Azərbaycanın regionlarında irimiqyaslı içməli su layihələri həyata keçirilir

 

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası nəticəsində son bir ildə ölkə üzrə fasiləsiz su alanların çəkisi 7,5 faiz artaraq 62,5 faizə çatdırılıb

Son illərdə Azərbaycan bütün ölkə boyu intensiv şəkildə həyata keçirilən irimiqyaslı layihələr sayəsində güclü infrastruktur təminatına malik olan ölkəyə çevrilib. O cümlədən ölkənin regionlarında həyata keçirilən infrastruktur layihələri arasında ayrı-ayrı bölgələrin etibarlı su təchizatına nail olunması ilə bağlı reallaşdırılan layihələr xüsusi yer tutur. Son 12 ildə ölkəmizin bütün regionlarında müxtəlif həcmli onlarca su layihələri reallaşdırılıb. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində su layihələrinin ölkəmiz üçün prioritet əhəmiyyət daşıdığını bir daha nəzərə çatdıraraq vurğulayıb ki, bu sahədə hədəf bütün şəhərlərdə 24 saat fasiləsiz yüksəkkeyfiyyətli su təminatına nail olmaqdan ibarətdir: “Bu infrastruktur layihələrinin arasında əlbəttə, içməli su layihələri də prioritet xarakter daşıyır və son illər ərzində bu sahəyə daha da böyük diqqət göstərilir. Bizim bütün şəhərlərimizdə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su 24 saat təmin ediləcək. Artıq bir neçə şəhərdə bu layihələr başa çatıb”.

Etibarlı su təchizatına nail olunması hər bir ölkə üçün strateji əhəmiyyət daşıyır

Müasir dövrdə su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən birinə çevrilib. Verilən məlumatlara görə hazırda dünyada təxminən 1,5 milyard nəfər içməli su çatışmazlığından əziyyət çəkir. BMT-nin yaydığı hesabat həyəcan təbili çalmağa əsas verir. Qurumun 1998-ci ildə hazırladığı hesabatda göstərilir ki, ötən əsrin 50-ci illərində əhalisi 50 milyondan az olan yalnız 12 ölkə su qıtlığı problemi ilə qarşılaşıb. Ötən əsrin 90-cı illərində bu göstərici 2 dəfədən çox artıb və əhalisi 300 milyon nəfər olan 26 ölkə su çatışmazlığı problemindən əziyyət çəkib. Bu minvalla 2050-ci ildə 65 ölkədə 10 milyard nəfərə yaxın insan su çatışmazlığı ilə üz-üzə qalacaq.

Su çatışmazlığının acı fəsadları hazırda beynəlxalq miqyasda özünü göstərməkdədir. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, hər gün dünyada diareya xəstəliyindən 5 min uşaq ölür, yəni, hər 17 saniyəyə bir uşaq həyatla vidalaşır. Ümumiyyətlə, müxtəlif ölkələrdə 80 faiz xəstəliklər içməli suyun keyfiyyəti ilə bilavasitə bağlıdır, bunun nəticəsi olaraq hər il 3 milyon insan dünyasını dəyişir. Ümumilikdə isə, 500 milyondan artıq insan içməli su ehtiyacından daim müxtəlif xəstəliklərə düçar olur.

Respublikamızın ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20-21 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Azərbaycanın şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Ölkəmizi qidalandıran əsas su mənbələrinin respublikanın hüdudlarından kənarda formalaşması məsələyə daha həssas yanaşmağı tələb edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev etibarlı su təchizatına nail olunmasını müstəqil Azərbaycanın strateji hədəfindən biri kimi müəyyənləşdirib. Şabran rayonu ərazisində inşa olunan Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılış mərasimindəki çıxışında dövlət başçısı İlham Əliyev bununla bağlı fikirlərini ifadə edərək deyib: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”.

Regionlarda son illərdə icrası başa çatan layihələr sayəsində yüz minlərlə sakinin içməli su təminatı yaxşılaşıb

Regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı üzrə respublikanın bütün regionlarında içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə böyükhəcmli layihələr həyata keçirilib. Son 12 ildə dövlət investisiyaları və beynəlxalq maliyyə qurumlarından cəlb olunan kreditlər hesabına 40 şəhərdə içməli sukanalizasiya layihələrinin icrasına başlanılıb. Yeni su layihələrinin icrası artıq 12 şəhərdə yekunlaşıb, digər 28 şəhərdə isə işlər davam etdirilir.

Reallaşdırılan tədbirlər nəticəsində bu şəhərlərdə 480 min nəfər içməli su ilə təmin olunub ki, onların da 175 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır.

Hazırda bütün ölkə boyu yeni içməli su layihələri həyata keçirilir. Əvvəlki Dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində yaranan möhkəm baza əsasında hazırlanan və 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramında da içməli su təchizatı layihələrinə geniş yer verilib. Yeni Dövlət Proqramının icrasının birinci ilində respublikanın müxtəlif şəhər və rayonlarında bu qəbildən çoxsaylı layihələr reallaşdırılıb. 2014-cü ildə bu sahədə həyata keçirilən ən böyük layihə Kür sutəmizləyici qurğularından Sabirabad və Saatlı şəhərlərinə qədər çəkilən magistral su kəmərinin tikintisi olub. Diametri 810 millimetr olan 62 kilometr uzunluğunda magistral kəmərin inşası 8 aya başa çatdırılıb. Ötən ilin dekabr ayında Prezident İlham Əliyevin iştirakı ilə Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimi keçirilib, eyni zamanda, Saatlı şəhərinə də suyun verilməsi təmin edilib. Kəmərlə ötürüləcək suyun həcmi perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri və rayonun 28 kəndinin 100 min, Saatlı şəhəri və rayonun 12 kəndinin 47 min, Hacıqabul rayonunun isə 4 kəndinin 10 min sakininin tələbatının ödənilməsinə imkan verəcək. Yeni Dövlət Proqramı çərçivəsində, həmçinin Mingəçevir şəhərində 41 kilometr yeni su xətti, 30 kilometr kanalizasiya xətti, 3 ədəd kanalizasiya nasos stansiyası tikilib. Eyni zamanda, şəhərdə müasir texnologiyalara əsaslanan və məhsuldarlığı sutkada 50 min kubmetr olan sutəmizləyici qurğunun tikintisinin birinci mərhələsi başa çatdırılıb. Növbəti illərdə isə Yevlax şəhərinin içməli su təminatı məqsədilə qurğunun ikinci mərhələsinin tikintisi davam etdiriləcək.

