Azərbaycan sosial-iqtisadi cəhətdən dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir

 

Prezident İlham Əliyev: Eyni zamanda, ciddi iqtisadi islahatlar ciddi sosial siyasətlə də tamamlanmalıdır. Bu olmasa, cəmiyyətdə islahatlara o qədər də böyük dəstək olmayacaq

 

Son illərdə dünyada bir sıra arzuolunmaz proseslər baş verib hazırda mənfi tendensiyaların yeni dalğası baş qaldırıb. Siyasi qarşıdurmalar, müharibələr, maliyyə-iqtisadi böhran, dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi və bu kimi digər kataklizmlər ayrı-ayrı ölkələri ciddi sınaq qarşısında qoyub. Lakin dünyadakı belə arzuolunmaz mənzərə ilə müqayisədə Azərbaycan qlobal risklərə möhkəm dayanıqlılıq nümayiş etdirir. Dünyada gedən məlum proseslər Azərbaycana nəinki təsirsiz ötüşüb, hətta ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda dünyadakı mənzərə ilə müqayisədə Azərbaycan reallıqlarının tamam fərqli olduğunu nəzərə çatdırıb. Konfransdakı çıxışında Azərbaycanın inamla irəliyə getdiyini vurğulayan dövlət başçısı ölkəmizi dünyada sabitlik adası, inkişaf məkanı kimi səciyyələndirib: “Əgər biz 2004-cü ilə nəzər salsaq görərik ki, son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadisosial baxımdan ən sürətlə inkişaf edən ölkə olmuşdur. Bütün göstəricilər bunu təsdiq edir”.

Əlbəttə, son illərdə dünyada müşahidə edilən qlobal risklər fonunda Azərbaycanda davamlı sosial-iqtisadi inkişafın təmin olunmasında, makroiqtisadi sabitliyin qorunub saxlanılmasında Prezident İlham Əliyevin böyük səyləri ilə vaxtında görülən prevantiv tədbirlər, iqtisadiyyatın məqsədyönlü diversifikasiya siyasəti və bu siyasətin prioritet istiqamətlərindən olan regionların sosial-iqtisadi inkişafı strategiyası müstəsna rol oynayıb. Konfransda vurğulandığı kimi, 2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları ölkənin regionlarının iqtisadi potensialının artmasına, ənənələrin dirçəlməsinə, infrastruktur təminatının, biznesinvestisiya mühitinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, əhalinin rifahının yaxşılaşmasına səbəb olub.

Son 11 ildə Azərbaycanda ÜDM istehsalı 3,4 dəfə artıb

Hər bir ölkənin iqtisadi inkişafını şərtləndirən amillər sırasında ümumi daxili məhsul istehsalının artması mühüm faktor qismində çıxış edir. Bu mənada kifayət qədər ciddi qlobal risklərlə müşayiət olunan illərdə də ölkəmizdə iqtisadiyyatın davamlı olaraq genişlənməsi və ÜDM istehsalında artıma nail olunması böyük nikbinlik doğurur. Son 11 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstərici, məhz Azərbaycanda qeydə alınıb. Prezident İlham Əliyev haqqında bəhs olunan konfransdakı çıxışında ölkəmizin son 11 ildə ÜDM istehsalında dünya üzrə rekord göstəriciyə nail olduğunu xüsusi vurğulayıb: “2004-cü ildən bu günə qədər ümumi daxili məhsulumuz 3,4 dəfə artmışdır. Bu, dünya miqyasında rekord göstəricidir”.

Bu məqamda vurğulamaq yerinə düşər ki, ölkəmizdə ÜDM istehsalının artım dinamikası regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının birinci ilində də saxlanılıb. Ötən il bu sahədə 3 faiz artıma nail olunub. Ölkə iqtisadiyyatının genişlənməsi nəticəsində son illərdə respublikamızda makroiqtisadi sabitlik təmin olunub, əhalinin gəlirləri artıb, ölkədə işsizliyinyoxsulluğun səviyyəsi 5 faizə enib. Eyni zamanda, əhalinin gəlirlərinin təxminən 4,8 faiz artmasının müqabilində inflyasiya çox aşağı səviyyədə qalıb-cəmi 1,4 faiz.

