Azərbaycanın regionlarında heyvandarlıq intensiv inkişaf edir

 

Bu sahədə qarşıya qoyulan hədəf 2016-cı ildə respublikanın heyvandarlıq məhsullarına olan tələbatının tam yerli istehsal hesabına ödənilməsinə nail olmaqdan ibarətdir

Son illərdə Azərbaycanın qarşıya qoyduğu əsas hədəflərdən biri də daxili istehsal hesabına ölkənin ərzaq təhlükəsizliyinə nail olmaqdan ibarətdir. Respublikamızda 2004-cü ildən etibarən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bu istiqamətdə zəruri tədbirlər həyata keçirilib və son dərəcə yaxşı nəticələr qazanılıb. Belə ki, artıq respublika əhalisinin bir sıra ərzaq məhsullarına olan tələbatı 100 faiz daxili istehsal hesabına ödənilir. Dövlət başçısının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq yaxın perspektivdə ölkənin bütün pozisiyalar üzrə ərzağa olan tələbatının tam yerli istehsal hesabına ödənilməsi hədəf seçilib.

Yeni qlobal çağırışlar hər bir ölkə üçün ərzaq təhlükəsizliyinin önəmini daha da artırıb

Ölkəmizin yaxın perspektivdə etibarlı ərzaq təminatının yaradılmasına nail olunması ilə bağlı hədəf müəyyənləşdirməsi, ilk növbədə, müasir dünya çağırışları ilə bağlıdır. İndiki dövrdə etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi təhlükəsizliyinin əsas komponentlərindən biri qismində çıxış edir. Dünya Səhiyyə Təşkilatının yaydığı hesabatda bildirilir k, Yer üzündə təxminən 3,7 milyard insan lazımi səviyyədə qidalana bilmir. Haqqında bəhs olunan hesabatda bu rəqəmin ildən-ilə artdığı vurğulanır və buna səbəb kimi dünyada ərzaq təklifinin tələbə cavab vermədiyi göstərilir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən aparılan araşdırmalarda isə dünyada aclıq həddində yaşayan insanların sayının 925 milyon nəfəri ötdüyü qeyd olunur. Beynəlxalq səviyyəli ayrı-ayrı qurumların proqnozlarına əsasən, 2050-ci ildə dünyada ərzağa olan tələbat 2006-cı ildəki ilə müqayisədə 70 faiz artacaqdır. Ciddi narahatlıq yaradan həm də o amildir ki, qlobal istiləşmə, iqlim dəyişkənliyi insanların ərzaq məhsullarına olan tələbatının ödənilməsində əhəmiyyətli rol oynayan kənd təsərrüfatı sektoruna mənfi təsir göstərir.

Bütün bu faktlar bir daha təsdiqləyir ki, müasir dövrdə aqrar sektorun inkişaf etdirilməsi, ələlxüsus da ərzaq təhlükəsizliyinə nail olunması hər bir ölkə və xalq üçün ümummilli, strateji mahiyyət kəsb edir. Bu mənada Prezident İlham Əliyevin ölkənin ərzaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlaması və bu məqsədlə ölkəmizdə davamlı olaraq zəruri tədbirlər həyata keçirilməsi nikbinlik doğurur.

Azərbaycanın regionlarında ərzaq məhsulları istehsalının artım dinamikası heyvandarlıqda daha qabarıq nəzərə çarpır

Son illərdə respublikanın regionlarında aqrar sektorun inkişafına dövlət başçısı səviyyəsində güclü siyasi iradə nümayiş etdirilməsi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Dünya Bankının məlumatına əsasən, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz bəndi artıq olub. Son illərdə dövlətin güzəştli kreditləri hesabına 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 logistik mərkəzin və 22 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun və digər müasir müəssisələrin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olub. “Kənd təsərrüfatı ili”ndə respublikanın aqrar sektorunda 7 faizədək artım qeydə alınıb.

Son illərdə Azərbaycanın regionlarında aqrar sektorda ərzaq məhsulları istehsalının artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Ötən il ölkə əhalisinin heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Hazırda ölkədə heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi belədir: mal əti - 92 faiz, qoyun əti - 99 faiz, quş əti - 98,6 faiz, süd və süd məhsulları - 80 faiz, kərə yağı - 60 faiz. 2015-ci ildə respublikada mal əti ilə özünütəminat səviyyəsi 2014-cü illə müqayisədə 5 faiz, qoyun əti üzrə 2 faiz, quş əti üzrə 0,6 faiz, süd və süd məhsulları üzrə 4 faiz və kərə yağı üzrə 8 faiz artıb. Əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, cari ildə də respublikada ərzaq məhsulları ilə özünütəminat səviyyəsində artım baş verəcək. Ümumiyyətlə, bu sahədə qarşıya qoyulan hədəf 2016-cı ildə respublikanın heyvandarlıq məhsullarına olan tələbatının tam yerli istehsal hesabına ödənilməsinə nail olmaqdan ibarətdir.

