Azərbaycan Prezidenti İlham
Əliyevin sədrliyi ilə IV İslam Həmrəylik
Oyunlarının Təşkilat Komitəsinin birinci iclası
olub
2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə sentyabrın 23-də birinci iclası olub.
Dövlətimizin başçısı iclasda çıxış edib: “2017-ci ildə Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Bu, böyük beynəlxalq tədbirdir. Həm dünya, həm İslam aləmi üçün çox önəmli idman yarışmasıdır. Bu Oyunların Azərbaycanda keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Azərbaycanda bu günə qədər bütün mötəbər beynəlxalq tədbirlər ən yüksək səviyyədə keçirilmişdir. Eyni zamanda, biz bunu İslam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyər kimi qiymətləndiririk və öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, bu Oyunlar yüksək səviyyədə keçirilsin.
Bir neçə gün bundan əvvəl mənim Sərəncamımla Oyunların Təşkilat Komitəsi yaradılmışdır. Biz bu gün Təşkilat Komitəsinin birinci toplantısını keçiririk. Oyunların önəmini nəzərə alaraq, bu birinci toplantını mən özüm aparıram. Əminəm ki, bundan sonrakı dövrdə Təşkilat Komitəsi bütün vəzifələri uğurla icra edəcək və bu Oyunlar ən yüksək səviyyədə keçiriləcəkdir.
Təşkilat Komitəsinə rəhbərlik Mehriban Əliyevaya həvalə olunub. Həm “Eurovision” mahnı müsabiqəsinin Təşkilat Komitəsinə, eyni zamanda, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə Mehriban Əliyeva rəhbərlik etmişdir. Nəticələr də göz qabağındadır. Hər iki beynəlxalq tədbir ən yüksək səviyyədə keçirilmişdir. Həm “Eurovision” müsabiqəsində, həm Avropa Oyunlarının gedişatında bütün təşkilati məsələlər öz həllini tapıb və bu yarışmalarda iştirak etmiş bütün idmançılar və Azərbaycana gəlmiş qonaqlar bunu yüksək qiymətləndirmişlər.
Mən xüsusilə birinci Avropa Oyunlarının nəticələrini qeyd etmək istəyirəm. Bu, birinci belə yarışma idi. Bu günə qədər Avropada qitə yarışları keçirilməmişdi. Əlbəttə ki, bu yarışın yüksək səviyyədə keçirilməsi bizim səylərimizdən asılı idi. Biz bu Oyunların standartlarını müəyyən etdik. Bu, ən yüksək standartlar idi. Həm qonaqlar, həm Azərbaycan vətəndaşları bir daha gördülər ki, birinci Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirilmişdir. Məhz qarşıya belə məqsəd qoyulmuşdu. Baxmayaraq ki, bu Oyunların hazırlanmasında bizim cəmi 2 il yarım vaxtımız var idi. Həm yeni idman infrastrukturunun yaradılması, həm mövcud idman obyektlərinin təmiri, bütün təşkilati məsələlərin həlli ən yüksək səviyyədə həyata keçirilmişdir və şübhəsiz, bu işlərdə Təşkilat Komitəsinin xüsusi rolu və əməyi var idi.
Avropa Oyunları bizə imkan verdi ki, öz potensialımızı ortaya qoyaq. Azərbaycan Avropaya və bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan sürətli inkişaf dövrünü yaşayır, Azərbaycan dostluq, əməkdaşlıq məkanıdır, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri rahat bir ailə kimi yaşayır və biz bütün qonaqları qəbul etməyə hazırıq, buna qadirik. Azərbaycan xalqı öz qonaqpərvərliyini, öz tolerantlığını, qonaqlara olan hörmətini bir daha ifadə etdi. Eyni zamanda, bizim təşkilatçılıq qabiliyyətimiz də ən yüksək səviyyədə idi. Bu da ölkəmizin ümumi inkişaf potensialının göstəricisi kimi artıq qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir.
Baxmayaraq ki, Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı Azərbaycana qarşı çox çirkin kampaniya aparılırdı. Bu kampaniya əlaqələndirilmiş şəkildə aparılırdı. Bəzi xarici dairələr Azərbaycanda gedən inkişafı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında həqiqətə uyğun olmayan rəy yaratmaq üçün sanki yarışa çıxmışdılar. Azərbaycan haqqında yalan, böhtan, uydurma informasiyalar xarici media orqanlarında da geniş yer almışdı. Əlbəttə, biz yaxşı başa düşürdük və bilirdik ki, bu, təsadüfi deyil. Bu, çox düşünülmüş, məqsədyönlü təşkil edilmiş qarayaxma, şər-böhtan kampaniyası idi. Bu kampaniyanı aparan və onu sifariş edən qüvvələr bir məqsədi güdürdü ki, Azərbaycanı gözdən salsınlar və Oyunlara ləkə vursunlar. Ancaq onların bütün səyləri Azərbaycanda alt-üst edildi. Ona görə ki, ölkəmizə, Oyunlara gəlmiş idmançılar, nümayəndə heyətlərinin üzvləri, qonaqlar Azərbaycan reallıqlarını öz gözləri ilə gördülər. Gördülər ki, Azərbaycan müasir, dinamik inkişaf edən, demokratik ölkədir. Azərbaycan multikulturalizmin mərkəzidir. Son illər ərzində Azərbaycanda quruculuq, abadlıq işləri o qədər sürətlə gedir ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Gördülər ki, Azərbaycan gəncləri və bu Oyunlarda fəal iştirak etmiş könüllülər öz Vətənini sevirlər, öz Vətəni ilə fəxr edirlər. Fəxr edirlər ki, onlar Azərbaycan vətəndaşlarıdır. Gördülər ki, Azərbaycan idmançıları həm peşəkar, həm vətənpərvər idmançılardır.