Bütövlükdə dünya üçün çətin keçən illərdə ölkəmizin iqtisadi inkişaf dinamikasını saxlaması Azərbaycanın qlobal risklərə həssas olmadığını bariz şəkildə nümayiş etdirir. Bu da, ilk növbədə, ölkəmizdə iqtisadiyyatın məqsədyönlü şəkildə şaxələndirilməsi ilə bağlıdır. Azərbaycanın xoşbəxtliyi ondadır ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət sayəsində ölkə iqtisadiyyatının neft amilindən asılılığı aradan qaldırılıb və qeyri-neft sektorunun, o cümlədən də özəl bölmənin üstün inkişafı təmin olunub. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, hazırda ölkəmizdə ümumi daxili məhsulun 60 faizdən çoxu qeyri-neft sektorunda istehsal olunur. Qeyri-neft sektorunun inkişafında bu sahəyə dövlət tərəfindən ayrılan güzəştli kreditlər, infrastruktur təminatı mühüm rol oynayıb. Konfransda vurğulandığı kimi, təkcə ötən il regionların inkişafına bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilib.

Son 11 ildə Azərbaycan iqtisadiyyatının genişlənməsinin miqyası region ölkələri ilə müqayisədə daha qabarıq şəkildə nəzərə çarpır. Davamlı iqtisadi artım nəticəsində Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, hazırda bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, bu gün region iqtisadiyyatının təxminən 75 faizi respublikamızın payına düşür.

Azərbaycanın iqtisadi sahədə qazandığı uğurlar beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrində də öz əksini tapıb. Bu baxımdan dünyada böyük nüfuza malik Davos İqtisadi Forumunun qiymətləndirməsi xüsusilə diqqəti cəlb edir. Sözügedən mötəbər iqtisadi forum 2014-cü ildə Azərbaycan iqtisadiyyatını dünyada rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görüb. Bu o deməkdir ki, Azərbaycan dünyanın ən yüksək rəqabət qabiliyyətli 40 ölkəsi sırasında yer alır ki, bu da çox haqlı olaraq ölkəmiz üçün tarixi nailiyyət kimi dəyərləndirilir.

Sənaye istehsalı 2,7 dəfə artıb

Prezident İlham Əliyevin müasir dünya çağırışlarını nəzərə alaraq müəyyənləşdirdiyi yeni inkişaf paradiqmaları sırasında müasir sənaye quruculuğu mühüm yer tutur. Dövlət başçısı innovativ, elm tutumlu, müasir texnologiyalara əsaslanan sənaye quruculuğunu Azərbaycanın gələcək inkişaf hədəflərindən biri kimi müəyyənləşdirib. Bu mənada son 11 ildə sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biridir. Prezident İlham Əliyev yuxarıda haqqında bəhs olunan konfransda bu məqamı bir daha diqqətə çatdırıb: “Keçən il Azərbaycanda “Sənaye ilielan edilmişdir. Bu, bizim siyasətimizi göstərir. Çünki sənayeləşmə Azərbaycanda uğurla aparılır. Sənayeləşmə aparılmasaydı, biz həmişə neft amilindən asılı vəziyyətdə olacaqdıq”.

Son 11 ildə Azərbaycanda həyata keçirilən uğurlu sənayeləşdirmə siyasəti ölkədə çoxsaylı müəssisələrin yaranmasında, bir sıra məhsullara olan tələbatın daxili istehsal hesabına tam ödənilməsində, eyni zamanda, ixrac potensialının yaranmasında öz əksini tapıb. Sevindirici haldır ki, son 11 ildə istifadəyə verilən 500-dən artıq yeni istehsal müəssisəsi sayəsində Azərbaycanın sənaye xəritəsi əhəmiyyətli dərəcədə zənginləşib. Hazırda ölkəmiz yerli istehsal hesabına bir sıra tikinti materiallarına, o cümlədən də sementə, bentonitə, beton bloklara, metal konstruksiyalara, polietilen borulara və digər məhsullara olan tələbatını sırf daxili istehsal hesabına təmin etmək gücündədir. Respublikamızda yaradılan güclü emal sənayesi öz növbəsində kənd təssərrüfatının inkişafını stimullaşdırır və ölkənin ərzaq məhsulları ilə təminatında mühüm rol oynayır. Qısa müstəqillik tarixində Azərbaycan kosmik sənayeyə malik ölkəyə çevrilib. Müdafiə təyinatlı məhsul buraxan sənayenin yaradılması da ölkəmizin əldə etdiyi tarixi nailiyyətdir.

