Azərbaycan Ordusunun gücü qələbəmizi yaxınlaşdıran əsas amildir

 

Prezident İlham Əliyev: Azərbaycan Ordusu hər an Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır, buna qadirdir

 

Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan dövləti üçün ən başlıca məsələdir. Münaqişənin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl siyasət davam etdirilir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, son illərdə qazanılan mühüm uğurlar, ölkə Prezidentinin həyata keçirdiyi hücum xarakterli diplomatiya Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində aşkar şəkildə önə çıxmasını təmin edib. Artıq bir sıra beynəlxalq təşkilatlar Ermənistanın işğalçı siyasət apardığını bildirir, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi daha gur ifadə olunur.

Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu məsələni xüsusi vurğulayıb. Dövlət başçısı qeyd edib ki, münaqişənin həll olunmamasına səbəb Ermənistanda kriminal, qanlı diktatura rejiminin mövcudluğudur: “Ermənistan sülh istəmir. Bütün səylərini ona qoyub ki, sülh danışıqları aparılmasın, yaxud da ki, imitasiya naminə aparılsın. Bu il vasitəçilər fəallıq göstərmişdilər, bunu biz qeyd etməliyik. Rusiya, Amerika, Fransa - bu ölkələrin rəhbərləri ardıcıllıqla avqust, sentyabr, oktyabr aylarında üçtərəfli görüşlər keçirmişlər. Mən bunu yüksək qiymətləndirirəm və bu ölkələrə minnətdaram. Ancaq Ermənistan bu görüşlərdə özünü səmimi aparmamışdır. Bundan əlavə, Paris görüşündən iki həftə keçməmiş işğal edilmiş torpaqlarda genişmiqyaslı hərbi təlimlərə başlamışdır. Bu təlimlərin bir məqsədi var idi - Azərbaycanı provokasiyaya çəkmək, təxribat törətmək və danışıqlar prosesinə zərbə vurmaq. Eyni hadisəni biz yay aylarında görmüşdük. O vaxt da erməni təxribatçı qrupları Azərbaycan mövqelərinə hücum çəkmişdilər. Ancaq Azərbaycan Ordusu onlara layiqli cavab vermişdir, 50-dən çox işğalçı məhv edilmişdir. Bu ilin sonlarında da buna oxşar hadisə baş vermişdir. Yenə də Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək onu yerinə oturtdu. İşğalçı dövlət bilməlidir ki, qüdrətli Azərbaycan Ordusu istənilən vaxtda öz ərazi bütövlüyünü bərpa edə bilər”.

Cənubi Qafqaz regionunun ən güclü ordusu Azərbaycan Silahlı Qüvvələridir

Amma bu da bir həqiqətdir ki, artıq illərdir, Ermənistan özünün qeyri-konstruktiv mövqeyi ilə münaqişənin sülh danışıqları vasitəsilə həllinə maneçilik törədir. Məhz bunun nəticəsidir ki, problemin həlli istiqamətində zaman-zaman alternativ yollar, o cümlədən, müharibə variantı da gündəmə gəlir. Təbii ki, Azərbaycan tərəfi hər zaman münaqişənin həlli prosesində sülh yoluna üstünlük verdiyini qeyd edir. Bununla yanaşı, ölkəmiz torpaqlarımızın işğaldan azad edilməsi uğrunda digər variantlardan da istifadə etməyə hazırdır. Bu gün Cənubi Qafqaz regionunun ən güclü ordusu məhz Azərbaycan Silahlı Qüvvələridir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimini izləyən ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxışı zamanı bildirib ki, Azərbaycanda güclü ordu vardır: “Ordunun potensialı gündən-günə möhkəmlənir, güclənir. Ordu quruculuğu bizim dövlət siyasətimizdir, prioritetdir və son illərdə bu istiqamətdə çox böyük işlər görülmüşdür. Ordumuz yeni texnika ilə təchiz edilir. Bu gün bu texnikanın bir hissəsi burada nümayiş etdirilmiş və sonra təlimlərdə iştirak etmişdir.

Bu gün Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Bu göstəriciyə görə bizim ordumuz dünyada ən güclü ordular sırasındadır”.

