Azərbaycan və Böyük Britaniya bir çox sahələrdə ortaq maraqlara sahibdir

 

Rəsmi London ölkəmizi regionda vacib tərəfdaşı kimi görür

Xəbər verildiyi kimi, yanvarın 7-də Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində (ATM) olub. Tərcümə Mərkəzindən AzərTAc-a bildirilib ki, mərkəzin direktoru Afaq Məsud qonağa qurumun tarixi, fəaliyyət istiqamətləri, perspektivləri barədə məlumat verib.

Afaq Məsud deyib ki, Tərcümə Mərkəzi artıq 25 ildir fəaliyyət göstərir: “Bu illər ərzində biz yalnız bədii tərcümə sahəsində dünya ədəbiyyatından yüzlərlə əsərin tərcüməsini və nəşrini həyata keçirmişik. Mərkəzin yeni statusu fəaliyyət dairəmizi genişləndirib. İndi biz təkcə bədii əsərlərin tərcüməsi ilə yox, tərcümənin digər sferalarında gedən proseslərə nəzarəti, bu sahənin təhsil mərhələsindən başlayaraq təkmilləşdirilməsi və tənzimlənməsi işini həyata keçirməyə çalışacağıq”.

Öz növbəsində ölkələrimiz arasında dostluq münasibətlərinin günbəgün inkişaf etdiyini bildirən İ.Siddiq deyib: “Mərkəzin İngiltərə ədəbiyyatından tərcümə və nəşr etdiyi kitabların kataloqu ilə tanış oldum. Bu qədər dəyərli əsərin Azərbaycan dilinə çevrilməsini təqdirəlayiq hadisə hesab edirəm. Xüsusən, diqqətimi tərcümə olunan ədəbiyyatların və müəlliflərin seçimi cəlb etdi. O mənada ki, olduqca görkəmli müəlliflərin əsərlərini dilinizə çevirmisiniz”.

Tərcümə Mərkəzinin gələcək planlarından söz açan mərkəzin direktoru Afaq Məsud bildirib ki, biz dünya ədəbi fikrini Azərbaycan oxucusuna çatdırmaqla yanaşı, ədəbiyyatımızın, onun tarixinin, elmi-fəlsəfi fikrinin dünyada təbliğinə də çalışırıq. Bu istiqamətdə nəzərdə tutulan mühüm əhəmiyyətli işlərdən biri də Azərbaycan dilinin xarici ölkələrin təhsil ocaqlarında tədrisinin təşkilidir.

Səfirliyin mərkəzlə qarşılıqlı əməkdaşlığı məsələsinə toxunan diplomat isə diqqətə çatdırıb ki, hazırda Kembric və Oksford universitetlərində Azərbaycan dilinin tədrisi ilə bağlı müəyyən hazırlıq işləri gedir və biz Tərcümə Mərkəzinin də bu işə öz töhfəsini verəcəyinə ümidvarıq. Ölkələrimiz arasında bu mədəni, ədəbi mübadilələrimiz, təhsil sahəsindəki əməkdaşlığımız qarşılıqlı və daimi olacaq.

