İsmayıl Alper Coşqun: Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı üçün çox güclü siyasi iradə və sağlam zəmin var

 

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun AzərTAc-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

- Cənab səfir, Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Türkiyəyə dövlət səfəri çərçivəsində keçirilən görüşlərdə, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasında ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən məsələlər müzakirə olundu. Mətbuata bəyanatda da bildirildi ki, qarşıya çox böyük hədəflər qoyulub. Bu hədəflərə çatmaq üçün iki qardaş ölkə arasındakı əməkdaşlıqda hansı yeniliklər gözlənilir?

- Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları Türkiyə ilə Azərbaycan arasındakı işbirliyinin çox mühüm təşkilati əsasına çevrilib. Bu dəfə Şuranın dördüncü iclası keçirildi. İclaslar çərçivəsində həm prezidentlərin təkbətək görüşləri, həm də müxtəlif məsələlərlə əlaqədar nazirlərin ikitərəfli görüşləri olur. Bir il boyu ölkələrimizə ediləcək qarşılıqlı səfərlərdə müzakirə olunacaq məsələlər ətrafında fikir mübadiləsi aparılır. Sonra prezidentlərin rəhbərliyi ilə, belə demək mümkündürsə, ortaq Nazirlər Kabineti iclası keçirilir. İclasda prezidentlər keçirdikləri görüşlərdə müzakirə olunan məsələlər, gələcək fəaliyyətin əsas istiqamətləri barədə məlumat verir, hökumət üzvlərini təlimatlandırırlar. Nazirlər isə keçirdikləri görüşlərdə müzakirə olunan məsələlər barədə məlumat verirlər. Beləliklə, həm əvvəlki illərdə qəbul olunan qərarlar və görülən işlər dəyərləndirilir, həm də gələcək fəaliyyətlə bağlı müzakirələr aparılır. Bu, ikitərəfli əlaqələrimiz baxımından çox güclü baza təşkil edir. Eyni zamanda, əlaqələrimizin bütün istiqamətlərinin nəzərdən keçirilməsinə şərait yaradır.

Azərbaycan ilə Türkiyə arasındakı ikitərəfli əməkdaşlıq, hesab edirəm ki, artıq çox yüksək səviyyəyə çatıb. Aramızdakı siyasi əlaqələr lazım olan səviyyədədir. Məncə, ortaq tariximizin, qardaşlığımızın daimi olması üçün hər cür fədakarlıq göstərən insanların, yeni baxış ortaya qoyan şəxsiyyətlərin, o cümlədən ulu öndərlərimiz Mustafa Kamal Atatürkün və Heydər Əliyevin, hazırda bu missiyanı davam etdirən dövlət başçıları - Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın tövsiyələri əlaqələrimizi daha da inkişaf etdirmək üçün qarşımıza olduqca mühüm vəzifələr qoyur. Bu baxımdan münasibətlərimizin inkişafı üçün çox güclü siyasi iradə və sağlam zəmin var. Bu, çox sevindirici amildir.

Bölgədə, bütün dünyada problemlərin, münaqişələrin olduğu bir şəraitdə Türkiyədə və Azərbaycanda möhkəm sabitlik hökm sürür, ölkələrimizdə iqtisadiyyatın inkişafı, əhalinin firavanlığı istiqamətində mühüm işlər görülür. Burada ən əsas məqam ondan ibarətdir ki, Azərbaycanın və Türkiyənin birlikdə həyata keçirdikləri əməkdaşlıqdan təkcə bizim ölkələrimiz deyil, bu bölgə, eləcə də daha geniş coğrafiya faydalanacaq. Qardaş ölkələrimiz reallaşdırmaq istədikləri mühüm layihələri həyata keçirmək istiqamətində sarsılmaz iradə nümayiş etdirirlər. Bu baxımdan TANAP layihəsini xüsusilə qeyd etmək istəyirəm. Bu, Türkiyə və Azərbaycan üçün vacib layihədir. “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti “Şahdəniz” yatağında “bp”-dən sonra ikinci ən böyük sərmayəçidir. Bu, bizim həmin layihəyə verdiyimiz əhəmiyyətin, Azərbaycan ilə hər sahədə olduğu kimi, enerji sahəsində də ortaq taleyimizin parlaq göstəricisidir. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında da dövlət başçıları və əlaqədar nazirlər TANAP layihəsi ilə bağlı işlərin nəzərdə tutulduğundan da sürətlə görüldüyünü vurğulayaraq, sonrakı mərhələlərdə həyata keçiriləcək məsələlərlə bağlı müzakirələr apardılar.