Ölkəmizdə hər zaman büdcədən müdafiə xərclərinə ayrılan vəsaitin həcminin artırılması istiqamətində davamlı tədbirlər görülüb. Bunun nəticəsidir ki, artıq Azərbaycanın dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsait Ermənistanın dövlət büdcəsindən çoxdur.

Qeyd edək ki, Azərbaycanda ordu quruculuğu Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra bütün sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də təxirəsalınmaz tədbirlər görüldü. 1994-cü il mayın 12-də atəşkəsin elan olunması ilə müasir Azərbaycan dövlətçiliyinin əsas dayağına çevrilən ordu quruculuğu prosesinə start verildi.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Qeyd etmək lazımdır ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev Azərbaycanda müasir ordu quruculuğu siyasətini uğurla həyata keçirir. Müharibə şəraitində yaşayan bir ölkə kimi Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi Milli Ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Əlbətdə, Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrələrini verib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində planlı, elmi əsaslarla aparılan ordu quruculuğu sahəsində məqsədyönlü işlər görülüb. Bu illər ərzində hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədə olub, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Görülən işlərin nəticəsidir ki, işğalçı Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri ilə müqayisədə çox zəif görünür. Ötən il avqust ayının əvvəlində düşmənin təmas xəttində törətdiyi təxribata tutarlı cavabın verilməsi buna sübutdur. Xatırladaq ki, 6 avqust 2014-cü ildə Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə olarkən düşmən hücumlarının dəf olunmasında iştirak etmiş qəhrəman hərbçilərimizi mükafatlandırıb. Hərbçilər qarşısında çıxış edən dövlətimizin başçısı vurğulayıb: “Bütün dünya Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Biz heç vaxt Azərbaycan torpağında ikinci qondarma “erməni dövləti”nin yaradılmasına imkan verməyəcəyik, öz ərazi bütövlüyümüzü bərpa edəcəyik: ya sülh yolu ilə, ya hərbi yolla. Biz hər iki varianta hazırıq. Son həftə ərzində və ondan əvvəlki dövrdə təmas xəttində müşahidə olunan mənzərə onu deməyə əsas verir ki, biz istənilən varianta hazırıq. Necə ki, siyasi və iqtisadi meydanda ermənilərə qalib gəlmişik, döyüş meydanında da onlara qalib gəlməyə qadirik”.

Bunlarla yanaşı, aviasiyada hava hücumundan müdafiə üzrə yeni texnikaların alınması, mövcud texnikanın təmiri və modernləşdirilməsi nəticəsində hissə və bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanları artırılıb. Aviasiya üzrə yeni kompleks uçuş simulyatorlarının alınması və quraşdırılması nəticəsində uçuş heyətinin hazırlığının keyfiyyəti yüksəlib və aviasiya texnikasının texniki resurslarına qənaət olunub. Zenit-raket qoşunları üzrə zenit-raket komplekslərinin modernləşdirilməsi nəticəsində döyüş texnikasının səmərəliliyi və atəş imkanları artırılıb. Hərbi Hava Qüvvələrinin modernləşdirilmiş döyüş texnikalarında rəqəmsal məlumat mübadiləsinin təmin edilməsi üçün yeni rabitə kanalları yaradılıb. Hərbi Dəniz Qüvvələrinin döyüş potensialının gücləndirilməsi istiqamətində də işlər görülür. Bütün bu tədbirlər nəticəsində Azərbaycan Ordusu yüksək döyüş hazırlığına nail olub və qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdir.

Eyni zamanda, müvafiq sahədə kadr potensialının inkişaf etdirilməsi istiqamətində davamlı və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu kontekstdə qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin hazırda xaricdə təhsil alan hərbi qulluqçularının sayı 250 nəfərdən çoxdur. Azərbaycan-NATO əlaqələri və ikitərəfli əməkdaşlığa əsasən, digər dövlətlərin hərbi təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə kifayət qədər gənclərimiz təhsil alırlar. Bundan başqa, Azərbaycanın müxtəlif ölkə və qurumlarla hərbi əməkdaşlığını uğurla davam etdirməsi ordu quruculuğuna mühüm töhfələr verir.

