Azərbaycan Prezidenti İlham
Əliyev Kürdəmir və Ağsu rayonlarına səfər
edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Kürdəmir rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı əvvəlcə rayon mərkəzində Heydər Əliyev adına parkda Ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov Prezident İlham Əliyevə Ulu öndərin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmir şəhərində Bayraq Meydanının açılışında iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə bayraq meydanının yerləşdiyi ərazinin əvvəlki və indiki vəziyyətini əks etdirən fotostendə baxıb.
Dövlətimizin başçısı Bayraq Meydanının rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev Bayraq muzeyi ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında da iştirak edib.
Dövlətimizin başçısı əvvəlcə binanın rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin gün Kürdəmirdə Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun açılışında iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov məlumat verib ki, 12 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Mollakənd-Axtaçı-Öyləqulu avtomobil yolunun tikintisinə dövlətimizin başçısının 2012-ci il 7 mart tarixli Sərəncamına əsasən başlanılıb və bu məqsədlə Prezidentin ehtiyat fondundan 3 milyon manat, yol tikinti işlərinin tam başa çatdırılması üçün əlavə 4 milyon manat vəsait ayrılıb.
Sonra Prezident İlham Əliyev burada sakinlərlə görüşüb.
Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev deyib: “Yenidən Kürdəmir rayonunda olmağımdan çox məmnunam. Birinci dəfə deyil ki, Kürdəmirə gəlmişəm. Əvvəlki səfərlərdə də bərabər olmuşuq, müxtəlif tədbirlərdə iştirak etmişik. Bir neçə gözəl hadisə baş vermişdi - Kürdəmir Olimpiya İdman Kompleksinin açılışında, Mərkəzi Rayon Xəstəxanasının təmirdən sonra istifadəyə verilməsində, digər obyektlərin açılışlarında iştirak etmişəm. Bu gün isə kənd yolunun açılışıni qeyd edirik. Artıq bir müddətdir ki, əhali bu yoldan istifadə edir. Amma bu gün bu yolun rəsmi açılışı günüdür. Çox gözəl layihədir və şadam ki, nəhayət, bu kənd yolu tikilibdir. Vəsait Prezident tərəfindən 3 il bundan əvvəl ayrılmışdır. Ancaq əfsuslar olsun ki, əvvəlki rəhbərlik bu işə o qədər də böyük məsuliyyətlə yanaşmamışdır və yol keyfiyyətsiz tikilmişdir. Mənə məlumat çatdırılandan sonra göstəriş verildi və yeni rəhbərlik bu işlərlə çox ciddi məşğul oldu, bütün nöqsanlar aradan götürüldü. O nöqsanları buraxan şəxslər özləri də bərpa işlərində iştirak etmişlər və nəticədə bu yol artıq bütün yüksək standartlara cavab verir.
Kənd yollarının tikintisi Azərbaycanda, ümumiyyətlə, geniş vüsət almışdır. Bir çox hallarda yollar keyfiyyətli tikilir, amma keyfiyyətsiz yollar da hələ ki, var. Ona görə, bu məsələyə daim diqqət göstəriləcəkdir. Büdcədən, Prezidentin ehtiyat fondundan vəsait ayrılır, amma yerlərdə insanlar gərək buna məsuliyyətlə yanaşsınlar.
Kənd yollarının tikintisi indi yerli icra orqanları tərəfindən həyata keçirilir. Burada əlbəttə ki, ictimai nəzarət də güclü olmalıdır. Mənə icra başçısı məlumat verir ki, o, bura təyin olunandan sonra insanlar bu yolla bağlı çoxsaylı şikayətlər etmişlər. Yəni, ictimai nəzarət budur. Əgər insanlar bu məsələni qaldırmasaydılar, mən heç bilməyəcəkdim. Amma bu gün bu yol lazimi səviyyədə tikilib, istifadəyə verilir və hər yerdə də belə olmalıdır.
Bu gün məni eşidən bütün icra orqanlarının nümayəndələri bilməlidirlər ki, hər bir sahədə ciddi nəzarət var və ən güclü nəzarət ictimai nəzarətdir. Siz, burada yaşayan insanlar görəndə ki, hər hansı bir ədalətsizlik var, keyfiyyətsiz yollar salınır, yaxud da başqa xoşagəlməz hallar baş verir, əlbəttə, siqnal verməlisiniz, ilk növbədə, yerli icra orqanlarına, əgər nəticə olmasa, mərkəzi icra orqanlarına. Beləliklə, Azərbaycanda ictimai nəzarət daha da güclü olmalıdır. Mən dəfələrlə bu barədə demişəm, bir daha demək istəyirəm ki, bizim gördüyümüz bütün işlər xalqın maraqlarına xidmət edir. Bu yolların çəkilişi, infrastruktur layihələrinin icrası da bu məqsədi güdür - hər şey insanlar üçün, Azərbaycan xalqı üçün. İstəyirəm ki, hər bir yerdə, hər bir rayonda yaxşı yollar, yaxşı tibbi xidmət, gözəl məktəblər olsun ki, insanlar bundan istifadə edib rahat yaşasınlar.
