Azərbaycanın bütün bölgələrində yol infrastrukturu əsaslı
şəkildə yenilənir
Dövlət proqramları çərçivəsində paytaxt Bakı ilə yanaşı, digər şəhər və rayonlarda, o cümlədən cənub regionunun ən ucqar dağ kəndlərində də rahat asfalt yollar çəkilir, yeni körpülər tikilir
Məlum olduğu kimi, hazırda dünyanın əksər dövlətləri qlobal maliyyə böhranının meydana gətirdiyi iqtisadi geriləmə kimi problemlə baş-başa qalıblar. Məhz bu böhranın ortaya çıxardığı mənfi fəsadlar bir çox ölkələrdə reallaşdırılan layihələrin dayandırılmasına, iş yerlərinin ixtisarına səbəb olub. Lakin bütün bunların fonunda Azərbaycan öz uğurlu inkişafını davam etdirir, nəzərdə tutulan bütün layihələrin reallaşdırılması istiqamətində hər hansı bir geriləmə müşahidə edilməməkdədir. Təbii ki, bunun mərkəzində dayanan başlıca amil Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən inkişaf strategiyasıdır. Yəni Avropanın əksər ölkələri maliyyə böhranı ilə üzləşsə də, ölkəmizdə investisiya qoyuluşu və infrastruktur layihələri uğurla yerinə yetirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, ölkəmizdə infrastruktur layihələrinin icra edilməsi bundan sonra da davam etdiriləcək.
Elə bölgələrdə genişmiqyaslı infrastruktur layihələrinin ardıcıl olaraq icra edilməsi də bu faktı bir daha sübut edir. Bu gün paytaxt Bakımızla yanaşı, digər şəhər və rayon mərkəzləri, bütün qəsəbə və ucqar kəndlərdə quruculuq-abadlıq işləri, parklar və istirahət mərkəzlərinin yaradılması, rahat asfalt yolların çəkilişi, kəndlərin qazlaşdırılması, içməli su xətlərinin çəkilişi, gözəl şəraiti olan yaraşıqlı məktəb binalarının tikintisi, bağça, xəstəxana, mədəniyyət ocaqlarının tikintisi və əsaslı təmiri xalqımızın firavan yaşamasına xidmət edir.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində reallaşdırılan layihələr respublikamızın simasını dəyişib və Azərbaycanı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb. Eyni zamanda, sözügedən Dövlət proqramlarının icrası çərçivəsində bütün ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenilənməsi də müasir Azərbaycanın mənzərəsini xarakterizə edən əsas cəhətlərdəndir. Təsadüfi deyil ki, son 12 ildə haqqında bəhs olunan Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib.
Ümumiyyətlə, son 12 ildə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Eyni zamanda, yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələr regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də intensiv şəkildə davam etdirilir. Bu konteksdə bildirmək yerinə düşər ki, böyük inkişaf yolunda olan Azərbaycanın son illərdə həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələrindən təkcə şəhər və qəsəbələr deyil, ən ucqar dağ kəndləri də bəhrələnir. Elə respublikamızın cənub regionu, o cümlədən regionun aparıcı rayonlarından biri olan Astarada sözügedən istiqamətdə həyata keçirilən işlər də deyilənləri təsdiqləyir. Məsələn, təkcə son 5 ildə rayonda 100 km-dən çox asfalt yol salınıb. Maraqlıdır ki, bunun da yarıdan çoxu məhz dağ kəndlərinin payına düşür.
Yeri gəlmişkən, Astara rayonunda bu ilin ilk altı ayı ərzində də sözügedən istiqamətdə mühüm addımlar atılıb. Belə ki, sözügedən müddət ərzində digər sahələrlə yanaşı, rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması sahəsində də müəyyən işlər görülüb. Ələt-Astara magistral yolunun rayon ərazisindəki hissəsi, yerli əhəmiyyətli Pensər-Qamışovka, Pensər-Şahağacı yolları asfalt-betonla təmir edilib, Kijəbə qəsəbəsində 1200 kv.metr və Ərçivan qəsəbəsində 1800 kv.m asfalt və beton qarışığından təmir işləri yerinə yetirilib. Astara şəhərinin küçələrində 11.000 kv.m əsaslı təmir işləri aparılıb. Pensərçayın Şiyəkəran kəndindən keçən hissəsində yeni körpünün tikintisinə başlanılıb.
Bu məqamda vurğulayaq ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq rayon rəhbərliyi ucqar kəndlərin sakinləri ilə mütəmadi görüşlər keçirir, həmin görüşlərdə səslənən təkliflərin reallaşdırılması istiqamətində müvafiq addımlar atılır. Buna misal olaraq bildirmək yerinə düşər ki, rayonun Toradi, Hamoşam, Asxanakəran və Motlayataq kənd sakinləri ilə keçirilən səyyar qəbul və görüşlərdə ucqar dağlıq ərazidə yerləşən bu kəndlərin sakinləri sıldırım və keçilməz qayalıqlar arasında salınmış yolların bərbad vəziyyətdə olduğunu bildirib, həmin yolların qaydaya salınması üçün tədbirlər görülməsini xahiş ediblər. Və artıq bu istiqamətdə əsaslı addımlar atılıb.