Ümumiyyətlə, qeyd etmək yerinə düşər ki, Azərbaycan-Böyük Britaniya əlaqələri neçə illərdir müxtəlif sahələrdə yüksələn xətlə irəliləyir. İki ölkə arasında siyasi əlaqələrin əsası 1991-ci ilin dekabrında Britaniyanın Azərbaycanın müstəqilliyini tanımasından sonra qoyulub. Böyük Britaniya, həmçinin, ölkəmizin müstəqilliyinin ilk dövrlərində ATƏM-də (1995-ci ildən ATƏT) iştirakına dəstək verən ilk dövlətlərdəndir. Azərbaycanla Britaniya arasında dipomatik əlaqələr bu ölkənin Xarici İşlər Nazirliyinin keçmiş dövlət katibi Hon Duqlas Hoqqun 1992-ci ilin mart ayında Bakıya səfəri ilə qurulub. Həmin səfər çərçivəsində qarşılıqlı diplomatik əlaqələrin qurulması barədə razılaşmanın imzalanması ilə hökumət başçıları, parlamentlərarası səviyyədə, habelə iqtisadi, humanitar, təhsil və digər sahələrdə münasibətlərin təməlinin qoyulmasına şərait yaranıb. Bundan qısa müddət sonra, yəni 1992-ci ilin sentyabrında Britaniyanın ölkəmizdəki səfirliyi fəaliyyətə başlayıb. Britaniyanın və dünyanın ən böyük neft şirkəti “bp” Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən ölkədə neft istismarı məqsədilə müəyyən addımlar atıb. 1992-ci ilin sentyabrında Birləşmiş Krallığın keçmiş baş naziri Marqaret Tetçer Azərbaycana qeyri-rəsmi səfərə gəlib. O, ingilis və Norveç şirkətlərinin Azərbaycan tərəfi ilə neft yataqlarının işlənməsi barədə hazırlıq sazişinin imzalanmasında iştirak edib.

İki ölkə arasında baş tutan çoxsaylı qarşılıqlı səfərlər müxtəlif sahələrdə əlaqələrin inkişafına öz töhfəsini verib. Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin inkişafında Ümummilli lider Heydər Əliyevin bu ölkə rəsmiləri ilə keçirdiyi görüşlərin isə xüsusi rolu olub. Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə bu ölkəyə səfəri də iki dövlətin münasibətləri baxımından səmərəli olub. Sözügedən səfər zamanı Azərbaycan Respublikası və Böyük Britaniya arasında “Dostluq və əməkdaşlıq haqqında birgə bəyannamə” imzalanıb. Bu bəyannamədən əlavə, müxtəlif sahələrdə (vergi, energetika, aviasiya və digərləri) əməkdaşlıq üzrə daha səkkiz müqavilə bağlanıb. Ümummilli lider həmin səfəri zamanı Britaniyanın Kral Beynəlxalq Əlaqələr İnstitutunda Azərbaycanla bağlı geniş nitq söyləyib. Ulu öndər bu ölkənin böyük şirkətlərinin nümayəndələri ilə də görüşlər keçirərək onları əməkdaşlıq üçün Azərbaycana dəvət edib. Londonda aparılan danışıqlar və bağlanılan sazişlərdən sonra 20 sentyabr 1994-cü ildə Bakıda Böyük Britaniyanın “bp” şirkətinin ən çox paya malik olduğu ARDNŞ ilə xarici neft şirkətləri konsorsiumu arasında “Əsrin müqaviləsi” adlanan neft sazişi bağlanıb. Həmin imzalama mərasimində Britaniyadan energetika nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Onu da qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Azərbaycan və Britaniya rəsmilərinin görüşlərində hər zaman diqqət mərkəzində saxlanılıb. Belə ki, 1993-cü ildə Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirərkən, Ali Sovetin Sədri kimi Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb. Görüş Ermənistanın Azərbaycana qarşı təcavüzünün qızğın dövründə, erməni silahlı birləşmələrinin Azərbaycanın Ağdam rayonuna hücumları vaxtı keçirilib. Heydər Əliyev Britaniyanın Azərbaycanda daimi səfirinin fəaliyyətə başlamasının zəruriliyini bildirməkdən əlavə, Ermənistanın təcavüzü ilə də bağlı ingilis diplomatına məlumat verib.

Səfir isə Britaniya hökumətinin Azərbaycanın sərhədlərinin toxunulmazlığını tanıdığını deyib və həmin dövrdə BMT Təhlükəsizlik Şurasının sədri kimi Birləşmiş Krallığın öz səlahiyyətlərindən məsələnin həllində kömək üçün istifadə edəcəyini bildirib. Bunun ardınca həmin il Britaniya hökuməti Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasına etirazını bildirib və BMT TŞ-də müzakirələr nəticəsində sədrlik edən Britaniyanın da dəstəyi ilə Ağdamın və digər ərazilərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalını pisləyən 853 saylı qətnamə qəbul olunub. Ümumilikdə, Böyük Britaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir.

