Müstəqil Azərbaycan
inkişafın keyfiyyətcə yeni mərhələsinə
qədəm qoyub
2014-cü ildə
həyata keçirilən daxili və xarici siyasət kursunun nəticələri
ölkəmizin inkişafı və perspektivi baxımından
strateji əhəmiyyət kəsb edir
Müasir müstəqil Azərbaycan dinamik inkişaf yolunda irəliləyir. Bu inkişafın göstəriciləri qismində sürətli sosial-iqtisadi tərəqqi - iqtisadiyyatın inkişafı, regionların simasının əsaslı dərəcədə dəyişməsi, vətəndaşların sosial rifah halının davamlı olaraq yaxşılaşdırılması kimi amillər çıxış edir. Digər tərəfdən, həyata keçirilən səmərəli sosial-iqtisadi kursun qanunauyğun nəticəsi kimi, milli inkişafın Azərbaycan modelinin formalaşdırılması ümummilli tərəqqi baxımından aydın perspektivlərin mövcud olduğunu deməyə əsas verir. Bunlarla yanaşı, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsi Prezident İlham Əliyevin rəhbərlik etdiyi müasir Azərbaycanın gerçəkliklərini təşkil edir.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu başa vurduğumuz 2014-cü ildə də mühüm nailiyyətlərin əldə edilməsini şərtləndirib. Ümumilikdə, 2014-cü ildə həyata keçirilən daxili və xarici siyasət kursunun əsaslarının, o cümlədən, əldə olunan nailiyyətlərin ölkəmizin inkişafı və perspektivi baxımından əhəmiyyətini anlamaq üçün bir sıra məsələlərə toxunmaq məqsədəmüvafiqdir.
Azərbaycan iqtisadiyyatının dinamik inkişafı davam edib
Ötən ilin mühüm nailiyyətlərindən biri də Azərbaycan iqtisadiyyatının öz dinamik inkişafını davam etdirməsi olub. Həyata keçirilən iqtisadi islahatlara paralel olaraq əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olunub, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Bütövlükdə isə, ötən il Azərbaycanın dövlət büdcəsi təxminən 25 milyard dollar səviyyəsində olub.
Bütün bunların qanunauyğun nəticəsi kimi, ölkəmizin beynəlxalq iqtisadi reytinqi davamlı surətdə artır. Qeyd etdiyimiz kimi, həyata keçirilən səmərəli iqtisadi siyasət ötən ilin göstəricilərinə də əhəmiyyətli dərəcədə təsir edib. Şübhəsiz, bu gün Azərbaycan bütün beynəlxalq hesabatlarda öncül mövqelərdə dayanır.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində qeyd edib ki, 2014-cü ildə iqtisadi inkişaf təmin edilmişdir: “Bu da çox önəmlidir, çünki bildiyiniz kimi, dünyada hələ də iqtisadi, maliyyə böhranı davam edir. Bütün bunlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir və bu inkişafın təməlində islahatlarımız dayanır. Təsadüfi deyil ki, dünyanın ən mötəbər iqtisadi qurumu olan Davos Ümumdünya İqtisadi Forumu rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 38-ci yerə layiq görmüşdür. Bu, böyük və tarixi nailiyyətdir”.
2014-cü ildə sosial siyasət sahəsində nəzərdə tutulmuş işlər operativ və effektiv şəkildə davam etdirilib
Ötən il ölkəmizdə sosial siyasət kursu da uğurla həyata keçirilib. Azərbaycanda sürətli inkişaf, təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən, sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Ümumilikdə, işsizliyin səviyyəsi 5,2 faizə, yoxsulluq isə 5 faizə düşüb.
