“Kənd təsərrüfatı
ili”ndə regionlarda yüksək məhsuldarlıq
qeydə alınıb
Aqrar sektorun inkişafına xidmət edən ardıcıl tədbirlərin həyata keçirilməsi, həm də qeyri-neft sektorunun inkişafı, işsizliyin və yoxsulluğun aradan qaldırılması baxımından xüsusi əhəmiyyət kəsb edir
Sirr deyil ki, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Son illərdə dünyada cərəyan edən mənfi hadisələr fonunda isə ərzaq təhlükəsizliyi həyati əhəmiyyətli məsələyə çevrilib. Ona görə də, dünyanın inkişaf etmiş ölkələri dövlət siyasətinin prioritetlərini müəyyənləşdirərkən məhz bu amili mütləq şəkildə nəzərə alırlar. Azərbaycanda da ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir, bu sahə daim diqqət mərkəzində saxlanılır. Azərbaycan dövləti əhalinin ərzaqla etibarlı təminatına dair çoxyönlü tədbirlər həyata keçirir və ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları reallaşdırır.
Qeyd etmək yerinə düşər ki, əhalinin əsas ərzaq məhsulları ilə etibarlı təmin olunması və ölkənin məşğul əhalisinin böyük hissəsinin çalışdığı aqrar sektorun inkişafı siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycanda MDB ölkələri arasında ən sürətli torpaq islahatları həyata keçirilib, kənd təsərrüfatı istehsalçılarına yardım mexanizmləri formalaşdırılıb, beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı və BMT-nin Ərzaq Təşkilatı (FAO) ilə birlikdə bu sahədə əhəmiyyətli layihələrin icrasına başlanıb. 2001-ci ildə ölkə rəhbərinin Sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edilib. Bu proqram çərçivəsində görülmüş işlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı əhəmiyyətli dərəcədə artıb. Sonradan Azərbaycanda sürətli iqtisadi inkişafın başlaması nəticəsində aqrar sahənin daha da inkişaf etdirilməsi üçün görülən tədbirlər də genişlənib. Aqrar sahənin inkişafı Azərbaycan Prezidentinin iqtisadiyyatın şaxələndirilməsi strategiyasının başlıca istiqamətlərindən birini təşkil edib. Belə ki, ölkə əhalisinin təxminən 1,5 milyon nəfərinin aqrar sektorda çalışması baxımından bu sahənin inkişaf etdirilməsi həm də qeyri-neft sektorunun inkişafı, işsizliyin və yoxsulluğun azaldılması baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir.
Əlbəttə ki, aqrar sahənin inkişafı yoxsulluğun azaldılması və regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramlarında aparıcı yeri tutub. “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və digər qəbul olunmuş sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi əhalinin istehlakında yerli məhsulların xüsusi çəkisinin artmasını təmin edib. “2009-2013-cü illərdə Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı proqramı” da əsasən regionlarda işsizliyin aradan qaldırılmasına və ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəldilib. Bu problemlərin həlli aqrar sahənin inkişaf strategiyasının əsasını təşkil edir və aqrar sektorla sıx bağlıdır.
Bütün bunların fonunda xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə 2015-ci il ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilib. Yeri gəlmişkən, Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən dövlət başçısı qeyd etmişdir ki, kənd təsərrüfatı hər bir ölkənin uğurlu iqtisadi inkişafını təmin edən əsas sahədir: “Deyə bilərəm ki, kənd təsərrüfatının inkişafı üçün bu il çox önəmli addımlar atılmışdır. Bir neçə fərman imzalanmışdır ki, bu da kənd təsərrüfatının inkişafına xidmət göstərir. Məsələn, taxılçılıqda məhsuldarlıq böyük dərəcədə - təxminən 20 faiz artmışdır. Əvvəllər hektardan 22 sentner götürürdüksə, mənə verilən məlumata görə indi 30 sentner götürmüşük. Dövlətin dəstəyi ilə iri fermer təsərrüfatları yaradılır, meliorasiya tədbirləri, bütün aqrotexniki tədbirlər görülür, strukturlaşma prosesi gedir və şəffaflıq təmin edilir. Əlbəttə, gələcəkdə daha da ciddi işlər aparılacaq ki, həm məhsuldarlıq artsın, həm də biz torpaq fondumuzdan maksimum dərəcədə istifadə edək”.
Təbii ki, görülən işlər artıq bəhrəsini verir və ölkəmizdə aqrar sektorda məhsul istehsalı hər il artır. 2015-ci il də bu mənada əlamətdardır. Bu isə regionlarda yaradılan güclü istehsal potensialı ilə əlaqədardır. Məsələn, “Kənd təsərrüfatı ili” olan 2015-ci ilin yanvar-avqust ayları ərzində Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsulu istehsalı artıb. Sözügedən dövrdə 253 milyon 812 min manatdan artıq həcmdə kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 8,6 faiz üstələyib. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu dövr ərzində muxtar respublikada diri çəkidə 12,6 min ton ət, 60,7 min ton süd istehsal edilib. 2014-cü ilin yanvar-avqust ayları ilə müqayisədə ət istehsalı 3,2 faiz, süd istehsalı 1,4 faiz artıb.
