Azərbaycan bütün nailiyyətlərə təkbaşına çatıb

 

Prezident İlham Əliyev: Müstəqil Azərbaycan bu gün nadir inkişaf dövrünü yaşayır. Azərbaycanda sürətli inkişaf prosesi gedir, düşünülmüş siyasət, müstəqil siyasət aparılır. Budur bizim uğurlarımızın təməlində dayanan əsas amillər

 

Müqayisələr və qarşılıqlı təhlillər aparmaqla hər bir ölkənin inkişaf səviyyəsini, sosial-iqtisadi durumunu daha real qiymətləndirmək mümkündür. Bu mənada son 11 ildə Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı nailiyyətlərin, qlobal risklər fonunda iqtisadi dayanıqlılığın artmasının, maliyyə imkanlarının genişlənməsinin regionun və dünyanın ayrı-ayrı ölkələrindəki vəziyyətlə müqayisəli təhlili nikbinlik doğurur.

Məlumdur ki, hazırda dünyanın mənzərəsi kifayət qədər mürəkkəbdir və təəssüf doğuran məqamlar, arzuolunmaz proseslər günümüzün sərt reallığına çevrilib. Beynəlxalq aləm bir neçə il bundan əvvəl başlayan qlobal maliyyə-iqtisadi böhranın acı fəsadlarından hələ tam yaxa qurtarmamış dünya yeni qlobal risklərlə üzləşib. Geostrateji planda hegemon güclərin siyasi-iqtisadi maraqlarının toqquşması, enerji daşıyıcıları ilə zəngin bölgələrə nəzarət imkanları qazanmaq iddiaları, irqçilik, ksenofobiya hallarının artması uzun sürən dağıdıcı müharibələrlə müşayiət olunur. Dünyanın hegemon gücləri siyasi məqsədlərini reallaşdırmaq naminə bir sıra hallarda ayrı-ayrı ölkələrə qarşı iqtisadi və digər təzyiq rıçaqlarını da işə salırlar. Bütün bunların nəticəsi kimi son vaxtlarda birjalarda neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi zəncirvari reaksiya doğuraraq ayrı-ayrı ölkələri ciddi sınaq qarşısında qoyub. Hüquqi cəhətdən beynəlxalq birliyin suveren aktorları sayılan, lakin iqtisadi-maliyyə nöqteyi-nəzərindən manevr imkanları məhdud olan bəzi milli dövlətlər ciddi kataklizmlərlə üzləşərək sosial layihələri ixtisara salmaq, maaşları, pensiyaları azaltmaq, iş yerlərini kütləvi surətdə bağlamaq məcburiyyətində qalıblar.

Dünyadakı belə neqativ mənzərə ilə müqayisədə Azərbaycan nəinki iqtisadi-maliyyə dayanıqlılığını qorumağa müvəffəq olub, eyni zamanda, öz potensialını ilbəil genişləndirərək bu əsasda ölkədə əhalinin sosial rifahını daha dolğun şəkildə təmin edir. Qeyd etmək xoşdur ki, Azərbaycanın hətta qlobal iqtisadi-maliyyə böhranı illərində və yeni risklər fonunda belə möhkəm iqtisadi dayanıqlılıq nümayiş etdirməsi, böyük uğurlara imza atması beynəlxalq miqyasda uğurlu model kimi dəyərləndirilir. Təsadüfi deyil ki, dünyanın ayrı-ayrı ölkələri Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində qazandığı təcrübədən yararlanmaq niyyətini bəyan edib.

Bundan başqa, dünyanın nüfuzlu reytinq agentlikləri də Azərbaycanın iqtisadi rəqabətlilik qabiliyyətini yüksək dəyərləndirirlər. Məsələn, dünyada böyük nüfuza malik Davos İqtisadi Forumu 2014-cü ilin ikinci yarısında yaydığı hesabatında ölkəmizi iqtisadi rəqabətlilik indeksinə görə 38-ci yerdə qərarlaşdırıb. Bu isə o deməkdir ki, qısa müstəqillik tarixinə malik olan Azərbaycan hazırda dünyanın ən güclü iqtisadiyyata malik 40 ölkəsi sırasında yer alır. Yeri gəlmişkən, Prezident İlham Əliyev bu günlərdə keçirilən regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında dünya üçün çətin illərdə də Azərbaycanın sürətli inkişaf templərini saxlamasından məmnunluğunu ifadə edib. Dövlət başçısı Azərbaycanı sabitlik adası və inkişaf məkanı kimi səciyyələndirərək, eyni zamanda, uğurlarımızın əsas təkanverici amillərinə diqqət çəkib: “Müstəqil Azərbaycan bu gün nadir inkişaf dövrünü yaşayır. Azərbaycanda sürətli inkişaf prosesi gedir, düşünülmüş siyasət, müstəqil siyasət aparılır. Budur bizim uğurlarımızın təməlində dayanan əsas amillər. İqtisadi, siyasi islahatlar aparılır, bütün azadlıqlar təmin edilir, demokratiyanın inkişafı sürətlə gedir və xalqla iqtidar arasındakı birlik uğurlu inkişafımızın əsas amilidir”.

