Siyavuş Novruzov: Müxalifət seçkidə
iştirak etməməklə
elektoratını itirir
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsi:
- Siyavuş müəllim, artıq noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə az müddət qalıb. Yeni Azərbaycan Partiyası namizədlərin imzatoplama kampaniyasını necə həyata keçirdi?
- İlk növbədə, qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Arzu edirəm ki, onların kəsdikləri qurbanlar qəbul olunsun və arzu, niyyətləri həyata keçsin. Bu, azərbaycanlılar üçün müqəddəs bir bayramdır. Ona görə də hər bir Azərbaycan vətəndaşını, o cümlədən sizin kollektivi də bu bayram münasibətilə təbrik edirəm. Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkiləri kampaniyası artıq özünün əsas mərhələsi ilə davam edir. Namizədliyin irəli sürülməsi, qeydiyyatdan keçmə proseduru artıq bir neçə müddətdir ki, başlayıb. Yeni Azərbaycan Partiyası tərəfindən, İdarə Heyətinin təsdiq etdiyi qərara görə, sentyabrın 15-də 117 nəfər namizəd irəli sürülüb.
Bu dövr ərzində partiya tərəfindən namizədlər üçün hansı sənədlər lazım idisə, həmin sənədlər hazırlanıb. Çünki biz bu seçkilərdə fərdi qaydada deyil, əksinə, partiya şəklində iştirak edirik. O baxımdan da 117 nəfərin hər bir sənədi Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarına (DSK) təqdim olunub. Qanunvericiliyin tələblərinə uyğun olaraq da həmin sənədlər yoxlanıldıqdan, qanunun tələblərinə uyğun gəldikdən sonra Dairə Seçki Komissiyası qərar verərək onlara imza toplanması üçün imza vərəqləri verib. Beləcə, 117 nəfərin hamısı özünün imza vərəqlərini götürüb. İmzaların toplanması ilə bağlı biz artıq qruplar yaratmışdıq. Bizim namizdələrin hər biri üçün imza vərəqləri müvafiq sənədlərlə bir yerə toplanılıb. Bu sənədlərdə namizədlərin gəlirləri, əmlakı, ilkin maliyyə hesabatı haqqında məlumatlar daxil olmaqla DSK-ya təqdim olunub.
Artıq YAP tərəfindən vahid seçki hesabı açılıb. Beləcə, vahid seçki hesabı vasitəsilə seçkidə istifadə olunacaq həm təbliğat-təşviqat materiallarının xərcləri, həm də digər xərclər ödəniləcək. Bu günə qədər YAP-ın 52 namizədi artıq namizədlik statusunu, vəsiqəsini alıb. Artıq bir çox dairələrdə iclaslar keçirilir. Biz bütün prosesi ciddi müşahidə edirik. İctimaiyyət bu proseslərdə aktiv iştirak edir. YAP-ın 700 minə yaxın üzvü var. Biz rayonlarda təkcə partiya üzvlərimizdən imza toplasaq, bu, kifayət qədər imza edər. YAP-ın ən kiçik rayon təşkilatında 2 mindən artıq partiya üzvü var. Ən böyük rayon təşkilatlarımızda isə 24-25 min partiya üzvü cəmləşib. Təbii ki, bu da kifayət edir. Buna baxmayaraq, çalışırıq ki, ictimaiyyətin bütün nümayəndələri imza vermək kampaniyasında iştirak etsin. Bir kənddən və yaxud bir qəsəbədən deyil, çalışırıq ki, o seçki dairəsinin ərazisinin 80 faizindən imza toplanılsın. Bildiyiniz kimi, mindən artıq insan bu prosesə qoşulub. Hər dairədə orta hesabla 6-8 namizəd seçilmək üçün mübarizə aparır.
- Azərbaycanda keçirilən hər bir önəmli tədbir zamanı bəzi beynəlxalq təşkilatlar ölkəmizə qarşı ikili münasibət sərgiləyirlər. Avropa Parlamentinin Azərbaycanla bağlı dərc etdiyi qərəzli qətnaməni də buna misal olaraq göstərə bilərik. Sizcə, bu kimi addımlara qarşı hansı işlər görmək lazımdır?
