Terrorla məqsədə çatmaq bəşəriyyət, insanlıq əleyhinədir

 

Mübariz Qurbanlı: Qərb ölkələrində, xüsusilə xristian dövlətlərində islamofobiya o dərəcəyə çatıb ki, islamofobiya xəstəliyinə tutulmuşlar İslam müqəddəslərini təhqirə əl atırlar

 

Modern.az saytı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə müsahibəni təqdim edir:

- Bir neçə gün öncə, Fransanın “Charlie Hebdo” jurnalının redaksiyasına edilən terror hadisəsinə münasibətinizi bilmək istərdik...

- Hadisəyə bizim münasibətimiz dövlətimizin rəsmi mövqeyidir. Dövlətimizin mövqeyi cənab Prezident İlham Əliyev tərəfindən cənab Ollanda göndərilən başsağlığında ifadə olunub. Bütün hallarda terroru pisləyirik. Fransada törədilən terror hadisəsini də pisləyir və bu cür halların yolverilməz olduğunu bildiririk.

- Qərb ölkələrində İslam dünyasına, peyğəmbərimizə qarşı təhqiramiz hərəkətlərin nəticəsi olaraq bu cür terror hadisələri tez-tez həyata keçirilir. Bu cür halların təkrarlanmaması üçün Qərb dövlətləri nə etməlidir?

- İstənilən dini təmsil edən radikal qruplar var. Həmin radikal qruplar öz məqsədlərinə çatmaq üçün terrordan istifadə edirlər. Terrorla məqsədə çatmaq bəşəriyyət, insanlıq əleyhinədir. Lakin biz terrorun yaranma səbəblərini araşdıraraq onu da aradan qaldırmalıyıq. Azərbaycan erməni terrorundan əziyyət çəkən ölkədir. Azərbaycan rəsmi surətdə beynəlxalq miqyasda terrorizmə qarşı koalisiyanın üzvü olan ölkədir. Terrorun yaranmasının səbəbləri isə müxtəlifdir. Bunu aradan qaldırmaq üçün beynəlxalq münasibətlərdə, beynəlxalq sistemdə ədalət bərqərar olmalıdır. Beynəlxalq təşkilatların çıxardığı qərar hamı tərəfindən qəbul edilərək yerinə yetirilməlidir. Dünyada irqlər, millətlər, xalqlar arasında fərqlərin kəskin şəkildə artmasına imkan verilməməlidir. Bütün bunlar terroru yaradan səbəblərdir. İqtisadi, siyasi, mədəni gerilik, inkişafdan qalan ölkələrdə baş verən savadsızlıq münbit şərait rolunu oynayır. Qərbin təbliğat maşınında ciddi düzəlişlərə ehtiyac var. Qərb ölkələrində, xüsusilə xristian dövlətlərində islamofobiya o dərəcəyə çatıb ki, islamofobiya xəstəliyinə tutulmuşlar İslam müqəddəslərini təhqirə əl atırlar. İslamın müqəddəs kitabı “Qurani-Kərim”ə qarşı təhqiramiz hərəkətlər edirlər. Hamının yadındadır, Amerikada bir keşiş “Quran”ı yandırır, bunu da televiziyalar göstərirdilər. Əlbəttə, bu cür hallar İslam dünyasında qıcıq yaradır.