Dövlət Proqramının icrasının birinci ilində Ucar şəhərində su şəbəkəsinin tikintisi tam başa çatdırılıb, 4900 mənzildə “Smarttipli sayğac quraşdırılıb və şəhər sakinləri fasiləsiz su ilə təmin olunublar. Almaniya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən “Açıq Kommunal İnfrastruktur” layihəsi çərçivəsində 24 kilometr uzunluğunda Göygöl-Gəncə magistral su kəməri istismara verilib. Layihəyə uyğun olaraq hazırda Gəncə şəhərinin bir hissəsinin su təchizatı bu mənbədən təmin olunur. Ötən il şəhərdə 78 kilometr sukanalizasiya xətti, həcmi 17 min kubmetr olan 4 su anbarı tikilib, 170 yaşayış binasının daxili kommunikasiya xətləri və məhəllədaxili şəbəkələri yenilənib, 7000 abonentSmarttipli sayğacla təmin olunub.

Bundan başqa, Gəncə şəhərinin digər su mənbəyi-Qızılqayada drenaj sistemlərinin və magistral xəttin çəkilişi başa çatdırılıb.

Ümumiyyətlə, ötən il bölgənin suya olan tələbatının ödənilməsində müstəsna əhəmiyyət daşıyan Şəmkirçay su anbarının istismara verilməsi nəticəsində Gəncə şəhərinin, Şəmkir və Samux rayonlarının etibarlı içməli su mənbəyi yaranıb. Gəncə şəhərini qidalandıran 27 kilometr uzunluğunda Şəmkirçay-Gəncə magistral kəmərinin inşası artıq yekunlaşıb. Dövlət Proqramına uyğun olaraq sutəmizləyici qurğunun, Şəmkir və Samux rayonlarına suyun verilməsi üçün magistral xəttin tikintisi üzrə tədbirlər davam etdirilir. Ötən il Asiya İnkişaf Bankının krediti hesabına Beyləqan və Göyçay şəhərlərində su şəbəkəsinin tikintisi yekunlaşıb, bu günlərdə isə yeni layihələr çərçivəsində AğdaşAğsu şəhərlərinə içməli suyun verilməsi təmin olunub. Eyni zamanda, Göyçay, Beyləqan şəhərlərində kanalizasiya şəbəkəsinin qurulması yekunlaşmaq üzrədir.

Ümumiyyətlə, rayon mərkəzlərində və respublika tabeli şəhərlərdə həyata keçirilən layihələr çərçivəsində yeni su mənbələrinin yaradılması, anbarların, nasos stansiyalarının və paylayıcı şəbəkələrin tikintisi ilə yanaşı, tullantı sularının zərərsizləşdirilib kənarlaşdırılması üçün müasir təmizləyici qurğular da inşa olunur. Artıq Oğuz, Zaqatala, Goranboy, Göygöl şəhərlərində ekoloji tarazlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyan belə qurğular istismara verilib.

Kəndlərdə də içməli su problemi həllini tapır

Regionların inkişafına dair üçüncü Dövlət Proqramında içməli sudan əziyyət çəkən kəndlərdə də yeni layihələrin icrası nəzərdə tutulub. Ötən il düşmən mövqelərindən bir neçə yüz metr məsafədə yerləşən Tovuzun Əlibəyli, Goranboyun Tapqaraqoyunlu kəndlərinin içməli su problemi öz həllini tapıb. Eyni zamanda, Ağdam, Tərtər, Füzuli, Xocavənd rayonlarının 8 sərhəd yaşayış məntəqəsinə, həmçinin Ağcabədidə Laçın rayonundan olan məcburi köçkünlərin yaşadığı ərazilərə su xətləri çəkilib. Yeni Dövlət Proqramının icrasının birinci ilində, həmçinin Balakən, Zaqatala, Qazax, Ağsu, İsmayıllı, Qobustan, Yardımlı, Biləsuvar, Salyan, Saatlı rayonlarının kənd və qəsəbələrində də su layihələri reallaşdırılıb, nəticədə 35 min nəfərin su təminatı yaxşılaşıb. Dövlət Proqramı çərçivəsində Şirvan şəhərinin Yeni Yaşayış massivində 49 kilometr su şəbəkəsi yaradılıb, Şirvan-Muğan kəmərindən əraziyə magistral xətt çəkilib. Bütövlükdə, üçüncü Dövlət Proqramının icrasının birinci ilində regionlarda ümumilikdə 832 kilometr magistral və paylayıcı su xətti, 256 kilometr kanalizasiya kollektoru və şəbəkəsi, 39 su anbarı, 4 nasos stansiyası tikilib, 50 min ədəd “Smarttipli sayğac quraşdırılıb. Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası nəticəsində son bir ildə ölkə üzrə fasiləsiz su alanların çəkisi 7,5 faiz artaraq 62,5 faizə çatdırılıb.

Vüsalə CAVANŞİR

Yeni  Azərbayçan.- 2015.- 24 sentyabr.- S.12