İnfrastruktur layihələrinə gəldikdə, Kürdəmir rayonunda içməli su layihəsi artıq başa çatıb və şəhərə fasiləsiz keyfiyyətli içməli su verilir. Bu, böyük hadisədir. Çünki uzun illər içməli su problemi çox ciddi problem kimi qalmışdı. Bu məsələ öz həllini tapdı. Gözəl, təmiz mənbədən su xətləri çəkilib və şəhərdə indi heç bir problem yoxdur.
Kanalizasiya ilə bağlı işlər də davam etdirilir və yəqin ki, bu layihə 2016-2017-ci illərdə başa çatacaq. Beləliklə, bu ciddi problem də aradan qalxacaqdır.
İçməli su insanın sağlamlığı üçün əsasdır. İndi bütün bölgələrdə içməli su, kanalizasiya layihələri icra edilir. Bu, çox ciddi məsələdir və bu, sırf sosial xarakter daşıyır. Çünki bu layihələrə qoyulan vəsait dövlətə heç vaxt qayıtmayacaq. Çünki bizdə su tarifləri çox aşağı səviyyədədir və görülən bütün bu işlər ancaq insanların sağlamlığı, rahat yaşamaları üçün nəzərdə tutulur.
Digər infrastruktur layihələri icra edilir. Kürdəmir
rayonunda qazlaşdırma yaxşı gedir. Söz verilib ki, ilin sonuna qədər
qazlaşdırma təxminən 90 faizə çatacaq. İndi bir çox kəndlərdə işlər
görülüb, davam edir. Bu da mənim
göstərişimlə icra edilən layihələrdir.
Azərbaycanın hər bir yerində qaz xətləri
çəkilir. Elektrik enerjisi, qaz,
içməli su, kənd yolları - bunlar əsas infrastruktur
layihələridir. Magistral yollar da çəkilir.
Bu gün Bakıdan gəlirəm. Bakı-Kürdəmir
yolu artıq genişlənir. Vaxtilə
Hacıqabuldan Kürdəmirə qədər ikizolaqlı yol
çəkmişik. Bir neçə il
bundan əvvəl onun açılışında iştirak
etmişəm. Sonra göstəriş verdim ki,
bunu dördzolaqlı edək. Çünki ikizolaqlı
yol bir az təhlükəlidir, xüsusilə
gecə vaxtlarında. Dördzolaqlı olanda təhlükəsizlik
tam təmin edilir, insanlar rahat gedə bilərlər. İndi yolun böyük hissəsinin tikintisi
artıq başa çatıb. Bakıdan
Gürcüstan sərhədinə qədər bizim
bütün bu İpək yolumuz dördzolaqlı olacaqdır.
Bu gün İmişli-Kürdəmir-Ağsu yolunun
açılışını da qeyd edəcəyik. Magistral yollar,
bizi başqa ölkələrlə birləşdirən
yollar, şəhərlərarası və kənd yolları -
bunlar üç əsas yol layihəsidir.
Beləliklə, nəzərdə tutduğumuz
bütün proqramlar icra olunacaq. Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra edilir.
Bildiyiniz kimi, bu il “Kənd təsərrüfatı
ili” elan edilibdir. Kənd təsərrüfatında
çox yaxşı nəticələr var. Tarixdə ilk dəfə
olaraq, biz taxılçılıqda hektardan 30-31 sentner məhsul
əldə edə bilmişik. Yəni, kənd
təsərrüfatı ilə məşğul olanlar
yaxşı bilirlər ki, heç vaxt belə nəticələr
olmamışdır. Nəyə görə?
Müasir texnologiyalar tətbiq olunur, gübrələr
verilir. İndi subsidiyaların verilməsində
şəffaflıq təmin edilir, texnika alınır, lizinq
yolu ilə verilir. Əlbəttə ki, biz ən
mütərəqqi təcrübəni öyrənməliyik.
Eyni zamanda, iri fermer təsərrüfatları
da yaradılır. İri fermer təsərrüfatlarında
isə məhsuldarlıq daha da yüksəkdir - hektardan 50-60
sentner. Görün, Azərbaycanda nə
vaxt belə nəticələr olub? Hektardan
50-60 sentner ən inkişaf etmiş ölkələrdə
olan göstəricidir. Bizim indi 20-yə
yaxın iri fermer təsərrüfatımız var. Burada minlərlə
insan işləyir. Müasir səviyyə
yaradılıbdır və beləliklə, mövcud torpaqlar
hesabına biz öz ərzaq təhlükəsizliyimizi tam
şəkildə təmin edə bilərik.
Əlavə tədbirlər görüləcək. Suvarılan
torpaqların əraziləri genişlənir. Bilirsiniz ki, böyük su anbarları, kanallar tikilir.