Ümumiyyətlə, Azərbaycan
iqtisadiyyatının dinamik inkişafı əhalinin gəlirlərinin
artmasında ifadə olunur. Həyata keçirilən
uğurlu, məqsədyönlü siyasət nəticəsində
ildən-ilə daha yüksək inkişaf göstəriciləri
nümayiş etdirən iqtisadiyyatın
formalaşdırılması ölkədə işgüzar fəallığın
daha da yüksəldilməsinə, yoxsulluğun
azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini,
maddi rifah halının əhəmiyyətli dərəcədə
yaxşılaşmasını təmin edib. Ötən ilin son 10 ayında əhalinin
gəlirləri 4,7 faiz artaraq 33,6 milyard manat olub. Əhalinin hər
bir nəfərinə düşən gəlir 3,4 faiz
çoxalaraq 3
600 manata, orta aylıq əməkhaqqı isə 5,5 faiz yüksələrək 450 manata
çatıb.
Bir sözlə, nəzər yetirilən göstəricilər
deməyə əsas verir ki, Azərbaycan hökuməti əhalinin
maddi rifah halının yaxşılaşdırılması və
onların bütün sosial qayğılarla əhatə
olunmaları üçün güclü maliyyə
imkanlarına və islahatları dərinləşdirmək
iradəsinə malikdir. Ötən il ərzində sosial
siyasət kontekstində nəzərdə tutulmuş işlər
operativ və effektiv şəkildə davam etdirilib.
Qaçqın
və məcburi köçkünlərə qayğı
daxili siyasətin əsas istiqamətlərindən birini təşkil
edir
Eyni zamanda, ötən ilin pozitiv göstəricilərindən
biri də qaçqın və məcburi köçkün vəziyyətinə
düşmüş soydaşlarımıza yüksək səviyyəli
dövlət qayğısının təşkil edilməsi
olub. Prezident İlham Əliyevin qaçqın və məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılmasına yönəlmiş səyləri,
bu məqsədlə qəbul etdiyi qərarlar və həyata
keçirilmiş proqramlar öz bəhrəsini verib. Belə ki, işğal nəticəsində öz
evlərini tərk etməyə məcbur olmuş insanlar
arasında yoxsulluq həddi dəfələrlə azalıb,
bu kateqoriyaya məxsus insanların həyat səviyyəsi
kifayət qədər yüksəlib. Dövlətimizin
başçısı bu məsələyə toxunaraq qeyd
edib ki, ən ağır vəziyyətdə olan
soydaşlarımızın - məcburi köçkünlərin
problemləri də uğurla həll edilir: “Hər il 20 mindən
çox köçkün yeni evlərə
köçürülür. Bu il də bu məqsədlər
üçün böyük vəsait
ayrılmışdır və biz bu məsələni də
tədricən həll edirik”.
Göründüyü kimi, qaçqın və məcburi
köçkünlərə qayğı daxili siyasətin əsas
istiqamətlərindən birini təşkil edir.
“Sənaye
potensialımız gündən-günə güclənir”
Azərbaycan iqtisadiyyatının dinamik tərəqqisi sənaye
sektorunun intensiv inkişafında ifadə olunur. 2014-cü ildə
də sənayenin şaxələndirilməsi və modernləşdirilməsi
dövlətin diqqət mərkəzində olub.
Ümumiyyətlə, Azərbaycanda qeyri-neft sektorunun gələcək
illərdə də inkişafını təmin etmək
üçün hazırda ciddi proqramların icrasının
vacibliyini nəzərə alan Prezident
İlham Əliyevin 2014-cü ili “Sənaye ili” elan etməsi əhəmiyyətli
addımlardan biri hesab oluna bilər.
Azərbaycanda sənayenin inkişafına neft sektoru
impuls versə də, ümumilikdə, maşınqayırma,
metallurgiya, yeyinti və emal müəssisələri,
texnologiyalar, kimya kompleksi, mədənçıxarma və
filiz müəssisələri bu sahənin əhəmiyyətli
dərəcədə inkişaf meyilləri ilə
müşayiət olunmasına imkan yaradıb.