Bu Oyunlar Azərbaycan dövlətinin təntənəsi idi. Bizə qarşı bu çirkin əməlləri sifariş və icra edən qüvvələr heç bir məqsədə nail ola bilməmişlər. Baxmayaraq ki, Oyunlar ərəfəsində Avropa Parlamenti anti-Azərbaycan qətnaməsi qəbul etməyə çalışırdı. Ancaq məqsədə çata bilməmişdir, o qətnamə qəbul edilməmişdir. Oyunların açılış günündə - iyunun 12-də Almaniya Bundestaqı Azərbaycanın əleyhinə yalan-böhtan üzərində qurulmuş çirkin bir qətnamə qəbul etmişdir. Onu da Azərbaycan xalqı və dövləti rədd etmişdir. Yəni, bütün bu səylər onu göstərir ki, biz hətta misli görünməmiş təzyiqlər şəraitində yolumuzdan dönmədik, Azərbaycan bir daha öz imkanlarını ortaya qoydu.
Əlbəttə, Oyunlardan sonra da bizə qarşı təzyiqlərin olacağını proqnozlaşdırırdıq. Çünki Azərbaycan öz müstəqil siyasətinə sadiqdir. Bu siyasət Azərbaycan xalqının milli maraqlarını hər şeydən üstün tutur. Azərbaycan heç bir xarici qüvvənin diktəsi ilə oturub-durmur, müstəqil siyasət aparır və sürətlə inkişaf edir, eyni zamanda, sübut edir ki, bu gün müsəlman aləmində dinamik, müasir, öz milli mənəvi dəyərlərinə sadiq, güclü bir dövlət vardır. Bu da bəzi xarici dairələrin stereotiplərinə, yaxud da ki, yaratdıqları stereotiplərə sığmır. Əfsuslar olsun ki, bu gün İslam aləmi daha çox münaqişələr zonası kimi təqdim edilir, islamofobiya meyilləri güclənir, İslam dininə qarşı təhqir-böhtan kampaniyası aparılır və görəndə ki, müsəlman aləmində belə gözəl, dinamik inkişaf edən, müasir ölkə var, əlbəttə, bu da onların planlarını alt-üst edir.
Oyunlarla bağlı qeyd etməliyəm ki, idmançılarımız bizi sevindirdilər. Azərbaycan tarixi qələbə qazanmışdır, komanda hesabında ikinci yerə layiq görülmüşdür. İdmançılarımız 21-i qızıl olmaqla 56 medal qazanmışdır. Yəni, birinci Avropa Oyunları Azərbaycan dövlətinin, xalqının hərtərəfli bayramı, təntənəsi idi. Əminəm ki, gələcəkdə belə bayramlar, qələbələr çox olacaq.
İslam Həmrəylik Oyunlarının keçirilməsi də qeyd etdiyim kimi, çox önəmli beynəlxalq yarışma olacaqdır. Azərbaycan İslam aləminin bir parçasıdır. Bu, bizim ailəmizdir və biz çalışmalıyıq ki, bu Oyunlar da ən yüksək səviyyədə keçirilsin. Bütün idmançılara, qonaqlara, nümayəndə heyətlərinin üzvlərinə gözəl şərait yaradılmalıdır ki, ölkəmizlə tanış olsunlar, Azərbaycanın qədim tarixini görsünlər, öyrənsinlər və Azərbaycanda özlərini rahat hiss etsinlər.
Deyə bilərəm ki, bu Oyunlardan başqa Azərbaycan müxtəlif beynəlxalq yarışlara da ev sahibliyi edəcəkdir. 2016-cı ildə “Formula-1” yarışması ilk dəfə olaraq Azərbaycanda keçiriləcəkdir. Bu da futbol üzrə dünya çempionatı ilə bir səviyyədə olan yarışmadır. Bütün dünyanın gözü yenə də Azərbaycanda olacaq. Əminəm ki, biz bu yarışmanı da yüksək səviyyədə keçirəcəyik. Gələn il Azərbaycanda Dünya Şahmat Olimpiadası keçiriləcək. Yəni, biz bu yolla gedirik və gedəcəyik. Çünki bizim imkanımız var və eyni zamanda, biz bu yolla ölkəmizi dünyaya tanıdırıq.