Eyni zamanda, dünyamız bu gün böyük təhlükə ilə üz-üzədir. Bu nüvə müharibəsi təhlükəsi deyil, həm də mədəni deqredasiyadır, dindən sui-istifadədir, müxtəlif fobiyalardır. Bütün bunlar irqi, milli, dini toqquşmalara şərait yarada bilər. Fransada baş verən hadisədə peyğəmbərin karikaturasının çəkilməsi səhvdirsə, ikincisi, həmin səhv növbəti qanlı bir səhvə - terrora gətirib çıxarır. Onlar karikatura çəkməklə səhvə yol vermişdilərsə, ikincilər də silaha əl atmaqla daha kobud səhvə əl atmış olurlar. Bunların qarşısını almaq üçün dialoq olmalıdır. Maarifləndirmə gücləndirilməlidir. Fransa kimi çoxlu mədəniyyətlərin bir arada olduğu ölkədə konfessiyalararası əlaqələrin güclənməsinə ehtiyac var. Bütövlükdə dünyada sabitliyi istəməyən qruplar vardır ki, onlar suyu bulandıraraq öz maraqlarını həyata keçirmək istəyirlər. Bu gün Yaxın Şərq od içindədir. İŞİD, Taliban, Əl-Qaidə - bunlar müxtəlif hallarda adları çəkilən qruplardır. Bu gün ən azından 30 ölkədə müharibə gedir, qan tökülür. 12 münaqişə yalnız dini zəmində baş verir. 2-3 ildən bir İslam dünyasına qarşı bu cür karikatura siyasətini görməkdəyik. Bunun nəticəsində yaxınlaşma əvəzinə qarşıdurma görürük. Qızışdırıcı hərəkətlərə yol verməmək üçün Qərb mediasında ciddi işlər getməlidir. Şərqdə də xristian dəyərləri, övliyaları təhqir edilirsə, bu da yolverilməzdir. Dünyada vahid ortaq məxrəcə gəlmənin zamanı çoxdan yetişib. Fransada baş verən hadisə hamı tərəfindən pislənilir. Bu çox dramatik və acı bir hadisədir.

- Fransada baş verən terror hadisəsinin Azərbaycanda radikal qruplar tərəfindən dəstəklənməsi halları baş qaldıra bilərmi?

- Bizim xalqın intellektual səviyyəsi yüksəkdir. Biz Qərb dünyasında hansısa dairələrin sifarişi ilə siyasi karikatura siyasətindən, fitnəkarlığından istifadə edənlərin toruna düşən xalqlardan deyilik. Biz peyğəmbərimizə qarşı olan hərəkətləri həmişə pisləyirik. Lakin bu hərəkətlərdən qıcıqlanaraq öz ölkəmizdə hansısa hərəkətlər etmək, addımlar atmaq bizə xas deyil. Bizim xalq bu hiylə-fəsadın arxasında kimlərin dayandığını bilir. Qərbin bəzi mərkəzlərində İslam dininə qarşı yaradılan fitnə-fəsadların nə məqsədlə edildiyi bizim xalqa aydın olduğuna görə bizim məkan üçün qıcıq yaratsa da, hansısa qarşıdurma ehtimalı olan məkan deyilik. Azərbaycandakı bəzi radikal qruplara gəldikdə, onlara həqiqətən də qrup deyirəm. Çünki onlar o dərəcədə azdır ki, iqtisadi-sosial dayaqları yoxdur, zəifdir. Onların iqtisadi dayaqları çökdürülməkdədir. Eyni zamanda, inzibati yolla və ideoloji sahədə aparılan işlər bu cür qrupların Azərbaycanda kök atmasına imkan vermir. Bir ağacı köksüz əksəniz, o bir müddət yaşıl görünəcək. Amma bir azdan quruyacaq. Ona görə ki, onun kökü yoxdur. Azərbaycanda da radikal qrupların kökü yoxdur. Azərbaycan xalqı radikal qruplara mənəvi, siyasi tərəfdən dəstək vermir və verməyəcək. Radikal qruplar o yerdə münbit şərait əldə edir ki, orada xurafat və gerilik, elmi, dini baxımdan özünü göstərir. Biz xurafata yox deyən xalqıq. Ulu öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin yeritdiyi siyasət, Azərbaycanda dövlət-din münasibətləri ilə bağlı kompleks işlərin görülməsi Azərbaycan xalqını xurafatdan xeyli uzaqda saxlayır. Azərbaycanda radikal qruplar nə qədər körüklənsələr də, alışa bilməyəcəklər. Kənardan kimsə, hansısa formada iqtisadi dəstək vermiş olsa da, həmin iqtisadi dəstək küləkdə sovrulub gedən əşyaya çevriləcək.

- Azərbaycanda fəaliyyət göstərən orta məktəblərdə dini təhsilə ehtiyac varmı?

