“Biz fəxr edirik ki, müstəqil
Azərbaycan dövlətinin vətəndaşları və
regionun ən güclü siyasi təşkilatı - Yeni Azərbaycan
Partiyasının
üzvləriyik”
Məşhur “91-lər”dən biri,
professor Fikrət İsmayılovun 80 yaşı tamam olub
Fikrət İsmayıl oğlu İsmayılov. 1935-ci il
yanvarın 3-də Naxçıvan Muxtar Respublikasının
Naxçıvan şəhərində müəllim ailəsində
anadan olub. 1954-cü ildə Üzeyir Hacıbəyov adına Naxçıvan şəhər 1
saylı oğlan orta məktəbini bitirib. 1960-cı
ildə o zamankı Pedaqoji İnstitutun, indiki Azərbaycan
Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini
bitirərək, təyinatla Azərbaycan Elmlər
Akademiyasının Fizika İnstitutuna göndərilib. 1960-cı ilin noyabr ayından Fizika İnstitutunda
laborant, baş laborant, kiçik elmi işçi, baş elmi
işçi vəzifələrində
çalışıb və hazırda laboratoriya müdiridir.
1973-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü
və qayğısı sayəsində SSRİ Hərbi Sənaye
Nazirliyinin Moskva “Elmi-Tədqiqat Tətbiqi Fizika İnstitutu”nun
Bakı filialı yaradılıb və Elmlər
Akademiyasının Rəyasət Heyətinin qərarı ilə
Fizika İnstitutundan bir neçə nəfər, o cümlədən,
Fikrət İsmayılov da həmin instituta keçib. SSRİ
Hərbi Sənaye Nazirliyinin göndərişi ilə
1979-80-ci illərdə M.V.Lomonosov adına
Moskva “İncə Kimya Texnologiya İnstitutunun” xüsusi
fakültəsini - “Kosmik materialşünaslıq və
texnologiya” ixtisası üzrə bitirib.
1982-ci ildə
Azərbaycan Respublikasında yeni elmi və sənaye sahəsinin
yaradılması və inkişafına görə elmi-texnika
sahəsində Azərbaycan Respublikası Dövlət
mükafatı laureatı adına, 2009-cu
il 29 dekabr tarixində “Şöhrət” ordeninə layiq
görülüb.
15-dən artıq namizədlik dissertasiyasının elmi
rəhbəri və elmi məsləhətçisi olub, beynəlxalq
və respublika elmi jurnallarda çap olunmuş 200-dən
artıq elmi, elmi-publisistik əsərin, o cümlədən,
20 elmi ixtiranın, 10-dan artıq səmərələşdirici
təklifin müəllifidir.
1988-ci ildə ölkədə baş verən
ictimai-siyasi proseslərlə əlaqədar olaraq siyasi hərəkata
qoşulub, Yeni Azərbaycan Partiyasının (YAP)
yaradılmasının təşəbbüskarlarından və
təşkilatçılarından - “91-lər”dən biri
olmaqla 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyası
yarandığı gündən bu partiyanın
üzvüdür.
20 fevral 1993-cü ildən YAP Yasamal rayon təşkilatının
sədridir.
Yeni Azərbaycan Partiyasının I, II, III, IV, V
qurultaylarının nümayəndəsi və YAP Siyasi
Şurasının üzvü seçilib.
I
çağırış 12 noyabr 1995-ci il tarixdə Azərbaycan
Respublikası Milli Məclisinə keçirilən seçkilərdə
Milli Məclisə deputat seçilib, parlament fəaliyyəti
dövründə Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri
üzrə komissiyanın sədr müavini vəzifəsində
fəaliyyət göstərib.
Hazırda
AMEA-nın Fizika İnstitutunda laboratoriya rəhbəri
vəzifəsində və Yeni Azərbaycan Partiyası Yasamal
rayon təşkilatının sədri kimi elmi, ictimai-siyasi sahədə
fəaliyyət göstərir.
Bu
günlərdə, daha doğrusu, yanvarın 3-də xeyirxah
insan, tanınmış elm adamı, məşhur “91-lər”dən
biri, professor Fikrət İsmayılovun 80 yaşı tamam olub.