Statistik rəqəmlər son 11 ildə keçilən böyük uğurlu yol barədə konkret təsəvvür yaradır

Yuxarıda haqqında bəhs olunan konfransda səsləndirilən statistik rəqəmlər son 11 ildə Azərbaycanın dünyada analoqu olmayan sürətli sosial-iqtisadi inkişaf yolu keçdiyini əyani şəkildə təsdiqləyir. Son 11 ildə Azərbaycan dünyanın qeyd olunan bu və digər qlobal risklərə baxmayaraq, öz iqtisadiyyatını davamlı olaraq genişləndirən və ümumi daxili məhsul istehsalında 3,4 dəfə artıma nail olan nadir ölkələrindən biridir. Dinamik inkişaf sayəsində ölkəmiz regionun lider dövlətinə çevrilib. Hazırda Cənubi Qafqaz regionunun iqtisadiyyatının təxminən 75 faizi məhz Azərbaycanın payına düşür və hər hansı regional layihənin icrası respublikamızın iştirakı olmadan qeyri-mümkündür. 2004-cü ildən bəri respublikamızın sənaye istehsalı 2,7 dəfə artıb, ölkənin sənaye xəritəsinə 500-dən çox yeni istehsal müəssisəsi əlavə olunub. Respublikamızın sənaye potensialı o səviyyədə yüksəlib ki, artıq bir sıra məhsullara olan daxili tələbat tam yerli istehsal hesabına ödənilir, qarşıdakı illərdə isə yeni ixrac imkanlarının yaradılması hədəflənib. Qısa müstəqillik tarixi ərzində Azərbaycanın kosmik və müdafiə sənayesinə malik ölkəyə çevrilməsi qürurverici haldır.

Ötən 11 il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulub. O da əlamətdar haldır ki, ölkəmizdə müxtəlif sahələrə yönəldilən investisiyaların strukturu əhəmiyyətli dərəcədə dəyişib. Təkcə belə bir faktı vurğulamaq yerinə düşər ki, 2014-cü ildə ölkəmizə yatırılan 27 milyard dollar sərmayələrin 16 milyard dollarını daxili investisiyalar təşkil edib. Eyni zamanda, Azərbaycan investisiya idxal edən ölkədən sərmayələr ixrac edən ölkəyə çevrilib və dünyada donor qismində çıxış edir.

Ölkədə maliyyə stabilliyinin təmin olunması nikbinlik doğurur. Son 11 ildə respublikamızın strateji valyuta ehtiyatları 50 milyard dolları ötüb ki, bu da qlobal risklər şəraitində ölkəmizə böyük inam verir və manevr imkanlarını genişləndirir. Təsadüfi deyil ki, ölkəmizin xarici borclanması da aşağı səviyyədədir. Hazırda Azərbaycanın xarici borcu ümumi daxili məhsula nisbətdə cəmi 8 faiz təşkil edir ki, bu da, hətta inkişaf etmiş ölkələrlə müqayisədə belə çox yaxşı göstəricidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, valyuta ehtiyatlarımız bu gün istənilən xoşagəlməz hadisəyə qarşı ciddi sığorta amili kimi çıxış edir. “Bu gün bizim valyuta ehtiyatlarımız xidmət edir. Bu, sadəcə olaraq mücərrəd anlayış deyil. Hər bir insan bunu öz gündəlik həyatında hiss edir. Çünki manatın məzənnəsi sabit olaraq qalır. Baxmayaraq ki, neftin qiyməti düşüb, böyük valyuta ehtiyatlarımız, düşünülmüş makroiqtisadi siyasət imkan verir ki, Azərbaycan vətəndaşları bu böhranı hiss etməsinlər”.

Son 11 ildə ölkə iqtisadiyyatının yüksək templərlə inkişafı geniş məzmunlu sosial proqramları, zəruri infrastruktur layihələrini reallaşdırmağa imkan verib. 2004-cü ildən bəri ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramının və 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının birinci ilinin icrasının müvəffəqiyyətlə reallaşdırılması nəticəsində ölkədə 80 faizi regionların payına düşməklə 1 milyon 300 mindən artıq yeni iş yerləri yaradılıb. Respublikada qısa müddətdə işsizlik və yoxsulluq 5 faizə düşüb, əhalinin gəlirlərinin artmasının müqabilində inflyasiya aşağı - cəmi 1,4 faiz həddində saxlanılıb. Ötən 11 ildə ölkə ərazisində təxminən 3 min məktəb, 560 tibb ocağı tikilib və yaxud əsaslı təmir edilib, 40-dan çoxu bölgələrin payına düşməklə 50 idman-olimpiya kompleksi istifadəyə verilib.