“Bakı-Tbilisi-Qars” çox böyük bir layihədir. Belə böyük layihənin reallaşdırılmasında müxtəlif texniki səbəblərdən gecikmələrin olması normaldır. Bunu deyə bilərəm ki, dəmiryolunun Türkiyə hissəsində işlərin 90 faizi artıq yekunlaşmaq üzrədir. Gürcüstan ərazisinə keçən tuneldə işlərin yaxın günlərdə tamamlanması nəzərdə tutulur. Ümid edirik ki, 2015-ci ildə “Bakı-Tbilisi-Qars” dəmiryolu layihəsi reallığa çevriləcək. Bir zamanlar “Bakı-Tbilisi-Ceyhan” da əlçatmaz bir xəyal idi. Əgər Ümummilli lider Heydər Əliyev və Türkiyənin o vaxtkı dövlət rəhbərləri güclü iradə ortaya qoymasaydılar “Əsrin müqaviləsi” reallaşa bilməzdi. “Bakı-Tbilisi-Qars” layihəsi də eyni şəkildə həyata keçirilir.

Bu layihə Azərbaycan və Türkiyə arasında yeni əməkdaşlıq imkanları yaradacaq. Odur ki, iclasda və görüşlərdə “Bakı-Tbilisi-Qars” dəmiryolu xəttinin istifadəyə verilməsi ilə nəqliyyat, ticarət sahəsində Azərbaycanın, Türkiyənin, Gürcüstanın, ümumilikdə regionun və digər coğrafiyaların faydalanmaq imkanları müzakirə olundu.

Ümumiyyətlə, qarşıdakı dövrlərdə enerji ilə yanaşı, nəqliyyat sahəsində də Azərbaycan və Türkiyə başda olmaqla, digər dövlətləri də əhatə edən əhəmiyyətli işlər görüləcək.

Əlbəttə, görüşlərdə dünyada baş verən prosesləri, xüsusilə də bizi ən çox narahat edən məsələləri, əsasən də Dağlıq Qarabağ münaqişəsini müzakirə edirik. Dağlıq Qarabağ problemi bu iclasda da müzakirə olundu. Biz status-kvonun qəbuledilməzliyi, işğala dərhal son qoyulması, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həlli istiqamətində Azərbaycanın mövqeyini tamamilə dəstəkləyirik.

İclasda, həmçinin Türkiyəyə və Azərbaycana, türklərin ortaq tarixinə ləkə atılmasına, eləcə də belə cəhdlərə qarşı birgə mübarizə tədbirləri də müzakirə olundu. Azərbaycan və Türkiyə, eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında, eləcə də türk dünyasını bir araya gətirən qurumlarda çox fəal ölkələrdir. Ortaq mədəniyyətimizin qorunması, tanıdılması və inkişafı istiqamətində birlikdə görə biləcəyimiz işlər ətrafında fikir mübadiləsi aparıldı.

Bilirsiniz ki, bu il Türkiyə “G-20”yə ev sahibliyi edəcək. Bu, Türkiyəyə digər bir ölkəni həmin tədbirə qonaq kimi dəvət etmək hüququ verir. Türkiyə də bu məsələdəki yeganə haqqını Azərbaycan üçün istifadə etdi. Bu da təbiidir. Məmnunluqla qeyd etmək istəyirəm ki, bu məsələ ilə bağlı Türkiyədə çox da geniş müzakirələr aparılmadı. Bu, bütün dövlət qurumlarının dəstəyi, eləcə də siyasi iradə nəticəsində Türkiyə üçün rahatlıqla qəbul olunan bir qərar oldu. Çünki Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Biz Azərbaycanı daim hər yerdə yanımızda görmək istəyirik. Bu, bizim qardaşlıq borcumuzdur. Biz, eyni zamanda, bugünkü Azərbaycandan güc alırıq. Azərbaycanın bizim yanımızda olması bizə yalnız qürur vermir, eyni zamanda, Türkiyənin gücünə güc qatır. Beləliklə də, “G-20”yə sədrliyimiz dövründə Azərbaycan ilə birlikdə dünya məsələlərinə fayda verməyə çalışacağıq.