Onu da vurğulayaq ki, 1994-cü ilin yanvar ayında Britaniyada Azərbaycan səfirliyinin açılmasından sonra iki ölkənin təmsilçiləri arasında qarşılıqlı səfərlər mütəmadi xarakter alıb. 3 yanvar 1996-cı il tarixində Böyük Britaniyadan Azərbaycana ən yüksək səviyyəli dövlət nümayəndəsinin, Krallığın xarici və birlik işləri üzrə dövlət katibi Malkolm Rifkindin səfəri olub. Səfər zamanı o, Ulu öndər Heydər Əliyevlə görüşərək ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və qarşılıqlı əlaqələrdə müxtəlif məsələlər haqqında söhbət aparıb. Danışıqlardan sonra Ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə Malkolm Rifkind Azərbaycanın xarici işlər naziri ilə “İnvestisiyaların qorunması haqqında” saziş imzalayıb.

Ümummilli lider Heydər Əliyev Birləşmiş Krallıq və Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə 1998-ci ilin iyulunda Britaniyaya ikinci rəsmi səfərini edib. Səfər çərçivəsində Britaniya Kraliçası II Yelizaveta və bu ölkənin o zamankı Baş naziri Toni Bleyerlə görüşlər keçirən Ulu öndər ikitərəfli münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb. Görüşün yekununda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə “bp”, “RAMCO” və “Monument Oil” şirkətləri arasında üç mühüm saziş imzalanıb. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri tərəfindən iki ölkə arasında çox mühüm sənəd - Azərbaycan Respublikası Prezidentinin və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin dostluq münasibətləri və tərəfdaşlıq haqqında birgə Bəyannaməsi imzalanıb. Həmin ildə iki ölkə əlaqələrinin inkişafında mühüm hadisələrdən biri də avqustun 25-də Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında partnyorluq münasibətlərinin genişləndirilməsi tədbirləri haqqında Sərəncamın imzalanması olub. 2000-2003-cü illərdə Böyük Britaniya-Azərbaycan münasibətlərində qarşılıqlı addımlar olaraq Azərbaycan tərəfdən xarici işlər naziri və onun müavinləri, müxtəlif digər nazirliklər, Birləşmiş Krallıqdan ölkə parlamentinin icmalar və lordlar palatasının yüksək səviyyəli təmsilçiləri, energetika, nəqliyyat nazirləri səviyyəsində səfərlər həyata keçirilib.