Regionlarda heyvanların cins tərkibinin yaxşılaşdırılması ət və ət məhsulları istehsalının artmasına təkan verib

Son illərdə respublikanın ərzaq təminatının daxili istehsal hesabına gücləndirilməsi ilə bağlı müəyyənləşdirilən strateji hədəfə uyğun olaraq regionlarda heyvandarlığın inkişaf etdirilməsi, ət və ət məhsulları istehsalının artırılması məqsədilə görülən çoxsaylı tədbirlər sırasında mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasını xüsusi qeyd etmək lazımdır. “Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölkədə müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində heyvandarlıqda damazlıq-seleksiya işləri xeyli yaxşılaşıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərə uyğun olaraq mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Ölkəyə həm yüksək məhsuldar heyvan cinsləri gətirilərək fermerlərə lizinq yolu ilə satılır, həm də süni mayalanma işləri genişləndirilir. Xaricdən yüksək məhsuldar heyvanların alınmasına 2009-cu ildən başlanılıb. Gətirilən cins heyvanın qiymətinin 50 faizi dövlət tərəfindən ödənilir, digər 50 faizinin yarısı əvvəlcədən, qalanı isə 3 il müddətində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ödənilir. Ümumilikdə, 2009-2015-ci illərdə respublikaya 18 min 252 baş cins heyvan idxal olunub. Bu heyvanların əksəriyyəti - 13 minə yaxını son üç ildə alınaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına paylanılıb. Digər tərəfdən, süni mayalama xidmətlərinin genişlənməsi və müasirləşdirilməsi də davam edir. Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda Süni Mayalama Mərkəzi yaradılıb. Burada Avstriyadan, Almaniyadan və Rusiyadan alınıb gətirilmiş 21 baş törədici buğadan və kəldən yüksək keyfiyyətli toxum istehsal olunur. Süni mayalama tədbirlərinin idarə edilməsinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün zona baytarlıq laboratoriyaları heyvan toxumları və maye azot ilə təchiz edilir. Toxumun respublikada 13 məntəqədən paylanması təşkil edilib ki, bu da mütəxəssislərin vaxt itkisinin qarşısının alınmasına və xərclərin azalmasına imkan verir. Ümumiyyətlə, respublikada heyvanların süni mayalandırılması sahəsində artıq işlək bir mexanizm formalaşıb. Belə ki, hər rayonda və şəhərdə süni mayalama mərkəzləri yaradılıb. Süni mayalanma nəticəsində alınmış inəklərdən ildə orta hesabla 3500-4000 kiloqram süd sağılır. Respublikanın regionlarında mal-qaranın cins tərkibinin yaxşılaşdırılması tədbirləri çərçivəsində həmçinin son vaxtlarda respublikaya Fransadan 624 baş şarole cinsindən olan ətlik istiqamətli damazlıq heyvan gətirilib. Bundan başqa, Fransadan humanitar qaydada 500 doza şarole cinsindən olan heyvanların toxumları alınıb gətirilib və Qəbələ, Zaqatala, Şamaxı, Xaçmaz rayonlarında yerli inəklərin süni mayalandırılmasında istifadə olunub.

Qeyd olunanlardan göründüyü kimi, ölkəmizdə maldarlığın intensiv metodlarla inkişafına, necə deyərlər, yaşıl işıq yandırılıb. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması son nəticədə istehsalın əhəmiyyətli dərəcədə artması ilə müşayiət olunur. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkə miqyasında mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən məmnunluğunu ifadə edərək deyib: “Heyvandarlığın inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyi yeni təkliflər irəli sürübdür. Biz əvvəllər daha çox cins mal-qaranın alınması ilə məşğul idik. Bu davam edir. Ancaq Azərbaycanda cinsin yaxşılaşdırılması üçün imkanlar var. Burada süni mayalanma sistemi geniş tətbiq olunmalıdır. Mənə verilən məlumata görə, bir neçə il ərzində biz tamamilə mal-qara cinsini yaxşılaşdıracağıq və beləliklə, əlavə imkanlar yaranacaqdır”.