Kürdəmir rayonunda da kənd təsərrüfatının
inkişafı üçün əlavə tədbirlər
görüləcək. Mən bilirəm
ki, buna ehtiyac var. Kanallar tikilməlidir. Bu
işlər də bizim planlarımızdadır. Çünki bu gün dünyada ərzaq təhlükəsizliyi
ön plana çıxır və getdikcə bu problem daha da kəskinləşəcək.
Çünki dünyada əhali artır, amma
torpaq sahələri arta bilmir. Ona görə,
hər bir ölkə məşğul olmalıdır. Biz xaricdən niyə ərzaq məhsulları
almalıyıq?! Biz özümüz
istehsal etməliyik, özümüz xaricə
satmalıyıq. İndi bəzi məhsullar üzrə
buna nail olmuşuq, amma hələ ki, idxaldan
asılılığımız var. Fermerlər, kəndlilər
üçün şərait yaradılır ki, onlar həm
dolansınlar, pul qazansınlar, həm də bizim əhalimizi
keyfiyyətli yerli məhsullarla təmin etsinlər. Əgər infrastruktur layihələri olmasa bunu etmək
mümkün deyil. Yol olmasa indi biznes necə
inkişaf edə bilər?! Qaz, elektrik, su,
suvarma olmasa kənd təsərrüfatı necə inkişaf
edə bilər?! Ona görə bu məsələlərə
kompleks şəkildə yanaşanda nəticələr də
əldə olunur.
Hələ 2004-cü ildə birinci regional inkişaf
proqramı qəbul olunanda bu məqsədlər qarşıya
qoyulub. İndi üçüncü proqram icra edilir, 2018-ci
ildə başa çatacaq. Düzdür,
indi müəyyən mənada bizim gəlirlərimiz
azalır. Özünüz yaxşı
bilirsiniz ki, neftin qiyməti düşüb, bu da təbiidir.
Ancaq buna baxmayaraq, ölkə
iqtisadiyyatının inkişafı, sosial məsələlərin
həlli ilə bağlı bütün layihələr icra
edilir və gələn ilin büdcəsində də kənd
təsərrüfatının inkişafına, sosial məsələlərin
həllinə kifayət qədər vəsait ayrılacaq.
Bizim maliyyə vəziyyətimiz sabitdir. Öz gücümüzə güvənirik,
arxalanırıq. Xarici borcumuz da çox
aşağı səviyyədədir. Biz
bütün xarici borcumuzu bir gündə ödəyə bilərik.
Ona görə ödəmirik ki, buna ehtiyac
yoxdur. Hələ ki, kreditlərdən
istifadə edirik, amma kreditlərsiz də yaşaya bilərik.
İndi ikinci belə ölkə tapılarmı
ki, bir gündə xarici borcunu ödəyə bilsin? Çətin.
Bəzi ölkələrin xarici borcu ümumi daxili məhsuldan
çoxdur. Yəni, onlar borc içində yaşayırlar və
borcun üstünə borc gəlir. Nəticə
etibarilə xalq əziyyət çəkəcək. Nə vaxtsa, necə deyərlər, bu piramida
çökəcək. Amma əgər mən
əmr versəm biz bütün xarici borcumuzu bir gündə
ödəyə bilərik. Budur bizim reallıqlarımız.
Bizdə güclü iqtisadiyyat, güclü
siyasi iradə, xalq-iqtidar birliyi və bu yol kimi konkret işlər,
nəticələr var. Uşaq bağçasının
açılışında olmuşam, kənd məktəbinin
açılışında iştirak edəcəyəm.
Diyarşünaslıq Muzeyi təmir olunubdur.
Gözəl Bayraq Meydanı tikilibdir. Yəni,
bir il ərzində yeni rəhbərlik bu
işlərlə məşğul olur. Əlbəttə,
siz də iştirak edirsiniz, öz dəstəyinizi verirsiniz
ki, ölkəmiz daha da güclü olsun, heç kimdən
asılı olmasın və Azərbaycanın taleyi əbədi
olaraq Azərbaycan xalqının əlində olsun. Sizi bir daha təbrik edirəm”.
Xəlsə
kənd sakini Hacıoğlan Hacıyev dövlətimizin
başçısına kürdəmirlilərin ürək
sözlərini çatdıraraq deyib: “Cənab Prezident, mən
bir kənd ağsaqqalı kimi gördüm ki, Siz yolun
tarixçəsini bizdən gözəl bilirsiniz. Amma deməyi özümə borc bilirəm,
çünki bu, lazımdır. Bu yolun
aqibətini Siz bizdən gözəl bilirsiniz. Yol çox pis vəziyyətdə idi, çox əziyyət
çəkirdik. Təyin etdiyiniz icra
başçısına biz iradları bildirdik. O, Sizə
məlumat verən kimi çox gözəl nəticəsi oldu.
