Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır

 

Ölkəmizin şimal bölgəsinin rayonlarında bütün sahələrdə əldə edilən uğurlar da belə deməyə əsas verir

Məlum olduğu kimi, müasir Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri də ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə qəbul edilən və 2004-cü ildən etibarən böyük uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikanın bütün bölgələrinin potensialından daha səmərəli istifadə olunmasında, ənənələrin dirçəlməsində, yerlərdə məşğulluq probleminin aradan qaldırılmasında, mədəni mühitin təmin olunmasında mühüm rol oynayıb. Qeyd edək ki, indiyədək ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramının icrası uğurla yekunlaşıb. Hazırda isə əvvəlki illərdə qazanılan zəngin təcrübə əsasında qəbul edilən və 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı da uğurla yerinə yetirilməkdədir. Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir və Dövlət proqramlarında nəzərdə tutulan konkret hədəflərə istiqamətləndirilib. Əlamətdar haldır ki, bütün ölkə boyu inkişaf ilbəil daha intensiv hal alır və bu cəhətdən 2015-ci il də istisna olmayıb.

Hər halda şimal bölgəsinin rayonlarında 2015-ci il ərzində bütün sahələrdə əldə edilən uğurlar da belə deməyə əsas verir. Məsələn, ötən il Qax rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının ümumi həcmi 91 milyon 770 min manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 10 milyon 848 min manat çoxdur. Bu müddət ərzində rayonda 7 milyon 72 min manatlıq sənaye, 42 milyon 799 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Məhsul istehsalı əvvəlki ilə nisbətən sənayedə 2 milyon 103 min manat, kənd təsərrüfatında isə 5 milyon 648 min manat artıb. İl ərzində rayonda 339 yeni iş yeri açılıb.

“Kənd təsərrüfatı ili”ndə Qaxda bitkiçilik və heyvandarlıq məhsulları istehsalının və emalının inkişaf etdirilməsi, suvarılan torpaqların su təminatının yaxşılaşdırılması sahəsində zəruri tədbirlər görülüb, uğurlu nəticələr əldə olunub. Taxılçılar ötən mövsümdə 10 min 867 hektar əkin sahəsindən 28 min 534 ton, yəni əvvəlki ildəkindən 11 min ton çox taxıl götürüblər. Hər hektardan orta məhsuldarlıq əvvəlki illə müqayisədə 12,3 sentner artaraq 26,3 sentner təşkil edib. Eyni zamanda, keçən ilin payızında rayonda 2016-cı ilin məhsulu üçün 12 min 890 hektar sahədə taxıl əkini aparılıb. Taxıl əkini sahələri əvvəlki illə müqayisədə 2 min hektardan çox artıb. 2015-ci ildə rayonda 7 min 301 ton qarğıdalı, 2 min 61 ton tərəvəz, 9 min 704 ton meyvə, o cümlədən 3 min 58 ton fındıq, həmçinin 450 ton quru tütün istehsal olunub.

Hesabat ilində sahibkarlığın inkişafı, əhalinin işgüzar fəaliyyətinin artırılması və yeni iş yerlərinin yaradılması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 24 layihə üzrə 1 milyon 298 min manat məbləğində güzəştli kredit verilib. Bu layihələrin reallaşması nəticəsində 61 yeni iş yeri yaradılıb.

2015-ci ildə, eyni zamanda, rayonun Cəlayir kəndində yeni tibb məntəqəsi tikilib istifadəyə verilib. Qax şəhərində inşa edilən 200 və 100 yerlik uşaq bağçalarının, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Qax rayonu üzrə inzibati binasının tikintisi başa çatdırılıb.