Bədxahlara, anti-Azərbaycan, islamofob qüvvələrə ən yaxşı cavabımız bizim reallıqlarımızdır. Gəlsinlər, öz gözləri ilə görsünlər. Deyə bilərəm ki, Azərbaycana gələn xarici qonaqların mütləq əksəriyyəti ölkəmizdən ən xoş arzularla ayrılır. Çünki onlar qərəzsizdir, Azərbaycana xoş niyyətlə gəlirlər. Mən demişəm və bir daha demək istəyirəm ki, biz xoş niyyətlə ölkəmizə gələn bütün xarici qonaqlara qucaq açırıq. Azərbaycan multikulturalizm diyarıdır. Azərbaycanda dini, milli zəmində heç bir ayrı-seçkilik yoxdur, heç vaxt olmayıb və olmayacaqdır. Biz bir çox ölkələr üçün nümunəyik, xüsusilə, indiki dövrdə. Bu gün hamımızın gözü qarşısında müsəlman qaçqınlara işgəncələr verilir. Bu, bizi hiddətləndirir. Onu da qeyd etməliyəm, Azərbaycan o ölkələrdəndir ki, öz səsini ucaldır. Biz ədalətsizliyə dözə bilmirik. Biz ədalətin, insanlığın tərəfdarıyıq. Bütün vacib beynəlxalq məsələlərlə bağlı bizim öz mövqeyimiz var. Hesab edirəm ki, əgər bizim təcrübəmiz geniş şəkildə öyrənilərsə, o zaman dünyada münaqişələrin və dini, milli zəmində qarşıdurmaların sayı da azalacaqdır.
Azərbaycan bir nümunədir, bir örnəkdir. Bu, normal həyat
tərzidir. Mən bir daha demək istəyirəm
ki, biz həyata keçirdiyimiz işlərdə hər
hansı bir fövqəladə nailiyyət görmürük.
Bu, normal həyat tərzidir. Sadəcə olaraq, bəzi ölkələrdə bu
normal həyat tərzi pozulub və irqçilik, ksenofobiya,
islamofobiya hökm sürür.
Əminəm İslam Oyunları ilk növbədə
İslam həmrəyliyini gücləndirəcək, həm
İslam aləminə, həm dünyaya bir daha göstərəcək
ki, İslam dini sülh, mərhəmət və
qardaşlıq dinidir. Eyni zamanda, dünyaya göstərəcək
ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir və
ən mötəbər beynəlxalq yarışları
keçirməyə qadirdir.
Biz çalışacağıq ki, bütün təşkilati
məsələlər öz həllini tapsın. Birinci Avropa
Oyunlarında əldə edilmiş təcrübə əlbəttə
ki, bizə kömək göstərəcək. Nəzərə
alsaq ki, Təşkilat Komitəsi təxminən bu tərkibdə
Avropa Oyunlarının keçirilməsi ilə də məşğul
idi, mən əminəm, qarşıda duran bütün vəzifələr
icra ediləcəkdir və bir daha Azərbaycan öz
imkanlarını ortaya qoyacaqdır.
İndi isə söz verilir Təşkilat Komitəsinin
sədri Mehriban Əliyevaya”.
* * *
Azərbaycanın
birinci xanımı, Təşkilat Komitəsinin sədri
Mehriban Əliyevanın çıxışı: “Hörmətli
cənab Prezident.
Hörmətli iclas iştirakçıları.
İlk növbədə, cənab Prezident, bizə
göstərdiyiniz yüksək etimada görə Təşkilat
Komitəsinin bütün üzvləri adından Sizə dərin
minnətdarlığımı çatdırıram. Sizi əmin
edirəm ki, Təşkilat Komitəsi IV İslam Həmrəylik
Oyunlarının ən yüksək səviyyədə
hazırlanıb keçirilməsi üçün əlindən
gələni əsirgəməyəcək. Biz
çalışacağıq ki, Sizin və
Azərbaycan xalqının yüksək etimadını
doğruldaq və Oyunlar ən yüksək səviyyədə
keçirilsin.
Bu günə qədər ölkəmizdə bir
çox böyük miqyaslı beynəlxalq tədbirlər
keçirilib.
O cümlədən, əlbəttə, bu il
böyük uğurla keçirilən birinci Avropa
Oyunlarını qeyd etmək istəyirəm. Bütün
bu tədbirlər Azərbaycanın gücünü,
potensialını və təşkilatçılıq
qabiliyyətini göstərdi. Həm Siz, həm Azərbaycan
xalqı, həm Oyunlarda iştirak edən idmançılar, həm
də qonaqlar Oyunların çox yüksək səviyyədə
hazırlanmasını qeyd etdilər. Ümumi
fikrə görə, bu Oyunlar Yay Olimpiya Oyunları səviyyəsində
hazırlanmışdı. Əminəm
ki, IV İslam Həmrəylik Oyunları da eyni səviyyədə
hazırlanıb keçiriləcək və müstəqil Azərbaycanın
tarixinə növbəti qələbə kimi daxil olacaq.
Əlbəttə, Təşkilat Komitəsi birinci Avropa
Oyunlarının hazırlanması və keçirilməsi
dövründə böyük təcrübə əldə
etdi. İslam Həmrəylik Oyunlarının da
hazırlığında biz həmin prinsiplərlə
çalışacağıq, işləyəcəyik.
Biz çalışacağıq ki, ilk növbədə
Azərbaycan xalqı üçün növbəti
böyük idman bayramı təşkil edək. Eyni zamanda, çalışacağıq ki, ölkəmizə
gələn, Oyunlarda iştirak edən hər bir
idmançı, hər bir qonaq özünü çox rahat,
öz evindəki kimi hiss etsin.