Daha dəqiq desək, təxminən eyni relyefə malik Deqədi-Pəlikəş avtomobil yolunun çəkilişi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamının uğurla yerinə yetirilməsi və həmin avtomobil yolunun asfaltlaşdırılması başa çatdırıldıqdan sonra açılışında ölkə başçısının şəxsən iştirakı bütün rayon ictimaiyyətinin nümayəndələri kimi Taxtanəkəran-Toradi istiqamətində yerləşən kəndlərin sakinlərinin də böyük sevincinə və ruh yüksəkliyinə səbəb olub.
Bu da səbəbsiz deyil. Belə ki, Prezident İlham Əliyevin Astara rayonuna səfərindən sonra Taxtanakəran-Toradi, Taxtanakəran-Miki avtomobil yolunun tikintisi üçün vəsaitin ayrılması barədə dövlət başçısı tərəfindən Sərəncam imzalanıb. Artıq bir neçə aydır ki, Prezidentin bu Sərəncamının icrası ilə əlaqədar genişmiqyaslı işlər görülür. Qısa müddət ərzində keçilməz qayalıqlar dağıdılaraq təmizlənib, yollar hamarlanaraq çınqıl döşənib, bu mərhələyə qədər olan müvafiq işlər yüksək keyfiyyətlə aparılıb. Həmçinin Taxtanəkəran kəndindən Hamoşam kəndinə qədər 20 km-ə yaxın məsafədə avtomobil yolları nəqliyyatın hərəkəti üçün tam normal vəziyyətə gətirilib. Qısa müddətdə Toradi kəndinə qədər yollarda təmizlənmə və yataq işləri başa çatdırılacaq.
Beləliklə, işlərin bu sürətlə aparılması onu deməyə əsas verir ki, tezliklə Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi istiqamətində yaşayan iyirmi mindən çox əhali, eyni zamanda, qonşu Lerik rayonunun Toradi kəndi ilə sərhəddə yerləşən Vılık, Vəcələgerə, Lodə, Kaqoy, Tülü, Hübi və digər kəndlərinin minlərlə sakini rahat asfalt yoldan istifadə edəcəklər. Digər tərəfdən, rahat yolun çəkilməsi ilə nadir təbiət gözəlliyinə malik bu dağlıq ərazi, eyni zamanda, turistlərin tez-tez gəldikləri məkana çevriləcək. Bir sözlə, aydın həqiqətdir ki, rahat yol olandan sonra bütün sahələrdə sürətli inkişaf olacaq və Astaranın adıçəkilən dağ kəndlərinin sakinləri də bu inkişafdan lazımınca bəhrələnəcəklər.
Yeri gəlmişkən, Astaranın dağ kəndlərində yolların çəkilişi və təmiri təkcə yuxarıda sadalanan işlərlə yekunlaşmır. Məlumat üçün bildirək ki, rayonun Marzəsəy, Bio, Bili və Səxyəkəran kəndləri də dağlıq ərazidə yerləşir. Bu kəndlərdə 117 təsərrüfatda 531 nəfər əhali yaşayır. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, yollarda mütəmadi aparılan cari təmir işlərinə baxmayaraq, payız-qış mövsümündə yağan yağışlar yolları bərbad hala salır, əhali çətinliklərlə üzləşirdi. İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin, bələdiyyə, kənd icması və Azərbaycan Kənd İnvestisiya Layihəsi icraçılarının birgə əlaqəli işi ilə bu kəndlərə gedən yollar qısa müddətdə qaydaya salınaraq yüksək səviyyədə təmir olunub. Marzəsəy və Səxyəkəran istiqamətində 7,5 km yolda xeyli torpaq işi görülüb, kənarlarına kanal çəkilib, çınqıl döşənərək qreyderlə hamarlanıb. Əvvəllər yalnız dağ şəraitində hərəkət edə bilən maşınların işlədiyi yolda indi hər növ minik avtomobili rahatlıqla hərəkət edə bilir. Sentyabrın 8-də artıq əsaslı təmir edilmiş Marzəsəy kənd yolunun açılışı olub.
Astara rayonunda yol infrastrukturunun əsaslı şəkildə yenilənməsi istiqamətində atılan addımlardan danışarkən onu da vurğulamaq yerinə düşər ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq sentyabrın 10-da Astara rayonunun Tüləküvan kəndi ilə Şəmətük və Xıçaso kəndlərini birləşdirən yeni körpü istifadəyə verilib. Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Pensərçay üzərində qısa müddətdə inşa edilən, 18 metr uzunluğunda olan yeni körpüdən rayonun dağlıq ərazisində yaşayan 1500 nəfərdən çox əhali istifadə edəcək.
Bir sözlə, bütün bunlar göstərir
ki, zəngin potensiala malik Azərbaycanda yol infrastrukturunun inkişafı mühüm
prioritetlər sırasındadır. Azərbaycanda
ən müasir nəqliyyat-yol infrastrukturunun yaradılmasını
qarşıya əsas hədəf kimi qoyan Prezident İlham Əliyev avtomobil
yollarının, yol qurğularının
açılış mərasimlərində şəxsən
iştirak edir, habelə
işlərin gedişi ilə
tanış olaraq öz
dəyərli tapşırıq və tövsiyələrini
verir. Yuxarıda da
vurğuladığımız kimi, bu diqqət və qayğının bariz nəticəsi olaraq
hazırda Dövlət proqramları çərçivəsində
respublikanın bütün bölgələrində
yol infrastrukturu əsaslı
şəkildə yenilənir. Və həyata keçirilən
bu işlərdə ölkəmizin hər
bir regionuna, o cümlədən cənub regionuna
da pay düşür.
Yeni Azerbayçan.- 2015.- 24 sentyabr.- S.10