Azərbaycanın digər rayonlarında da müxtəlif məhsul istehsalı sahələrində uğurlu göstəricilər qeydə alınmaqdadır. Məsələn, Zaqatala rayonunun təsərrüfatlarında bu il fermerlər 5 min 910 hektar sahədə qarğıdalı yetişdiriblər. İndiyədək 4 min 790 hektar sahənin məhsulu yığılıb, 24 min 824 ton dən qarğıdalı istehsal olunub. Hər hektardan orta hesabla 56 sentner məhsul götürülüb. Havaların əlverişli keçməsindən istifadə edən fermerlər qalan 1120 hektar sahənin məhsulunun da tez və itkisiz yığılması üçün səylə çalışırlar. Təsərrüfatlarda günəbaxan yığımı isə artıq başa çatıb. Məhsul istehsalçıları 252 hektar sahədən 441 ton günəbaxan tumu əldə ediblər.
Ənənəvi kartofçuluq rayonu olan Tovuzda bu sahədə bu ildə də fermerlərin zəhməti hədər getməyib. Belə ki, rayonun sahibkarları bu il 7 min 668 hektar sahədə kartof məhsulu yetişdiriblər. Kartofçuluqla məşğul olan fermerlər artıq 6910 hektar sahədən kartof çıxarıblar. Kartof çıxarılan sahələrdən 149 min 187 ton məhsul əldə edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7061 ton çoxdur. Orta məhsuldarlıq 215,9 sentner təşkil edir ki, bu da ötənilkindən 0,2 sentner yüksəkdir. Rayonun dağ kəndlərində kartof yığımı davam edir.
Tovuzlu fermerlər qarğıdalı yığımında da yaxşı göstəricilər əldə ediblər və cari ildə 1286 hektar sahədə bol qarğıdalı yetişdiriblər. Rayon statistika idarəsindən bildiriblər ki, fermerlər artıq qarğıdalı yetişdirilən sahələrin 380 hektarının məhsulunu yığıblar. Sahələrdən 1862 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 49 sentner olub. Tədarük olunan məhsul ötən ilin eyni dövrü ilə müqayisədə 110 ton çoxdur.
Artıq bir neçə gündür ki, Balakən rayonunun təsərrüfatlarında da qarğıdalı yığımına başlanılıb. Rayon icra hakimiyyətindən bildiriblər ki, cari ildə rayonun təsərrüfatlarında 7101 hektar sahədə qarğıdalı əkilib. Göstərilən yüksək aqrotexniki qulluq nəticəsində sahələrdə bol məhsul yetişdirilib. Proqnozlara görə, ötən il olduğu kimi, bu il də rayonda 40 min tona yaxın qarğıdalı istehsal ediləcəyi gözlənilir.
Qazaxlı fermerlərin isə bostan məhsulları istehsalında əziyyətləri bəhrə verib. İndiyədək 30 hektar sahədən 267 ton məhsul toplanılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 197 ton çoxdur.
Beləliklə, konkret regionlar üzrə sadalanan bu iqtisadi rəqəmlər ölkədə uğurlu aqrar siyasətin aparıldığını göstərir. Lakin Azərbaycan dövləti əldə olunan nailiyyətlərlə kifayətlənmir. Kənd təsərrüfatında artım tendensiyasını saxlamaq üçün dövlət tərəfindən bu sahəyə yönələn subsidiya və güzəştli kredit siyasəti yürüdülür. Elmi tədqiqat institutlarında istehsal olunmuş məhsuldar toxumların dəyərinin isə 30-40 faizi dövlət tərəfindən ödənilir. Fermerlərə yanacaq 50 faiz endirimlə satılır, onlar gübrələri dəyərinin 50-75 faizinə alırlar. Bu maddi yardımlar kənd təsərrüfatı məhsullarının idxaldan asılılığını əhəmiyyətli dərəcədə azaldır. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa yardım milli fondu tərəfindən verilən vəsaitlərin əsas hissəsi də kənd təsərrüfatına yönəlib. Həmçinin ət, süd və yağ istehsalında artıma nail olmaq üçün ölkəyə damazlıq heyvanların gətirilməsi üçün xüsusi proqram var. Bu proqram əsasında Kənd Təsərrüfatı Nazirliyi dövlət vəsaitləri hesabına Avropa ölkələrindən indiyədək 5 mindən çox damazlıq heyvan gətirib, proses gələcəkdə də davam edəcək. Gətirilən heyvanların hamısı lizinq yoluyla kəndlilərə verilib. Digər fəaliyyət sahəsi iri fermer təsərrüfatlarının yaradılmasıdır və Prezidentin tapşırığına əsasən yaxın illərdə ölkədə 50 iri taxılçılıq təsərrüfatı formalaşdırılmalıdır.
Hazırda Azərbaycanda aqrar sektorun inkişafı əhalinin əsas kənd təsərrüfatı məhsullarına olan tələbatını (bəzi məhsullara görə artıqlaması ilə, bəzi məhsullara görə böyük ölçüdə) ödəməyə imkan verir və mütəxəssislərə görə ərzaq təhlükəsizliyinin təmin olunması baxımından orta səviyyədə qiymətləndirilir. Azərbaycan kənd təsərrüfatının inkişafı baxımından böyük potensiala malik ölkələrdən hesab olunur və ardıcıl xarakter daşıyan dövlət siyasətinin davam etdirilməsi bu sahədə gələcəkdə 2-3 dəfəlik artıma nail olmağa imkan verə bilər. Aqrar sektorun inkişafı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi “Azərbaycan - 2020: Gələcəyə Baxış İnkişaf” Konsepsiyasında da əsas istiqamətlərdən biri kimi nəzərdə tutulur.
Aqşin ŞAHİNOĞLU
Yeni Azərbaycan.-
2015.- 23 sentyabr.- S. 25