Dədə-babalarımızın görmədiyi
bu gözəl yolu Allah Sizin sayənizdə bizə qismət
etdi. Allah Sizi, övladlarınızı qorusun! Çəkdiyiniz yollar qədər Allah Sizə uzun
ömür qismət etsin”.
Prezident
İlham Əliyev: Çox sağ olun.
Müəllimə
Elmira Şıxəliyeva deyib: “Cənab Prezident, Kürdəmirdə
nəinki belə yollar çəkilib, çox işlər
görülüb. Son zamanlar Kürdəmir
regionun ən gözəl, ən abad şəhərinə
çevrilib. Biz buna görə Sizə
çox minnətdarıq. Kürdəmirdə
hazırda belə şəhərdaxili yollar da salınıb.
Özünüz gördünüz - Bayraq Meydanı,
uşaq bağçası, məktəblər, səhiyyə
ocaqları, saymaqla qurtarmaz. Yeni Azərbaycan
Partiyasının çox gözəl binası tikilib. Bunların hamısına görə Sizə
çox böyük təşəkkürümüzü
bildiririk.
Mən demək istəyirəm ki, bu gün Azərbaycan
nəinki regionun, hətta Avropanın ən gözəl
ölkəsidir. Birinci Avropa Oyunlarında biz bir
möcüzə gördük. Həqiqətən
bütün xalqımızın əli göydə idi ki,
Allah-Təala işimizi avand etsin. Allah
Mehriban xanıma da cansağlığı versin.
Çox böyük iş gördü. Xahiş
edirəm, bizim təşəkkürümüzü ona
çatdırın. Biz Mehriban
xanımın xətrini həddindən çox istəyirik.
Allah Sizi, ailənizi, övladlarınızı qorusun”.
Prezident
İlham Əliyev: “Çox sağ olun. Birinci Avropa Oyunları doğrudan da ən yüksək
səviyyədə keçirilib. İstəyirəm
onu da biləsiniz ki, məşəlin ölkə üzrə
səyahəti də, əlbəttə, tarixi bir hadisə idi.
Çünki mən o vaxt göstəriş
verdim ki, məşəl hər bir rayona gətirilməlidir.
Birinci variantda 10 və ya 12 rayon nəzərdə
tutulurdu. Yəni, bizim xarici tərəfdaşlarımız
belə təklif etmişdilər. Dedim ki, yox, hər bir
şəhərdə olmalıdır. Hər bir
rayonda məşəl bayramı keçirilməlidir. Bildiyimə görə bu bayram Kürdəmirdə də
çox möhtəşəm keçib. Minlərlə
insan meydanlara, küçələrə axışıb”.
Elmira
Şıxəliyeva: Görünməmiş hadisə idi.
Prezident
İlham Əliyev: “Biz nəyə qadir olduğumuzu
bütün dünyaya göstərdik. İyirmi dörd il ərzində görün haradan-haraya gəlmişik.
Bütün Avropa bizə heyran oldu.
Vaxtilə deyirdilər ki, biz Avropa standartlarına
çatmalıyıq. İndi bu gün biz deyirik ki, hər bir
sahədə Azərbaycan standartları var - ictimai həyatda,
multikulturalizm məsələlərində, insanlar arasında
əlaqələrdə, iqtisadi inkişafda, sabitlikdə.
İndi hər şey göz
qabağındadır, internet dövründə
yaşayırıq. Hər gün
televizorda görürük ki, harada nələr baş verir.
Azərbaycanda sabitlik var, insanlar sülh, əmin-amanlıq
şəraitində rahat yaşayırlar. Biz
inkişafla məşğul oluruq. Biz bir
çox ölkələr üçün gözəl
nümunəyik”.
Carlı
kənd sakini Gülməmməd Eyvazov həmyerlilərinin
minnətdarlıq hisslərini ifadə edərək deyib: “Cənab
Prezident, dünyanın hər yerində müharibələr
gedir, aclıq, böhran, rəzalət, səfalət, haqqa
nahaq demək, qaçqınlar. Bu qədər
proseslərin içərisində bizi də özlərinə
cəlb etmək istəyirlər. Bizdəki
sabitliyi, inkişafı görmək istəmirlər. Onlar haqqa nahaq deyirlər. Ona
görə ki, cənab Prezident, onların güzgüləri əyridir.
Əyri güzgü düz, inkişaf edən,
sabit Azərbaycanı görmək istəmir. Çünki o güzgünün özü əyridir.
Allah Sizi qorusun. Sizə minnətdarıq”.
Prezident
İlham Əliyev: Çox sağ olun.
Sonda xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev yolun rəmzi
açılışını bildirən lenti kəsib.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev sentyabrın 17-də Yeni Azərbaycan Partiyası
Kürdəmir rayon təşkilatının inzibati
binasının açılışında iştirak edib.