Normativ-hüquqi bazanın möhkəmləndirilməsi maldarlıqda intensiv metodların tətbiqinə əlavə stimul verir

Ölkənin regionlarında heyvandarlığın inkişafında intensiv metodların tətbiqinin genişlənməsində və məhsuldarlığın artmasında bu sahədə normativ-hüquqi bazanın davamlı olaraq möhkəmləndirilməsinin böyük rolu var. Prezident İlham Əliyevin ötən il imzaladığı heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi və heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında müvafiq sərəncamlar ölkəmizdə heyvandarlığın inkişafı sahəsində yeni perspektivlər açıb. Haqqında bəhs olunan sərəncamlarda Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər çərçivəsində heyvan mənşəli məhsulların istehsalının daha da artırılması, cins iribuynuzlu damazlıq heyvanlara olan tələbatın ödənilməsi, eləcə də heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyinin gücləndirilməsi məqsədi ilə maliyyə təminatının artırılması da daxil olmaqla bir sıra vacib tədbirlərin görülməsi nəzərdə tutulub. Dövlət başçısının imzaladığı sərəncamların birində ölkəyə iribuynuzlu damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satışının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat vəsait ayrılması tapşırılıb. Digər Sərəncamla isə əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya verilməsi nəzərdə tutulub. Dövlət başçısının müvafiq Sərəncamına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə subsidiyaların verilməsi qaydaları hazırlanıb.

Respublikanın regionlarında heyvandarlıq sahəsində yeni pilot layihələr həyata keçirilir

Son illərdə respublikanın müxtəlif regionlarında heyvandarlıq sahəsində bir sıra yeni pilot layihələr həyata keçirilir ki, bu da sahənin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Heyvandarlıq istiqamətli müasir ailə-fermer təsərrüfatlarının yaradılması” pilot mikrokredit layihə hazırlanıb. Bəhs olunan layihənin əsas məqsədi ailə-kəndli heyvandarlıq təsərrüfatlarında mövcud olan az məhsuldar heyvanları yüksək məhsuldar heyvanlarla əvəz etmək yolu ilə pay torpaqlarına malik ailələr üçün kiçik həcmli, müasir quruluşlu heyvandarlıq təsərrüfatlarının yaradılmasının stimullaşdırılması, respublikada heyvandarlıq sahəsində təsərrüfatçılığın müasirləşdirilməsi və heyvandarlıq məhsullarının marketinqi üzrə nümunələrin yaradılmasından ibarətdir. 2015-ci ilin əvvəlində start verilən layihəyə əsasən Ağcabədi, Bərdə və İmişli rayonlarında 5-10 başlıq kiçik ailə təsərrüfatlarının yaradılmasına kreditlər ayrılır. Pilot layihə Ağcabədi rayonunda 25, Bərdə rayonunda 26, İmişli rayonunda isə 18 ailə kəndli təsərrüfatını əhatə edir. Layihə çərçivəsində bu təsərrüfatlara lizinq yolu ilə 516 baş cins heyvanın verilməsi nəzərdə tutulub. Pilot layihəyə uyğun olaraq Avstriyadan gətirilmiş 178 baş ətlik-südlük istiqamətli “Simmental” cinsli heyvanlar ötən il noyabr ayının sonlarında Ağcabədi rayonunun Təzəkənd kəndində yaradılmış 25 fermer təsərrüfatına verilib.

Hesablamalara görə, təqdim olunan istər maddi, texniki, istərsə də praktiki dəstək sayəsində ailə-fermer təsərrüfatları qarşıya qoyulan hədəflərə çatacaq və layihənin gəlirliliyi təmin olunacaqdır. Belə ki, hər bir inəkdən sutkada 22, il ərzində isə 6700 litr süd sağılması gözlənilir. Doğulmuş buzovların 1 yaşında satılması və südlük qaramalın təsərrüfatda 3-4 il müddətinə saxlanması nəzərdə tutulur. Təsərrüfatların ehtimal olunan illik dövriyyəsinin təhlilindən göründüyü kimi, 5 başlıq təsərrüfatlarda layihənin 1-ci ili üzrə xərclər təqribən 5200, gəlir isə 13400, layihənin 2-ci ilində müvafiq olaraq 8900 və 17900, layihənin 3-cü ilində isə 8900 və 21900 manat olması proqnozlaşdırılır. Layihənin dördüncü ilindən sonrakı dövrdə nəticələrin üçüncü ildə olduğu kimi təkrarlanacağı gözlənilir.