- Heç kimə sirr deyil ki, Azərbaycanda keçirilən mötəbər tədbirlər zamanı bəzi xarici təşkilatların və onların strukturlarının yadına ancaq ölkəmiz düşür. Onlar dərhal ədalətsiz, həqiqətə uyğun olmayan qətnamələr qəbul edirlər. Əgər biz Avropa Parlamentini (AP) misal gətirsək, görərik ki, yeni formalaşan AP son ilyarım ərzində Azərbaycanla bağlı 3 qətnamə qəbul edib. Halbuki, biz Avropa İttifaqının üzvü deyilik, sadəcə, “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlıq edirik. Avropa İttifaqına daxil olan və yaxud daxil olmayan Avropa ölkələri mövcuddur. Bu gün onların sayı 20-dən artıqdır. Nədənsə, bunlarla bağlı, o cümlədən Azərbaycandan savayı, Cənubi Qafqazda olan ölkələrlə bağlı indiyədək bir dəfə də olsun qətnamə qəbul olunmayıb və müzakirə aparılmayıb. Amma onlar Azərbaycanda keçirilən ilk Avropa Oyunları ərəfəsində müxtəlif çağırışlar etdilər və qətnamələr qəbul etdilər. Halbuki idmanı siyasətə qatmaq olmazdı. O cümlədən də seçki kampaniyası ərəfəsində onların qəbul etdiyi qərarlar çox ədalətsizdir və həqiqətə söykənmir. “Freedom House”, “Human Rights Watch” və digər bu kimi təşkilatlar var ki, onlar Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizə qarşı istər seçkilər dövründə, istərsə də digər vaxtlarda anti-Azərbaycan mövqeyi sərgiləyiblər. Təbii ki, burada da iki məqam öz əksini tapıb. Birincisi, bunların əksər strukturlarında ya ermənilər, ya da ermənipərəstlər çalışır. Onlar erməni lobbisinin təhriki, maliyyə dəstəyi ilə Azərbaycanın imicinə xələl gətirəcək qərarlar qəbul edirlər. İkincisi, orada maraqlı şirkətlər, firmalar var ki, istər Avropa Parlamentinin rəhbərliyinə daxil olan insanlara, istərsə də digər parlament üzvlərinə himayəçilik edirlər. Onlar da güzəştli şərtlərlə Azərbaycanda hansısa biznes fəaliyyəti ilə məşğul olmaq istəyirlər. Məsələn, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç ölkəmizdə güzəştli şəkildə neft biznesi ilə məşğul olmaq istəyirdi. Amma bu alınmadı.
Bütün hallarda Azərbaycan xalqının maraqları
nəzərə alınmalıdır. Biz
Azərbaycan xalqının maraqlarını kiminsə maraqlarına
qurban verə bilmərik. Sərvət
xalqın sərvətidir. Ona görə
də kimlərsə ölkəmizlə münasibətlərdən
istifadə edib güzəşt qoparmaq istəyirsə, bu,
yolverilməzdir. Bu mənada Kozlariç Azərbaycandan getməsinə baxmayaraq bu günə qədər
ayrı-ayrı təşkilatlarda ölkəmiz haqqında mənfi
çıxışlar edir. Təbii ki, bu
çıxışların heç bir əhəmiyyəti yoxdur.
Çünki o, siyasətdən
getmiş, ABŞ-da
hansısa universitetin müəllimidir. Sadəcə
olaraq, onlar Azərbaycanın
imici haqqında mənfi rəy
formalaşdırmağa çalışırlar. Bu cür insanlar,
təşkilatlar mövcuddur ki, onlar seçkilər ərəfəsində
fəallaşıb ortaya düşürlər.
Təbii ki, burada da “sapı
özümüzdən olan
baltalar” var ki, onlar milli
satqınlardır. Təəssüf ki, onlar da
bu prosesə qoşulurlar. Çünki onların özləri bu bəyanatları verəndə qəbul olunmur. Hesab edirəm ki,
milli vətənpərvərlik
düşüncəsi olan,
millətinə, xalqına,
dövlətinə bağlı
olan heç bir kəs bunlarla
əməkdaşlıq etməməlidir.