Sentyabrın
17-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Kürdəmirdə əsaslı şəkildə
yenidən qurulan Tarix-Diyarşünaslıq Muzeyində
yaradılan şəraitlə tanış
olub.
Dövlətimizin başçısı muzeyin yerləşdiyi
Qələbə parkına gəlib.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Kürdəmirə
səfəri çərçivəsində Möhübbət
Əzimov adına Atakişili kənd tam
orta məktəbinin binasının
açılışında iştirak edib.
Dövlətimizin
başçısı məktəb binasının rəmzi
açılışını bildirən lenti kəsib,
yaradılan şəraitlə tanış
olub.
Təhsil naziri Mikayıl Cabbarov məlumat verib ki, 624
şagird yerlik bu məktəb nazirliyin sifarişi əsasında
inşa olunub.
Dövlətimizin başçısı təhsilin
yüksək səviyyədə aparılması
üçün tapşırıq və tövsiyələrini
verib.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev sentyabrın 17-də Ağsu-Kürdəmir-İmişli
avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində
bu yolun Ağsu-Kürdəmir hissəsinin
açılışında iştirak edib.
“Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov
dövlətimizin başçısına Ağsu-Kürdəmir-İmişli
avtomobil yolunun yenidən qurulması layihəsi barədə məlumat
verib.
Dövlətimizin başçısına
Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun qalan hissəsində
görülən işlər barədə də məlumat
verilib.
Prezident İlham Əliyev yolun rəmzi
açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı
inşaatçılarla görüşüb, layihənin
uğurla başa çatdırılması ilə
bağlı tapşırıq və tövsiyələrini
verib.
Sonda xatirə şəkli çəkdirilib.
Sentyabrın 17-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Kürdəmirə səfərini
başa çatdıraraq Ağsu rayonuna gəlib.
Dövlətimizin başçısı əvvəlcə
rayon mərkəzində xalqımızın Ümummilli lideri
Heydər Əliyevin abidəsini ziyarət edib, önünə
gül dəstəsi qoyub.
Ağsu rayon İcra Hakimiyyətinin
başçısı Ənvər Seyidəliyev məlumat
verib ki, Ulu öndərin abidəsinin ucaldıldığı
Heydər Əliyev Parkında son vaxtlar geniş abadlıq
işləri görülüb, yaşıllıq zolaqları
salınıb.
Park rayon sakinlərinin ən sevimli istirahət mərkəzlərindən
birinə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Ağsu rayonuna səfəri çərçivəsində
İdman Kompleksinin açılışında iştirak
edib.
Dövlətimizin başçısı kompleksin rəmzi
açılışını bildirən lenti kəsib.
Prezident
İlham Əliyev kompleksin taekvondo və boks
zalında yaradılan şəraitlə də maraqlanıb və
görülən işlərdən
razılığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Ağsuya səfəri çərçivəsində
Yeni Azərbaycan Partiyasının rayon təşkilatının
yeni inzibati binasının açılışında
iştirak edib.
Prezident İlham Əliyev binanın rəmzi
açılışını bildirən lenti kəsib.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Ağsuya içməli suyun verilməsi mərasimində
də iştirak edib.
Dövlətimizin
başçısı “milli su təchizati və kanalizasiya
xidmətləri üzrə ikinci layihə” çərçivəsində
həyata keçirilən Ağsu rayonunda su təchizatı,
çirkab su sistemləri və çirkab su təmizləyici
qurğunun tikintisi” layihəsi ilə tanış
olub.
Prezident
İlham Əliyevə məlumat verən “Meliorasiya və Su Təsərrüfatı”
Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd
Əhmədzadə bildirib ki, Ağsu şəhərinin
içməli suya tələbatını təmin etmək
üçün suyun Külüllü ərazisində
Girdimançayın məcrası altından və
Ağsuçayın yuxarı hissəsində mövcud olan
quzey bulaqlarından götürülməsi nəzərdə
tutulub.
Sonra Prezident İlham Əliyev Ağsu ictimaiyyətinin
nümayəndələri ilə görüşüb.
Rayon
ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident
İlham Əliyev deyib: “Bu gün biz çox əlamətdar
hadisəni birlikdə qeyd edirik. Ağsu rayonunun
içməli su layihəsi artıq başa çatır və
nəhayət, bu problem öz həllini tapır. Artıq şəhərə təmiz, gözəl mənbədən
içməli su verilir və hesab edirəm ki, bu, çox
böyük nailiyyətdir. Çünki
siz də yaxşı bilirsiniz, mən də bilirəm ki,
Ağsunun içməli su problemi həmişə çox
ciddi problem kimi qalmışdı. Yadımdadır,
birinci dəfə Prezident kimi Ağsuya gələndə vətəndaşlar
bu məsələni qaldırmışdılar ki, içməli
suyun keyfiyyəti çox aşağıdır və
insanların sağlamlığına mənfi təsir
göstərir. O vaxt müəyyən tədbirlər
görüldü. Ancaq bu gün Ağsu şəhərinin
içməli su problemi əsaslı şəkildə tam həll
olunur. Təmiz mənbədən keyfiyyətli
içməli su verilir. Kanalizasiya layihəsi
də başa çatmaq üzrədir. Mənə verilən
məlumata görə, gələn il bu
layihə də başa çatacaq.
