Dünəndən bu günə Qarabağ atları...

 

Maarif Hüseynov: Cənab Prezident bu tarixi Sərəncamı ilə Qarabağ atlarının şöhrətini özünə qaytardı

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il noyabrın 19-da Qarabağ atı cinsinin inkişafına əlavə dəstək haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Qarabağ atı cinsinin inkişaf etdirilməsi və bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi məqsədi ilə 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 2 milyon manat ayrılıb. Biz də Sərəncamın əhəmiyyəti və hazırda həmin Atçılıq Mərkəzində mövcud vəziyyəti öyrənmək üçün Ağdam Atçılıq Mərkəzinin direktoru Maarif Hüseynovla əlaqə saxladıq.

- Maarif müəllim, istərdik, ilk olaraq, bu Sərəncamın əhəmiyyəti barədə danışaq...

- Öncə mən Qarabağ camaatının, Atçılıq Mərkəzinin kollektivinin adından bu tarixi Sərəncama görə cənab Prezidentə öz təşəkkürümü bildirirəm. Ulu öndər Heydər Əliyev də Qarabağ atlarına böyük diqqət və qayğı göstərirdi. Bu gün Onun uğurlu siyasətini davam etdirən Prezident İlham Əliyev də Qarabağ atlarına eyni diqqət və qayğını göstərir. Cənab Prezident tariximizi yüksək tutaraq, Qarabağ atı cinsinin damazlıq özəyinin qorunması və inkişaf etdirilməsi, seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılmasının təmin edilməsi məqsədi ilə bu Sərəncamı imzaladı və mən belə deyərdim ki, bu Sərəncamla Qarabağ atının genofondu təkrar özünə qaytarıldı.

- Yeri gəlmişkən, Ağdam Atçılıq Mərkəzinin tarixinə qısa bir nəzər salmağınızı xahiş edərdik...

- XX əsrdə Qarabağ atı cinsinin tarixində ən önəmli hadisə Ağdam Atçılıq Zavodunun yaradılmasıdır. Zavodun komplektləşdirilməsi üçün əvvəlcədən hazırlıq işləri görülərək hələ 1946-cı ildə Xalq Torpaq Komissarlığının xüsusi komissiyası Qarabağ atlarının geniş yayıldığı Ağdam, Şuşa, Xocavənd, Bərdə, Yevlax, Tovuz rayonlarını gəzərək cinsin xarakterik əlamətlərini özündə saxlayan 60 baş Qarabağ atı, o cümlədən 59 baş madyan və 1 baş ayğır seçib. 1947-ci ilin payızında seçilən həmin atlar Azərbaycan SSR Sovxozlar və Kənd Təsərrüfatı nazirliklərinin mütəxəssisləri tərəfindən bir daha baxışdan keçirilərək onlardan 27 baş madyan daha tipik Qarabağ atı kimi müəyyən edilib və 1948-ci ilin yazında həmin madyanlar balaları ilə birlikdə Yevlax rayonunun Xaldan quşçuluq sovxozuna gətirilərək zavodun əsası qoyulub. Lakin yeni yaradılan at zavodu üçün Xaldan quşçuluq sovxozunun ərazisi əlverişli deyildi. Buranın yay ayları həddən artıq isti, torpaqbitki örtüyü Qarabağınkından xeyli fərqli idi. Ona görə də zavod 1949-cu ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndinə köçürülüb. Ağdam Atçılıq Zavodunun yaradılması Qarabağ atının cins tərkibinin yaxşılaşdırılmasında böyük rol oynayıb.

- Maarif müəllim, Qarabağ atları digər at növlərindən nə ilə fərqlənirlər?

- Azərbaycan atları uzun əsrlər boyu müəyyən təbii-tarixi şəraitin təsiri nəticəsində, həyat tələbatı sayəsində dəyişikliyə uğrayıb. Bunun nəticəsində isə bir sıra yerli at cinsləri əmələ gəlib. Bunlardan biri də Azərbaycanın Qarabağ bölgəsində formalaşan məşhur Qarabağ atlarıdır. Alimlər bir çox tədqiqatlardan, müxtəlif tarixi mənbələrdən belə qənaətə gəliblər ki, Qarabağ atları öz mənşəyini ən qədim zamanlarda Azərbaycan ərazisində mövcud olmuş Manna, Midiya atlarının nəslindən, əsas etibarilə, Nesey (Xəzərin cənub-qərbində yerləşən Nesey düzənliyinin adı ilə bağlıdır) atlarından götürüb.

Qarabağ atlarının cins kimi təkmilləşdirilməsində və böyük şöhrət qazanaraq geniş yayılmasında Qarabağın Xan zavodlarının əvəzsiz rolu olub. Belə ki, Qarabağ xanları Pənah xanın, İbrahim xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın, Xurşidbanu Natəvanın və digər xan zümrəsinə daxil olan sülalələrin nümayəndələrinə məxsus zavod və tövlələrdə klassik zavod atçılığı səviyyəsində damazlıq işləri aparılıb. Qarabağın Xan zavodlarında əsasən 4 tipə aid atlar saxlanılıb - Maymun, Qarnıyırtıq, Əlyetməz və Toxmaq. Maymun tipinə aid olan atlar uzaq yürüşlərə davamlı olmaqla, sakit temperamentli, hündürlüyə hoppanmağa bir qədər meyilli olublar. Qarnıyırtıq tipinə aid olan atlar çox yaraşıqlı, boynu hündür duruşlu olmaqla, güc və davamlılığına görə Maymun tipindən geri qalıblar. Əlyetməz tipi isə daha çox qısa məsafələrə qaçışda digərlərini ötən, hündür sıçrayışlı, ceyranı xatırladan yaraşıqlı və oynaq bədən quruluşuna malik olub. Bu atlara xalq arasında Ceyran da deyirdilər. Bundan əlavə, zavodçular Toxmaq tipinə də üstünlük veriblər. Bu atlar nisbətən iri bədənli, rəngi sarı-qızılı, yalı və ayaqları isə tünd kəhər rəngdə olub.