Ötən 11 il, həmçinin, ölkəmizdə yeni infrastruktur obyektlərinin istifadəyə verilməsi ilə yadda qalıb. Böyük məbləğdə investisiyalar hesabına reallaşdırılan Taxtakörpü, Şəmkirçay su anbarları, Oğuzdan Bakıya çəkilən su xətti bundan sonra da onilliklər boyu ölkəmizin tərəqqisində və yüksək həyat səviyyəsinin təmin olunmasında mühüm rol oynayacaq. Son 11 il ərzində ölkə ərazisində 10 min kilometr yol çəkililib, 340 körpü və tunel istifadəyə verilib. Yeni yaradılan elektrik gücləri ölkə iqtisadiyyatının infrastruktur təminatında mühüm rol oynayır. 2004-cü ildən bəri respublikamızda 23 elektrik stansiyası tikilib ki, onların da gücü 2400 meqavata bərabərdir. Ümumiyyətlə, son 11 ildə reallaşdırılan və bütövlükdə respublikamızın mənzərəsini dəyişən bu qəbildən olan işlərin miqyası kifayət qədər genişdir. Bütün bunlar ölkəmizin 11 ildə keçdiyi inkişaf yolu barədə konkret təsəvvür yaradır.

11 ildə uğurlu inkişaf yolunun qət edilməsində Azərbaycana heç kim kömək etməyib

Konfransda vurğulandığı kimi, indi dünyanın, hətta inkişaf etmiş ölkələri belə xarici yardımlardan bəhrələnmək istəyirlər. Xarici yardım olmadan həmin ölkələrin iqtisadiyyatları çökür, defolt vəziyyətinə düşür. Qlobal risklər şəraitində Azərbaycanın hər sahədə böyük uğurlara imza atması həm də onunla əlamətdardır ki, ölkəmizin bu nailiyyətləri qazanmasında ona heç kim kömək etməyib. Prezident İlham Əliyev konfransdakı çıxışında bu məqamı xüsusi vurğulayaraq deyib: “Amma Azərbaycan bütün nailiyyətlərə təkbaşına çatıbdır. Bəzi hallarda əsassız təzyiqlərə də məruz qalmışıq. Bəzi hallarda bizə qarşı kampaniyalar da aparılıbdır və aparılır. Bəlkə bəzilərinin xoşuna gəlmir ki, Azərbaycan bu qədər müstəqil ölkədir, Azərbaycanda hər şey yaxşıdır, Azərbaycan çiçəklənir, gündən-günə inkişaf edir. Bu, bəzilərinin, necə deyərlər, gözünü deşir. Biz bunu da bilirik”.

Bəs ölkəmizin uğurlarını şərtləndirən, Azərbaycanı regional lider dövlətə çevirən amillər hansılardır? Burada təməli xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və son 11 ildə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasət həlledici rol oynayıb. Azərbaycanın bu gün beynəlxalq miqyasda dünyada uğurlu model kimi qəbul edilən davamlı inkişaf strategiyasının əsası məhz Ümummilli lider Heydər Əliyevin çox böyük səyləri hesabına 1994-cü il sentyabrın 20-də Bakıda Xəzərdəki “Azəri-Çıraq-Günəşli” yatağının birgə işlənməsinə dair “Əsrin müqaviləsi” adını alan beynəlxalq kontraktın imzalanması ilə qoyulub. “Əsrin müqaviləsi” çərçivəsində əldə olunan gəlirlər sonrakı illərdə Azərbaycanın sosial-iqtisadi inkişafına təkan verib. Azərbaycanın uğurlu inkişaf modelinin əsas xarakterik xüsusiyyəti ondan ibarətdir ki, ölkəmizdə zəngin karbohidrogen ehtiyatlarının işlənməsindən əldə olunan gəlirlər hesabına iqtisadiyyatın digər sahələrinin inkişafına, insan kapitalı yaradılmasına böyük diqqət yetirilir. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi məqsədyönlü siyasətə uyğun olaraq ölkənin getdikcə artan maliyyə resursları regionların tarazlı inkişafına, qeyri-neft sektorunun imkanlarının genişləndirilməsinə, müasir dünya çağırışlarına uyğun olaraq innovativ sənaye quruculuğuna, modern idarəçilik metodlarının tətbiqi və maddi-texniki təchizatın yüksəldilməsi yolu ilə kənd təsərrüfatının ixrac potensialının artırılmasına yönəldilir. Ölkəmizdə 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və artıq icrası tamamlanan iki Dövlət Proqramının, eləcə də, hazırda 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının uğurla reallaşdırılması sayəsində Azərbaycanın əksər bölgələri ilə paytaxt arasında fərq minimuma enib, regionlar iqtisadi güc amilinə çevrilib. Hazırda Azərbaycanın bütün regionlarında tarixən formalaşan ənənələr, yerli əmək və xammal ehtiyatları nəzərə alınmaqla yaradılan müasir istehsalatlar uğurla fəaliyyət göstərir. Konfransda vurğulandığı kimi, Azərbaycan daim yeni təşəbbüslərlə çıxış edir. Məhz Azərbaycanın təşəbbüsləri sayəsində son illərdə bir sıra böyük enerji və nəqliyyat layihələrinin icrasına başlanılıb. TANAP, TAP, “Cənub” qaz dəhlizi, “Bakı-Tbilisi-Qars” dəmiryolu layihələri buna misaldır. İslahatların ardıcıl xarakter daşıması və hər bir işin vaxtında görülməsi Azərbaycanı fərqləndirən və uğurlarımıza təkan verən əsas cəhətlərdir. Prezident İlham Əliyev konfransdakı çıxışında bir daha bu məqama toxunaraq vurğulayıb: “Biz real işlərlə məşğuluq. Real işlər həyatda öz əksini tapır. Ona görə bu gün Azərbaycan modeli var. Ona görə ki, biz boşboğazlıqla yox, real işlərlə məşğuluq, xalqa xidmət edirik və edəcəyik”.