Digər
tərəfdən, ölkədə aparılan sənayeləşmə
siyasəti, sosial infrastrukturun yenilənməsi istiqamətində
görülən işlər, özəl sektorun fəaliyyətinin
stimullaşdırılması və azad rəqabətin
inkişafı üçün yaradılan əlverişli
mühit yeni iş yerlərinin açılması baxımından
əhalinin rifah halının
yaxşılaşdırılması, eləcə də vətəndaşlara
göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə
əhəmiyyətli təsir edib. Həmçinin
bütün bunlar sənayedə fəallığın
artmasına, ölkədə özəl sektorun - kiçik və
orta sahibkarlığın inkişafına güclü təkan
verib.
Nəticə
etibarilə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sənaye
potensialımız gündən-günə güclənir: “Azərbaycan
bu istiqamətdə çox böyük uğurlara imza
atmışdır və bu sahədə görülən
işlər bu il də istisna olmamışdır. Beləliklə,
bu il 230-dan çox yeni sənaye müəssisəsi
açılmışdır və bu da həm işsizliyin
aradan qaldırılmasına, həm də ixrac
potensialımızın inkişafına öz müsbət təsirini
göstərir. Biz özümüzü əsas
ərzaq məhsulları ilə artıq təmin edirik. Eyni mənzərəni tikinti materialları
bazarında da görmək istəyirik və biz bu məqsədə
çatırıq. Bildiyiniz kimi, icra edilən
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının əsas məqsədi də məhz bundan ibarətdir”.
Korrupsiyaya
qarşı mübarizə diqqət mərkəzindədir
2014-cü
ili xarakterizə edərkən
toxunulması lazım olan mühüm məsələlərdən
biri də korrupsiyaya və rüşvətxorluğa
qarşı prinsipial mübarizənin davam etdirilməsidir. Effektiv inzibati tədbirlərin görülməsi
sayəsində korrupsiyanın meydanının
daraldılması və bu cür neqativ hallara yol verən
şəxslərin cəzalandırılması təqdirəlayiq
hal kimi dəyərləndirilməlidir. Onu
da qeyd etmək lazımdır ki, “ASAN xidmət”in səmərəli
fəaliyyət göstərməsi də korrupsiya və
rüşvət hallarına son qoyulması baxımından əhəmiyyətli
olub.
Prezident
İlham Əliyev korrupsiyaya qarşı mübarizə məsələsinə
toxunaraq qeyd edib ki, korrupsiya və rüşvətxorluğa
qarşı ciddi mübarizə aparılır: “ASAN xidmət”
bu sahədə xüsusi yerə malikdir. Artıq
7 mərkəz yaradılmışdır, 3 milyon 500 min
müraciət edilmişdir. “ASAN xidmət”
ictimai xidmətlər sahəsində, korrupsiya və
rüşvətxorluğa qarşı mübarizədə
xüsusi rol oynayır. Bu xidmətin yaradılmasından
cəmi iki il keçdiyini nəzərə
alsaq, görürük ki, biz nə qədər böyük
irəliləyişə nail ola bilmişik. Korrupsiya
və rüşvətxorluğa qarşı bundan sonra da ciddi
mübarizə aparılacaq, həm cəza tədbirləri,
inzibati tədbirlər və sistem xarakterli tədbirlər
görüləcəkdir”.
Azərbaycan
istənilən şəraitdə öz ərazi
bütövlüyünü təmin edəcək
Xarici siyasət sahəsində əldə edilmiş
bütün nailiyyətlərə rəğmən, 2014-cü
ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində nəticə
olmamışdır. Xüsusilə də ötən il
baş verən hadisələr göstərdi ki, Ermənistan
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
status-kvonun saxlanılması üçün təxribatçı
fəaliyyətini davam etdirir. İkincisi,
bütün bunlar göstərir ki, işğalçı
ölkə beynəlxalq hüquq normalarına biganə
yanaşır, Dağlıq Qarabağ münaqişəsinin
sülh yolu ilə həllini istəmir. Məhz
son hadisələr Ermənistanın rəsmi dövlət
siyasətinin təcavüzkar, təxribatçı xarakterə
malik olduğunu göstərməklə yanaşı, həm
də işğalçı ölkə rəhbərliyinin
mövqe və siyasətinin beynəlxalq hüquq normaları
ilə təsbit olunmuş qanunlara, dəyərlərə zidd
olduğunu bir daha nümayiş etdirdi.