2014-cü il əməkdaşlıq baxımından çox zəngin olub. Səfir olaraq bundan qürur duyuram. 2015-ci il daha zəngin il olacaq. Belə də olmalıdır. Bu, məni çox məmnun edir. İki ölkənin prezidentləri, hökumət nümayəndələri, dövlət təmsilçiləri bir-biri ilə çox yaxın əməkdaşlıq ruhunda, Azərbaycan və Türkiyə, xalqlarımız, bölgə üçün iş görmək düşüncəsi ilə fəaliyyət göstərirlər. Bu, çox mühüm məsələdir. Əlaqələrimizin yüksək səviyyəyə çatdığını söyləyərkən bunu nəzərdə tuturdum.

Dövlət nümayəndələrinin üzərinə xüsusilə böyük məsuliyyət düşür. Xalqlarımızdan gələn birlikdə hərəkət etmək iradəsi, qardaşlıq hissi ən yüksək səviyyədə siyasi iradə ilə möhkəmləndirilib, qarşıya dəqiq hədəflər qoyulub. O hədəflərə doğru Azərbaycan ilə birlikdə irəliləyəcəyik.

- Azərbaycan və Türkiyə arasında hərbi sahədə də yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Prezident İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində bu məsələ ətrafında da müzakirələr aparıldı. Bu sahədə əməkdaşlığın daha da gücləndirilməsi üçün hansı addımların atılması nəzərdə tutulur?

- Müdafiə sahəsində imkanlarımızı artırmağa ehtiyac var. Buna bir ölkənin təhlükəsizliyini qorumaq iqtidarına malik olması nöqteyi-nəzərindən baxmaq lazımdır. Türkiyə yerləşdiyi bölgənin qeyri-sabit olması səbəbindən bu sahədə çox mühüm təcrübə qazanıb.

Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Buna görə də hərbi gücünü, müdafiə qabiliyyətini, manevr imkanlarını artırmaq Azərbaycanın haqlı hədəfidir. Azərbaycanda bu istiqamətdə çox önəmli işlər görülür. Türkiyə hər sahədə olduğu kimi, müdafiə sahəsində də hər zaman Azərbaycan ilə sıx əməkdaşlıq edib. Azərbaycanın müəyyən etdiyi hədəflərə Türkiyə olaraq töhfə verməyə hazır olduğumuzu daim söyləmişik və bunun üçün çalışmışıq. Bu iş hazırda da davam etməkdədir.

Türkiyədə müdafiə sənayesi çox sürətlə inkişaf edir. Müdafiə sənayesinin və iqtisadiyyatın inkişafı bir-biri ilə bağlı, bir-birindən asılı prosesdir. Qarşıda öz tanklarımızı, döyüş təyyarələrimizi istehsal etmək hədəfləri dayanırdı. Artıq öz helikopterlərimizi istehsal edirik.

Azərbaycan ilə Türkiyədə toplanan bu ehtiyatlardan, ortaq istehsaldan necə istifadə edə bilərik? Azərbaycan Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək, Türkiyənin bu baxımdan verə biləcəyi, eləcə də Türkiyənin Azərbaycandan yararlanmaq imkanları, - burada böyük işlər görülür, müdafiə sənayesi inkişaf edir, Azərbaycan bu baxımdan xeyli işlər görür, - qısası, biz Azərbaycan ilə bu sahələrdə birgə iş görmək üzərində çalışırıq. Prezidentlərin mətbuata bəyanatlarında da toxunulan önəmli məsələlərdən biri də bu oldu. Təchizat, müdafiə sənayesi ilə yanaşı, şəxsi heyətin təhsili sahəsində, əməkdaşlıq, ortaq təlimlər istiqamətində də fəaliyyətimizi davam etdiririk. Bilirsiniz ki, 2014-cü ildə Türkiyənin “F-16” təyyarələri Azərbaycana gəldi və burada birgə təlimlər keçirildi. Bu təlimlərin keçirilməsi davam etdiriləcək. Bu, həm şəxsi heyətin bir-birini tanıması, həm Silahlı Qüvvələrimizin birlikdə hərəkət etmək bacarığının inkişaf etdirilməsi, həm də Azərbaycanın qarşıya məqsəd qoyduğu NATO standartlarına çatmasına Türkiyənin töhfə verməsi baxımından çox faydalıdır. Bütün bunlar Azərbaycanın və Türkiyənin müdafiə qabiliyyətini, manevr imkanlarını artıran və beləliklə, bölgədə sabitliyə töhfə verən məsələlərdir.