Bildiyiniz
kimi, 2013-cü il iyulun 24-də Səudiyyə Ərəbistanının
Ciddə şəhərində İslam Həmrəyliyi
İdman Federasiyasının VIII Baş Assambleyasında səsvermə
zamanı Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəylik
Oyunlarına ev sahibliyi etməsi haqqında qərar qəbul
edilmişdir. Səsvermədə 57 üzv
ölkənin nümayəndələri iştirak etmişdilər.
Qərar yekdilliklə qəbul edilmişdir.
Assambleyanın qərarı bir daha göstərdi
ki, Azərbaycan Respublikası dünyanın qabaqcıl idman
ölkələri sırasında öz layiqli yerini
tutmuşdur.
İndi isə icazənizlə IV İslam Həmrəylik
Oyunlarının Bakıda keçirilməsi ilə
bağlı hazırlıq işləri haqqında Sizə məlumat
verim. Əvvəlcədən deməliyəm ki,
Oyunların keçirilməsinə müəyyən
vaxtın olduğunu və bir çox
danışıqların davam etdiyini nəzərə alaraq,
bu gün səsləndirilən göstəricilər dəyişə
bilər.
IV
İslam Həmrəylik Oyunlarının 2017-ci ilin may
ayında keçirilməsi nəzərdə tutulur. Bu Oyunlarda 57 İslam ölkəsinin nümayəndələrinin
iştirakı gözlənilir. İlkin
razılaşmalara əsasən, 20 idman növündə
yarışların aparılması
planlaşdırılır. Yarışlara
5 mindən çox idmançının qatılacağı
nəzərdə tutulmuşdur. Oyunlar
çərçivəsində paralimpiya üzrə
paraatletiklər və paracüdoçuların mübarizəsi
gözlənilir. Eyni zamanda, bu Oyunları fərqləndirən
digər cəhətlərdən biri qeyri-ənənəvi
idman növü olan milli zorxana oyunu üzrə mübarizənin
aparılması olacaq. Bu idman növlərinə atletika,
gimnastika, güləş, boks, cüdo, taekvondo, ağır
atletika, tennis, stolüstü tennis, atıcılıq,
üzgüçülük, basketbol, həndbol, voleybol,
futbol, karate və sair daxildir.
IV İslam Həmrəylik Oyunlarına
hazırlığın ilkin mərhələsində
yarışların keçirilmə yerləri müəyyən
edilmişdir.
Yarışlar ölkəmizdə mövcud olan
idman obyektlərində keçiriləcək. Bunlar
Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika
Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı,
“Baku Crystall Hall”, Bakı Tennis Akademiyası, Heydər
Əliyev adına İdman Arenası, “Bakcell Arena”, Bakı
Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzidir.
Beləliklə, ilk Avropa Oyunlarına
hazırlıq mərhələsində yenidən qurulan və
əsaslı bərpa edilən bütün idman obyektlərindən
istifadə olunacaq. Yeni idman obyektinin
tikintisinə heç bir ehtiyac yoxdur və nəzərdə
tutulmur.
IV İslam Həmrəylik Oyunlarının rəsmi
açılış və bağlanış mərasimləri
Olimpiya Stadionunda keçiriləcəkdir.
Müxtəlif idman növləri üzrə
yarışların keçiriləcəyi idman obyektləri
haqqında ilkin təklifləri diqqətinizə
çatdırmaq istərdim. Belə ki, güləş və
cüdo Heydər Əliyev adına İdman Arenasında,
voleybol, boks, taekvondo, karate “Baku Crystall Hall”da,
üzgüçülük Su İdmanı Sarayında,
stolüstü tennis Bakı İdman Sarayında, tennis Bakı
Tennis Akademiyasında, atıcılıq Bakı
Atıcılıq Mərkəzində, basketbol, həndbol,
ağır atletika Bakı Ekspo Mərkəzində, futbol
yarışlarının isə Olimpiya Stadionunda və “Bakcell
Arena”da keçirilməsi planlaşdırılır. Oyunlarda iştirak edəcək
idmançıların Atletlər Kəndində yerləşdirilməsi
nəzərdə tutulur. Media Kəndində
kütləvi informasiya vasitələrinin nümayəndələri
yerləşdiriləcək. Bir daha qeyd etmək istəyirəm,
birinci Avropa Oyunları zamanı əldə etdiyimiz təcrübə
göstərir ki, yeni yaradılmış Atletlər Kəndi ən
yüksək səviyyədə çalışırdı
və orada yaşayan hər bir idmançı çox
yüksək rəylə bütün hazırlığı
qeyd etmişdir.
Tədbirin dünyada təbliği və informasiya dəstəyi
qarşımızda duran ən vacib məsələlərdən
biridir. Birinci addım olaraq Oyunlar haqqında hərtərəfli
məlumatı əks etdirən internet portalı
hazırlanacaqdır. Dünya mediasında
İslam Həmrəylik Oyunlarının keçirilməsi
barədə informasiya yayılması nəzərdə
tutulur.
