona görə, bir daha demək istəyirəm ki, Azərbaycan
parlamentinin qərarı tam əsaslıdır. Bildiyiniz kimi,
Avronest Avropa Parlamenti ilə “Şərq Tərəfdaşlığı”
ölkələri arasında parlament assambleyası qurumu kimi nəzərdə
tutulmuşdu. Əgər hansısa bir
ölkə ilə bağlı suallar olarsa, bu suallara Avronest
çərçivəsində baxıla bilərdi. Amma Avronest faktiki olaraq amorf bir qüvvəyə
çevrilib və heç bir fəaliyyət göstərmir.
Belə olan halda, təbii ki, Azərbaycan
parlamenti Avronestdəki fəaliyyətini dayandırır.
Bu, Azərbaycan parlamentinin suveren hüququdur və
eyni zamanda, siz yəqin onu da bilirsiniz ki, Avropa Parlamenti ilə
Azərbaycan parlamenti arasındakı əməkdaşlıq
fəaliyyəti də artıq dayandırılıbdır.
Bax, budur bizə qarşı aparılan
çirkin kampaniyanın nəticələri. Azərbaycan bizə qarşı atılan hər bir
addıma adekvat cavab verib və bundan sonra da verəcəkdir.
* * *
İlham
Əhmədov (Azərbaycan Televiziyası): Sualım
Çexiya Prezidentinədir. Cənab Prezident, Siz öz
müsahibənizdə qeyd etmişdiniz ki, Çexiya Azərbaycan
iqtisadiyyatına investisiya qoymaqda maraqlıdır. Dünyada
gedən maliyyə-iqtisadi böhranı şəraitində
ölkələrimizin iqtisadi inkişaf baxımından
davamlılığının təmin edildiyini nəzərə
alsaq, bu sahədə əməkdaşlıq üçün
yaxşı perspektivlər var. Sizin fikrinizcə, Çexiya Azərbaycanda
hansı konkret sahələrə investisiya qoya bilər?
Çox sağ olun.
Prezident
Miloş Zeman: Fikrimcə, giriş nitqimdə bu haqda artıq
danışdım. Söhbət dəmir yolu xətlərinin
çəkilməsi, vaqon və lokomotivlərin təchizatı,
enerji sahəsində əməkdaşlıqdan gedir. Bu cür işbirliyi nəinki Azərbaycan, o cümlədən
Gürcüstan ərazisində aparıla bilər. Onlarla müxtəlif layihənin olduğu kənd təsərrüfatı
sahəsində əməkdaşlıq qurula bilər.
Nəqliyyat sahəsinə gəldikdə,
aşağı gərginlik tramvayları ilə bağlı
layihəni artıq qeyd etdim. Əlbəttə,
artıq dediyim kimi, silah, yükdaşıyan nəqliyyat sahəsində
də əməkdaşlığa hazırıq. İstərdim ki, Azərbaycanda Çex avtomobilləri
təşviq olunsun. İstəsəniz,
burada 30-a yaxın digər layihə siyahısını təqdim
edə bilərəm. Lakin istərdim ki, bu
haqda biznes forumda danışaq.
* * *
Ali
qonağın şərəfinə
Sentyabrın 15-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi
səfərdə olan Çex Respublikasının Prezidenti
Miloş Zemanın şərəfinə rəsmi ziyafət
verilib.
Çex Respublikasının Prezidenti Miloş Zemanı
bir daha Azərbaycanda salamlayan Prezident İlham Əliyev bu səfərin
ölkələrimiz arasında münasibətlərin
yaxşı göstəricisi olduğunu bildirib. İndiyə
qədər müxtəlif yerlərdə bir neçə dəfə
səmərəli görüşlər keçirdiklərini
deyən dövlətimizin başçısı bunun da
ölkələrimiz arasında əməkdaşlıq
üçün yaxşı zəmin
yaratdığını diqqətə çatdırıb.
“Çexiya bizim üçün strateji tərəfdaşdır”,
deyən Prezident İlham Əliyev qeyd edib ki, həm
Çexiya, həm də Azərbaycan ikitərəfli
münasibətlərin inkişafı, əməkdaşlığın
daha da gücləndirilməsi üçün əlindən
gələni edir.
Səfər zamanı əməkdaşlığa dair
yeni layihələrlə bağlı müzakirələrin
aparıldığını deyən dövlətimizin
başçısı onların reallaşacağı təqdirdə
ölkələrimiz arasında əmtəə dövriyyəsinin
artacağını diqqətə çatdırıb. Prezident
İlham Əliyev investisiya, turizm, nəqliyyat və digər
sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə
toxunaraq qarşılıqlı səfərlərin, iqtisadi əməkdaşlıq
üzrə hökumətlərarası komissiyanın fəaliyyətinin
buna daha da təkan verəcəyini bildirib. Dövlətimizin başçısı səfər
çərçivəsində strateji tərəfdaşlığa
dair imzalanan birgə Bəyannamənin əhəmiyyətindən
danışıb, onun ikitərəfli münasibətləri
daha da möhkəmləndirəcəyini bildirib.
Çex Respublikasının Prezidenti Miloş
Zeman Prezident İlham Əliyevlə görüşündən
məmnun qaldığını deyib. O, Azərbaycan
dövlətinin başçısı ilə hər bir
görüşünün qarşılıqlı anlaşma
şəraitində keçdiyini vurğulayıb. Çex
Respublikasının Prezidenti Azərbaycana ilk dəfə səfər
etdiyini və bu səfərin uğurla keçdiyini diqqətə
çatdırıb. O, Azərbaycanda müdrikliklə
idarə olunan güclü dövlətin bərqərar
olmasını, sabitliyin və inkişafın hökm sürməsini
yüksək qiymətləndirib.
Yeni Azərbaycan.-
2015.- 16 sentyabr.- S.- 1