- Cənab səfir, rəsmi Ankara dəfələrlə bəyan edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmayanadək Türkiyə-Ermənistan sərhədi açılmayacaq. Ancaq buna baxmayaraq bu məsələ vaxtaşırı gündəmə gətirilir. Sizcə bu, nədən qaynaqlanır?

- Azərbaycanın bu məsələyə həssas yanaşması təbiidir. Amma rahatlıqla deyə bilərəm ki, Türkiyədə heç bir yerdə - nə dövlətdə, nə vətəndaşlarımız arasında qəsdən Azərbaycanın maraqlarına uyğun olmayan, Azərbaycanı üzən bir plan həyata keçirilə bilməz. Azərbaycan və Türkiyə arasındakı əlaqələr daha da gücləndikcə, təsir mexanizmləri daha da artdıqca, bizim aramıza nifaq toxumu səpmək istəyənlərin sayı çoxalır. Qardaş ölkələrimiz arasındakı bu gözəl münasibətlərə xələl gətirmək istəyənlər çoxalır. Ona görə də çox güclü, önəmli və strateji əhəmiyyət daşıyan əlaqələrimizi birlikdə qorumalıyıq.

Türkiyə Respublikası Ermənistan ilə sərhədləri öz iradəsi ilə bağlayıb. Bizim məqsədimiz bölgədə sülhün və təhlükəsizliyin əldə olunmasıdır. Bu isə ancaq Azərbaycana qarşı həyata keçirilən təcavüzün, işğalın başa çatmasından sonra mümkün olacaq. Türkiyə dəfələrlə qeyd edib ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinin tərəfdarıdır. Azərbaycanı narahat edəcək hər hansı bir addım atılmasından isə söhbət gedə bilməz. Biz hər zaman bu mövzunu ətraflı şəkildə müzakirə edirik, nələr etmək mümkündürsə, onlara da birlikdə baxırıq. Ümid edirəm ki, bu regionda haqq-ədalət qələbə çalar və işğal sona çatar.

Azərbaycan və Türkiyə regionun parlaq gələcəyi naminə böyük işlər görməyi planlaşdırır. Özlərinə yaxınlaşan hər ölkə ilə də bunu paylaşmağa hazırdırlar.

- Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata birgə bəyanatında bildirildi ki, 24 aprel - Çanaqqala döyüşünün 100-cü ildönümü təntənəli şəkildə qeyd olunacaq. Ermənilər isə həmin tarixdə qondarma “erməni soyqırımı”nın 100 illiyini qeyd etməyə hazırlaşırlar. Azərbaycan və Türkiyə icmalarının qondarma erməni iddialarına qarşı mübarizə istiqamətində birgə fəaliyyətini yetərli hesab edirsinizmi?

- Çanaqqala döyüşü Birinci Dünya müharibəsinin ən önəmli mərhələlərindən biri idi. Hər il bu döyüş Türkiyədə təntənəli şəkildə qeyd edilir. O vaxt azərbaycanlı qardaşlarımızın da gəlib şəhid olduqları döyüş bu gün bizləri birləşdirən tarixi hadisədir.

Çanaqqala döyüşünün 100-cü ildönümü ilə əlaqədar Sülh Zirvəsi keçirmək, buradan dünyaya bir sülh mesajı vermək istəyirik. İşğalların baş verdiyi və böyük silahlı münaqişələrin yaşandığı bir vəziyyətdə bu mesajın verilməsi çox önəmlidir. Hər zaman Türkiyənin yanında olan Azərbaycan da təbii olaraq bu toplantıya dəvət olundu.

Həmçinin, bu il ermənilər özlərinin iddiaları ilə bağlı qondarma “erməni soyqırımı”nın 100 illiyini qeyd etməyə hazırlaşırlar. Onlardan fərqli olaraq biz bu məsələni emosionallıqdan uzaq, ədalətli, akademik bir məntiq və obyektivlik əsasında araşdırmağa hər zaman hazırıq. Biz bunu ermənilərdən fərqli olaraq daha rahat edə bilirik. Çünki bu məsələdəki tariximizə inanırıq.