- Biz bu məsələyə dəfələrlə toxunmuşuq və fikirlərimizi demişik. Orta məktəblərdə bütün dinlər haqqında məlumatlar verilir. Bu dinlər haqqında məlumatlar “Həyat bilgisi” kitabında və tarix dərsliyində var. Ortada belə bir ideya da var ki, bəlkə yuxarı siniflərdə şagirdlərə dünya dinləri haqqında bir, ya da iki rüb civarında ümumi kurs tədris olunsun. Bu ideya yeni deyil. Bu ideyanın lehinə olan pedaqoqlar da var. Bu ideyanı başqa cür tətbiq etmək istəyənlər də var. Biz çalışırıq ki, bizim şagirdlərimiz İslam və digər dinlər haqqında ümumi bilgiyə malik olsunlar. Ayrıca din xadimləri yetişdirmək məsələsi də var. Özümüzün milli kadrlarımızı, milli din xadimlərimizi yetişdirməklə bağlı müəyyən işlər görülür. Dini maarifçilik məsələsi də gündəmdədir. Bizim komitə tərəfindən seminarlar, konfranslar, “dəyirmi masa”lar həyata keçirilir. Dini maarifçiliklə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xətti ilə də din xadimləri arasında kurslar təşkil olunur və dövlətin yüksək səviyyəli rəhbər kadrları din xadimlərinə mühazirələr oxuyur.

- QMİ-dən söz düşmüşkən. Belə fikirlər səsləndirilir ki, QMİ sizin komitənin bəzi səlahiyyətlərini yerinə yetirir. Bu fikirlərlə nə dərəcədə razısınız?

- Bu fikirlərlə razı deyiləm. QMİ-nin bizim hörmətli şeyxülislamın rəhbərliyi ilə gördüyü işlər, səlahiyyət dairələri, özlərinin nizamnaməsi var. Həmin nizamnaməyə uyğun şəkildə fəaliyyət göstərirlər. Bizim səlahiyyətlərimiz də əsasnaməyə uyğun qurulub. Bizim fəaliyyətimiz yalnız QMİ ilə məhdudlaşmır, 600-ə qədər icma ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən digər dini konfensiyalarla bərabər həyata keçirilir. Biz, eyni zamanda, xristian katolik, həmçinin,yəhudi icması ilə, bu icmaların burada olan rəhbərləri ilə bərabər işləyirik. QMİ Azərbaycanda, bütövlükdə Qafqazda Qafqaz müsəlmanlarını özündə birləşdirən bir qurum kimi imkanlara malikdir. Bizim səlahiyyətlərimizdə bir-birinin səlahiyyətlərini qarışdırmaq yox dərəcəsindədir. Bu barədə mətbuatın yazdıqları və söylədikləri kimlərinsə şəxsi mülahizələridir.

- Azərbaycanda dini təbliğ edən kitabların gətirilməsinə nəzarət nə dərəcədə özünü doğruldur?

- Azərbaycanda nəşr olunan bütün kitablar, o cümlədən, dini kitablar bizdə ekspertiza komissiyasından rəy alır. Orda rəy aldıqdan sonra həmin kitablar Azərbaycana gətirilə, yaxud da nəşr oluna bilər. Eyni zamanda, bu ildən bizdə nəzarət markası tətbiq olunacaq. Bu nəzarət markası da satışına və dərcinə icazə verilən kitablara tətbiq olunacaq. Belə bir qayda başqa ölkələrdə də var.

- Bir müddət əvvəl müəllim və şagirdlərin hicab məsələsi aktual idi. Hazırda müəllim və şagirdlərin hicab taxmasına qadağa varmı?