Heyvandarlıq üzrə ailə-fermer təsərrüfatları bir sıra güzəştlərlə əhatə olunublar

Layihə çərçivəsində heyvanların paylanılmasından əvvəl onlar üçün müvafiq yem bazasının formalaşdırılması və müvafiq şəraitdə saxlanılması istiqamətində işlər görülmüşdür. Cəlb edilmiş ailə fermer təsərrüfatlarının seçim meyarları da məhz fermerlərin heyvandarlıq təcrübələrinə, mövcud yem bazasına və yemlik istiqamətli bitkilərin əkilməsi məqsədi ilə pay torpaqlara malik olmalarıdır. Bu məqsədlə, seçilmiş fermerlərin ərazilərində aralıq əkinlərin aparılması üçün torpağın analizi həyata keçirilib, fermerlər qarğıdalı toxumları və gübrə ilə təmin ediliblər. Heyvanların yem rasionuna uyğun yemlərin hazırlanması məqsədilə, əkilmiş qarğıdalıdan müasir metodlardan istifadə etməklə silos hazırlanması təmin edilib, bu istiqamətdə maarifləndirici işlər aparılıb. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qarğıdalı biçən silos avadanlığı alınaraq müvafiq rayonlarda “Aqrolizinq” xidmətlərinə təhvil verilib.

Bununla yanaşı, güzəştli kredit paketi çərçivəsində heyvanların saxlanılmasını müasir tələblərə uyğunlaşdırmaq üçün xüsusi layihə əsasında, ölçüləri heyvanların sayından asılı olaraq müəyyənləşdirilməklə fermerlər tərəfindən müasir tipli tövlələr tikilib. Eyni tipli, heyvan sayına görə həcmləri fərqli olan tövlələrdə heyvanların sağlam və gigiyenik normalara uyğun saxlanılması üçün bütün məsələlər nəzərə alınıb.

Layihənin fermerlərə təqdim etdiyi üstünlüklərdən biri də onların güzəştli kredit paketi çərçivəsində daimi istifadə üçün portativ sağım aparatları və yemi xırdalayaraq qarışdıran aqreqatlarla təmin edilmələridir. Bu vasitə ilə ailə-fermer təsərrüfatlarında müasir texnologiyaların tətbiqi mümkün olmuşdur. Eyni zamanda, fermerlər südün saxlanılması üçün bidonlar ilə təmin ediliblər ki, bununla məhsulun çirklənməsinin və bakteriya formalaşmasının qarşısı alınıb, eyni zamanda, süd itkisi riskləri minumuma enib.

Fermerlərin layihə çərçivəsində təşkilatlanması və birgə fəaliyyət göstərməsi məqsədilə, fermerlərin birliyi - kooperativi yaradılıb. Belə ki, hər üç pilot ərazidə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə süd qəbulu məntəqəsi kooperativin sərəncamında olmaq şərti ilə yaradılaraq fermerlərin istifadəsinə verilib. Hər bir məntəqə 5 ton tutumunda soyuducu çənlər və avtomatik süd analizatoru, süd daşıma qabları və portativ laboratoriya cihazları, eləcə də yuyucu və dezinfeksiyaedici vasitələrlə təchiz edilib. Kooperativin fəaliyyətinin mühüm şərtlərindən biri də istehsal edilən məhsulların marketinqinin təşkilidir. Bu məqsədlə mövcud olan potensialdan istifadə ediləcəkdir. Təsərrüfatlardan yığılan süd öncədən müəyyənləşdirilmiş məbləğdə hər gün nağd ödəniş olmaq şərti ilə məntəqəyə təhvil verilir. Məntəqədə toplanmış südün kooperativ tərəfindən emal müəssisələrinə satışı üçün süd emalı müəssisələri ilə əlaqələr yaradılıb. Ancaq ailə-fermer təsərrüfatının daxilində süd məhsullarının emalı və ailə brendi formasında məhsulların (məsələn, pendir, qatıq, ayran, dovğa və s.) istehsalı da istisna edilmir. Layihənin növbəti mərhələlərində bunlar nəzərə alınacaqdır.

