Litva ilə Azərbaycan arasında çox
sıx dostluq əlaqələri
yaranıb
Qarşılıqlı
münasibətlərin inkişafı hər iki
ölkənin maraq dairəsindədir
Xəbər verildiyi kimi, bir neçə gün öncə Azərbaycanın və Litvanın Çexiyadakı səfirliklərinin dəstəyi və Azərbaycan Tələbə Şəbəkəsi, Gürcüstan Tələbələri İttifaqının təşkilatçılığı ilə Praqanın məşhur Luçerna sarayında “Müstəqilliyə aparan yol: Azərbaycan, Gürcüstan və Litva” adlı sərginin açılışı olub. Sərgi Azərbaycan, Gürcüstan və Litva xalqlarının müstəqillik mübarizəsinin qarşısının alınması məqsədilə keçmiş Sovet qoşunlarının bu ölkələrə yeridilməsi və mülki əhaliyə qarşı törədilmiş amansız cinayətlərlə bağlı məlumatların ictimaiyyətə çatdırılması məqsədini daşıyır. Sərgidə 1990-cı il yanvarın 20-də Bakıda dinc əhaliyə qarşı törədilmiş qırğını əks etdirən fotoların nümayişi ilə yanaşı, çex və ingilis dillərində hazırlanmış müvafiq məlumat vərəqləri də tədbir iştirakçılarına paylanıb və bu hadisələrlə bağlı ətraflı məlumat verilib.
Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev, Gürcüstan və Litva səfirliklərinin nümayəndələri sərginin açılışında çıxış edib, hadisələrlə bağlı xatirələrini bölüşüblər. F.Şəfiyev 20 Yanvar faciəsinin Azərbaycan xalqının iradəsini qıra bilmədiyini, əksinə, onun öz amalları uğrunda daha qətiyyətlə mübarizə aparmasına səbəb olduğunu qeyd edib.
Fevralın 2-dək davam edəcək sərginin açılış mərasimində Çexiyada akkreditə olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin nümayəndələri və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Litva ilə Azərbaycanı təkcə faciəli məqamlar deyil, eyni zamanda, ortaq maraqlar da birləşdirir. Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 20-də tanıyan Litva Respublikası ölkəmizin müstəqillik yolunu dəstəkləyən ilk dövlətlərdən biridir. İki dövlət arasında diplomatik münasibətlər isə 1995-ci ilin noyabr ayında qurulub. Litva Respublikasının Azərbaycandakı səfirliyi 3 aprel 2007-ci il tarixindən fəaliyyətə başlayıb, Azərbaycan Respublikasının Litvadakı səfirliyi isə 2007-ci ilin sentyabr ayında açılıb. Bundan əlavə, iki ölkə arasında prezidentlər səviyyəsində dəfələrlə görüşlər baş tutub, qarşılıqlı səfərlər təşkil olunub. İlk belə səfərlərdən biri kimi, 2006-cı il 8-9 iyun tarixlərində Litva Respublikasının keçmiş Prezidenti Valdas Adamkusun Azərbaycana rəsmi səfərini qeyd etmək olar. Prezident İlham Əliyevin isə 2007-ci ildə bu ölkəyə iki səfəri baş tutub. Dövlət başçıları səviyyəsində səfərlər sonrakı illərdə də davam edib.
Litva ilə Azərbaycan arasında siyasi dialoq çox fəaldır və müxtəlif səviyyələrdə inkişaf edir. Bunun təsdiqi olaraq 2013-cü ildə Litvanın Baş naziri və xarici işlər nazirinin Azərbaycana səfərini qeyd etmək olar. Bu, o deməkdir ki, qarşılıqlı münasibətlərin inkişafı hər iki ölkənin maraq dairəsindədir.
Eyni zamanda, Azərbaycan-Litva münasibətləri hökumətlərarası və parlamentlərarası səviyyələrdə də inkişaf edir. Məsələn, 2011-ci ildə Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. 20 yanvar 2009-cu ildə isə Litva Seymində 21 deputatdan ibarət Litva-Azərbaycan Parlamentlərarası dostluq qrupu fəaliyyətə başlayıb. Həmçinin, Azərbaycan Respublikası ilə Litva Respublikası arasında 30-dan artıq sənəd imzalanıb.