Bu münasibətlə təbrik və
mükafatları qəbul edən yubilyar üçün ən
böyük mükafatı isə yubiley ərəfəsində
Prezident İlham Əliyev verib. Belə ki, Prezident
İlham Əliyevin ötən il
dekabrın 16-da imzaladığı Sərəncama əsasən
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal
iştirakına görə Fikrət İsmayıl oğlu
İsmayılova Azərbaycan Respublikası Prezidentinin fərdi
təqaüdü veriləcək. Dövlət
başçısının göstərdiyi diqqət və
qayğıdan qürur hissi keçirən F.İsmayılov
buna görə qəzetimiz vasitəsilə Prezident İlham
Əliyevə bir daha minnətdarlıq edib: “Ölkəmizin
ictimai-siyasi həyatında fəal iştirakıma görə
məni Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə
layiq gördüyü üçün cənab Prezident
İlham Əliyevə səmimi qəlbdən dərin təşəkkürümü
bildirir, dövlət başçımıza möhkəm
cansağlığı, uzun ömür arzulayıram! Eyni
zamanda, cənab Prezidentin səmərəli ictimai fəaliyyətimi
yüksək qiymətləndirərək düz beş il bundan əvvəl məni “Şöhrət”
ordeni ilə təltif etdiyinə görə də daim
böyük minnətdarlıq duyğusu keçirdiyimi bir daha
vurğulamağı özümə borc sayıram”.
Fikrət
İsmayılov, həmçinin, “Tale mənə Ulu öndər
Heydər Əliyevlə eyni dövrdə yaşamaq, Onun rəhbərliyi
ilə xalqımızın azadlığı, müstəqilliyimizin
dönməzliyi uğrunda Qurtuluş hərəkatının,
bu hərəkatın qələbəsindən sonra isə
milli dövlət quruculuğunun və mühüm
ictimai-siyasi proseslərin fəal iştirakçısı
olmaq xoşbəxtliyi nəsib etmişdir. Unudulmaz rəhbərimizin
ölməz ideyalarının, arzu və tövsiyələrinin
bu gün ardıcıllıqla və uğurla gerçəkləşməsi,
cənab Prezidentin novator və qətiyyətli fəaliyyəti
nəticəsində müstəqil dövlətimizin güclənməsi
və qüdrətlənməsi həm ömrünü elmə
həsr etmiş alim-ziyalı, həm də
yarandığı ilk gündən sıralarında
olduğum Yeni Azərbaycan Partiyasının üzvü kimi qəbimdə
böyük sevinc və qürur hissi doğurur”, - deyə əlavə
edib.
“Ulu
öndər Heydər Əliyevin adı ilə bağlı
olan YAP xalqımızın və respublikamızın müstəqilliyi
uğrunda böyük mübarizə yolu keçib”
Bəli təqdimatda da qeyd edildiyi kimi, Fikrət
İsmayılov, YAP-ın yaradılmasında xidmətlər
göstərmiş məşhur “91-lər”dən biridir. Bizimlə
söhbətində bu məqama xüsusi olaraq toxunan yubilyar
“Ulu öndər Heydər Əliyevin adı ilə
bağlı olan YAP xalqımızın və
respublikamızın müstəqilliyi uğrunda böyük
mübarizə yolu keçib. YAP qısa
müddətdə təşkilatlanaraq ölkənin ən
mütəşəkkil siyasi qüvvəsinə çevrilib”
deyib.