Qarşıda isə ölkə sənayesini yeni-yeni inkişaf üfüqləri gözləyir. Prezident İlham Əliyev ölkədə sənayenin intensiv inkişafının təmin edilməsi məqsədilə texnoparkların, sənaye klasterlərinin yaradılmasını bir vəzifə kimi qarşıya qoyub. Artıq texnoparkların yaradılması istiqamətində bir sıra zəruri tədbirlər görülüb və Sumqayıtda, Balaxanıda yaradılan texnoparklarda ilk rezidentlər fəaliyyətə başlayıb. Prezident İlham Əliyev haqqında bəhs olunan konfransdakı çıxışında ölkəmizin sənaye quruculuğu sahəsində böyük perspektivlərindən bəhs edərək bildirib: “Bakı, Sumqayıt, Gəncə bizim əsas sənaye şəhərlərimizdir. Eyni zamanda, Mingəçevir də böyük sənaye şəhərinə çevrilməlidir. Sumqayıt, nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Gəncə şəhəri isə əminəm ki, gələcəkdə Cənubi Qafqazın üçüncü böyük sənaye şəhərinə çevriləcəkdir. Bu məqsədlər üçün lazımi tədbirlər görülür”.

Bu məqamda vurğulayaq ki, respublikanın gələcək sənaye inkişafında, eləcə də, bölgələrdə əhalinin məşğulluğunun təmin olunmasında rayonlarda yaradılacaq sənaye məhəllələrinin mühüm rol oynayacağı proqnozlaşdırılır. Dövlət başçısı regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında rayonlarda sənaye məhəllələrinin yaradılmasının zəruriliyini bir daha nəzərə çatdırıb və belə məhəllələrin yaradılmasında yerli icra strukturlarının da üzərinə mühüm vəzifələr düşdüyünü söyləyib: “Mənim göstərişimlə indi hər bir rayonda sənaye zonası yaradılmalıdır. Artıq yaxın zamanlarda bu prosesbaşlayacaq. Burada yerli icra orqanlarının nümayəndələrinin də böyük dəstəyinə ehtiyac vardır. Çünki onlar bu işi yerlərdə təşkil etməlidirlər ki, bu zonalar müəyyən edilsin”.

Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra ölkəmizdə ixrac potensialı olan sənaye müəssisələrinin yaradılmasına hər cür dəstək veriləcək. Metallurgiya kompleksinin yaradılması da Azərbaycanın sənaye quruculuğunda yeni prioritet sahələrdən biridir. Prezident İlham Əliyev bu sahənin əhəmiyyətinə diqqət çəkərək bildirib: “Xüsusilə mən burada metallurgiya kompleksinin tikintisini qeyd etmək istəyirəm. Çünki bu, bir növ bizim üçün yeni sənaye sahəsi olacaq ki, bunun da xammal, resurs bazası var, ixrac imkanları da kifayət qədər genişdir. Ona görə bu sahəyə dövlət investisiyaları qoyulur. O sahələr ki, ölkəmiz üçün strateji əhəmiyyət daşıyır və o sahələr ki, öz növbəsində, həm ixrac potensialımızı artıracaq, eyni zamanda, özəl sektorun fəaliyyətinə təkan verəcək, o sahələrə dövlət investisiyalar qoyur, qoymalıdır”.

Ötən 11 ildə strateji valyuta ehtiyatları 50 milyard dollardan çox artıb

Son 11 ildə Azərbaycanın dinamik inkişafı həm də ölkənin strateji valyuta ehtiyatlarının artmasında öz təsdiqini tapıb. Hazırda Azərbaycan dünyanın ən möhkəm maliyyə dayanıqlılığına malik olan ölkələri sırasında yer alır. Son 11 ildə strateji valyuta ehtiyatlarımızın artması həm də onunla əlamətdardır ki, ölkəmizdə davamlı olaraq böyükhəcmli maliyyə tutumuna malik infrastruktur layihələri reallaşdırılıb. Şəmkirçay, Taxtakörpü su anbarlarının yaradılması, yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən layihələr, Oğuz-Qəbələ-Bakı su xəttinin çəkilməsi, yeni enerji güclərinin yaradılması və bu qəbildən olan diğər işlərin reallaşdırılmasına böyük məbləğdə maliyyə vəsaiti xərclənib. Bununla belə, respublikamız strateji valyuta ehtiyatlarını artırmağa nail olub. Prezident İlham Əliyev haqqında bəhs olunan konfransdakı çıxışında ölkəmizin bu uğurunu xüsusi nəzərə çatdıraraq deyib: “2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə, bu gün 50 milyard dollardan çoxdur. Görün, biz nə qədər ehtiyat yığmışıq. Baxmayaraq ki, bizim son illərdəki investisiya proqramlarımız çox genişmiqyaslıdır. Ancaq biz valyuta ehtiyatlarımızı ildən-ilə artırmışıq ki, ilk növbədə bu, bizə böyük inam verir, eyni zamanda, kredit reytinqlərimizi artırır və bununla bərabər bu, bir sığortadır, istənilən xoşagəlməz hadisəyə qarşı ciddi sığortadır”.