Ötən il əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində də mühüm işlər görülüb. Belə ki, 2015-ci ildə rayonun 7 kəndinə təbii qaz verilib, 2 kənddə qaz xəttinin çəkilişi davam etdirilib. Elektrik şəbəkəsi tərəfindən rayon ərazisində 19 ədəd yeni transformator yarımstansiyası quraşdırılıb. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə 12 kənddə yeni artezian və subartezian quyuları qazılıb. Eyni zamanda, əhalinin keyfiyyətli su ilə təmin edilməsi məqsədi ilə rayonun 13 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılıb.

2015-ci il Balakən rayonu üçün də çox uğurlu olub. Bəhs edilən dövrdə rayonun kənd təsərrüfatından 62,2 milyon manat gəlir əldə edilib ki, bu da əvvəlki ilə nisbətən 2,7 milyon manat və ya 4,5 faiz çoxdur. İstehsal olunan məhsulun 54,2 faizi bitkiçilik, qalan 45,8 faizi isə heyvandarlıq məhsullarının payına düşür. Hesabat ilində ümumi məhsul buraxılışı 134,9 milyon manat təşkil edib, 62,2 milyon manatlıq kənd təsərrüfatı məhsulu, 5,4 milyon manatlıq sənaye məhsulu istehsal edilib, 9,3 milyon manatlıq tikinti işləri görülüb. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 4,5 faiz, pullu xidmətlərin həcmi 12,2 faiz artıb. Ümumi məhsul buraxılışının strukturunda kənd təsərrüfatı istehsalının xüsusi çəkisi 46,5 faiz təşkil edib.

2015-ci ildə rayon ərazisində abadlaşdırma, tikinti, təmir və quruculuq işləri davam etdirilib, Sarıbulaq kənd uşaq bağçası yenidən tikilərək istifadəyə verilib, şəhərdə Heydər Əliyev Fondu hesabına 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi başa çatdırılıb. İnternat məktəbinin əsaslı təmiri, kənd təsərrüfatı idarəsinin, rayon polis şöbəsinin inzibati binalarının tikintisi davam etdirilib.

Şəhərin Z.Əliyeva, A.Ansuxski, C.Məmmədquluzadə küçələrində, dəmiryol stansiyası və Katex kombinat yaşayış məntəqələrində yerləşən ümumilikdə 21 kommunal yaşayış binasının dam örtükləri dəyişdirilib, bununla da rayon ərazisində yerləşən 63 kommunal binanın dam örtüyünün dəyişdirilməsi işləri tamamilə başa çatdırılıb.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri sayəsində hər yerdə olduğu kimi, Qəbələ rayonunda da abadlıq- quruculuq işləri həyata keçirilir. Yollar təmir edilir, yeni təhsil, səhiyyə müəssisələri tikilir, elektrik və qaz təsərrüfatında yenidənqurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir. Məhz bunun nəticəsidir ki, rayonda 2015-ci il ərzində iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 203,517 min manatlıq məhsul istehsal edilib, 2014-cü ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə 0,5 faiz, kənd təsərrüfatında 5,6 faiz, tikintidə 40,4 faiz, nəqliyyatda 7,3 faiz, ticarətdə 1,97 faiz artıb. Ümumi məhsul istehsalında və xidmətlərin göstərilməsində özəl sektorun xüsusi çəkisi 77 faiz təşkil edib. İl ərzində sənaye müəssisələrində çalışan 976 nəfər işçinin orta aylıq nominal əməkhaqqı 376 manat olub.

İl ərzində şəhərin İsmət Qayıbov, Seyid Əzim Şirvani və Musabəyov küçələrində yenidənqurma işləri başa çatdırılıb və asfalt örtüyü vurulub. Həmçinin Dəmiraparan çayı üzərində 10 aşırımlı 324 paqonometr uzunluğunda dəmir-beton körpüdə tikinti-quraşdırma işləri başa çatdırılıb. Dəmiraparançay və Durucaçay hövzələrində sahil bərkitmə işləri görülüb. 360 yerlik şəhər 5 saylı tam orta məktəb binalarında tikinti başa çatdırılıb, Böyük Pirəli kənd tam orta məktəbi isə əsaslı təmir olunub. Həmçinin hər biri 100 yerlik 2 uşaq bağçasının tikintisi davam etdirilir. Tüntül kəndində 685, Yengicə kəndində 128 evə ilk dəfə təbii qaz verilib.