Partiyanın yaradılması prosesində iştirakını
şərəfli bir mərhələ hesab edən yubilyar
bildirib ki, 1992-ci ildə respublikada baş verən proseslər
bir ziyalı kimi onları narahat edib. Onun sözlərinə görə,
həmin vaxt Azərbaycanda idarəolunmaz bir proses cərəyan
edirdi: “Məhz bu cür gərgin ictimai-siyasi vəziyyətdən
çıxmaq, blokada şəraitində məhv olmaq ərəfəsində
olan Naxçıvana maddi-mənəvi dayaq olmaq
üçün Bakıda ziyalılar rəhmətlik Fərəməz
Maqsudovun rəhbərliyi ilə “Əlincə” Xeyriyyə Cəmiyyəti
yaratdılar. “Əlincə” Xeyriyyə Cəmiyyətinin
iclasında belə bir məsələ qoyuldu ki, bu, ictimai cəmiyyət
olduğu üçün siyasi mübarizəyə
qoşulmağa hüququ yoxdur. Siyasi
mübarizəyə qoşulmaq üçün yeni bir partiya
yaratmaq lazımdır. Beləliklə,
iclasda belə bir partiyanın yaradılması qərara
alındı. Partiyanın yaradılması barədə
qərarın qəbulu, eyni zamanda, ortaya “Bu partiyaya kim rəhbərlik edəcək?”, “Partiya necə
adlanacaq?” kimi ciddi suallar çıxardı. Və
cəmiyyətin növbəti iclasında bu suallara cavab
tapıldı. 14 oktyabr 1992-ci il
tarixində Elmlər Akademiyasının kiçik zalında
keçirilən iclasda Murtuz Ələsgərov yeni yaratmaq istədiyimiz
partiyanın Nizamnaməsini oxudu və bu partiyaya rəhbərlik
etməsi xahişi ilə Ulu öndər Heydər Əliyevə
müraciət qəbul olundu. Həmin müraciət 16 oktyabr
1992-ci il tarixində “Səs” qəzetində
çap olundu”.
Söhbətini
davam etdirən yubilyar deyib ki, oktyabrın 20-də (1992-ci il) Ulu öndər Heydər Əliyev məlum
müraciətə cavab verib: “Ümummilli lider Heydər
Əliyev cavabında hansı şərtlərlə belə
bir partiyanın yaradılması və həmin partiyaya rəhbərlik
etməsinə razılıq verə biləcəyini qeyd etdi. Beləliklə, noyabrın 19-dan başlayaraq, Azərbaycanın
bütün regionlarından, ümumilikdə 550 nəfər
Naxçıvana üz tutdu. Bu səfərin
necə çətinliklə baş tutduğunu gedənlərin
özləri yaxşı bilirlər. Çünki
bəzən Naxçıvana təyyarə bileti belə
satmırdılar ki, həmin tədbir baş tutmasın.
Lakin xalq Ulu öndər Heydər Əliyevin ətrafında
toplandı və 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan
Partiyasının təsis konfransı keçirildi. Həmin konfransda Heydər Əliyev yekdilliklə
partiyaya Sədr seçildi və məhz Onun təşəbbüsü
ilə partiyanın adı Yeni Azərbaycan Partiyası oldu”.
Yubilyarın
sözlərinə görə, YAP-ın ötən müddət
ərzində qazandığı uğurların kökündə
məhz Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi
fəaliyyət proqramı dayanır: “Partiyamızın Ulu
öndər tərəfindən müəyyənləşdirilən
və uğurla tətbiq edilən əsas proqram məramı
Azərbaycanın dövlət müstəqilliyinin qorunub
möhkəmləndirilməsindən, ərazi
bütövlüyünün təmin edilməsindən,
demokratik, hüquqi, dünyəvi dövlət qurulmasından,
əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik,
güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan
ibarət olub və ötən 22 ildə öz proqram məqsədlərinə,
yəni müstəqillik, dövlətçilik prinsipi,
qanunçuluq prinsipi, azərbaycançılıq, vətənçilik
prinsipi, varislik, yaradıcı təkamül prinsipi, konstruktiv əməkdaşlıq,
vətəndaş həmrəyliyi prinsipi, sosial ədalət
prinsipinə və s. sadiq fəaliyyət göstərib. Ona
görə də, bu gün Azərbaycanın müstəqil
dövlət olaraq inkişaf mərhələlərini təhlil
edərkən tam məsuliyyətlə qeyd edirik ki, YAP-ın həyata
keçirdiyi tədbirlər, qəbul etdiyi tarixi qərarlar
ölkəmizin gələcək inkişaf perspektivlərinin
müəyyənləşdirilməsi və Azərbaycan
Respublikasının bugünkü inkişaf səviyyəsinə
çatması baxımından mühüm rol oynayıb. Yəni,
ölkəmizin əldə etdiyi uğurlarda YAP-ın da
özünəməxsus rolu və payı var. Hazırda isə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə YAP uğurla fəaliyyət
göstərir və regionun ən güclü siyasi qüvvəsinə
çevrilib”.
