Məcburi köçkünlərin problemlərinin həlli hazırda daha böyük əhəmiyyət kəsb edir

 

Aprelin 1-də İsveç Krallığının ölkəmizdəki səfiri xanım İnqrid Tersman Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynovun müşayiəti ilə məcburi köçkünlərin real vəziyyətini görmək məqsədilə Yasamal rayonunda Azərbaycan Texniki Universitetinin yataqxanasında və Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllələrdə məskunlaşan insanların həyat şəraiti ilə tanış olub.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Yasamal rayonu ərazisində universitetin yataqxanasında olan qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin üzləşdiyi 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün problemionun həlli istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər barədə məlumat verilib.

Sonra diplomat yataqxanadakı şəraitlə tanış olub.

Təəssüratlarını bölüşən səfir buradakı acınacaqlı vəziyyətdən təəssüfləndiyini bildirib. Məcburi köçkün həyatının demək olduğunu yaxşı anladığını diqqətə çatdıran qonaq problemin tezliklə həllinin, bu şəraitdə yaşayan insanların doğma ocaqlarına qaytarılmasının vacibliyini qeyd edib.

Bildirilib ki, hələ bu cür ağır şəraitdə yaşayan məcburi köçkünlərimiz var. Prezidentin Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına, ona edilmiş Əlavələrə uyğun olaraq, onların da sosial, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə müvafiq tədbirlər həyata keçirilməkdədir.

Sonra səfir Abşeron rayonunun Masazır qəsəbəsində, 760 məcburi köçkün ailəsi üçün salınmış məhəlləyə gəlib. İ.Tersman məhəllədəki 33 nömrəli orta məktəbdə yaradılmış şəraitlə maraqlanıb. Qeyd edilib ki, 540 şagird yerlik məktəbdə hər cür şərait yaradılıb.

Qonaqlar məktəbin kompyuter otağına baxıb, tədris prosesi ilə tanış olublar. Sonra səfir məhəllədə tikilmiş 280 yerlik uşaq bağçası ilə tanış olub. Məlumat verilib ki, bağça balacaların təlim-tərbiyəsi üçün zəruri avadanlıqla təchiz edilib.

Xanım İnqrid Tersman buradakı məcburi köçkün ailələrinin yaşayış şəraitlə maraqlanıb Zəngilan rayonundan məcburi köçkün Vəli Quliyevin mənzilində olub. Ev sahibi məhəllədə məcburi köçkünlər üçün yaradılmış yüksək şəraitdən danışıb, ən böyük arzularının doğma yurdlarına qayıtmaq olduğunu diqqətə çatdırıb.

Qaçqın və məcburi köçkün probleminin hələ də davam etməsindən təəssüfləndiyini bildirən diplomat məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmağın onun üçün mühüm önəm kəsb etdiyini vurğulayıb. O deyib ki, münaqişənin tezliklə həlli insanların doğma torpaqlarına geri qayıtmalarına, onların dözülməz həyat şəraitinə son qoyulmasına imkan yaradacaq. Bunun üçün də məsələ ilə məşğul olan ölkələr və beynəlxalq təşkilatlar səylərini artırmalıdırlar.

Yeni zərbaycan.- 2016.- 4 aprel.- S.4