Respublikada aparılan uğurlu iqtisadi siyasət nəticəsində 2015-ci ildə Zaqatala rayonunda da iqtisadiyyatın dinamik inkişafı təmin olunub. Hesabat ilində rayonda 248,7 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu göstərici əvvəlki illə müqayisədə 11,2 faiz çoxdur. Məhsul istehsalı sənayedə 93,1 faiz, kənd təsərrüfatında 7,1 faiz, rabitədə 16,9 faiz, ticarətdə 10,9 faiz, nəqliyyat sektorunda isə 5,6 faiz artıb. Rayonda sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb, sahibkarlara 54 layihə üzrə 506,8 min manat həcmində güzəştli kredit verilib. Ötən il rayonda 1001-i daimi olmaqla, 1056 yeni iş yeri açılıb.

“Kənd təsərrüfatı ili” elan edilən 2015-ci ildə rayonda aqrar sahədə məhsul istehsalı əvvəlki illə müqayisədə 7,1 faiz və ya 7 milyon 374 min manat artaraq, 110 milyon 651 min manat olub. Hesabat dövründə rayonda 34 min 411 ton taxıl istehsal olunub. Məhsul istehsalı əvvəlki ilə nisbətən 43,9 faiz və ya 10 min 498 ton artıb. Ümumiyyətlə, ötən il bütün növ bitkiçilik və heyvandarlıq məhsulları istehsalında əvvəlki illə müqayisədə artım qeydə alınıb.

2015-ci ildə ekoloji məsələlər diqqət mərkəzində saxlanılıb, rayon ərazisində 115 mindən çox ağac əkilib, 60 hektar sahədə mədəni meşə əkini aparılıb. Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən, rayonun kəndlərində 12 subartezian quyusu qazılıb. Bundan əlavə, “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən ötən il kəndlərdə 30 subartezian quyusu təmir edilib, 6 kəndin 2101 hektar əkin sahəsinin suvarılmasına xidmət edən ikipilləli “Alazan” nasos stansiyasının suvarma şəbəkəsinin təmiri işləri həyata keçirilib.

2015-ci ildə rayonda bütün maliyyə mənbələri hesabına 28,8 milyon manat həcmində tikinti, abadlıq və quruculuq işləri görülüb. Prezident İlham Əliyevin Zaqatalaya növbəti səfəri zamanı Heydər Əliyev Mərkəzinin və Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni binalarının, 100 yerlik körpələr evi-uşaq bağçasının, Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun 24,5 kilometrlik hissəsinin açılışı olub.

Bundan əlavə, ötən il Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi magistral avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən 1,8 kilometrlik hissəsinin genişləndirilməsi işlərinə başlanılıb. Yuxarı Tala və Yengiyan kəndlərində 450 və 264 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilib. Rayonda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin salınmasına başlanılıb və hazırda burada tikinti işləri davam etdirilir.

Eyni zamanda, 2015-ci ildə rayon əhalisinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Rayonun Əliabad qəsəbəsinə və 12 kəndinə təbii qaz verilib. “Azərişıq” ASC-nin Zaqatala elektrik şəbəkəsi tərəfindən əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə 20 ədəd yeni tipli müxtəlif güclü transformator məntəqəsi quraşdırılıb, hava xətlərində təmir işləri aparılıb.

2015-ci il Şəki rayonu üçün Prezident İlham Əliyevin rayona növbəti səfəri ilə əlamətdar və yaddaqalan olub. Səfər zamanı dövlət başçısı Şəki Məhkəmə Kompleksinin inzibati binasının, Qoxmuq kənd tam orta məktəbin 840 şagird yerlik yeni binasının, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 160 yerlik körpələr evi-uşaq bağçasının, Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib, həmçinin “Marxal” müalicə-istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olub.