Prezident İlham Əliyev də hər zaman Azərbaycan-Britaniya əlaqələrinin inkişaf tempini diqqət mərkəzində saxlayıb. Bunun təsdiqi olaraq, 2004, 2009 və 2012-ci illərdə dövlət başçısı Böyük Britaniyada rəsmi səfərdə olub. Sonuncu səfər isə ötən ilin sentyabrında Britaniyada keçirilən NATO sammitində iştirakla bağlı olub. 2004-cü ilin dekabrında Böyük Britaniyaya dövlət başçısı kimi ilk səfəri zamanı Prezident İlham Əliyevin ölkənin keçmiş Baş naziri Toni Bleyerlə görüşündə 1998-ci ildə imzalanmış “Dostluq münasibətləri və tərəfdaşlıq haqqında bəyannamə” yenidən təsdiqlənib. Həmin səfərdə Azərbaycan ilə Britaniya ikitərəfli münasibətlərin əsası kimi Birgə Kommunike də qəbul edib. Prezident İlham Əliyev həmin səfərində Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) “Yeni Azərbaycan - regional və qlobal münasibətlərdə” mövzusunda çıxış edib. 2007-ci il iyunun 7-də Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya parlamenti İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Mayk Qeypsin rəhbərlik etdiyi parlament nümayəndə heyətini qəbul edib. Azərbaycan Prezidenti ölkəmizlə Böyük Britaniya arasında müxtəlif səviyyələrdə intensiv dialoqun aparıldığını və bunun ikitərəfli münasibətlərin inkişafına dəyərli töhfə verdiyini bildirib. Prezident Azərbaycanın neft strategiyasının həyata keçirilməyə başlandığı dövrdən Böyük Britaniyanın “bp” şirkətinin bu işdə çox fəal iştirak etdiyini vurğulayıb. Prezident İlham Əliyev, həmçinin, bu səfərin müxtəlif sahələrdə ikitərəfli əlaqələrin, o cümlədən, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi üçün faydalı olacağına əminliyini söyləyib. Mayk Qeyps Azərbaycanda gedən inkişaf proseslərinin onlarda böyük maraq doğurduğunu qeyd edib. O, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq iki ölkənin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə yaxından əməkdaşlıq etdiklərini bildirib. Mayk Qeyps Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilmiş qlobal enerji layihələrində Böyük Britaniyanın “bp” şirkətinin iştirakından məmnun olduğunu vurğulayıb. Azərbaycan-Böyük Britaniya əlaqələrinin daha bir göstəricisi olaraq Böyük Britaniyanın Xarici və Dövlət Məsələləri üzrə Nazirliyinin Avropa məsələləri üzrə dövlət naziri Cim Mörfi 2008-ci il mayın 7-də Azərbaycana səfər edib. Bakıda keçirdiyi görüşlərdə dövlət naziri Azərbaycanın və Ermənistanın Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməli olduğunu, bunun bölgənin inkişafına təkan verəcəyini qeyd edib, Azərbaycanın ərazi bütövlüyünün mübahisə mövzusu olmadığını, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu və bunun da Böyük Britaniyada da, dünya ictimaiyyətində də qəbul edildiyini nəzərə çatdırıb. Cim Mörfi, həmçinin, Böyük Britaniyada Azərbaycanın Avropa strukturlarına inteqrasiyasını dəstəklədikləri üçün Azərbaycanda insan hüquqları və demokratiyanın daha da inkişaf etməsində maraqlı olduqlarını da vurğulayıb.

İki ölkə rəsmilərinin səfərləri mütəmadi xarakter daşıyır və sonuncu belə görüşlərdən biri 2013-cü ilin martında baş tutub. Xatırladaq ki, həmin dövrdə Prezident İlham Əliyev Böyük Britaniyanın Xarici və İttifaq məsələləri üzrə Ofisi katibinin daimi müavini və diplomatik xidmətin rəhbəri Saymon Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, enerji sahəsində əməkdaşlığın önəmi qeyd edilib, “bp”nin Azərbaycandakı uzunmüddətli uğurlu fəaliyyəti vurğulanaraq, neft-qaz sənayesində yaradılan şəffaflıq yüksək qiymətləndirilib. Görüşdə, həmçinin, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişaf perspektivləri, iki ölkənin Avroatlantik strukturlarda təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığı ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, S.Freyzerin başçılıq etdiyi nümayəndə heyəti səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da görüş keçirib. Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Böyük Britaniya arasında mövcud çoxşaxəli münasibətlərin səviyyəsindən məmnunluq bildirərək siyasi, iqtisadi, enerji sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün imkanların olduğunu vurğulayıb. İki ölkə arasında, xüsusilə enerji sektorunda qarşılıqlı-faydalı əməkdaşlığa diqqət çəkən nazir dinamik iqtisadi inkişaf nəticəsində artıq Azərbaycanın Böyük Britaniya iqtisadiyyatına sərmayələr yatırdığını nəzərə çatdırıb.