- Azərbaycanda “Dini etiqad azadlığı haqqında” Qanun var. Bu qanun dövlət-din münasibətlərini tam şəkildə tənzimləyir. Bu qanunda nə yazılıbsa, biz onu icra edirik. Azərbaycanda olan dini konfensiyalar da bu qanun əsasında fəaliyyət göstərir. Azərbaycanda bu baxımdan heç bir problem yoxdur. Azərbaycanda hər bir sahənin fəaliyyətini tənzimləyən qanunlar var. Məsələn, təhsil sistemimiz “Təhsil haqqında” Qanunla tənzimlənir. “Dini etiqad azadlığı haqqında” Qanun dövlət-din münasibətlərini tənzimləyir və sairə. Ona görə də, Azərbaycanda hicabla bağlı heç bir problem yoxdur. Bu mövzu ətrafında kimlərsə müəyyən söhbətlər qaldırırlarsa, onlar ya qanunları öyrənmir, ya da bundan sui-istifadə etmək istəyir. Azərbaycanın hər bir yerində qadınlarımız geyimlərini sərbəst şəkildə özü tənzimləyir. Bununla bağlı kimsə onların həyatına, fəaliyyətinə müdaxilə etmir.

- Din xadimlərimizə vahid formanın tətbiq edilməsi başa çatdımı?

- Din xadimlərimizə vahid formanın tətbiqi prosesi gedir. QMİ bu işi həyata keçirməkdədir və siz indi din xadimlərimizi rəsmi din xadimi libasında görürsünüz. Düzdür, bu iş tam başa çatmayıb, proses davam edir.

- Bir müddət öncə Azərbaycanda yas mərasimlərinin dəbdəbəli keçirilməsi məsələsi gündəmdə idi. Hətta deyə bilərik ki, yas mərasimləri adi qaydada keçirilməyə başlamışdı. Lakin son vaxtlar bəzi yas mərasimlərində yenidən dəbdəbəli süfrələrin açılması hallarına rast gəlinir. Bu haqda nə deyə bilərsiniz?

- Yas mərasimləri ilə əlaqədar bizə gələn məktublarda kimlərinsə dəbdəbəli mərasimlər həyata keçirməsi haqqında söhbətlər yer alır. Hesab edirəm ki, yas mərasimlərində israfçılığın qarşısının alınması üzrə görülən işlər kifayət qədər səmərəli aparıldı və aparılmaqdadır. Yas mərasimlərində bizim və QMİ-nin çağırışları müsbət nəticə verdi. İndi yas mərasimlərimiz İslami dəyərlərimizə uyğun şəkildə həyata keçirilməkdədir. Rayonlarımızın əksəriyyətində tövsiyələrimizi nəzərə alaraq dəbdəbəli süfrə açılmır. Bəzi vətəndaşlarımız bilirlər ki, yemək ehsanın formalarından biri olsa da, əsas deyil. Ehsan çox böyük anlayışdır. Ehsanın arxasında çox geniş fikirlər dayanır. Vəfat edən insan üçün yemək verməklə guya “ehsanla bağlı öhdəliyimi yerinə yetirdim” düşüncəsi yanlışdır. Vəfat edən insana görə 4 mühüm işi görmək lazımdır. Onun cənazə namazı qılınmalı, qüsl olunmalı, torpağa tapşırılmalıdır. Bunları edəndən sonra yemək verməyə ehtiyac qalmır. Kimsə yenidən dəbdəbəli süfrə açırsa, elə bil vəfat etmiş insanına yox, özünü nümayiş etdirməyə yönəlik bir hərəkət etmiş olur. Hesab edirəm ki, kimsə özünü nümayiş etdirmək istəyirsə, vəfat etmiş insanından istifadə etməməlidir.

- Azərbaycanda digər dinlərin də nümayəndələri yaşayır. QMİ-nin və sizin komitənin çağırışları digər dinlərə mənsub olan insanların da yas mərasimlərinə şamil olunurmu?

- Həmin çağırışlar yalnız müsəlman süfrələrinə aid deyil. Yəhudi və xristian məclislərinə də aiddir. Biz onların rəhbərləri ilə görüşmüşük, onlara da tövsiyə etmişik. Onlar da həmin sahə üzrə öz təşviqatlarını aparmaqdadır. Onu da deyim ki, son zamanlar Qubada dağ yəhudilərinin yas mərasimlərində süfrəyə minimum şəkildə təamlar qoyulur. Bu çağırışdır. Heç kim yas mərasimlərinin keçirilməsini qadağan etməyib. Süfrə arxasında əyləşəndə bir fincan çay içməklə dəbdəbəli yemək yeməyin fərqi yoxdur. Siz başsağlığı verməyə gəlmisiniz, yoxsa yeməyə?! Susamısınızsa, bir fincan çay sizə kifayət edir. Yox, sizi yeməyə çağırıblarsa, bu artıq yas mərasimi deyil, qonaqlıqdır.