“Kənd təsərrüfatı ili”ndə rayonda bitkiçilik və heyvandarlıq məhsulları istehsalında uğurlu nəticələr qazanılıb. Ötən il rayonun taxılçıları 62 min hektara yaxın sahədən 186 min ton məhsul əldə ediblər. Hər hektardan orta məhsuldarlıq 30 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 110 min ton artıb. Eyni zamanda, ötən ilin payızında rayonda 2016-cı ilin məhsulu üçün 67 min 373 hektar sahədə taxıl səpini həyata keçirilib. Taxıl əkini sahələri əvvəlki illə müqayisədə 5 min 274 hektar artıb.

Dövlət başçısının iri fermer təsərrüfatlarının yaradılması ilə bağlı tapşırıq və tövsiyəsinə uyğun olaraq, 2015-ci ildə Orta Zəyzid bələdiyyəsinə məxsus ərazidə sahibkarlar tərəfindən icarəyə götürülən 78 hektar sahədə müasir texnologiyalar əsasında yeni aqropark yaradılıb. Burada yüksəkkeyfiyyətli meyvə bağı salınıb, hazırda məhsulun saxlanılması, qablaşdırılması və emal olunması üçün zəruri infrastrukturun yaradılması istiqamətində işlər görülür. Əldə olunan məhsulun daxili bazarda satışı ilə yanaşı, həm də xaricə ixracı nəzərdə tutulur.

2015-ci ildə Şəkidə ən müasir texnologiyalar əsasında yeni yaradılan “Sünbül” çörək zavodunda məhsul istehsalına başlanılıb. Zavodda hazırda gün ərzində iki çeşiddə 24 ton çörək və şirniyyat məhsulları istehsal olunur.

Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər 2015-ci ildə davam etdirilib. Dövlət vəsaiti hesabına Baş Göynük kəndində 640, Göybulaq kəndində 180, Qoxmuq kəndində 840, Qaratorpaq kəndində 132 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilib. Eyni zamanda, qarışıq tipli uşaq internat məktəbində əsaslı təmir işləri davam etdirilib. Şəhərdə əhalinin daha sıx məskunlaşdığı ərazilərdə hər biri 100 yerlik iki uşaq bağçası inşa edilib.

Ötən il həmçinin rayonun Qoxmuq, Böyük Dəhnə, Baltalı, Sarıca və Suçma kəndlərində 686 mənzil qazlaşdırılıb. Şəki Elektrik Şəbəkəsinin xidməti ərazisindəki hava xətlərində istismar müddəti başa çatan 80 dayaq yenisi ilə əvəz olunub. Hesabat dövründə 14 yaşayış məntəqəsində subartezian quyusu qazılıb.

2015-ci il bütövlükdə Oğuz rayonunun iqtisadiyyatı üçün də uğurlu olub, ayrı-ayrı sahələr üzrə dinamik inkişaf təmin edilib. Rayonda iqtisadiyyatın əsas sahələrində istehsal olunan məhsul və xidmətlərin ümumi həcmi əvvəlki illə müqayisədə 1,7 faiz artaraq 80,3 milyon manat təşkil edib. Hesabat ilində rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala 15 milyon manat həcmində investisiya yönəldilib. Rayonda sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb, il ərzində sahibkarlara 20 layihə üzrə 275 min manat həcmində güzəştli kredit verilib. Hesabat ilində Oğuz rayonunda 344-ü daimi olmaqla, 457 yeni iş yeri yaradılıb.