Prezident İlham Əliyev ölkənin xarici borclanmasının optimal həddə saxlanılmasına da ciddi önəm verir. Biz bir sıra ölkələrin nümunəsində xarici borclanmanın necə ağır nəticələrə gətirib çıxartdığının şahidi olmuşuq. Azərbaycan isə xarici borclanmanın risklərindən tam sığortalanıb. Məqsədyönlü siyasət sayəsində ölkənin maliyyə imkanlarının genişlənməsi öz növbəsində Azərbaycanın qlobal risklər şəraitində manevr imkanlarını artırır. Qeyd etmək xoşdur ki, hazırda ölkəmizin xarici borclanmasının səviyyəsi kifayət qədər aşağıdır. Respublikanın xarici borcu ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdəndir. Prezident İlham Əliyev ölkənin xarici borclanmasının bundan sonra da aşağı səviyyədə saxlanılacağı ilə bağlı zəruri mesajlar verib: “Xarici borc daim aşağı səviyyədə olmalıdır. Biz, əslində bu borcu bir gündə də ödəyə bilərik. Çünki xarici borcumuz valyuta ehtiyatlarımıza nisbətdə təxminən 10 faizdən bir qədər çox rəqəm təşkil edir. Ona görə xarici borc aşağı səviyyədədir. Bu, müsbət haldır. Müsbət hal kimi də qalmalıdır. Bu ilbizim büdcəmizdə xarici borcun qaytarılması üçün vəsait nəzərdə tutulur”.

Azərbaycanın dinamik iqtisadi inkişafı insanların mənafeyinə yönələn güclü sosial siyasət həyata keçirməyə etibarlı zəmin yaradır

Azərbaycanda son 11 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət, ilk növbədə, sosial mahiyyəti ilə fərqlənir. Ölkəmizdə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Ona görə iqtisadi amil, bax, bu imkanları yaradır. Eyni zamanda, ciddi iqtisadi islahatlar ciddi sosial siyasətlə də tamamlanmalıdır. Bu olmasa, cəmiyyətdə islahatlara o qədər də böyük dəstək olmayacaq. Ona görə biz sosial sahəni də prioritet kimi götürmüşük”.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev fəal əhalinin məşğulluğunun təmin olunmasının, yeni yerləri yaradılmasının daimi prosesə çevrilməsini, eyni zamanda, ölkədə mükəmməl sosial infrastruktur yaradılmasını dövlət siyasətinin əsas prioritetləri kimi müəyyənləşdirib. Təkcə onu vurğulamaq kifayətdir ki, son 11 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılması nəticəsində ölkədə 1 milyon 300 mindən çox yeni yerləri yaradılıb ki, bu da əhalinin sosial təminatında çox mühüm amil kimi çıxış edir. 2004-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 100 dollar idisə, hazırda bu göstərici 565 dollardır. Orta aylıq pensiya 24 dollardan 221 dollara çatıb. Ötən 11 ildə ölkənin hər yerində sosial infrastruktur layihələri reallaşdırılıb. Bəhs olunan dövrdə respublikada 2900 məktəb binası, 560 tibb ocağı tikilibya təmir edilib. Təkcə regionlarda 41 olimpiya idman mərkəzi və 30 gənclər mərkəzi istifadəyə verilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, sosial sahəyə, sosial infrastruktura qoyulan vəsaitin və ayrılan diqqətin təzahürüdür.

Ötən 11 ildə sosial cəhətdən ən ağır vəziyyətdə olan soydaşlarımıza- qaçqın və məcburi köçkünlərə də daim qayğı ilə yanaşılıb. Belə ki, bəhs olunan dövrdə respublikamızda qaçqın və məcburi köçkün soydaşlarımız üçün 84 qəsəbə salınıb, 210 min köçkün yeni, hər cür rahatlığa malik mənzillərə köçürülüb. Bu məqsədlər üçün 2 milyard manat vəsait xərclənib. Respublikada 11 il ərzində 210 min insanı yeni mənzillərdə yerləşdirməyin asan olmadığını bildirən Prezident İlham Əliyev onu da vurğulayıb ki, bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək: “Bunu da biz edirik və edəcəyik. Hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlərimiz var. Bu il də onların problemlərinin həlli üçün həm dövlət büdcəsində, həm Dövlət Neft Fondunda kifayət qədər böyük vəsait nəzərdə tutulur”.

Nəticə etibarilə, Azərbaycanda sosial siyasət dövlət siyasətinin ayrılmaz hissəsidir. Bu baxımdan, davamlı islahatların həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sosial islahatların təməlində güclü iqtisadiyyatımız dayanır.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2015.- 30 yanvar.- S.3.