Dünyada ortaq tariximizi təhrif etməyə yönlənmiş fəaliyyətlərə qarşı Azərbaycan və Türkiyə birlikdə mübarizə aparmaqda qərarlıdır. Bu istiqamətdə fəaliyyəti gücləndirmək niyyətindəyik. İndiyədək bu məsələ üzərində o qədər də işləməmişik. Çünki iddia sahibi deyilik. Amma o da bir həqiqətdir ki, beynəlxalq sistemdə belə yanlış məlumatlandırmalar təsiredici olub. Ona görə də həqiqətin deyilməsi lazımdır. Bu məqsədlə də biz arxivlərimizi dünyaya açdıq. Azərbaycan bu məsələdə Türkiyənin ən önəmli tərəfdaşıdır. Ümid edirəm, gələcək illərdə bu haqda dünyaya doğru məlumatların çatdırılması istiqamətində önəmli nəticələr əldə olunacaq.

- Cənab səfir, “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum” neft və qaz kəmərləri çəkilib, “Bakı-Tbilisi-Qars” dəmiryolu xəttinin tikintisi başa çatmaq üzrədir. Azərbaycan qazının Türkiyədən keçməklə Avropaya çatdırılmasını nəzərdə tutan TANAP layihəsinin reallaşdırılmasına başlanılıb. Bu qlobal layihələrin əməkdaşlığımızın perspektivlərinə təsirini necə dəyərləndirərdiniz?

- Bəli, təbii ki, Türkiyənin “Bakı-Tbilisi-Ceyhan” və “Bakı-Tbilisi-Ərzurum” layihələrində çox uğurlu təcrübəsi var. Bu, bir tərəfdən Azərbaycanın sahib olduğu enerji qaynaqlarının dünya bazarına çıxmasına imkan yaradıb, digər tərəfdən isə istehlakçı olan Türkiyə üçün də çox önəmli olub. Eyni zamanda, tranzit ölkə olaraq Türkiyəyə müəyyən strateji önəm qazandırıb. Beləliklə, bizim regional çərçivədə təşəbbüskarı olduğumuz bu layihələrlə böyük miqyasda nəticələr əldə edilib. TANAP həqiqətən çox böyük layihədir və biz təbii ki, indi bu layihəni həyata keçirməyə çalışırıq. “Şahdəniz” layihəsi buradakı yataqların inkişaf etdirilməsini nəzərdə tutur. Söhbət 20-25 milyard dollar həcmində investisiyalardan gedir. Daha sonra boru kəmərlərinin genişləndirilməsi, Türkiyəyə çatdırılması, Türkiyə üzərindən TANAP layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Ancaq bilirsiniz ki, iş bununla da qurtarmır. Yəni bu boru kəmərlərinin potensialı daha iri həcmləri də həyata keçirməyə imkan yaradacaq. Qeyd etmək lazımdır ki, bu kəmər gələcəkdə İranın, Şimali İraqın və Xəzərdəki digər qaz ehtiyatlarının da dünyaya çatdırılmasına hesablanan strateji bir layihədir. Biz bu layihəyə olan inamımızı atdığımız addımlarla - həm “Şahdəniz”dəki, həm də TANAP-dakı hissəmizi artırmaqla ortaya qoyduq. Azərbaycan və Türkiyənin liderliyində əminliklə deyə bilərik ki, layihə uğurla həyata keçiriləcək. İşlər plana uyğun davam etdirilir. Boru kəmərinin tikilmə vaxtı nəzərdə tutulan vaxtda, hətta bir az da əvvəl tamamlanacaq. “Bakı-Tbilisi-Ceyhan” XX əsrin layihəsi idisə, TANAP da bu əsrin layihəsidir.

“Bakı-Tbilisı-Qars” dəmiryolu xəttinə gəldikdə isə deyə bilərəm ki, layihə tamamlanandan sonra Azərbaycan sadəcə bir enerji mənbəyi olmaqdan əlavə, tranzit ölkə statusu da qazanacaq. Coğrafi baxımdan nəqliyyatda, ticarətdə, enerjidə, insan və malların tranzitində mühüm rol oynayan ölkə olacaq.

Azərbaycan iqtisadiyyatındakı çoxşaxəli inkişafın da ölkəyə parlaq bir gələcək vəd etdiyinə inanıram. Azərbaycan bir yandan iqtisadiyyatını, bir yandan da insan qaynaqlarını inkişaf etdirir.

Düşünürəm ki, regionumuz çox fərqli nöqtələrə gələcək və biz bunu həyəcanla gözləyirik.

 

Yeni  Azərbaycan.-2015.- 31 yanvar.- S.3.