“Öz fəaliyyətimizdə
kəmiyyətə yox, keyfiyyətə üstünlük
veririk”
Qeyd etmək yerinə düşər ki, partiyanın
yaranması ilə bağlı Naxçıvanda keçirilən
tarixi konfransdan sonra Azərbaycanın bütün
rayonlarında YAP-ın özəkləri yaranmağa
başlayıb. Eyni zamanda, 1993-cü il fevralın 20-də 26 ilk partiya təşkilatında
təmsil olunan 550 nəfərin iştirakı ilə YAP
Yasamal rayon təşkilatının təsis konfransı
keçirilib. Bu gün isə 155 ilk təşkilatda
27 mindən çox partiya üzvü birləşib. Belə bir göstərici rayon təşkilatının
böyük inkişaf yolu keçdiyini göstərir. Daha dəqiq desək, YAP Yasamal rayon təşkilatı
Yeni Azərbaycan Partiyasının böyük yerli
strukturlarından biridir. Ötən illər ərzində
həyata keçirilən işlərə xronoloji nəzər
salan Fikrət İsmayılov, eyni zamanda, fəaliyyətlərində
kəmiyyətə yox, keyfiyyətə üstünlük
verdiklərini deyib: “Partiyamızın sıralarına üzv
qəbul olunmaq üçün müraciət edənlərin
sayı çoxdur. Amma biz kəmiyyətə
deyil, keyfiyyətə üstünlük veririk. Çünki partiyamızın qurucusu Heydər
Əliyevin tövsiyəsi belə olub. Biz
çalışırıq ki, əqidəli insanlar YAP
sıralarına qoşulsunlar. Partiyamıza
üzv olmaq istəyən hər bir kəsin məsələsi
rayon təşkilatının İdarə Heyətində
müzakirə olunur”.
Fikrət İsmayılov YAP Yasamal rayon təşkilatında
gənclərə də xüsusi diqqət və qayğı
ilə yanaşıldığını bildirib. Onun sözlərinə
görə, gənclərlə keçirilən
görüşlərdə onları maraqlandıran məsələlər,
qarşılaşdıqları problemlər öyrənilir,
irəli sürdükləri təkliflərə dair
müzakirələr aparılır: “Bizim gənclərimiz YAP
Gənclər Birliyinin təşkil etdiyi yay və qış
məktəblərində fəal iştirak edirlər”.
“Gənclərə
tövsiyəm budur ki, vətənpərvərliyi və milləti
sevməyi Ulu öndər Heydər Əliyevdən öyrənsinlər”
“Bir azərbaycanlı kimi Ümummilli lider Heydər
Əliyevin tövsiyələrinə əməl etməyi
özüm üçün şərəf bilmişəm. Eyni zamanda, biz həmişə
Ulu öndərdən nəyisə öyrənmişik”, - deyən
yubilyar gəncləri də daim bu tövsiyələrə əməl
etməyə, Ulu öndərin müəyyən etdiyi yolla
getməyə çağırıb: “Məlum olduğu kimi,
yeni inkişaf mərhələsini yaşayan Azərbaycan gəncliyi
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası
qoyulmuş və hazırda Prezident İlham Əliyevin davam
etdirdiyi dövlət gənclər siyasətindən bəhrələnərək
inkişaf edir, müasirləşir və böyük
uğurlara imza atır. Mənim gənclərə
tövsiyəm budur ki, danışmağı, ünsiyyətdə
olmağı, dostluğu, mədəniyyəti, geyinməyi, ən
əsası isə vətənpərvərliyi və milləti
sevməyi Ulu öndər Heydər Əliyevdən öyrənsinlər.
Heydər Əliyevin bizə çox
böyük tövsiyələri var. Onlara əməl etməliyik.
Bunların içərisində iki məqamı
mən xüsusi olaraq vurğulamaq istərdim. Məsələn, Ümummilli lider milli-mənəvi
dəyərlərimizin qorunub saxlanmasını tövsiyə
edirdi. Bu milli-mənəvi dəyərlər
isə bizim dilimiz, adətimiz, dinimiz və mədəniyyətimizdir.