Hörmətli
cənab Prezident, birinci Avropa Oyunlarının ölkəmizdə
keçirilməsi bizə əvəzedilməz təcrübə
qazandırdı və növbəti tədbirlər
üçün idarəetmə, təşkilati və
logistika işləri, kommunikasiya, informasiya, şəffaflıq
və sair sahələrdə çox yüksək tələbləri
formalaşdırdı. Avropa Oyunlarının
irsi IV İslam Həmrəylik Oyunlarının keçirilməsi
ilə bağlı qarşıda duran təhlükəsizlik,
nəqliyyat təminatı, digər texniki təminat və təşkilati
məsələlərin həllinin zəminini
yaratmışdır. Odur ki, əsas məqsəd
bu zəmində yarışlara yüksək səviyyədə
hazırlaşmaqdan, bütün mövcud idman obyektlərini yarışmalar
üçün tam şəkildə hazırlamaqdan və
milli yığma komandanın Oyunlara
hazırlığından ibarətdir. Qeyd
etmək lazımdır ki, qarşıda duran məsələlərdən
biri də qısa müddət ərzində
açılış və bağlanış mərasimlərinin
ideyasının formalaşdırılması, texniki məsələlərin
həlli, o cümlədən medalların və loqotipin eskiz
layihələrinin və dizaynının hazırlanması
işlərinin başlanmasıdır. Bu
mötəbər idman yarışlarının yayımı
xüsusi əhəmiyyət kəsb edir. Tədbirin
yayım hüququnun verilməsi ilə bağlı hazırda
müvafiq təşkilatlarla danışıqlar
aparılır. Beynəlxalq və yerli
sponsorların cəlb edilməsi istiqamətində də
işlər görülür. Oyunlar
keçiriləcəyi müddətdə Azərbaycana gələcək
çoxsaylı idmançıların, rəsmi nümayəndə
heyətlərinin, turistlərin və qonaqların yerləşdirilməsi
üçün Bakıda və Abşeronda mövcud olan otellərin
sayı və tutumu dəqiqləşdirilmişdir. Bu sahədə heç bir problem gözlənilmir.
İslam Həmrəylik Oyunlarında gənclərin
könüllü qismində cəlb edilməsi geniş yer
tutacaq. Cənab
Prezident, Siz qeyd etdiniz ki, birinci Avropa Oyunları zamanı Azərbaycan
gəncləri, könüllüləri öz
bacarıqlarını çox yüksək səviyyədə
nümayiş etdirdilər. Bütün qonaqlar dəfələrlə
bizim gənclərin peşəkarlığı, vətənsevərliyi
haqqında danışırdılar. Əlbəttə,
İslam Həmrəylik Oyunlarının təşkilati
işlərində könüllülərin aktiv fəaliyyəti
nəzərdə tutulur. İlkin
hesablamalara görə, Oyunlara təxminən 10 min nəfər
könüllü cəlb ediləcəkdir.
Oyunların yüksək səviyyədə keçirilməsi
məqsədilə müvafiq qurumların nümayəndələrindən
ibarət işçi qrupu yaradılacaqdır. Hazırda
yarışların keçirilməsi ilə bağlı
bütün istiqamətləri əhatə edən və hər
bir qurumun vəzifəsini müəyyənləşdirən
geniş Tədbirlər Planı hazırlanır. Həmin
Tədbirlər Planı qısa müddət ərzində Sizin diqqətinizə təqdim olunacaqdır.
Cənab
Prezident, sonda bir daha bizə göstərdiyiniz yüksək
etimada görə Sizə dərin minnətdarlığımı
bildirirəm. Fürsətdən istifadə edərək,
Sizi və bütün Azərbaycan xalqını müqəddəs
Qurban bayramı münasibətilə təbrik edirəm.
Çox sağ olun”.
* * *
Gənclər
və idman naziri, Təşkilat Komitəsinin üzvü Azad Rəhimov
çıxış edərək deyib: “Möhtərəm cənab
Prezident.
Hörmətli Mehriban xanım.
Hörmətli iclas iştirakçıları.
İyirmi dörd illik müstəqillik tariximiz ölkənin
inamlı gələcəyinə yönəlmiş çox
mühüm və strateji hadisələrlə zəngindir. Müstəqilliyimizin
ilk illərində idmanın inkişafına xüsusi diqqət
göstərilməsi Ümummilli lider Heydər Əliyevin
müdrik və uzaqgörən siyasəti sayəsində
mümkün olmuşdur. Bu diqqətin səbəbi də
Ulu öndər tərəfindən aydın ifadə
edilmişdir: “İdman kimi Azərbaycanın müstəqilliyinin
rəmzlərini nümayiş etdirən ikinci bir vasitə
yoxdur”.
Möhtərəm cənab Prezident, Azərbaycanda Sizin rəhbərliyiniz
altında ölkə həyatının bütün sahələrində
olduğu kimi, idmanın inkişafı da ardıcıl, məntiqli,
bir-birini dəstəkləyən qərarlar və tədbirlər
əsasında həyata keçirilir. Bütün
bunların nəticəsidir ki, idman sahəsində ölkəmiz
yüksək beynəlxalq nüfuz qazanıb. Birinci Avropa Oyunlarının yüksək səviyyədə
təşkil olunması və tarixi qələbənin
qazanılması gələcəkdə ölkəmizdə
daha möhtəşəm idman tədbirlərinin keçirilməsi
üçün yeni perspektivlər açmış, Azərbaycanın
gücünü və potensialını bütün
dünyaya nümayiş etdirmişdir. Sevindirici
haldır ki, bu Oyunlar zamanı yüzlərlə azərbaycanlı
gənc zəngin təcrübə qazanmışdır.
