Azərbaycanın
regionlarında tarixi mədəniyyət
abidələri bərpa olunur
Dövlət başçısının müvafiq Sərəncamı ilə 2010-cu ildə əsaslı yenidənqurma işlərinə başlanan Gəncədəki “İmamzadə” kompleksi yaxın vaxtlarda qapılarını sakinlərin və qonaqların üzünə açacaq
Son illərdə Azərbaycanın regionlarının dinamik inkişafı fonunda ayrı-ayrı bölgələrdə yerləşən tarixi mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində görülən işlər də diqqəti cəlb edir. Məlumdur ki, Azərbaycan nadir memarlıq elementləri ilə fərqlənən tarixi-dini və mədəniyyət abidələri ilə zəngin bir diyardır. Ölkəmizdə ulularımızın yaratdıqları və keçmişimizlə bu günümüz arasında körpü, qırılmaz mənəvi bağlantı rolunu oynayan bu abidələrin gələcək nəsillər üçün saxlanılmasına, həmçinin yenilərinin yaradılmasına dövlət tərəfindən böyük qayğı göstərilir. Son illərdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq respublikamızın bütün regionlarındakı tarixi-dini və mədəniyyət abidələrinin qorunması, təbliği və elmi cəhətdən araşdırılması istiqamətində böyük iş həcmi yerinə yetirilib və görülən məqsədyönlü tədbirlərin nəticəsi olaraq ayrı-ayrı abidələrimiz UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilib.
Azərbaycan tarixində xüsusi yer tutan Şamaxı Cümə məscidi əsaslı şəkildə yenidən qurulub
Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına və təbliğinə böyük həssaslıqla yanaşan Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun xidmətləri sayəsində əsaslı bərpa olunan abidələrimizdən biri bütün müsəlman aləminin ən müqəddəs ibadətgahlarından olan Şamaxı Cümə məscididir.
Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə 743-cü ildə inşa olunub. Bəzi mənbələrə görə, Xilafət ordularının məğlub etdiyi Xəzər xaqanı məhz bu məsciddə islam dinini qəbul edib. 1859-cu ildə Qafqazın ən böyük quberniyalarından olan Şamaxıda baş verən dağıdıcı zəlzələ şəhəri alt-üst etdiyindən quberniyanın mərkəzi Bakıya köçürülüb. Zəlzələdən sonra məscidin bərpası əslən Şamaxıdan olan Qasım bəy Hacıbababəyova həvalə edilib. 1902-ci ildə baş verən növbəti zəlzələ zamanı da məscid dağılmayıb, yenə də təbiətin sərt sınağına davam gətirib. Bundan sonra məscidin bərpasının əvvəlki özül üzərində aparılmasına qərar verilib. Bərpa işlərini əvvəl memar Zivərbəy Əhmədbəyov, sonra isə polşalı memar-mühəndis İozef Ploşko aparıb. Ploşkonun bir qədər fərqli və orijinal layihəsi əsasında aparılan bərpa işləri başa çatdırılmayıb. Məscid tamamlanmamış halda belə öz əzəmətini qoruyub saxlayıb.
1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da soyqırımı aktı həyata keçirilib. Ən böyük qırğın Cümə məscidində baş verib. Şamaxılıların Allah evi kimi məscidə sığındığını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı qətlə yetiriblər. Sovet dövründə məlum səbəblərdən təyinatı üzrə istifadə edilməyən məscid məhv olmaq təhlükəsi ilə üzləşib. Azərbaycanın bütün sahələrdə inkişafına, o cümlədən milli-mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu öndər Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980-ci ildə bu tarixi abidə təmir olunub.