Ölkəmizin müdafiə sənayesi inkişaf edir

Beləliklə, ötən müddət ərzində ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində hüquqi baza möhkəmləndirilib, hərbi hissələrdə möhkəm nizam-intizam yaradılıb, hərbçilərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində işlər görülüb. Sadalanan məsələlərə paralel olaraq milli ordunun maddi-texniki bazasının yerli məhsullar hesabına genişləndirilməsi də daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdafiə sənayesinin inkişafı ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarının yerinə yetirilməsi ölkəmizdə hərbi sənaye bazasının daha da möhkəmlənməsinə səbəb olub. Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ilin 16 dekabrında yaradılan Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən qısa müddət ərzində ölkədə xeyli sayda istehsal sahəsi yaradılıb, istehsal olunan müdafiə təyinatlı məhsulların çeşidləri yüzlərlədir. Prezident İlham Əliyev bildirib ki, bugünkü dünyada daha çox yüksək dəqiqliyə və böyük dağıdıcı qüvvəyə malik olan silahlar üstünlük təşkil edir: “Bu silahları biz alırıq və alacağıq. Eyni zamanda, Azərbaycanda son illərdə yerli istehsal da təşkil edilibdir. 2005-ci ildən bu günə qədər Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 900 adda hərbi təyinatlı silah-sursat istehsal olunubdur və bu gün bu proses davam etdirilir. Gələcəkdə biz sursatlarla, texnika ilə özümüzü tam şəkildə təmin etməliyik. Eyni zamanda, ən müasir müxtəlif texnika alınır, alınacaqdır. Müasirləşmə prosesi daim aparılmalıdır”.

Azərbaycanda müdafiə sənayesinin inkişafı ilə bağlı həyata keçirilən davamlı layihələr ildən-ilə daha geniş vüsət alır və bu sahədə mühüm nailiyyətlər əldə olunmaqdadır. Ümumiyyətlə, son illər müdafiə sənayesi bölməsinə böyük həcmdə maliyyə vəsaitləri yönəldilib ki, bu da respublikamızın hərbi-sənaye sektorunda yeni məhsulların istehsalına əlverişli imkan yaradıb. Son illər Azərbaycanın istehsal etdiyi hərbi təyinatlı məhsulların çeşidi artıb və müdafiə sənayesinə aid müəssisələrdə ən son texnologiyalara əsaslanan avadanlıqlar quraşdırılıb. Bu isə həmin müəssisələrin istehsal imkanlarının artmasına səbəb olmaqla yanaşı, ən modern hərbi məhsulların istehsal olunmasına imkan verib.

Belə ki, Azərbaycan hazırda iriçaplı snayper tüfəngləri, müxtəlif təyinatlı tapançalar, iriçaplı güllələr, minaatanlar, qumbaraatanlar, aviabombalar, uzaqdan idarə olunan mina partladıcı məhsulları, piyadalar əleyhinə minalar, zirehli texnikalar və onların hissələri, radioelektron məmulatlar, elektron çap lövhələri, artilleriya minaları, optik cihazlar və digər texnikalar istehsal edir. Respublikamızın istehsal etdiyi bir sıra hərbi məhsullar bütün texniki parametrlərinə görə, dünya dövlətlərinin analoji texnikalarından üstünlüyü ilə fərqlənir. Məsələn, “Zəfər”, “Zəfər-K”, “İnam” tapançaları, PKT, PKM, “İstiqlal-1” pulemyotları və digər məhsullar hərbi-texniki və keyfiyyət göstəricilərinə görə, dünya müdafiə sənayesi sektorunda ən qabaqcıl silahlardan hesab olunur. “İqlim”də istehsal olunan “Boran” artilleriya qurğusu, iriçaplı yarımavtomat “İstiqlal” snayper tüfəngi, piyadalar əleyhinə minalar və digər məhsulların da dünyada analoqu yoxdur. Həmin texnikalar ən çətin coğrafi-fiziki şəraitlərdə döyüş tapşırığının yerinə yetirilməsinə və qarşıya qoyulan tələblərə yüksək səviyyədə nail olmağa imkan verir.

Onu da qeyd edək ki, Azərbaycanın istehsal etdiyi hərbi məhsulların beynəlxalq sərgilərdə nümayiş olunması da artmaqdadır və respublikamız dünyanın ən iri hərbi sərgilərində ən yüksək səviyyədə təmsil olunur. Məsələn, Azərbaycan dünyanın ən böyük hərbi sərgilərindən olan SOFEX, AAD-Afrika Aerospace Defence və İDEF beynəlxalq sərgilərində iştirak edib.