“Kənd təsərrüfatı ili”ndə rayonun aqrar sektorunda məhsul istehsalında yüksək nəticələr əldə olunub. Belə ki, ötən il rayonun taxılçıları tərəfindən 50 min 78 ton dənli və dənli paxlalılar istehsal edilib. Bu, əvvəlki illə müqayisədə 15 min 283 ton və ya 43,9 faiz çoxdur. 2015-ci ildə rayonda 63 hektar sahədə yeni meyvə bağları salınıb, mövcud bağlardan 4 min tondan artıq məhsul götürülüb. Meyvə istehsalı əvvəlki illə müqayisədə 783 ton və ya 24,2 faiz artıb. Rayonda 2016-cı ilin məhsulu üçün 17 min 95 hektar sahədə payızlıq taxıl səpilib. Taxıl əkini sahələri əvvəlki ilə nisbətən 745 hektar artırılıb.

2015-ci ildə Yaqublu kəndində tam orta məktəb üçün 220 şagird yerlik yeni məktəb binası tikilib istifadəyə verilib. Ötən il rayonun 4 kəndi “mavi yanacaq”la təmin olunub. Hazırda 7 kəndə qaz xəttinin çəkilişi davam etdirilir. Əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə Oğuz şəhərində 6, kəndlərdə isə 13 ədəd yeni transformator quraşdırılıb, 155 ədəd yüksəkgərginlikli elektrik dirəyi yenisi ilə əvəzlənib.

2015-ci ildə Quba rayonunda da tikinti-quruculuq sahəsində xeyli iş görülüb. Hazırda şəhərin Heydər Əliyev prospektində “Məhdud fiziki imkanlı insanlar üçün Quba regional informasiya mərkəzi”nin və rayon mərkəzi xəstəxanasının yeni binasının tikintisi aparılır. Kənd təsərrüfatı idarəsinin inzibati binası və Abbasqulu Ağa Bakıxanov adına Quba Tarix-Diyarşünaslıq Muzeyinin yeni binaları isə artıq istismara verilib.

Rayonda əhalinin təbii qazla fasiləsiz təmin edilməsi üçün işlər sürətlə davam etdirilir. Hazırda Talabı, Rustov, Püstəqasım kəndlərinə qaz boruları çəkilir. Hacıqayıb, Küçeyi, Mirzəqasım, Mirzəqışlaq, Talabıqışlaq və Dəhnə kəndlərinin sakinləri isə 2015-ci ildə “mavi yanacaq”la təmin ediliblər.

Rayonun elektrik enerjisi sisteminin gücləndirilməsi məqsədilə 24 ədəd müasir tipli transformator məntəqəsi quraşdırılıb. Bununla yanaşı, Qəçrəş və Təngəaltı kəndlərinin hər birində 2, Yerfi kəndində isə 1 yarımstansiyanın tikintisi tamamlanaraq istifadəyə verilib.

Qubada 12 yaşayış məntəqəsini birləşdirən 31 kilometr uzunluğundakı Rustov-Xanagah-Girdah, Rustov-Nöydün-Şuduq, Rustov-Məckə-Xacə və Rustov-Bağçalı-Yekdar yolunda tikinti-quraşdırma işləri davam etdirilir.

Hesabat ilində rayonun Qımılqışlaq kəndində 220 şagird yerlik, Afurca kəndində isə 180 şagird yerlik tam orta məktəb binaları tikilib istifadəyə verilib. Məckəxacə və Aspərəsti kəndlərinin hər birində 180 şagird yerlik yeni məktəb binalarının, Ərməki və Çartəpə kəndlərində isə 132 şagird yerlik tam orta məktəb binalarının tikintisi aparılır.

“Kənd təsərrüfatı ili” elan edilən 2015-ci il Quba rayonu üçün də aqrar sahədə bir sıra uğurlarla əlamətdar olub. Bu mövsümdə rayon üzrə 14 min 724 hektar meyvə bağından 122 min ton meyvə toplanıb. Eyni zamanda, 14 min 418 hektar taxıl sahəsindən 38 min 852 ton məhsul yığılıb. Bunun da 33 min 873 tonu buğda, 4 min 979 tonu isə arpa olub. 2016-cı ilin məhsulu üçün şumlanan 13 min 482 hektar sahənin 12 min 948 hektarında artıq səpin aparılıb.