Bunlarla yanaşı, ölkələrarası münasibətlər çoxtərəfli əməkdaşlıq çərçivəsində, xüsusilə, Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində də inkişaf edir. Litvanın Aİ-dəki rolu bu ölkə ilə əməkdaşlığı Azərbaycan üçün maraqlı edən faktorlardan biridir. Məlum olduğu kimi, Azərbaycanın xarici siyasətində bir nömrəli məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkənin ərazi bütövlüyünün bərpasıdır. Azərbaycanın ərazi bütövlüyünün bərpasına münasibətdə ölkələrin tutduğu mövqe onların Azərbaycanla münasibətlərinə təsir edən amildir. Bu nöqteyi-nəzərdən, Litvanın Dağlıq Qarabağ münaqişəsinə yanaşması Azərbaycan üçün önəm daşıyır. Litvanın Xarici İşlər Nazirliyindən bununla bağlı mətbuata bildirilib ki, Cənubi Qafqazda dondurulmuş münaqişələr bu regionun inkişafına mane olur: “Regionda sabitlik və təhlükəsizlik böyük bir problemə çevrilmişdir. Litva ATƏT-də sədrlik edən dövrdə bizim məqsədimiz Cənubi Qafqaz regionunda münaqişələrin tənzimlənməsinə kömək etməkdən ibarət idi”.
Litva rəsmilərinin qənaətinə görə, Aİ ilə üç Cənubi Qafqaz ölkəsi arasında münasibətlərin möhkəmlənməsi həm islahatlar və demokratikləşmə prosesinə müsbət töhfə verir, həm də münaqişələrin tənzimlənməsi üçün yeni imkanlar yaradır və regionda sabitliyi möhkəmləndirir. Bu ölkədə belə hesab edirlər ki, Avropa İttifaqı icmalar səviyyəsində dialoqa şərait yaratmaqla, etimad tədbirlərindən daha səmərəli istifadə edilməsi yolu ilə bu prosesdə iştirak edə bilər. Litva ATƏT-in Minsk qrupunun danışıqlar aparmaq səylərini dəstəkləyir, tərəflərin mövqelərini yaxınlaşdırmağa, münaqişənin tənzimlənməsinin dinc və davamlı həllini tapmağa çalışır.
Yeri gəlmişkən, Litvanın xarici işlər naziri Linas Linkeviçius KİV-ə müsahibələrinin birində bildirib ki, Litva ilə Azərbaycan arasında çox sıx dostluq əlaqələri yaranıb. Litva Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə komissiyanın fəaliyyəti iki ölkə arasında əməkdaşlıq üçün, o cümlədən, iqtisadi münasibətlər və ortaq iqtisadi maraqlar üçün çox vacibdir. Təsadüfi deyil ki, Azərbaycan ilə Litva energetika, sənaye, nəqliyyat, rabitə və informasiya texnologiyaları, kənd təsərrüfatı, səhiyyə, mədəniyyət, turizm, təhsil və başqa sahələrdə bu tərəfdaşlığın nəticələrinin ilbəil yaxşılaşmasına nail olur. Eyni zamanda, iqtisadiyyat və biznes sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların yaradılmasına da ehtiyac var. Litva şirkətləri Azərbaycan bazarında fəaliyyət göstərmək üçün uğurlu tətbiq sahələri tapır. “Bizim informasiya texnologiyaları müəssisələrimiz Azərbaycanda maliyyə, mobil texnologiyalar, tədqiqatlar və digər sektorlarda öz həllərini artıq indi uğurla tətbiq edir. Lakin işgüzar münasibətlərin bütün potensialından istifadə edilmir. Litva Azərbaycandan daha çox sərmayə almaq istərdi”, - deyə Litvanın xarici işlər naziri sözügedən müsahibəsində bildirib. Nazirin sözlərinin təsdiqi olaraq xatırladaq ki, 2013-cü ildə Vilnüsdə Azərbaycan və Litva arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib. İclasda çıxış edən komissiya həmsədrləri - Litvanın xarici işlər naziri Linas Linkeviçius və Azərbaycanın vergilər naziri Fazil Məmmədov Litva ilə Azərbaycan arasında əlaqələrin inkişafı və möhkəmləndirilməsində komissiyanın fəaliyyətini yüksək qiymətləndirərək, müasir dövrdə iki ölkənin iqtisadi tərəqqisi, dövlətlərin ikitərəfli iqtisadi münasibətlərinin vəziyyəti və perspektivlərini qeyd edərək, qarşılıqlı ticarət imkanlarının inkişafı və diversifikasiyası üçün səy göstərilməsinin vacibliyini vurğulayıblar.