Çünki burada erməni
adı, barmağı
var, Azərbaycanı istəməyən və xalq-iqtidar birliyini gözü götürməyən
qüvvələr var
və s. Bizə təpkilər əsas bu istiqamətdə yönəlir. Artıq xalq,
cəmiyyət də bunu açıq şəkildə görür.
- Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndələri
müxalifətlə görüş
keçirdilər. Amma bu görüş nədənsə
müxalifətin Azərbaycanı
onların yanında ittiham etməsi ilə yadda qaldı. Sizin bu məsələlərə
münasibətiniz necədir?
- Təbii ki, müxalifətin söylədiklərinin
hamısı yalandır.
Mən özüm də YAP-ın təmsilçisi olaraq AŞ PA-nın Monitorinq Komitəsinin üzvləri ilə görüşdüm. Orada qoyulan
sualların heç biri məntiqə uyğun deyildi. Görünür, onlara qanunvericiliyi
düzgün təqdim
etməyiblər və
s. “Sərbəst toplaşmaq
azadlığı” ilə
bağlı sual olunur ki, niyə
şəhərin mərkəzində
bunlar üçün
yer ayrılmayıb.
Mən isə onlara dedim ki,
ümumiyyətlə, müxalifət
üçün ayrılan
yerlər şəhərin
mərkəzi sayılır.
Əgər oranı sizlər
mərkəz hesab etmirsinizsə, o zaman hansı tərəf mərkəz hesab olunur? Həmin yerlər Yasamal
rayon İdman-Sağlamlıq Kompleksinin stadionu (keçmiş “Məhsul” stadionu), Səbaildəki
“20-ci sahə” deyilən
yer və sairədir. Onların hər biri şəhərin mərkəzində
olan yerlərdir.
Orada “Sərbəst toplaşmaq azadlığı”nı həyata keçirmək üçün
bütün təhlükəsizlik
tədbirləri görülür.
Bundan başqa, Bakı şəhərinin
12 rayonunun hər birində bununla bağlı yerlər var.
O cümlədən seçkilər
dövründə dairə
seçki komissiyaları
qapalı və açıq yerlərin siyahısını dərc
edir ki, seçki kapmaniyasında görüşlərin keçirilməsi
zamanı bu yerlərdən istifadə
etmək olar. Eləcə də onlara siyasi partiyaların, namizədlərin öz seçki kampaniyasını
maliyyələşdirib-maliyyələşdirməməsi
barədə düzgün
olmayan informasiya veriblər. Mən isə onlara
qanunu göstərdim ki, burada hər
şey aydın şəkildə yazılıb.
Sadə formada başa saldım ki, namizəd 450 nəfərin
imzasını toplayıb
ərizə ilə
MSK-ya müraciət edir, bununla da
deputatlığa namizəd
kimi qeyd alınır. Bu yalnız
hər dairədə olan seçicinin 1,5 faizidir. Yəni hər
DSK-da təxminən
35-40 minə yaxın seçici var. Amma onlar bildirirlər ki, namizədlərin qeydiyyata alınması prosesi çətinləşdirilib.
Axı burada heç bir çətinlik yoxdur. Hətta mən deyərdim
ki, bəzi partiyaların namizədi belə yoxdur. Bu namizədlər olmadığı təqdirdə
isə onlar başqa-başqa adamların
namizədliyini irəli
sürürlər. Sonda da onların bir çoxu kriminal şəxs kimi ortaya çıxır.
Bununla bağlı bizdə kifayət qədər faktlar var. Namizəd irəli sürürlər,
amma məlum olur ki, o İran
vətəndaşıdır.
- Müxalifətin parlament seçkilərini boykot etməsi nədən irəli gəlir?