Azərbaycan iqtisadiyyatının dinamik inkişafını, əhalinin yüksək həyat səviyyəsini təmin edən dövlət siyasəti Xaçmazda da uğurla reallaşdırılır. Ötən il ərzində görülən işlər və əldə edilən nəticələr də bunu təsdiqləyir. Belə ki, Xaçmaz şəhərində Ulu öndərin adını daşıyan parkda Heydər Əliyev Mərkəzinin yeni binasının tikintisinə başlanılıb. İki mərtəbədən ibarət Mərkəzdə 3 ekspozisiya zalı, iş otaqları, kompüter zalı, dərnək və məşğələ otaqları, 300 nəfərlik kino-konsert-iclas zalı, kiçik konfrans otağı, kafe və digər yardımçı otaqlar fəaliyyət göstərəcək. Mərkəzin binasında tikinti-quraşdırma işləri tam başa çatdırılıb, hazırda daxili tərtibat işləri yekunlaşmaq üzrədir. Eyni zamanda, 30 ilə yaxın fəaliyyət göstərməyən və tam yararsız olan keçmiş “Xəzər” kinoteatrının binası da yenidən qurularaq, əsaslı təmir edilib.

Hesabat ilində Xaçmaz şəhərinin Bakı prospektində və Seyidlikəndyeri kəndində 35/10 KV-luq elektrik yarımstansiyaları tikilib istifadəyə verilib. Bu da Xaçmaz şəhəri və ətraf kənd ərazilərinin, Nabran istirahət zonasında abonentlərin və çoxsaylı turizm obyektlərinin elektrik təminatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına şərait yaradıb.

Rayon əhalisinin təbii qazla təchizatı, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində də əhəmiyyətli işlər görülüb. İl ərzində 23 kəndə “mavi yanacaq” verilib. Hazırda 2 yaşayış məntəqəsində qaz çəkilişi davam edir.

2015-ci ildə 7 min 500 nəfər əhalinin yaşadığı 6 kəndi birləşdirən 10 kilometr uzunluğunda Qusarçay-Pirquluoba-Yeni həyat avtomobil yolu tikilib istifadəyə verilib.

Bildirilib ki, Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. İcra olunan layihəyə görə, rayon ərazisində 153 kilometr su və 151 kilometr kanalizasiya xətlərinin çəkilməsi nəzərdə tutulub. Əhalinin suvarma suyu ilə təchizatının yaxşılaşdırılması istiqamətində Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən rayonun 7 kəndində subartezian quyuları istifadəyə verilib. Bu il Tikanoba və Yeni Sudur kəndlərində də subartezian quyularının qazılması planlaşdırılır.

Hazırda Yalama Dövlət Damazlıq Müəssisəsinin bazasında ən müasir texnologiyalara əsaslanan pilot heyvandarlıq-südçülük müəssisəsinin yaradılması davam edir. Ümumi sahəsi 523 hektar olan “Yalama Aqropark”da 1000 başlıq iribuynuzlu heyvandarlıq kompleksi, gücü saatda 5000 ton olan yem zavodu tikilib. Növbəti mərhələdə aqroparkda gündəlik emal gücü 50 ton olan süd zavodu, 10 hektar ərazidə müasir istixana kompleksinin yaradılması, 100 hektar sahədə meyvə bağının salınması nəzərdə tutulur.

Dövlət investisiya proqramı çərçivəsində Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin sifarişi ilə Xaçmaz şəhər 7 saylı tam orta məktəb üçün mövcud məktəb binası əsaslı təmir olunmaqla, 360 şagird yerlik binanın tikintisinə başlanılıb. Məktəb binasının yeni dərs ilinədək istifadəyə verilməsi nəzərdə tutulur.

Nadir AZƏRİ

Yeni azərbaycan.- 2016.-6 aprel.- S.8