Yeri gəlmişkən, hələ sovetlərin
dünyaya meydan oxuduğu bir vaxtda Heydər Əliyev BDU-nun
yubileyində və yazıçıların qurultayında Azərbaycan
dilində çıxış etdi. Bu,
böyük sensasiyaya səbəb olmuşdu. Çünki o vaxt qəbul olunmuşdu ki, birinci
katiblər gərək rus dilində çıxış
etsinlər. Bu ənənəni isə Heydər
Əliyev pozdu. Ən əsası
Konstitusiyamıza Azərbaycan dilinin dövlət dili olması
haqqında maddə daxil edildi. Bax, milli-mənəvi
dəyərlər budur. Bu gün Onun siyasətini davam
etdirən Prezident İlham Əliyevin bütün
addımları, muğam sənətinin inkişaf etdirilməsi,
eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyəti
də milli-mənəvi dəyərlərin qorunmasına xidmət
edir. Regionların sosial-iqtisadi inkişafı, artıq təkcə
paytaxt Bakıda deyil, eyni zamanda, regionlarda da beynəlxalq əhəmiyyətli
tədbirlərin, məsələn, Qəbələdə
beynəlxalq musiqi festivalının keçirilməsi Heydər
Əliyev siyasətinin nə qədər düzgün
olması və Prezident İlham Əliyevin bu siyasəti necə
uğurla və təkamül yolu ilə inkişaf etdirməsi
deməkdir. İkinci bir məqam isə Ulu
öndərin “Mən həmişə fəxr etmişəm,
bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”
kəlamıdır. Mən deyərdim ki,
bu təkcə azərbaycanlılara deyil, bütövlükdə
Türk dünyasına böyük bir mesajdır,
çağırışdır. Həm də
daima irəliyə aparan düzgün yoldur. Bu kəlamın çox dərin fəlsəfi mənası
var. Mən bugünkü gəncliyə bu amala, bu
çağırışa, bu müdrik kəlama riayət etməyi,
öz fəaliyyətlərində bunu rəhbər
tutmağı arzulayıram. Bu yolla gedənlər,
bu amala sadiq olanlar hər zaman uğur qazanacaq, ölkəmizin
inkişafına öz töhfələrini verəcəklər”.
Və
sonda “mən fəxr edirəm ki, müstəqil Azərbaycanın
vətəndaşıyam” deyən yubilyar buna görə də,
məhz Ulu öndər Heydər Əliyevə minnətdar
olduğunu bildirib: “Çünki Ümummilli lider Heydər
Əliyev hələ sovetlər zamanı indiki müstəqil
Azərbaycanın özülünün qurulması istiqamətində
bir sıra mühüm addımlar atdı. Eyni
zamanda, 1993-cü ilin iyununda xalqın təkidli tələbi
ilə yenidən hakimiyyətə gələn Ulu öndər
Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsindən
xilas etdi. Ən nəhayət, Ümummilli
lider Heydər Əliyev min bir zəhmət bahasına
qurduğu müasir müstəqil Azərbaycanın var
olması və daha da inkişaf etməsi üçün cənab
İlham Əliyev kimi bir şəxsiyyəti yetişdirdi və
Özündən sonra Azərbaycanın idarəçilik
sükanının etibarlı əllərdə
olmasını təmin etdi. Bu gün Ulu
öndər Heydər Əliyevin əsasını qoyduğu
inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində regionun lider
dövləti olan Azərbaycan, eyni zamanda, Qərbin enerji təhlükəsizliyinin
təmin olunmasında başlıca rola malikdir. Ölkəmiz tolerantlıq diyarı və nüfuzlu
beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi
dünyanın diqqət mərkəzindədir. Bütün bunlar isə hər bir azərbaycanlıda
qürur hissi oyadır. Biz fəxr edirik ki,
müstəqil Azərbaycan dövlətinin vətəndaşları
və regionun ən güclü siyasi təşkilatı - Yeni
Azərbaycan Partiyasının üzvləriyik. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi
ilə dövlətimizin daha da inkişaf etməsi
üçün hər birimiz üzərimizə düşən
vəzifənin öhdəsindən layiqincə gəlməliyik”.
Sonda “Yeni Azərbaycan”çılar olaraq yubilyarı təbrik
edir, ona şəxsi həyatında və siyasi fəaliyyətində
uğurlar arzulayırıq.
Nadir AZƏRİ
Yeni
Azərbaycan.-2015.- 6 yanvar.- S.5.