Bir qrup xarici media nümayəndəsi cəbhə bölgəsindədir
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə bir qrup xarici media nümayəndəsi cəbhə bölgəsində olub. Qrupun tərkibinə “Al Jazeera International”, “Reuters”, “Associated Press” “France-Presse”, Rusiyadan “Kommersant”, “Komsomolskaya pravda”, “Novaya vremya”, Türkiyədən “Anadolu” agentliyi, “Milliyyət” qəzeti, TRT, İran və Çindən olan jurnalistlər və bir sıra başqa ölkələrin media orqanlarının nümayəndələri daxildir.
AZƏRTAC xəbər verir ki, xarici jurnalistlər Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyevlə görüşüb, cəbhə xəttindəki vəziyyətlə maraqlanıblar.
Sonra KİV nümayəndələri Azərbaycan hərbçilərinin müşayiəti ilə cəbhə bölgəsinin ön xəttini, həmçinin bir neçə gün əvvəl Azərbaycan Ordusu tərəfindən azad olunaraq nəzarətə götürülən “Lələtəpə” yüksəkliyini kənardan müşahidə ediblər.
Xarici jurnalistlər rayonun Alxanlı kəndində ermənilərin artilleriya zərbələri nəticəsində dağılan evlərə də baxış keçiriblər.
Daha sonra xarici media nümayəndələri cəbhənin Tərtər-Ağdam istiqamətində yola düşüblər.
Qeyd edək ki, xarici
jurnalistlərin bu səfəri
qoşunların təmas xəttində yaranmış gərginliklə
əlaqədar və Ermənistanın törətdiyi təxribatlar
nəticəsində mülki insanlara və obyektlərə dəymiş zərərləri
beynəlxalq ictimaiyyətin diqqətinə daha
operativ çatdırmaq məqsədi
ilə təşkil olunub.
Yeni azərbaycan.-
2016.- 7 aprel.- S.8