- Uzun illərdir sizi həm YAP-ın funksioneri, həm də deputat kimi tanıyırdıq. Maraqlıdır, Dini Komitəyə rəhbər təyin olunandan sonra deputatlıq üçün darıxmırsınız ki?

- İnsan gərək işini sevsin. Deputatlığı həddindən artıq hörmətli və sevilən iş saymışam. Seçicilərə xidməti xalqa xidmət kimi böyük nemət hesab edirəm. Deputat olmaq çox məsuliyyətlidir. Mən cənab İlham Əliyevin Sədri olduğu YAP-ın üzvüyəm. Dövlətimizin hər hansı bir tapşırığı mənim üçün qanundur. Prezidentimizin dövlət idarəçiliyi ilə bağlı tapşırığı varsa, biz onu yerinə yetirməliyik. Bu iş də mənim deputatlıq fəaliyyətimin davamı ola bilər. Bu da ideoloji, təbliğat işidir. Darıxmağa gəldikdə, insan işini sevəndə darıxmır. Ən əsası odur ki, işini sevəsən, ona bağlanasan.

- Etiraf edək ki, din sahəsi sizə yad sahə idi. İndi bu işin içindəsiniz. Maraqlıdır, dini ayinləri nə dərəcədə yerinə yetirirsiniz? Namaz qılırsınız?

- Sizə deyim ki, çox da yad sahə deyil. Humanitar təhsil almışam. Tarix fakültəsini bitirmişəm. Din haqqında bilgilərim tam olmasa da, kifayətedici idi. Bir məsələni də bizim cəmiyyətdə hamımızın bilməsi gərəklidir. Bu komitə dövlətin siyasətini həyata keçirir. Din xadimi gəlib komitəni idarə etməli deyil. Dövlət siyasətini həyata keçirən bir qurum olduğuna görə komitəni dövlət məmuru idarə etməlidir. Dinimizin, o cümlədən, bütün Qafqaz müsəlmanlarının idarəçiliyi QMİ-nin səlahiyyətindədir. Bizim bəzi vətəndaşlarda belə təəssürat var ki, burada əyləşən adam din xadimi olmalıdır. Dinimizlə bağlı məsələləri yerinə yetirən qurumumuz var. Burda isə dövlət-din münasibətlərini tənzimləyən və bunun həyata keçirilməsini müəyyən edən cənab Prezidentdir, qanunlardır. Bunun müəyyən etdiyi siyasəti reallaşdıran məmur olmalıdır. Burda çalışan mütəxəssislərin xeyli hissəsi BDU-nun ilahiyyat fakültəsini bitirib. Lakin onlar da dünyəvi adamlardır. Burada rəhbərlikdə təmsil olunan şəxsin isə hansı sahənin nümayəndəsi olması önəmli deyil.

- Deməli, namaz qılırsınız?

- İslam dininin böyük üstünlüyü nədir? Deyim, siz də bunu birdəfəlik qəbul edin. İslam dinində Allahla bəndə arasında vasitəçi yoxdur. İslam dinində hər kəs Allah qarşısında özü cavab verir. Yəni, axirətdə siz mənim, mən də sizin əvəzinizə cavab verməyəcəm. İslamın da dirəyi namazdır. İslamın müxtəlif ayinləri var. Müsəlman olan şəxs yerinə yetirib-yetirmirsə, o onun daxili aləminə bağlıdır. Bununla əlaqədar insanlara sual vermək məntiqli deyil. Əslində, mən sizə sual verə bilmərəm. Oruc tutursunuzmu? Zəkat verirsinizmi? Namaz qılırsınızmı? Həcc ziyarətinə niyə getməmisiniz? Belə sualları insanlara yönəldə bilməzsiniz. Bəzi adamlar oruc tutduqlarını deyirlər. Bunu aləmə car çəkməsi normal deyil. Sən oruc tutmalısan. Tutursansa, bunu deyəndə artıq özünü reklam etmiş olursan. Oruc tutmağın digər bəndəyə dəxli yoxdur. Bu geniş mövzudur. Sadəcə, qısa danışdım.