Tipik dağ minik atı olan Qarabağ atlarının süysününün hündürlüyü 148,5 santimetr, döş qucumu 165,8 santimetr, əldarağının çevrəsi 18,3 santimetrə qədərdir. Qarabağ atları əsasən qızılı-kürən və kəhər rəngli, dözümlü, ortaboylu, bədən quruluşu mütənasib, ilxı şəraitinə davamlıdırlar.

Qarabağ atları bir çox beynəlxalq sərgilərdə dəfələrlə təmsil olunublaruğur qazanıblar. Məsələn, 1867-ci ildə Fransada keçirilən sərgidə “Xan” ləqəbli Qarabağ atı yüksək mükafatlar alıb, 1869-cu ildə keçirilmiş Ümumrusiya at sərgisində Maymun gümüş, Toxmaq bürünc medala, Xan qızı Natəvanın Əlyetməz adlı atı isə attestata layiq görülüb. Qarabağ atları Rusiyaya, həmçinin Avropanın bir sıra ölkələrinə aparılıb, at cinslərinin, o cümlədən, KabardinDon atlarının yaxşılaşdırılmasına təsiri olub. 1956-cı ildə sovet hökuməti tərəfindən İngiltərə kraliçası II YelizavetayaZaman” adlı Qarabağ atının hədiyyə edilməsi cinsin tarixində mühüm hadisələrdən hesab edilir.

- Bu gün Qarabağ atları cinsinin qorunması, bu nəslin artırılması istiqamətində hansı işlər görülür?

- Bildiyiniz kimi, 1993-cü il Qarabağ atlarının Vətəndən köçkün düşdüyü il kimiyadda qalıb. Erməni təcavüzü yalnız insanlara deyil, dünyada böyük şöhrəti olan Qarabağ atlarına da yönəlib. Əfsus ki, 1993-cü ildə Ağdam rayonunun erməni təcavüzkarları tərəfindən işğal edilməsindən sonra Azərbaycanın milli sərvəti, yerli genofondumuzun əsaslarından olan Qarabağ atları köçkünlük həyatı yaşayır. Həmin ilin avqust ayında Ağdam Atçılıq Zavodu erməni təcavüzkarları tərəfindən işğal edildi. Erməni qoşunları rayon ərazisinə daxil olan zaman onları ilk növbədə maraqlandıran obyektlərdən biri məhz atçılıq zavodu idi. Lakin ermənilər bu istəklərinə nail ola bilmədilər, fədakar atçılar Qarabağ atlarını döyüş bölgəsindən çıxara bildilər. Atları döyüş bölgəsindən çıxararaq əvvəlcə rayonun Üçoğlan kəndindəki quşçuluq fermasına, sonra Yevlax rayonundakı “Aran” damazlıq qoyunçuluq təsərrüfatının ərazisinə, daha sonra isə Bakı şəhərində cıdır meydanına gətirdik. 1994-cü ildən Ağcabədi rayonunun Xamtorpaq ərazisinə köçürdük. Buranın torpağı, suyu, bitki örtüyü Qarabağ atlarının doğma yerləri olan Ağdamın əvəzini verə bilməsə də, ötən dövr ərzində atlar onlar üçün əlverişsiz şəraitdə qalmağa uyğunlaşıblar. Hazırda Ağdam Atçılıq Zavodunda 230 başa qədər at saxlanılır. Hər il 30-40 bala alınır. Onlar böyüdülərək qocalıb sıradan çıxmış atları əvəz edir, bir qismi məşq etdirilərək öyrədilir və Bakı Dövlət Cıdır Meydanına göndərilir.

- Maarif müəllim, mütəxəssislər qeyd edirlər ki, atlara, həmçinin də, Qarabağ atlarına xüsusi qulluq tələb olunur. Burada hansı fərqli nüanslar nəzərə alınır?

- Bəli, atlar özünəməxsus şəkildə qulluq istəyir. Atlar fərdi saxlanmalıdır, törədici ayğır ayrı saxlanmalıdır, onların maneji olmalıdır, ana madyanlar hər biri ayrıca qəfəsdə saxlanmalıdır. Doğulan balalar 6 aylığından sonra hər biri ayrıca qəfəsdə saxlanılmalı və onlar öyrədilməlidir. Ərazinin şoranlıq olması da atların inkişafında problemlər yaradır. 15 il əvvəl qrunt sularının təmizlənməsi üçün ərazidə başlanan meliorasiya işləri yarımçıq qalıb. Bundan başqa, torpaqlar işğal olunmazdan əvvəl Qarabağ atları hər il Ağdamdan Laçına, Kəlbəcərə yaylağa aparılırdı, ancaq indi onlar yaylaq üzünə həsrət qalıb. Təbii ki, bizim bu işləri həyata keçirməyə imkanımız yox idi. Amma indi həmin bu problemlərin hamısını yoluna qoyacağıq. Bundan başqa, həmin atların daldalanması üçün tövlələr, dalanlar tikiləcək. Mən bir daha qəzetiniz vasitəsi ilə hörmətli Prezidentimizə öz təşəkkürümü bildirirəm ki, bizə bu şəraiti yaratdı. Cənab Prezident bu tarixi Sərəncamı ilə Qarabağ atlarının şöhrətini təzədən özünə qaytardı.

 

Söhbətləşdi: Oktay HACIMUSALI

Yeni  Azərbaycan.-2015.- 8 yanvar.- S.6.