Heç kəs Azərbaycanla diktat dili ilə danışa bilməz

Hər bir ölkənin siyasi müstəqilliyinin təmin olunması və qlobal miqyasda nüfuzunun artması böyük dərəcədə onun iqtisadi inkişaf səviyyəsindən asılıdır. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev hələ 2003-cü ildə seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində bəyan etmişdi ki, əgər biz iqtisadi müstəqilliyə nail olmasaq, siyasi müstəqilliyimiz də yarımçıq olacaq. Ötən illər Azərbaycanın timsalında bu tezislərin nə qədər real olduğunu bir daha təsdiqlədi. Son 11 ildə özünün iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıran Azərbaycanın paralel surətdə regional və qlobal miqyasda siyasi nüfuzu da artıb. Hazırda ölkəmiz beynəlxalq miqyasda qlobal əməkdaşlığa töhfə verən etibarlı tərəfdaş hesab olunur. Qısa müstəqillik tarixində Azərbaycanın dünyanın 155 ölkəsinin dəstəyini qazanaraq BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi, Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyini uğurla həyata keçirməsi, eyni zamanda, bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin dünya miqyasında siyasi nüfuzunun artmasını təsdiqləyir. İqtisadi sahədə dinamik inkişafa nail olması, eyni zamanda, Azərbaycanın qlobal miqyasda öz siyasi maraqlarını qəti şəkildə qorumasına imkan verir. Prezident İlham Əliyevin konfransda vurğuladığı kimi: “Əlbəttə, iqtisadi güc imkan verir ki, siyasi səhnədə də heç kimdən çəkinmədən sözümüzü deyək, milli maraqlarımızı qoruyaq, qoruyacağıq və qoruyuruq”.

Ətrafdakı ölkələrin nümunəsi bu fikirləri bir daha təsdiqləyir. İqtisadi potensialı çox aşağı olan Ermənistanın müstəqil ölkə kimi yaşamağa və milli maraqlarını qorumağa qadir bir dövlət olmadığını hamı görür. Reallıq onu deməyə əsas verir ki, işğalçılıq siyasətindən əl çəkməyən Ermənistan ancaq müstəmləkə şəraitində yaşaya bilər. Prezident İlham Əliyev konfransdakı çıxışında son hadisələrə istinad edərək bu ölkədə milli ləyaqətin kriminal xunta tərəfindən tapdalandığını nəzərə çatdıraraq vurğulayıb: “Baxın, dilənçi Ermənistana nəzər yetirin. Ermənistan nəinki müstəmləkə deyil, hətta o, bəlkə heç nökər adına da layiq deyil”.

Əlbəttə, dünyada Azərbaycanın uğurlarını həzm edə bilməyən dairələr və dövlətlər də var. Onlar ölkəmizə münasibətdə qərəzli möve nümayiş etdirir və hansısa vasitələrlə uğurlarımıza kölgə salmağa çalışırlar. Lakin Prezident İlham Əliyevin konfransdakı çıxışında vurğuladığı kimi, belə cəhdlər əbəsdir və heç kim Azərbaycanla diktat dili ilə danışa bilməz: “Məhz iqtisadi güc bizə bu imkanları yaratdı və bu gün biz müstəqilik. İqtisadi və siyasi cəhətdən heç kimdən asılı deyilik. Heç kim bizimlə diktat dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq. Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik və heç kimin qabağında başıaşağı deyilik, ölkəmizi ləyaqətlə idarə edirik”.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2015.- 31 yanvar.- S.2.