Eyni zamanda, bu içməli su layihəsi çərçivəsində
bir neçə kəndə də suyun verilməsi nəzərdə
tutulur. Gələcəkdə əlbəttə ki, başqa
kəndlərə də içməli suyun verilməsi nəzərdə
tutulmalıdır. İçməli su
insanların sağlamlığı üçün əsas
şərtdir və əminəm, indi yaradılan bu şərait
imkan verəcək ki, insanlar daha da sağlam olsunlar. Xüsusilə, gənclər, yetişən gənc
nəsil sağlam böyüyəcək. Çünki
içməli su, təmiz hava, keyfiyyətli ərzaq məhsulları,
tibbi xidmət, fiziki hərəkət və əlbəttə
ki, sağlam həyat tərzi insanların
sağlamlığı üçün əsas amillərdir.
Onların da demək olar ki, hamısı indi
Ağsuda var. Yalnız xəstəxana
çatışmır. Keçən dəfə
mən burada olanda stadion açıldı. Bu gün isə idman mərkəzi
açılıb, şəhərə içməli su
verilir. Mən artıq buradan Səhiyyə
Nazirliyinə tapşırıq verirəm ki, xəstəxananın
tikintisini sürətləndirsinlər. Tezliklə
o da sizin sərəncamınıza veriləcək”.
Ağsu
sakini Akif Mirzəyev deyib: “Çox sağ
olun, cənab Prezident. Allah Sizdən razı
olsun. Bu gün Siz suyun verilməsi mərasimində
iştirak edirsiniz. Ömrünüz su qədər
uzun olsun. Minnətdarıq. Allah Sizi qorusun”.
Prezident
İlham Əliyev: Sağ olun.
Ağsu
rayonunun inkişafına göstərdiyi diqqət və
qayğıya görə dövlətimizin
başçısına minnətdarlıq edən Şəfəq
Balıyeva deyib: “Möhtərəm cənab Prezident, icazə
verin bir-iki kəlmə də mən öz ürək
sözümü bildirim. Bu gün dünya
çox çətin dövr yaşayır. İstər təbii fəlakətlər, istər hərbi
münaqişələr. Mən
bütün Azərbaycan xalqı adından cəsarət edib
çox xoşbəxt olduğumuzu bildirmək istəyirəm
ki, bizim Sizin kimi sipərimiz, Prezidentimiz var və biz
arxayın, aramla öz zəhmətkeş həyatımızı
sürdürürük. Allah Sizi qorusun ki,
Siz də bizi qoruyasınız”.
Prezident
İlham Əliyev: “Çox sağ olun. Ağsu rayonunun uğurlu inkişafı məni
çox sevindirir. Çünki mən
artıq dördüncü dəfədir ki, Prezident kimi rayona
səfər edirəm və görürəm çox
böyük inkişaf var. Abadlıq, quruculuq işləri,
sosial məsələlər öz həllini tapır, müəssisələr
yaradılır. Burada böyük bir
şirə zavodu istifadəyə verilmişdir, indi müxtəlif
ölkələrə öz məhsullarını ixrac edir.
Kənd təsərrüfatı inkişaf edir.
Son vaxtlar yaratdığımız iri fermer təsərrüfatları
arasında Ağsu rayonunda olan təsərrüfat məhsuldarlığa
görə birinci yerdədir, rekord göstəricidir. Sizi təbrik edirəm”.
Sakinlər:
Çox sağ olun.
Prezident
İlham Əliyev: “Taxılçılıqda orta məhsuldarlıq
bu gün Azərbaycanda ilk dəfə olaraq 30 sentnerdən
yuxarıdır. Ağsuda təqribən 35
sentnerdir. Amma iri fermer təsərrüfatında
bu, 50 sentnerdir. Bu, görünməmiş
nailiyyətdir, yüksək nəticədir. Biz bu təcrübəni gərək başqa təsərrüfatlarda
da tətbiq edək ki, daha da bol məhsul yetişdirək.
Çünki insanların məşğulluğu,
ərzaq təhlükəsizliyi, ümumiyyətlə, iqtisadi
inkişaf üçün kənd təsərrüfatı
xüsusi yer tutur.
Biz neft siyasətində bütün lazımi işləri
gördük.
Bu gün ölkəmiz, xalqımız
üçün onilliklər bundan sonra imkan yaradan “Cənub”
qaz dəhlizi layihəsini icra edirik. İnfrastruktur
layihələri demək olar ki, başa çatır. Bax, bugünkü layihə bunun bariz nümunəsidir.