S.Freyzer öz növbəsində ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini nəzərə çatdırıb. O, Böyük Britaniya iqtisadiyyatına Azərbaycan tərəfindən sərmayələrin yatırılmasını təqdir etdiklərini və bunun davam etdirilməsinin arzu olunduğunu bildirib. Britaniyalı diplomat Azərbaycanın Əfqanıstanda sülh və sabitliyin bərpasına verdiyi töhfəni, eləcə də ölkəmizin BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətini yüksək qiymətləndirib. Görüşdə, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov sülh prosesi haqqında ətraflı məlumat verib. Nazir Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının davam etməsini status-kvonun möhkəmlənməsinə yönəlmiş addım kimi qiymətləndirib və münaqişənin həllinə nail olmaq üçün ilk növbədə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb. Ermənistan siyasi və hərbi dairələri tərəfindən Xocalı hava limanından uçuşların həyata keçiriləcəyi ilə bağlı səslənən bəyanatlarla əlaqədar nazir qeyd edib ki, bu, Azərbaycan hava məkanının kobud surətdə pozulmasıdır və bütün müvafiq beynəlxalq qanunvericilik, xüsusilə də Çikaqo konvensiyası Azərbaycanın bu məsələdəki mövqeyinin haqlılığını göstərir.

Ümumiyyətlə, Azərbaycan və Böyük Britaniya rəsmiləri arasında keçirilən görüşlərdə müxtəlif sahələrdə əməkdaşlığa imkan yaradan 20-dən artıq sənəd imzalanıb. Bu sənədlər içərisində iki ölkə arasında rabitə, energetika, müdafiə sahələri üzrə, məhdudiyyətsiz hərəkət azadlığı haqqında memorandumları, iki ölkənin xarici işlər nazirləri, habelə Azərbaycanla Britaniya arasında dostluq və əməkdaşlıq haqqında bəyannamələri, hava əlaqələri, təhsil, elm və mədəniyyət sahəsində, sərmayələrin təşviqi və qorunması haqqında sazişləri, eləcə də neft-qaz ehtiyatlarının istismarı ilə bağlı layihələrin gerçəkləşməsinə xidmət edən çoxsaylı müqavilələri qeyd etmək olar. Hər iki ölkənin parlamentlərində isə dostluq qrupu fəaliyyət göstərir.

Məlum olduğu kimi, Böyük Britaniya Azərbaycanın enerji sektoruna böyük maraq göstərən ölkələrdəndir. Yenidən müstəqillik qazandıqdan sonra Azərbaycanın hərtərəfli müəyyənləşdirdiyi neft-qaz strategiyası bu ölkə ilə enerji sahəsində uzunmüddətli bərabərhüquqlu əməkdaşlığın qurulmasına şərait yaradıb. Təsadüfi deyil ki, 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” əsasında neft yataqlarının işlənməsində ən böyük pay sahiblərindən biri məhz bu ölkəyə məxsus “bp” şirkəti idi. Enerji sahəsində qarşılıqlı maraqlara xidmət edən əməkdaşlıq bu gün də davam etdirilir.

Britaniyanın rəsmi şəxsləri mütəmadi olaraq Xəzər Neft və Qaz sərgilərində iştirak edirlər. 2003, 2004-cü illərdə Xəzər Neft və Qaz sərgilərində iştirak etmək məqsədilə Britaniya parlamentinin üzvü, sənaye və energetika məsələləri üzrə dövlət naziri Brayn Vilson Azərbaycanda səfərdə olub. 2005-ci il mayın 25-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin rəsmi açılış mərasimində də bu ölkədən olan rəsmi nümayəndələr iştirak ediblər. Bütün bunlar Britaniyanın Azərbaycanla əməkdaşlığa verdiyi yüksək önəmin göstəricisidir.

İki ölkənin iqtisadi əlaqələrinin möhkəmlənməsində 2009-cu ildə yaradılan Britaniya-Azərbaycan Biznes Şurasının fəaliyyətinin də əhəmiyyəti böyükdür. Şura mütəmadi olaraq Londonda biznes tədbirləri keçirir, Britaniya şirkətlərinin nümayəndələrinin Azərbaycana səfərlərini təşkil edir. Britaniya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2012-ci ildə Azərbaycana yatırılan xarici investisiyaların 51,7 faizi (təqribən 1,683 milyard manat) Britaniya şirkətlərinin payına düşüb.