Müxtəlif təlimlər, kurslar vasitəsilə
xarici mütəxəssislərlə əməkdaşlıq,
birgə layihələrdə iştirak yerli mütəxəssislərimizin
formalaşmasına müsbət təsir göstərmişdir.
Əminik ki, ölkəmizdə böyük beynəlxalq
idman tədbirlərinin keçirilməsi zamanı bu
potensialdan geniş istifadə olunacaqdır.
Birinci Avropa Oyunları ərəfəsində
yaradılmış maddi-texniki baza imkan verir ki, IV İslam Həmrəylik
Oyunlarını da mövcud idman obyektlərində keçirək. Onların
hazırlıq səviyyəsi beynəlxalq federasiyaların
texniki tələblərinə tam şəkildə cavab verir.
Bu tələblər, eyni zamanda, məşq
prosesinin təşkil edilməsinə də aiddir. İştirakçıların sayında ciddi fərq
olmadığından yarışlar zamanı
idmançıların və məşqçilərin, eyni
zamanda, qonaqların yerləşdirilməsi, qidalanması,
tibbi xidmət, nəqliyyat, təhlükəsizlik və digər
texniki təminat məsələləri də əsasən
mövcud imkanlar daxilində həll ediləcəkdir.
Jurnalistlər və digər media təmsilçilərinin
də Media Kəndində yerləşdirilməsi
üçün bütün lazımi şərait vardır. Atletlər Kəndində
bütün mebel və avadanlıqlar hazır vəziyyətdə,
toxunulmaz saxlanılmışdır və qarşıdan gələn
tədbir üçün tam hazırdır. Eyni zamanda, mətbəxlər, əyləncə mərkəzləri,
poliklinika üçün müvafiq avadanlıqlar, daxili nəqliyyat
vasitələri və digər texniki vasitələr də
işlək vəziyyətdədir. Əməliyyat
heyətinin işini təmin etmək üçün 6 mindən
çox müxtəlif adda İT avadanlığı,
kompyuter, skaner, printer, server və digər vasitələr də
yenidən istifadəyə tam yararlıdır.
Möhtərəm
cənab Prezident, Azərbaycanın birinci xanımı, IV
İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin
sədri Mehriban Əliyevanın da qeyd etdiyi kimi, idman təkcə
yarış deyil, eyni zamanda, böyük mədəniyyət
bayramı olmaqla bərabər, ölkəmizin tolerantlıq və
multikulturalizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.
Birinci Avropa və IV İslam Həmrəylik
oyunlarında ümumiyyətlə dünya dövlətlərinin
yarısından çoxunun iştirak etməsi Azərbaycanın
gücünü və potensialını nümayiş etdirir.
Eyni zamanda, hazırlıq mərhələsindəki
təqdimatlar və Oyunların yayımı ölkəmizin
dünyaya tanıtdırılması, Bakının gözəlliyinin
nümayişi, tarixi və mədəni irsimizin təbliği
üçün geniş imkanlar yaradır.
Gənclər və İdman Nazirliyi son ildə
keçirdiyi beynəlxalq tədbirlər zamanı gənclərin
könüllü kimi iştirakına xüsusi diqqət
yetirmişdir.
Ən böyük könüllü qüvvəsi
isə Avropa Oyunları zamanı toplaşmışdır.
Minlərlə gənc öz işinə məsuliyyətlə
yanaşaraq vətənpərvər mövqelərini bir daha
sübut etdi. Həmin gəncləri gələcəkdə
də bir araya yığmaq məqsədilə onların məlumat
bazası yaradılmışdır.
İdmançılarımızın bundan sonra da
uğurlu çıxış etmələri
üçün onların çoxsaylı idman
yarışlarında iştirakı olduqca vacibdir. Bu məqsədlə
ölkəmizdə bir sıra idman növlərini
özündə birləşdirən kompleks
yarışların təşkil edilməsi ölkə
idmanına böyük töhfə verir. Bu,
idmançıların Olimpiya Oyunlarına hazırlıq səviyyəsini
də artırır, nəticələrin daha da
yaxşılaşdırılmasına zəmin yaradır, daha
çox idmançının təcrübə qazanmasına
səbəb olur.
Qeyd etmək
istərdim ki, Azərbaycanda futbol üzrə Avropa
Çempionatının dörddəbir mərhələ
yarışları, “Formula-1” Avropa Qran-pri yarışları,
Şahmat Olimpiadası ilə yanaşı, 17 yaşadək
futbolçulardan ibarət komandalar arasında Avropa
Çempionatının final mərhələsi və yelkənli
qayıqların 470 Olimpiya sinfi üzrə 23 yaşadək gənclərin
dünya çempionatı keçiriləcək. Qeyd etmək istərdim ki, noyabrın 2-4-də ilk dəfə
olaraq İslam Həmrəyliyi İdman Federasiyasının IX
Baş Assambleyası və İslam Həmrəylik Oyunları
ilə bağlı yaradılmış koordinasiya
komissiyasının ilk toplantısı tədbirin ənənəvi
məkanından kənarda - Bakıda keçiriləcək.