“Qəbələ-Aqro Kompleks” MMC tərəfindən xaricə cins heyvan ixracı çox yaxşı nümunədir

Qeyd etdiyimiz kimi, ölkənin regionlarında maldarlığın intensiv metodlarla inkişaf etdirilməsi kifayət qədər yaxşı nəticələr verir. Bu yaxınlarda “Qəbələ-Aqro Kompleks” MMC tərəfindən xarici ölkəyə - Türkmənistana cins heyvan ixracı da olduqca yaxşı nümunədir. Müstəqillik dövründə ilk dəfədir ki, respublikamız yüksək məhsuldar “Simmental” cins düyələri xarici ölkəyə ixrac edir. “Qəbələ-Aqro Kompleks”də 1600 başdan çox ətlik-südlük istiqamətli “Simmental” cinsli heyvan saxlanılır. “Həmin heyvanlar gündə orta hesabla 25 litr, ildə isə 6700 litrdən çox süd verir. Bu sahədə ixrac davamlı olacaq.

Yerli müəssisələrdə istehsal olunan ət və ət məhsulları alıcılar tərəfindən rəğbətlə qarşılanır

Son illərdə Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da əhalinin əsas istehlak mallarına olan tələbatının ödənilməsi və idxaldan asılılığın aradan qaldırılması məqsədilə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib, 450-dən çox müxtəlif təyinatlı emal və sənaye müəssisəsi açılıb. Bunlardan biri də “Bərəkət” Ət Məhsulları Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

AZƏRTAC-ın Naxçıvan bürosundan verilən məlumata əsasən, “Bərəkət” Ət Məhsulları Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qayğısından bəhrələnib, Babək qəsəbəsində istehsal müəssisəsi üçün torpaq sahəsi ayrılıb. 2012-ci ilin iyun ayından burada müasir layihə əsasında yeni ət məhsulları kompleksinin tikintisinə başlanılıb və 2013-cü ilin may ayında istifadəyə verilib.

Ümumi sahəsi 20 min kvadratmetr olan kompleksdə iribuynuzlu və xırdabuynuzlu heyvanların kəsim sexləri, kolbasa və sosiska istehsalı sahələri, soyuducu kameralar, iş otaqları, hazır məhsulların satışı mağazası istifadəyə verilib, kəsimə hazırlanan heyvanların saxlanılması üçün hər cür şərait yaradılıb. Ümumilikdə, müəssisənin yaradılmasına 3 milyon 248 min manat vəsait sərf olunub ki, bunun da 1 milyon 530 min manatı Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılmış güzəştli kreditdir.

Müəssisədə gün ərzində 100 baş iribuynuzlu, 250 baş xırdabuynuzlu heyvanların kəsimini həyata keçirmək mümkündür. Burada müxtəlif dondurucu temperatura malik 8 soyuducu kamera yaradılıb, məhsulların ticarət mərkəzlərinə çatdırılması məqsədilə soyuducu yük yeri olan 2 nəqliyyat vasitəsi alınıb. Müəssisədə iri doğranmış, paketlənmiş, çəkilmiş, eləcə də yarımfabrikat paketlənmiş ət məhsulları istehsal olunur. Kompleksdə yaradılan kolbasa istehsalı sahəsinin gündəlik istehsal gücü 2 tondur. İstifadə olunan xammalın mütəmadi olaraq laborator müayinədən keçirilməsi burada keyfiyyətli kolbasa istehsalına imkan verir.

Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlar quraşdırılan müəssisədə istehsal prosesinə mərkəzləşdirilmiş qaydada nəzarət təmin edilib. Həmçinin müəssisənin daim təzə ətlə təmin olunması üçün ayrı-ayrı rayonlarda fəaliyyət göstərən fermer və fərdi sahibkarlarla əlaqələr yaradılıb. İstehsal edilən məhsulun ayrı-ayrı ticarət obyektlərinə keyfiyyətlə çatdırılması məqsədilə alınmış soyuducu kameralı xüsusi avtomaşınlardan səmərəli istifadə edilir. “Bərəkət” Ət Məhsulları Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində 30 nəfər daimi işlə təmin olunub. Hazırda müəssisədə müxtəlif çeşidlərdə ət və ət məhsulları, hisə verilmiş və bişirilmiş kolbasa məmulatları, eləcə də sosiska istehsal olunur.

“Bərəkət” əmtəə nişanı ilə satışa çıxarılan ət və ət məhsulları alıcılar tərəfindən rəğbətlə qarşılanır. Ayrı-ayrı ticarət şirkətlərindən alınan sifarişlər də dadı-tamı ilə seçilən bu yerli məhsula tələbatın çox olduğunu göstərir. Kompleksdə müxtəlif çeşidlərdə ət və ət məhsullarının istehsal olunması istehlakçılara seçim imkanı yaradır.

Mübariz ABDULLAYEV

Yeni azərbaycan.- 2016.- 8 aprel.- S.8