İki ölkə münasibətlərinin inkişaf tempi 2014-cü ildə də sürətlə davam edib. Belə ki, ötən ilin fevral ayının əvvəlində Azərbaycanın energetika nazirinin müavini Gülməmməd Cavadov Litva Baş nazirinin müşaviri xanım İrina Urbonaviçutenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyi, respublikamızla Litva arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi, ölkələrimiz arasında münasibətlərin qarşılıqlı dostluq və hörmət prinsipləri üzərində qurulduğu vurğulanıb.
Görüşdə, eləcə də, Azərbaycan və Litva arasında qarşılıqlı sərmayə qoyuluşu üçün böyük imkanların olduğu diqqətə çatdırılıb, iki ölkə arasında indiyədək biznes forumları, sərgi və işgüzar görüşlərin keçirildiyi qeyd edilib və iş adamları arasında mövcud əlaqələrin genişlənməsinin münasibətlərin inkişafına müsbət töhfə verəcəyi bildirilib. Öz növbəsində, Litva Baş nazirinin müşaviri İrina Urbonaviçuten ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rolunu vurğulayıb. İ.Urbonaviçuten, həmçinin, Litva iqtisadiyyatı barədə məlumat verərək, hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişlənməsinin Litva-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini diqqətə çatdırıb. Qonaq iqtisadi münasibətlərin inkişafı istiqamətlərini vurğulayıb və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirib.
Yeri gəlmişkən, iki ölkə arasındakı münasibətlərin inkişafı məsələsi ötən il oktyabrın 31-də Milli Məclisin sədri Oqtay Əsədovun Litvanın ölkəmizdə yeni təyin olunmuş səfiri Valdas Lastauskas ilə görüşündə də əsas müzakirə mövzusu olub. O.Əsədov səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb. Sədr inandığını bildirib ki, V.Lastauskas Azərbaycan-Litva əlaqələrinin daha da möhkəmlənməsi üçün səfir kimi öz qüvvə və bacarığını əsirgəməyəcək. Bildirilib ki, müstəqil Azərbaycan Litva ilə əməkdaşlığın daha da dərinləşməsində maraqlıdır. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin gələcək inkişafı üçün yaxşı zəmin yaradıb.
Milli Məclisin sədri hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsinin təqdirəlayiq olduğunu qeyd edib. Bildirilib ki, nüfuzlu beynəlxalq qurumlarda deputatların mütəmadi görüşləri və prinsipial məsələlər ətrafında fikir mübadiləsi aparılması ümumi məqsədlərə xidmət edir. Söhbət zamanı O.Əsədov yüksək səviyyəli siyasi münasibətlərin, iqtisadi əlaqələrin inkişafı üçün də münbit zəmin yarandığını söyləyib. Qeyd edilib ki, energetika, turizm, mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensial imkanlar mövcuddur.
Valdas Lastauskas Azərbaycanda diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib. O, ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əlaqələrin dərinləşməsinə böyük maraq göstərdiyini vurğulayıb. Bildirilib ki, parlamentlərarası əlaqələrin genişləndirilməsi, qarşılıqlı iqtisadi əməkdaşlığın gücləndirilməsi günün tələbidir. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-2015.- 24 yanvar.- S.8.