Birinci Avropa Oyunlarında komandamız uğurla
çıxış edərək şərəfli ikinci yer
tutmuşdur. Bütün qüvvələrimizi səfərbər
edəcəyik ki, İslam Həmrəylik Oyunlarında da milli
yığmamız Sizin və xalqımızın yüksək
etimadını doğrultsun. Əminik ki,
Azərbaycan xalqı bu Oyunlara da böyük maraq və dəstək
göstərəcək. Avropa
Oyunlarında olduğu kimi, yarışlar zamanı tribunalar
tamaşaçılarla dolu olacaq. Əminik
ki, bu Oyunlar İslam ölkələrinin böyük
bayramına çevriləcək.
Diqqətinizə
görə çox sağ olun”.
* * *
İclasa
yekun vuran Prezident İlham Əliyev deyib: “Hesab edirəm ki, məruzələrdə
kifayət qədər geniş məlumat verildi. Əminəm ki, Təşkilat Komitəsi
qarşıda duran vəzifələri uğurla icra edəcək.
Əlbəttə, Təşkilat Komitəsinin
üzvləri və digər qurumların rəhbərləri
burada fəal iştirak etməlidirlər, işləməlidirlər.
Avropa Oyunlarının keçirilməsi bizə
çox böyük təcrübə qazandırdı. Bu barədə artıq deyildi. Bütün
mərhələlərdə yenə əlaqələndirmə
olmalıdır və yüksək peşəkarlıq
göstərilməlidir. Qonaqların,
idmançıların ölkəmizə gəlişi,
aeroportda qarşılanması, viza problemlərinin həlli,
onların müasir nəqliyyat vasitələri ilə təmin
edilməsi, burada həm qonaqlara, həm idmançılara,
nümayəndə heyətlərinin üzvlərinə
yüksək qonaqpərvərliyin göstərilməsi,
bütün bu məsələlər əminəm ki, öz həllini
tapacaq.
Təhlükəsizlik tədbirlərinə xüsusi
diqqət göstərilməlidir. Əminəm ki, bizim
bu sahəyə rəhbərlik edən şəxslər
İslam Həmrəylik Oyunlarını da yüksək səviyyədə
təşkil edəcəklər. Avropa
Oyunları zamanı təhlükəsizlik tədbirləri ən
yüksək səviyyədə təşkil edilmişdi.
Mən bunu demişəm, bir daha demək istəyirəm.
Mən son illər ərzində bir çox Yay
Olimpiya Oyunlarının açılışlarında
iştirak etmişəm və özüm görmüşəm
ki, bəzi hallarda küçələrdə əlisilahlı
insanlar, hətta müasir xüsusi qurğular yerləşdirilir.
Bəzi hallarda binaların damında hava
hücumuna qarşı qurğular yerləşdirilir. Bakıda isə bir dənə də olsun əlisilahlı
insana rast gəlmək mümkün deyildi. Yəni, budur bizim yanaşmamız. Təhlükəsizlik ən yüksək səviyyədə
təşkil edilmişdir. Eyni zamanda, təhlükəsizlik
tədbirləri adi insanlara problem yaratmamalıdır,
xüsusilə Bakı sakinlərinə. Qonaqlar da bunu
hiss etməməlidir. Ona görə, mən əminəm
ki, bu dəfə də bütün təhlükəsizlik tədbirləri
yüksək səviyyədə təşkil ediləcəkdir.
İnformasiya-kommunikasiya sahəsində də Avropa
Oyunları ilə bağlı heç bir problem
olmamışdır. İndi İslam Həmrəylik
Oyunlarına qədər əlavə tədbirlər də
görülməlidir ki, bütün informasiya-kommunikasiya
sistemləri yaxşı vəziyyətdə işləsin və
heç bir problem olmasın.
Şəhər nəqliyyatının tənzimlənməsi
prosesi gedir, yeni qurumlar yaradılır, Bakı sakinləri də
bunu görür, yeni metro stansiyaları inşa edilir. Şəhər
nəqliyyatı ilə bağlı yeniliklər artıq tətbiq
edilir. Hesab edirəm ki, Oyunlara qədər
bu sahədə təkmilləşmə işləri daha da
sürətlə getməlidir. Yenə də
Avropa Oyunlarındakı kimi xüsusi nəqliyyat zolaqları
müəyyən edilməlidir. Hesab edirəm
ki, bu sahədə də heç bir problem olmayacaq.
Bakı şəhərinin abadlaşması prosesi gedir. Bunun Oyunlarla
heç bir əlaqəsi yoxdur. 2017-ci ilə
qədər əlavə tədbirlər görüləcək.
Bakıda yeni küçələr
açılır, binalar tikilir, şəhər gözəlləşir.
Göstəriş verilmişdir ki, şəhərimizin
hər bir yerində çox ciddi və böyük quruculuq
işləri davam etdirilsin. Bakı şəhəri
təkcə mərkəzdən ibarət deyil, bütün
mikrorayonlarda, şəhərimizin bütün kənar yerlərində
də sürətlə quruculuq-abadlıq işləri,
infrastruktur layihələri icra edilməlidir və edilir.
Tibbi xidmətlə bağlı deyə bilərəm ki,
indi Azərbaycanda, son vaxtlar xüsusilə Bakıda
tikilmiş yeni böyük tibb mərkəzləri fəaliyyət
göstərir, ən müasir avadanlıq
quraşdırılıbdır. Hesab edirəm, Oyunlar
zamanı xüsusi briqadalar təşkil olunacaq, xüsusi mərkəzlər
müəyyən ediləcəkdir ki, əgər hər
hansı bir bədbəxt hadisə baş verərsə dərhal
tibbi xidmət göstərilsin.
