Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında orduya dəstək aksiyası keçirilib

 

Aprelin 2-si Azərbaycan tarixində parlaq qələbə günü kimi yadda qalacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev aprelin 6-da bu təhsil ocağında keçirilən orduya dəstək aksiyasında səsləndirib.

Tələbə və müəllimlərin iştirak etdikləri tədbirdə Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən rektor Əziz Əliyev bildirib ki, Milli Ordumuzun qazandığı parlaq qələbə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin kollektivində böyük ruh yüksəkliyinə səbəb olub.

Əziz Əliyev tələbələrə yaxşı təhsil almağı, hər zaman milli ruhlu tədbirlər təşkil etməyi, sosial şəbəkələrdə xarici dillərdə məqalələr, ismarıclar yazaraq bütün dünyaya Azərbaycan tarixini, Qarabağ həqiqətlərini, hazırda cəbhə bölgələrində gedən prosesləri, xalqımızın mərdlik və vətənpərvərliyini nümayiş etdirməyi tövsiyə edib.

Tədbirdə məlumat verilib ki, aprelin 2-də gecə saatlarından etibarən Ermənistan hərbi qüvvələri Azərbaycan kəndlərini, yaşayış məntəqələrini böyük miqyaslı silahlar - toppulemyotlardan atəşə tutub, hərbi mövqelərimizə ardıcıl zərbələr endirilib. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın bir sıra yaşayış məntəqələri də düşmənin atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi fəallığını genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib. Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyini və öz mövqelərini qorumaq üçün Ermənistan silahlı qüvvələrinə lazımi cavabı verib və onları geri oturdub.

Ermənilərin xeyli sayda canlı qüvvə və hərbi texnika itirərək qorxu içində geri çəkilməsi və işğal altında olan mövqelərin Silahlı Qüvvələrimizin nəzarəti altına keçməsi ordumuzun mühüm qələbəsi kimi dəyərləndirilib. Vurğulanıb ki, ordumuz tərəfindən əldə edilmiş bütün bu uğurlar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında davamlı inkişaf edən, maddi-texniki bazası daim gücləndirilən Silahlı Qüvvələrin və Azərbaycan xalqının tarixi nailiyyətidir.

Sonda universitetin müəllim və tələbələri Azərbaycanın Dövlət himnini səsləndiriblər

Yeni azərbaycan.- 2016.- 7 aprel.- S.4