Hazırda Azərbaycanda təxminən 170-ə qədər böyük, orta və kiçik Britaniya şirkətləri fəaliyyət göstərir. Bu şirkətlərin əksər hissəsi neft və qaz sahəsində fəaliyyət göstərsə də, bu əməkdaşlıq son illərdə pərakəndə satış, informasiya texnologiyaları, layihələrin idarəolunması, maliyyə-bank xidmətləri və kənd təsərrüfatı kimi sahələrə doğru genişlənir. Bu gün Azərbaycanın modernləşməsində Britaniya təcrübəsi və sənayesinin imkanlarından istifadə olunur və heç də təsadüfi deyildir ki, paytaxt Bakıda aparılan bir sıra tikinti layihələri məhz Britaniyanın məsləhətçi və layihə idarəetmə şirkətləri tərəfindən idarə olunur.

Bir sözlə, iki ölkə arasındakı münasibətlər bütün sahələrdə uğurla inkişaf edir və bu məqam ötən il sentyabrın 15-də bir daha vurğulanıb. Xatırladaq ki, həmin tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın keçmiş müdafiə naziri, parlamentin üzvü Liam Foksu qəbul edib. Görüşdə Liam Foks coğrafi və geosiyasi baxımdan əlverişli ölkə olan Azərbaycanın əhəmiyyətinin getdikcə daha da artdığını bildirib. Ölkəmizin siyasi və iqtisadi baxımdan uğurla inkişaf etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev isə Azərbaycanın mövqeyinin daha da möhkəmləndiyini məmnunluqla vurğulayıb. Görüşdə həmçinin, iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Yeri gəlmişkən, Azərbaycan-Böyük Britaniya əlaqələrinin yüksək səviyyədə olduğunu 2013-cü ildə cənab İlham Əliyevin növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə Birləşmiş Krallığın Baş naziri Devid Kemeronun ölkə rəhbərinə ünvanladığı təbrik məktubundakı fikirlər də təsdiq edir. Baş nazir məktubunda Birləşmiş Krallıq ilə Azərbaycan arasında genişlənən güclü ikitərəfli münasibətlərdən məmnunluğunu ifadə edib: “Birləşmiş Krallıq Azərbaycanın son 20 ildə nail olduğu tərəqqini qeyd edir. Ölkənizin müasir, inkişaf edən və dünyəvi cəmiyyət quruculuğu istiqamətində uğurları böyük təəssürat bağışlayır”.

Bu fikirlər Azərbaycanın iqtisadi inkişaf və demokratiya prinsiplərinin möhkəmləndirilməsi sahəsindəki nailiyyətlərinin beynəlxalq səviyyədə etiraf olunmasına dair nümunələrdən biridir.

Devid Kemeronun qeyd olunan məktubunda Britaniyanın ölkəmizlə iqtisadi əlaqələrə xüsusi önəm verdiyi də öz əksini tapıb.

Bundan başqa, iki ölkə arasında təhsil, mədəniyyət, idman sahəsində əməkdaşlıq da diqqəti çəkir. 1994-cü ilin fevral ayında Ümummilli lider Heydər Əliyevin Londona səfəri çərçivəsində iki ölkə arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığa dair saziş imzalanıb. Bu gün yüzlərlə azərbaycanlı tələbə dövlət və qeyri-dövlət xətti ilə Britaniyanın nüfuzlu ali məktəblərində, universitet və kolleclərində təhsil alır. Dövlətin yardımı ilə dünyanın 30-a yaxın ölkəsində təhsil alan minlərlə azərbaycanlı tələbədən 400-dən çoxu məhz Britaniya ali təhsil ocaqlarını bitirib. Göründüyü kimi, Azərbaycan-Böyük Britaniya əlaqələri ortaq maraqlara əsaslanmaqla kifayət qədər geniş sferaları əhatə edir.

 

Oktay Hacımusalı

Yeni  Azərbaycan.-2015.- 10 yanvar.- S.8.