Atletlər və Media kəndləri ən yüksək
səviyyədə qurulubdur. Avropa Oyunlarında
orada qalmış idmançılar, nümayəndə heyətlərinin
üzvləri bunu xüsusilə qeyd edirdilər. Mənə verilən məlumata görə, bəzi
idmançılar, hətta onların yarışları
başa çatandan sonra da Bakını tərk etmək istəmirdilər.
Çünki Media və Atletlər kəndlərində
özlərini çox rahat hiss edirdilər. Bütün
işlər ən yüksək səviyyədə təşkil
edilmişdi. Təbii ki, 2017-ci ilə qədər
həm Atletlər Kəndi, həm də Media Kəndi boş
qalacaq. Ona görə, əlbəttə,
baxmaq lazımdır ki, orada cari təmir işləri də
aparılsın, Oyunlara qədər biz yenə də o yüksək
səviyyəni saxlaya bilək.
İdman obyektlərimiz ən yüksək səviyyədədir. Burada qeyd
edildi ki, heç bir yeni obyektin tikintisinə ehtiyac yoxdur.
Yəni, bu Oyunların keçirilməsi
üçün heç bir kapital qoyuluşu nəzərdə
tutulmur. Əlbəttə ki, istismar xərcləri
olacaqdır. Biz Oyunların keçirilməsi
üçün yenə xarici mütəxəssisləri də
cəlb edəcəyik. Onlar yerli mütəxəssislərlə
bərabər çalışacaqlar. Yəqin
yenə də Beynəlxalq Əməliyyat Şirkəti
yaradılacaqdır ki, biz bu Oyunları da Avropa
Oyunlarının səviyyəsində keçirək.
Oyunlar
zamanı çox geniş mədəni proqramların -
tamaşaların, konsertlərin keçirilməsi nəzərdə
tutulmalıdır ki, qonaqlar bizim zəngin mədəniyyətimizlə
tanış olsunlar. Xüsusi
ekskursiya turları təşkil edilməlidir. Əgər ehtiyac olarsa, əlavə səyahət
avtobusları da alına bilər. Çünki
bildiyimə görə, bu avtobusların indi çox
böyük funksiyaları var. Həm şəhər sakinləri,
həm də turistlər onlardan istifadə edirlər. Biz öz zəngin tariximizi, mədəniyyətimizi
təqdim etməliyik. Eyni zamanda, bu Oyunlar
iki həftədən çox davam edəcək. Buraya gələcək turistlər üçün
bölgələrə ekskursiya turları da təşkil edilməlidir.
Hər bir mehmanxana xüsusi bukletlər,
broşürlərlə təmin olunmalıdır. Bu sahədə sizin təcrübəniz var.
Yenə də əlbəttə ki, biz könüllülərin
fəaliyyətini səbirsizliklə gözləyirik. Könüllülər
üçün də bu, yeni bir imkan olacaq ki, öz məharətini,
peşəkarlığını göstərsinlər.
Mən bilirəm ki, Avropa Oyunları başa
çatandan sonra könüllülər də bir qədər
darıxırlar. Biz hamımız
darıxırıq. Biz əlbəttə,
istəyirik ki, o unudulmaz günləri bir daha yaşayaq. Əminəm ki, İslam Həmrəylik
Oyunlarında da könüllülərimiz çox fəal
işləyəcəklər. Onların
rolu həddindən artıq böyükdür. Bildiyiniz kimi, bütün könüllülər tərifnamə
ilə təltif olunmuşlar. Onlar gələcəyimizdir,
gənclərdir, hazırlıqlı, vətənpərvər,
bilikli, artıq böyük təcrübəyə malik olan
insanlardır. Ümumiyyətlə, idarəetmə
sistemlərimizdə biz gəncləşmə siyasətini
aparmalıyıq. Azərbaycan müasirləşir,
inkişaf edir, nəsillər dəyişir və belə gənclər
hazırlanmalıdır ki, gələcəkdə onlar ölkəmizi
inamla idarə etsinlər.
Oyunların
başlamasına iki ildən az vaxt
qalır. Oyunlar 2017-ci ilin may ayında keçiriləcəkdir.
Ona görə, Təşkilat Komitəsi
artıq bu gündən fəal işə
başlamalıdır. Bilirəm ki, bu
günə qədər hazırlıq işləri
aparılmışdır. Bu gün bu, məruzələrdə
də səsləndi. Bütün qurumlar əlaqəli
şəkildə işləməlidir ki, Oyunları yüksək
səviyyədə keçirək. Bir daha
demək istəyirəm ki, biz Avropa Oyunlarına göstərdiyimiz
yanaşmanı bu Oyunlarda da göstərməliyik. Bu
Oyunlar Avropa Oyunlarından az əhəmiyyət
kəsb etmir. Elə etməliyik ki, bir daha Azərbaycan
öz qonaqpərvərliyini, təşkilatçılıq
qabiliyyətini, ümumiyyətlə, öz potensialını
bütün dünyaya göstərsin.
Təşkilat Komitəsinə uğurlar
arzulayıram. Sizi və bütün Azərbaycan
xalqını Qurban bayramı münasibətilə təbrik
Yeni Azerbayçan.- 2015.- 24 sentyabr.- S.1