Kənd yolları tikilir. Mən
bu gün Kürdəmir-Ağsu yolunu açmışam, o
yolla gəlmişəm. Bakı-Şamaxı-Ağsu
yolu. Bu da həll olunub. “Azərişıq” burada elektrik təsərrüfatının
yenilənməsi ilə məşğuldur. Qazlaşdırma gedir. Mənə
söz veriblər ki, Ağsuda qazlaşdırma ilin sonuna qədər
90 faizə çatacaq. Bu da tarixi nailiyyətdir.
Bundan sonra yerli istehsal, kənd təsərrüfatı
və sənaye məhsullarının istehsalı bizim
üçün prioritet olmalıdır. Çünki
bizim üstünlüyümüz ondadır ki, bizdə əhali
artır. Demək olar ki, qonşu ölkələrin
bir neçəsində demoqrafik tənəzzül
yaşanır, xüsusilə Ermənistanda. Artıq orada yaşayanların sayı kəskin
şəkildə aşağı düşüb. Ona görə ki, böyük köç var, orada
insanlar artıq o şəraitə dözmürlər. Digər tərəfdən, təbii artım yoxdur.
Ancaq bizdə əhali artır. Bu, bizim üstünlüyümüzdür və
çox böyük üstünlükdür. Amma bununla bərabər, bizim iqtisadiyyatımız da
buna uyğun şəkildə artmalıdır. Hər il Azərbaycanda əhalinin sayı təqribən
100 min nəfər artır, bəlkə də çox. Gələcəkdə daha da çox artacaq. Ona görə, bizim iqtisadiyyatımız buna
uyğun şəkildə inkişaf etməlidir. Son illərdə
1 milyondan artıq yeni iş yeri yaradılıb. Ancaq bu, daimi
proses olmalıdır. Ona görə, yeni əkin
sahələrinin dövriyyəyə buraxılması,
Taxtakörpü, Şəmkirçay kimi böyük su
anbarlarının tikintisi, digər kiçik anbarların
inşası kənd təsərrüfatının
inkişafına dəstək olacaq. Çünki
məşğulluq artmalıdır, işsizlik tam aradan
qaldırılmalıdır və insanlar daha da yaxşı
yaşamalıdırlar.
Gələcəkdə elə məhsul istehsal
olunmalıdır ki, biz o məhsulu istənilən xarici bazara
ixrac edə bilək. Sizin Ağsudakı zavodun məhsulları
kimi. Belə zavodlar çox
olmalıdır. Azərbaycan dünyaya
özünü böyük həcmdə ərzaq istehsal və
ixrac edən ölkə kimi də təqdim edəcək.
Bu halda iqtisadi inkişaf dayanıqlı olacaq.
Bizim iqtisadiyyatımız neftin qiymətindən daha da az asılı olacaq. Çünki
indi dünyada gedən maliyyə-iqtisadi böhranı istər-istəməz
bizə də təsir edir. Neftin qiyməti
iki dəfədən çox aşağı
düşüb, gəlirlərimiz azalıb. Amma biz bütün sosial layihələri icra edirik,
biri də dayanmayıb. Bu gün göstəriş
vermişəm ki, xəstəxana da tezliklə tikilib istifadəyə
verilsin.
İnfrastruktur layihələri icra edilir, ölkəyə
investisiyalar qoyulur. Azərbaycan dünyada yaşanan bu çətin
dövrdə də nümunə göstərir. Ona görə də təsadüfi deyil ki, bu gün
Azərbaycanın uğurlu inkişaf modeli haqqında məqalələr
yazılır. Əminəm ki, yaxın gələcəkdə
elmi əsərlər yazılacaq, dissertasiyalar müdafiə
ediləcək. Azərbaycan möcüzəsi,
doğrudan da möcüzədir. Belə
bir geosiyasi vəziyyətdə inkişaf etmək, sabitliyi
möhkəmləndirmək, ölkəni qabağa aparmaq
doğrudan da Azərbaycan xalqının böyük qəhrəmanlığıdır.
Görün bu gün dünyanın müxtəlif yerlərində
nələr baş verir. Bir il bundan əvvəl bunların
heç biri yox idi. Qanlı toqquşmaların
sayı artır, coğrafiyası genişlənir. Bu qarşıdurmaya, müharibələrə yeni
ölkələr qoşulur. Avropada
böhran yaşanır. Mən artıq
demişəm, bu, daha çox mənəvi böhrandır.
Qaçqınlara münasibətdə bu
ayrı-seçkilik, bu pis rəftar heç bir çərçivəyə
sığmır. Özləri prinsiplər,
dəyərlər bəyan ediblər. Başqa
ölkələrin daxili işlərinə qarışmaq
üçün bunu bayraq edib hər yerdə bəyan edirlər.
Onda bu prinsipləri öz ölkənizdə də
göstərin. Qadınları,
uşaqları, qocaları döyürlər, onlara işgəncə
verirlər. Bu insanların nə
günahı var?! Ayrı-seçkilik
göstərirlər, deyirlər ki, müsəlman
qaçqınları buraxmayacağıq, bu nə deməkdir?!