Azərbaycan ordusunda böyük ruh yüksəkliyi var

Ordunun döyüş qabiliyyətini müəyyən edən mühüm faktorlardan olan vətənpərvərlik ruhu da Azərbaycan Silahlı Qüvvələrinin səciyyəvi keyfiyyətlərindəndir. Şübhəsiz, ərazi bütövlüyünün bərpası yönündə fəaliyyət təkcə ordunun gücləndirilməsi ilə məhdudlaşmır. Azərbaycan həm də bu illər ərzində özünün həm sosial-iqtisadi, həm də hərbi qüdrətini dəfələrlə artıraraq düşmən üzərində hərtərəfli üstünlüyə nail olub. Bununla Azərbaycan istər Ermənistana, istərsə də onun havadarlarına göstərir ki, ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz və Azərbaycan heç vaxt öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Azərbaycan ilə Ermənistan arasındakı qüvvələr fərqi, regionda gedən proseslər onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü mütləq bərpa edəcək. Xalqımızın daim bu inamla yaşaması, vətənpərvər gənc nəslin yetişməsi və mövcud xalq-iqtidar birliyi Azərbaycanın ərazi bütövlüyünün bərpasını daha da yaxınlaşdırır. Bu baxımdan, Azərbaycan ordusunun gücünün artırılması işğalçı Ermənistan üzərində həm davamlı psixoloji təzyiq vasitəsidir, həm də münaqişənin həllinin sülh yolu ilə tənzimlənməsi imkanları tükənəcəyi zaman həlledici qüvvəyə çevriləcək. Bu səbəbdən, ordunun gücləndirilməsi qarşıdakı illərdə də davam etdiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev 28 avqust 2014-cü ildə Beyləqanda yeni istifadəyə verilmiş Gənclər Mərkəzində rayon gəncləri və ictimaiyyət nümaynədələri ilə görüşü zamanı Azərbaycanın Ermənistandan dəfələrlə üstün olduğunu bildirib: “Hərbi potensial baxımından Azərbaycan Ordusu nəinki Ermənistanla müqayisədə, dünya miqyasında güclü ordular sırasındadır. Gündən-günə gücümüz artır. Bilirsiniz ki, böyük vəsait ayrılır və ayrılacaqdır. Hərbi xərclər bizim dövlət büdcəmizin əsas xərcləridir və bu, gələcək illərdə də belə olacaq. Biz xərcləri artıracağıq. Ordumuzun peşəkarlığı artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir və Azərbaycan cəmiyyəti bir amal uğrunda birləşibdir. Bu, Azərbaycanın inkişafı, müasir dövlət quruculuğu prosesi və işğal edilmiş ərazilərimizin qaytarılması məsələləridir”.

Dövlət başçısının orduya qayğısı, hərbi hissələrə davamlı olaraq baş çəkməsi, cəbhə bölgəsində xidmət göstərən hərbçilərlə görüşməsi onlarda ruh yüksəkliyini daha da artırır. Güclü ordu həm də müstəqilliyin qarantıdır. Azərbaycan ordusunun gücü və imkanları müstəqilliyimizin sarsılmazlığına inamı artırır. Prezident İlham Əliyev vurğulayıb: “Biz hələ ki, danışıqlara sadiq qalacağıq. Ancaq bir daha demək istəyirəm ki, səbrimiz tükənir və Azərbaycan Ordusu hər an Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır, buna qadirdir. Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır. İşğal edilmiş torpaqlar ilk növbədə azad olunmalıdır, ondan sonra Dağlıq Qarabağ, - o da işğal edilmiş torpağımızdır, - Azərbaycan nəzarətində olmalıdır. Azərbaycan bayrağı işğal edilmiş bütün şəhərlərdə, o cümlədən Şuşada, Xankəndidə qaldırılmalıdır və qaldırılacaqdır. Bu, bizim əsas vəzifəmizdir. Biz bu vəzifəyə çatacağıq. Biz hər gün, hər an bu hədəfə yaxınlaşırıq”.

 

Nardar BAYRAMLI

Yeni  Azərbaycan.-2015.- 9 yanvar.- S.2.