- 2014-cü ilin statistikasına görə dünyaya gələn uşaqların çoxuna verilən adlar dini adlar olub. Məhəmməd, Xədicə, Fatimə, Yusif və sairə. Yeni doğulan uşaqlara dini adların verilməsi doğrudurmu?

- İnsana ad qoyulması valideynin hüququdur. Valideynlər ad seçərkən övladlarının gələcəyini düşünürlər. Bəzən insanlara verilən adlar özünü doğruldur, bəzən yox. “Dədə Qorqud” dastanında türk-oğuz gələnəyinə görə adı həddi-buluğa çatanda doğrultduğu fəaliyyətinə görə verərdilər. İndi isə rəsmi olaraq hər bir uşağa doğulanda ad verilir. Düzdür, vətəndaş aktları üzrə idarədə adlarla bağlı siyahı var. Gələcəkdə övladınızı aşağılayan, ətrafdakıların yanında gülüş hədəfinə çevirəcək bir ad qoymaq istsəniz, imkan verməyəcəklər. Bu da məntiqlidir. Burda bir sərhəd var. Həmin hüdudu keçmək olmaz. Düşünürəm ki, bu gün İslam övliyalarının adlarını övladlarına verən valideynlərə hörmətlə yanaşmaq lazımdır. Seçim valideynlərindir. Nəsildən-nəslə gələn bir ənənədir.

- Müavininiz olan Səyyad Aran da bir dəfə deputat seçilib, parlamentdə bir yerdə çalışmısınız. İndi yenə bir yerdəsiniz. Bildiyimizə görə, Səyyad Aranla şəxsi münasibətləriniz də yaxşı olub. Maraqlıdır, indi bir yerdə necə çalışırsınız?

- Doğru qeyd etdiniz. Səyyad Aranla həm deputat, həm də YAP-da birgə çalışmışıq. İndi də Dini Komitədə çalışırıq. Bizim şəxsi münasibətlərimiz necə vardısa, elə də davam edir. Bu münasibətlər iş prosesinin gedişinə daha da müsbət təsir göstərir.

- Dini Komitənin rəhbəri kimi işiniz çoxdur, yoxsa YAP-da vəzifədə olanda, deputat kimi fəaliyyət göstərəndə çox işləyirdiniz?

- Deputat olanda ən azı 40-45 minə yaxın seçicini təmsil edirik. Həm deputat, həm də YAP-ın İcra katibinin müavini kimi vətəndaşlarla daha çox təmasda olurdum. Deputat kimi seçicilərdən gələn məktublar çox olub. Bu gün də bəziləri mənə deputat kimi müraciət edir. Dini Komitəyə gəldikdə, burada çox böyük məsuliyyət tələb olunur. Burada cəmiyyətin müxtəlif qatları ilə işləyirik. Cənab Prezidentin tapşırığı ilə hökumət üzvləri, nazirlər, komitə sədrləri regionlarda vətəndaşları qəbul edir. Mən də buraya gəldikdən sonra ayda bir dəfə regionlarda qəbullar keçirirəm. Qəbula gələnlər əsasən Dini Komitəyə aid məsələlərlə müraciət edirlər. Bunların bir çoxunu həll etmişik. Bizə aid olmayanlar isə müvafiq qurumlara göndərilir. Nə isə, müqayisə etmək qüsurlu ola bilər. Ona görə də, deyə bilərəm ki, buranın, Milli Məclisin və partiyanın da özünəməxsusluğu var. Amma ən başlıca məsələ verilən tapşırığı yerinə yetirməkdir.

 

Yeni  Azərbaycan.-2015.- 13 yanvar.- S.5.