Bu faşizmdir, irqçilikdir, ksenofobiyadır.
Yenə də Avropada faşizm baş
qaldırır?! Axı faşizm bir bəla
kimi müsəlman aləmində yaranmayıb. Biz yaxşı bilirik ki, harada yaranıb. Yəni, bunu unutdurmaq istəyirlər. İkinci Dünya müharibəsi haqqında Qərbdə
qəsdən təhrif edilmiş informasiyalar gedir. Sovet xalqının, o cümlədən Azərbaycan
xalqının iştirak etdiyi o müharibədə sovet
ordusunun qəhrəmanlığını
aşağılamaq istəyirlər. Televiziyada,
internetdə gördüyümüz bu mənzərə yenə
də o günləri bizə xatırladır. Yenə də faşizm baş qaldırır? Yenə də insanları təbəqələrə,
millətlərə, dinlərə bölürlər? Ona görə islamofobiya çox böyük təhlükədir.
Bu, bizim üçün təhlükədir.
Çünki biz müsəlmanıq. Onlar üçün də təhlükədir.
Bu qarşıdurma həm ideoloji qarşıdurmadır,
həm təbii resurslar uğrunda gedən mübarizədir,
müharibədir və təsir imkanlarını genişləndirmək
üçün qarşıdurmadır. Ona görə,
biz buna hazır olmalıyıq və hazırıq. Biz bütün tədbirləri vaxtında
gördük. Qoymadıq ki, yad qüvvələr,
bizim inkişafımızı istəməyən qüvvələr
Azərbaycanda kök salsın. O kökü biz kəsdik.
Kəsdiyimiz üçün də bizə
qarşı indi olmazın iftiraları uydurulur. Amma biz buna hazırıq. Əsas
odur ki, Azərbaycan inkişaf etsin, insanlar sülh, əmin-amanlıq,
sabitlik şəraitində yaxşı yaşasınlar.
Azərbaycan burada həm iqtisadi, həm siyasi, həm
mənəvi cəhətdən bütün dünyaya
nümunə göstərir. Axı Azərbaycan
çoxmillətli ölkədir. Azərbaycanda
bütün millətlər bir ailə kimi yaşayır,
heç bir ayrı-seçkilik yoxdur. Müxtəlif
dinlərin nümayəndələri qardaşlıq şəraitində
yaşayırlar.
Mən dəfələrlə
demişəm, bizim aramızda heç bir ayrı-seçkilik
ola bilməz. Dinindən, millətindən
asılı olmayaraq hamımız Azərbaycan vətəndaşlarıyıq,
hamımızın eyni, bərabər hüquqları var. Budur
normal həyat tərzi. Əslində, bizim
yaşadığımız bu mühit normal həyat tərzidir.
Ancaq görün indi başqa yerlərdə nələr
baş verir. Ona görə, mən əminəm
ki, Azərbaycan modeli öyrəniləcək və nümunə
kimi göstəriləcək. Biz əlbəttə,
öz işimizi ona görə qurmamışıq ki, kiminsə
xoşuna gələk, yaxud da kimsə bizdən örnək
götürsün. Biz bunu
özümüz üçün edirik. Biz
istəmirik kimsə bizim işimizə qarışsın.
Yəni, kənardan oturub Azərbaycana mühazirə
oxumaq istəyən məgər bizi bizdən daha çox istəyir?
Təbii ki, yox. İstəyir
ki, burada təsir imkanları genişlənsin, Azərbaycanı
müxtəlif təxribatlara sövq etsin, cəlb etsin, təhrik
etsin.
Biz bu təxribatlara getmirik. Getməyəndə də
onlar üçün pis oluruq. Eybi yoxdur,
qoy onlar üçün pis olaq. Əgər
onlar bizi tənqid edirlərsə, deməli, biz düzgün
yoldayıq. Bu da var. Azərbaycan xalqı
güclü xalqdır, bütün təzyiqlərə
dözür, dözəcək, öz sözünü deyir,
heç bir yalanı cavabsız qoymur, qoymayacaqdır və
bütün dünyaya sübut edir ki, bizimlə ancaq dostluq
münasibətləri qurmaq olar. Biz buna
hazırıq. Əgər onlar
hazırdırlarsa, biz də hazırıq. Əgər yox, onda, necə deyərlər, səninki
səndə, mənimki məndə”.
Daha sonra xatirə şəkli çəkdirilib.
Sonda Prezident İlham Əliyev Ağsu şəhərinə
içməli suyun verilməsini bildirən düyməni
basıb.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev sentyabrın 17-də yenidənqurma işlərindən
sonra Ağsu Şahmat Məktəbinin
açılışında iştirak edib.
Yeni Azərbaycan.- 18 sentyabr.- 2015.- S.- 1