- Onlar aldıqları qrantın, vəsaitin hesabına bu cür addımlar atırlar ki, Azərbaycanın imicinə
ziyan vursunlar və onlardan istifadə olunsun. Çünki bunlar istifadə
olunmasa, heç bir şeyə lazım deyillər. Bu baxımdan da
onlar belə bir yola əl
atıblar. İkincisi, bunlar
öz prespektivlərinə
baxırlar. İndiyədək onlar bütün seçkilərdə uduzublar.
Bilirlər ki, builki seçkilərə də
qatılsalar, uduzacaqlar.
Bir sözlə, heç bir ümidləri yoxdur. O baxımdan da 3-5 manat almaqla
seçkilərdə iştirak
etməməyə üstünlük
verirlər. Onlar hər dəfə
seçkidə iştirak
etməməklə öz
elektoratını itirirlər.
Artıq
bu insanların heç bir elektoratı qalmayıb.
Çünki seçici onlara
etibar etmir. Bu mənada hesab
edirəm ki, onların bütün söylədikləri yalandır.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndələrini
ABŞ-da keçirilən
prezident seçkilərindən
qovdular. Ümumiyyətlə, onları seçkilərə
buraxmadılar. Eləcə də
Rusiya kimi böyük əraziyə
malik olan ölkəyə 47 nəfər
müşahidəçi buraxdılar.
Həmin
saydan artıq heç bir müşahidəçi buraxılmadı.
Bəs niyə o zaman bunların səsləri çıxmadı? Hər dairədə
namizədlərin alternativi
var. Gəlin görək
alternativ nədir?
Yəni bir dairədən iki nəfər namizədliyini irəli sürürsə, artıq
orada seçki baş tutmuş hesab olunur. Qanunvericilikdə qeyd olunmayıb
ki, həmin insan hansı partiyanın üzvü olmalıdır, xarici qüvvələrə xidmət
edən olmalıdır
və s. Bu baxımdan
da mindən artıq insan bu proseslərdə iştirak edir və namizədliyini irəli sürüb.
Beləcə hər bir dairədə alternativlik təmin olunub. Azərbaycanda seçkinin birinci
mərhələsi tam şəffaf,
azad, ədalətli, demokratik şəkildə
həyata keçib.
Oktyabrın 9-dan isə artıq
təbliğat-təşviqat kampaniyası başlayacaq.
Bununla da ikinci mərhələyə
start veriləcək.
- Siyavuş müəllim, noyabrın 1-də həmçinin Türkiyədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Belə bir məlumat yayılıb ki, əgər Xalqların Demokratik Partiyası (HDP) parlamentdə indiki kimi təmsil olunmasa, Türkiyə parçalanacaq. Bu barədə siz nə düşünürsünüz?
- İlk növbədə qeyd edim ki,
HDP Türkiyədə heç vaxt hakimiyyətə gələ bilməz. İlk dəfə idi ki, bu partiyanın təmsilçiləri
millət vəkili seçilmişdilər. Lakin
bu partiyanın parlamentə seçilməyi
ilə bərabər, gördük ki, Türkiyədə terrorizm
qızışır. Şahidi olduq ki, türk
vətəndaşının - qardaşlarımızın
başına hansı müsibətlər gətirilir. Bu kimi terrorların
qurbanı isə gənclər, qadınlar, uşaqlar,
qocalar olur. Çünki bomba partlayanda baxmır ki, bu, polisdir, dinc
sakindir, yaxud
qarşı tərəfdir. Bu baxımdan da hesab edirəm ki, bu mübarizə çox ciddi şəkildə
aparılmalıdır. Proqnozlarım ondan ibarətdir ki, bu seçkilərdə Ədalət və İnkişaf Partiyası (AKP) yekdil
olaraq yenidən hakimiyyətə gələcək
və parlament seçkilərində qələbə
qazanacaq. Çünki
bu, Türkiyənin özü
üçün lazımdır. Əgər
biz dünyaya,
Türkiyəni əhatə edən ölkələrdə
gedən proseslərə nəzər salsaq,
görərik ki, Türkiyəyə indi daha çox
monolitlik lazımdır.
Yeni Azerbayçan.- 2015.- 24 sentyabr.- S.5