“ASAN xidmət” təcrübəsi
dünya miqyasında bir
çox ölkələr üçün
mütərəqqi nümunədir
Prezident İlham
Əliyev: Bu xidmət həm yenilik, həm rahatlıq gətirib, həm də
korrupsiyaya, rüşvətxorluğa
qarşı mübarizədə çox ciddi dönüş
yaradıbdır
Azərbaycan öz iqtisadi inkişaf tempinə görə dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında avanqard mövqedə qərarlaşıb. Şübhəsiz, dinamik sosial-iqtisadi tərəqqinin əsasında rasional və dəqiqliklə proqnozlaşdırılmış siyasət dayanır. Milli maraqlarımıza müvafiq olan təkmil inkişaf modellərinin uğurla tətbiq olunması və adekvat nəticələrin əldə edilməsı, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına və rahatlığına xidmət edən islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və digər bu kimi tədbirlər dövlətimizin inkişafını dinamik və intensiv surətdə təmin edən faktorlar qismində çıxış edir.
Vətəndaşların keyfiyyətli xidmətlə təmin olunması dövlətin diqqət mərkəzindədir
Bunlarla yanaşı, vətəndaşların bütün sahələrdə tam keyfiyyətli xidmətlə təmin olunması məsələsi də hökumətin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə dövlət başçısı tərəfindən Fərman və sərəncamlar imzalanıb, konkret əməli tədbirlər görülüb. Bu kontekstdə, heç şübhəsiz, dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin vahid məkandan, daha keyfiyyətli, həmçinin, rahat həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət (Azerbaijan Service and Assessment Network)” mərkəzlərinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır.
“ASAN xidmət” mərkəzlərinin yaradılması - idarəetmə sistemində yeni mərhələnin başlanğıcı
Ümumiyyətlə, “ASAN xidmət” mərkəzlərinin yaradılması respublikada idarəetmə sistemində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. Azərbaycana məxsus olan bu yenilik, əslində, dünya miqyasında idarəetmə kontekstində mütərəqqi nümunə kimi səciyyələndirilə bilər. Bu, təsadüfi deyil, çünki “ASAN xidmət”, ilk növbədə, dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən yeni yanaşma əsasında formalaşdırılıb. Bu mərkəzlərdə vətəndaşlara ən müasir və rahat texnologiyalar əsasında yüksək keyfiyyətli xidmət göstərilir. Vətəndaş yalnız daxil olduğu bir mərkəzdən, inzibati binadan ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni anda faydalana bilir.
“ASAN xidmət” innovasiyayönümlü və çoxfunksiyalı xidmət modelidir
Əlbəttə, belə bir mütərəqqi modelin yaradılmasında məqsəd çoxfunksiyalı xidmətin həyata keçirilməsidir. Müasir dövrdə təkmil idarəetmə sisteminə malik olan ölkələr vətəndaşlara xidmətin çoxfunksiyalı proseslər əsasında davam etdirilməsi tərəfdarı kimi çıxış edirlər. Tətbiq edilən yeni yanaşmalar idarəetmənin təkmilləşdirilməsində axtarışların davam etdiyini göstərir. Ölkəmizdə isə innovasiyayönümlü, çoxfunksiyalı xidmət modeli olan “ASAN xidmət” digər ölkələr üçün də nümunə ola bilər. Bu, vətəndaşlara geniş spektrli sadələşdirilmiş xidmət göstərmək, onların vaxt itkisinin, eləcə də, bürokratiyaya, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadəni təmin etmək və dövlət orqanlarına etimadı artırmaq istiqamətində analoqu olmayan avanqard örnəkdir.
“ASAN xidmət”in fəaliyyəti neqativ hallara qarşı mübarizədə effektiv vasitədir
Digər bir vacib məqam odur ki, “ASAN xidmət”in yüksək standartlara söykənən fəaliyyəti Azərbaycanda korrupsiya və rüşvətxorluq hallarının azaldılmasında yüksək töfhə verən mühüm amillərdən biridir. Agentliyin ötən zaman ərzindəki fəaliyyəti deməyə əsas verir ki, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsi, vətəndaş məmnunluğunun təmin olunması kimi nəticələr qeydə alınıb ki, bu da bəzi hallarda yol verilən neqativ hallara qarşı ən məqbul mübarizə formasıdır.
Bununla yanaşı, ötən zaman müddətindəki təcrübə göstərdi ki, yeni sistem dövlət orqanlarının fəaliyyətində, vətəndaşlara göstərilən xidmətdə qanunçuluq və şəffaflığı ən yüksək səviyyədə təmin etmək gücündədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində “ASAN xidmət”in fəaliyyətini yüksək qiymətləndirib. Dövlətimizin başçısı qeyd edib: “ASAN xidmət” mərkəzlərinin açılmasını xüsusilə qeyd etmək istəyirəm. Artıq 7 mərkəz fəaliyyət göstərir, iki il ərzində 3 milyon 500 min müraciət olmuşdur və orada göstərilən xidmətlərin sayı artır, keyfiyyəti yüksək səviyyədədir, cəmiyyət tərəfindən çox müsbət qarşılanır. Korrupsiya və rüşvətxorluğa qarşı son illər ərzində aparılan institusional islahatlar içərisində “ASAN xidmət”, əlbəttə ki, ön plandadır. İndi bizim təcrübəmiz başqa ölkələrdə də öyrənilir”
“ASAN xidmət” dövlət idarəçiliyində yeni və təkmil standartların tətbiq olunmasında müstəsna əhəmiyyət kəsb edir
Ümumiyyətlə, Azərbaycanın güclü dövlət mexanizminin əsasını təşkil edən faktorlardan biri məhz davamlı islahatların həyata keçirilməsi və dövlət idarəçiliyində yeni və təkmil standartların tətbiq olunmasıdır. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyət mexanizmi də bu prosesdə müstəsna rol oynayır. Bir sözlə, “ASAN xidmət”in yaradılması və nümunəvi fəaliyyəti, əslində, Azərbaycanda son dövrlərdə dövlət orqanlarının fəaliyyətinin təşkilinin təkmilləşdirilməsi istiqamətində görülən işləri sistemləşdirməyə və genişləndirməyə xidmət edən mütərəqqi yanaşma nümunəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu xidmət həm yenilik, həm rahatlıq gətirib, həm də korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə çox ciddi dönüş yaradıbdır: “Həm praktiki nöqteyi-nəzərdən, eyni zamanda, cəmiyyətdə bu bəlanın aradan qaldırılması üçün indi daha da böyük imkanlar var, daha da çox insan bu məsələlərə nikbinliklə yanaşır”.
Göründüyü kimi, Azərbaycan dövləti vətəndaşların rahatlığının təmin olunması, idarəetmə sisteminin təkmilləşdirilməsi, həyata keçirilən islahatların davamlılığının təmin olunması və bu qəbildən olan digər məsələləri xüsusi diqqət mərkəzində saxlayır. Bir sözlə, Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bizim istəyimiz ondan ibarətdir ki, Azərbaycanda bütün sahələrdə işlər ən yüksək səviyyədə təmin edilsin. Sosial siyasətdə, iqtisadi inkişafda, idarəetmədə xoşagəlməz halların aradan qaldırılması, əlbəttə ki, bütün bu gözəl mənzərəni tamamlayacaq və bu istiqamətdə işlər məqsədyönlü şəkildə aparılır. Bizim çox güclü siyasi iradəmiz var, təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir və niyyətlərimiz artıq real işlərdə özünü göstərir”.
N.QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-2015.- 14 yanvar.- S.3.