Əlbəttə, diplomatik vasitələrin səmərə
vermədiyi son məqamda beynəlxalq hüquq normalarında təsbit
edildiyi kimi, Azərbaycan öz ərazi
bütövlüyünü və təhlükəsizliyini təmin
etmək üçün hərbi metoda əl atacaq. Bu, Azərbaycanın beynəlxalq
hüquq normaları ilə təsbit edilmiş ali
hüququdur. Öz növbəsində, ordunun
döyüş və müdafiə qabiliyyətinin
artırılması Azərbaycanın öz
torpaqlarını işğaldan azad edəcəyinə dair
tam əminlik yaradır. Dövlətimizin
başçısı bu məqamlara toxunaraq qeyd edib ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq
hüququn norma və prinsipləri əsasında
öz həllini tapa bilər: “BMT Təhlükəsizlik
Şurasının qətnamələri icra edilməlidir. İşğalçı qüvvələr Azərbaycanın
işğal edilmiş torpaqlarından
çıxarılmalıdır, ölkəmizin ərazi
bütövlüyü bərpa edilməlidir. Bu, əsas prinsiplərdir. Biz bu
prinsiplər əsasında istənilən müqavilənin
imzalanmasına hazırıq”.
Azərbaycanın
daxili və xarici siyasəti müstəqillik və suverenlik
prinsiplərinə əsaslanır
Göründüyü kimi, Azərbaycanın daxili və
xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə
əsaslanır. Respublikamız xarici siyasi əlaqələrini,
siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə
müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə
və beynəlxalq təşkilatları özü seçir.
Azərbaycan öz təbii sərvətlərinin
sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini
dövlət maraqları və qarşılıqlı
faydalılıq prinsipləri əsasında
reallaşdırır.
Bir məqama da xüsusi olaraq toxunmaq gərəkdir ki, Azərbaycanın
həqiqi mənada müstəqil dövlət olması
müasir beynəlxalq münasibətlər sisteminin suveren aktorları
tərəfindən mütləq surətdə qəbul edilir. 2011-ci ildə Azərbaycanın
155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi, quruma 2 dəfə
uğurla sədrlik etməsi, həmçinin Avropa
Şurası Nazirlər Komitəsinə sədrlik müddətini
müvəffəqiyyətlə başa vurması ölkəmizin
artan siyasi nüfuzundan xəbər verir. Prezident İlham
Əliyevin qeyd etdiyi kimi, dünyada yaşayan bütün azərbaycanlılar
haqlı olaraq fəxr edirlər ki, bu gün qüdrətli,
müstəqil Azərbaycan dövləti vardır: “Müstəqillik
bizim üçün ən böyük xoşbəxtlikdir, ən
böyük sərvətdir. Biz 23 ildir ki,
müstəqilik və müstəqil siyasət
aparırıq. Milli maraqlar, milli dəyərlər
üzərində qurulmuş bu müstəqil siyasət
bugünkü Azərbaycan reallıqlarını təmin edir.
Bu gün Azərbaycan dinamik, sürətlə
inkişaf edən ölkədir. Azərbaycan
demokratiya, azadlıq, müstəqillik, tərəqqi,
inkişaf yolu ilə uğurla gedən ölkədir. Əminəm, dünyada yaşayan bütün azərbaycanlılar
fəxr edirlər ki, bu gün dünya xəritəsində Azərbaycan
kimi dövlət var, öz sözünü deyir, deyəcək
və bizim uğurlu inkişafımız bundan sonra da təmin
ediləcəkdir”.
Nurlan QƏLƏNDƏRLİ
Yeni
Azərbaycan.-2015.- 7 yanvar.- S.2.