Şamaxı Cümə məscidində əsaslı bərpa işləri Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində həyata keçirilib. Məsciddə aparılan əsaslı bərpa və yenidənqurma işlərini dövlətimizin başçısı daim diqqətdə saxlayıb. Prezident İlham Əliyev 2009-cu ilin noyabrında Şamaxıya səfəri çərçivəsində Cümə məscidində olub və böyük tarixi dəyəri və xalqımızın mənəvi dünyasında xüsusi yeri olan bu abidənin bərpasına qərar verib. Bununla əlaqədar Azərbaycan Prezidentinin 2009-cu ilin dekabrında və 2013-cü ilin fevralında imzaladığı sərəncamlarla müvafiq maliyyə vəsaiti ayrılıb. Bundan sonra məsciddə əsaslı bərpa və yenidənqurma işlərinə başlanıb, Azərbaycan tarixinin mühüm mərhələsini təşkil edən Şirvanşahlar paytaxtının şanlı memarlıq nümunəsinin yenidən xalqımızın mənəvi dünyasına qaytarılması istiqamətində yüksək təəssübkeşlik missiyası həyata keçirilib. Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva dəfələrlə məscidə gəlib, burada həyata keçirilən bərpa və yenidənqurma işləri ilə yerindəcə tanış olublar. Prezident İlham Əliyev işlərin yüksək keyfiyyətlə aparılmasına dair tapşırıq və tövsiyələrini verib. Beləliklə, dövlətimizin başçısı milli-mənəvi dəyərlərimizin qorunmasına, dini memarlıq abidələrinin bərpasına böyük diqqət göstərən Heydər Əliyev Fondunun təşəbbüsünə dəstək göstərərək Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə ikinci həyat bəxş edib, xalqımızın əsrlərlə formalaşan zəngin irsinin və mədəniyyətinin qorunmasına, gələcək nəsillərə ötürülməsinə sanballı töhfə verib.
Şamaxı Cümə məscidinin yenidən qurulması işləri 2010-2013-cü illərdə həyata keçirilib. Təmir-bərpa işləri aparılarkən ümumi sahəsi bir hektara yaxın olan məscidin ilkin görkəminə qaytarılmasına xüsusi diqqət yetirilib. Ötən əsrin 70-80-ci illərində burada təmir işləri yerinə yetirilərkən aparılan qazıntı işləri zamanı məscidin həyətində aşkarlanan mədrəsə, hücrə və qəbirlər olduğu kimi saxlanılıb. Şamaxı seysmik zonada yerləşdiyindən məscidin bünövrəsi dəmir-beton konstruksiya ilə əsaslı şəkildə möhkəmləndirilib. Minarələrinin hündürlüyü 36,4 metr olan məscidin giriş, orta böyük, həmçinin sağ və sol günbəzləri nəfis şəkildə bərpa olunub. Günbəzlər qədim memarlıq üslubunda ornamentlərlə bəzədilib. Məscidin dəhlizi təkrarolunmaz tərtibatı ilə diqqəti çəkir. Orta salon milli memarlıq üslubunda yenidən qurulub. Burada eyni vaxtda 1500 nəfər ibadət edə bilər. Nəfis işlənmiş şəbəkələr və digər naxışlar insanı xoş ovqata və milli-mənəvi dəyərlərə kökləyir. Böyük günbəz yenidənqurmadan sonra xüsusi görkəm alıb. Sağ və sol günbəzlər də bənzərsiz tərtibatı ilə diqqəti çəkir. Minbərlər də yüksək keyfiyyətlə və ənənəvi üsluba uyğun bərpa olunub. Məscidin həyətində əsaslı abadlıq işi görülüb, iki hovuz inşa edilib, 6 qalereya yaradılıb. İkimərtəbəli inzibati binanın sahəsi 804 kvadratmetrdir. Məsciddə konfrans salonu və digər yardımçı otaqlar yaradılıb. 520 kvadratmetrlik məişət binasında 250 nəfərlik mərasim salonu və müasir avadanlıqla təchiz edilən mətbəx yerləşir. Burada yaradılmış zəngin kitabxana dindarların istifadəsinə verilib.
Ümumilikdə, Şamaxı Cümə məscidi müstəqilliyin verdiyi imkanlardan maksimum bəhrələnən xalqımızın və Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərə, dini etiqad və vicdan azadlığına yüksək və həssas münasibətinin bariz nümunəsidir. Prezident İlham Əliyev Şamaxı Cümə məscidinin əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmə mərasimindəki nitqində Azərbaycanın öz keçmişinə sadiq qaldığını xüsusi vurğulayaraq deyib: “Azərbaycan dövləti öz keçmişinə sadiqdir. Azərbaycanda bütün dini abidələr bərpa edilir, təmir olunur. Sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 1800-ə yaxındır. Bu, onu göstərir ki, hətta Sovet dövründə insanların qəlbində olan imanı öldürə bilməmişlər. Azərbaycan xalqı öz müqəddəs dininə olan hörmətini, məhəbbətini ürəyində saxlamış və yaşatmışdır”.
“İmamzadə” kompleksində aparılan bərpa-yenidənqurma işləri də hər cür xoş sözə layiqdir
Nizami yurdu
Gəncədə 504 tarixi abidə
siyahıya alınıb. Bunlardan 288-i dövlət tərəfindən
qorunur. VIII əsrə
aid tarixi memarlıq abidəsi - xalq arasında Göy günbəz, Göy məscid, yaxud Göy İmam kimi tanınan “İmamzadə” kompleksi isə Gəncə şəhərinin və bütövlükdə ölkənin
ən maraqlı memarlıq abidələrindən
biridir. Türbə bu kompleksin ən qiymətli abidəsidir. Burada beşinci
imam Məhəmməd Bağırın
oğlu İbrahim dəfn olunub. Memarlıq quruluşuna görə türbənin XIV əsrin
sonu - XV əsrin əvvəllərində, ətrafındakı
kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbə sonralar ziyarətgaha çevrilib və onun ətrafında müxtəlif binalar inşa edilib. Orta əsr Azərbaycan memarlığının dəyərli
nümunələrindən olan “İmamzadə” piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. “İmamzadə” əsrlərdən
bəri Azərbaycanın
müxtəlif bölgələrindən,
eləcə də başqa ölkələrdən
gələn müsəlmanların
ziyarətgahına çevrilib.
Bu dini abidə
Gəncənin qədimliyini
sübut etməklə
yanaşı, şəhərin
İslam aləmindəki
yerini və nüfuzunu da göstərir. Prezident İlham
Əliyev bu abidə-ziyarətgahın da
təmiri və bərpası ilə bağlı xüsusi Sərəncam imzalayıb.
Sərəncama əsasən 2010-cu ildən kompleksin əsaslı şəkildə
yenidən qurulması
davam etdirilir. “İmamzadə”nin bərpası
və təmiri üçün dövlətimizin
başçısı İlham
Əliyevin müvafiq sərəncamlarına əsasən
Prezidentin ehtiyat fondundan 9 milyon manat, ötən ilin mayında isə daha 3 milyon manat vəsait
ayrılıb. Dövlət
başçısı burada
görülən işlərlə
şəxsən bir neçə dəfə tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.
Təmir-bərpa işləri başlayandan
bəri kompleksin ərazisinin 10 min kvadratmetrinə
asfalt örtüyü
salınıb, səkilərə
bəzək daşları
döşənib, müasir
işıqlandırma sistemi
quraşdırılıb, mükəmməl
infrastruktur yaradılır. Burada 42 metr
hündürlüyündə 2 minarə, namazgah tikilib. Ərazidə 500 avtomobil üçün
2 dayanacaq inşa edilib. 36 kiçik,
5 böyük günbəzi
olan məsciddə nəqqaşlıq və xəttatlıq işləri
artıq başa çatıb. Şahzadə İbrahimin buradakı qəbri isə qapalı şəraitdə
qorunaraq, ətrafında
28 metr hündürlüyündə
günbəz və 38
metrlik minarəsi olan ziyarətgah inşa edilir. İki zaldan ibarət namazgahda nəfis xəttatlıq işləri
görülüb və
kaşı materialla örtülüb. Layihəni icra
edən “Gəncəkörpütikinti-2” Səhmdar Cəmiyyəti ziyarətgahda təmir-bərpa
və tikinti işlərini apararkən
qədim memarlıq üslubunu saxlamağa xüsusi diqqət yetirib. Kompleksin daxilində 200 kvadratmetr
ərazini əhatə
edən qurbangah yaradılıb. Ziyarətgahın əsas binası üçmərtəbəlidir. Birinci mərtəbəsi dəstəmazgah,
ikinci mərtəbəsi
inzibati otaqlar, üçüncü mərtəbəsi
isə mehmanxanadan ibarət olan binada zəvvarlar üçün hər cür şərait yaradılıb. Kompleksdə həmçinin
1000 nəfərlik zaldan
və mətbəxdən
ibarət ehsanxana da fəaliyyət göstərəcək.
“İmamzadə” kompleksində bərpa-yenidənqurma
işləri tamamlanmaq üzrədir.
Yaxın vaxtlarda bu
möhtəşəm ziyarətgah da Gəncə
sakinlərinin və şəhərin qonaqlarının istifadəsinə
veriləcək.
Yeni Azərbaycan.- 2015.- 22 sentyabr.- S.4