Azərbaycan böyük turizm potensialına malikdir

Ölkəmizin regionlarının turizm imkanları dünyaya uğurla təqdim olunur

Məlum olduğu kimi, bütün dünyada turizm sahəsi qeyri-neft sektorunun aparıcı sahələrindən biri hesab olunur. Bir sıra ölkələrdə hətta dövlətin gəlirlərinin əsas hissəsi turizm hesabına formalaşır. Son illərdə Azərbaycanda da bu sahə inkişaf etməkdədir. Azərbaycanın yerləşdiyi məkan, onun coğrafiyası turizmin böyük potensialının olmasına dəlalət edir. Artıq ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların qəbul edilməsi, turizm sahəsində ortakiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülməkdədir. Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında turizmin inkişafına xidmət edən kompleks tədbirlərin nəzərdə tutulması da məhz bu zərurətdən irəli gəlir. Proqramlarda respublikamızın bölgələrinin turizm potensialı düzgün qiymətləndirilib, bu sahədə həyata keçiriləcək tədbirlər konkret şəkildə əksini tapıb, yeni turizm obyektlərinin inşası üçün hökumətin maliyyə imkanlarından geniş istifadə edilməsi nəzərdə tutulub. Eyni zamanda, proqramlarda infrastruktur məsələlərinə, yolların bərpasına və çəkilişinə xüsusi diqqət ayrılması respublikamızda turizmin inkişafına ciddi təkan verir.

Xüsusi qeyd edilməlidir ki, Azərbaycan özünün turizm imkanlarını dünyada tanıtmaq üçün ardıcıl tədbirlər həyata keçirir. Bunların sırasında mütəmadi olaraq keçirilən beynəlxalq turizm sərgilərini də qeyd etmək olar. Məlum olduğu kimi, aprelin 7-də Bakı Ekspo Mərkəzində turizm biznesinin peşəkarları üçün nəzərdə tutulmuş aparıcı tədbir olan 15-ci yubiley Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (AITF-2016) sərgisi öz qapılarını ziyarətçilərin üzünə açıb. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən “AITF” sərgisi həmçinin bu tədbirdə daim iştirak edən Azərbaycan Turizm Assosiasiyası (“AZTA”) tərəfindən dəstəklənir. Ümumdünya Turizm Təşkilatı (“UNWTO”) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (“PATA”) “AITF” sərgisinə dəstək göstərən beynəlxalq təşkilatlar arasında yer alırlar. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər. Sərginin açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “AITF-2016”nın əhəmiyyətindən söz açıb. Bildirib ki, keçirildiyi illər ərzində “AITF” sərgisi bütövlükdə Xəzəryanı regionda mühüm tədbirlərin təşkil olunduğu, tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi əsas turizm tədbirinə çevrilib.

Son illər ölkəmizin turizm sahəsində qazandığı uğurlardan söz açan nazir deyib ki, hazırda Azərbaycan bu sahənin inkişafına görə 140 ölkə arasında 36-cı yerdədir. Ölkəmizdə qeyri-neft sektorunun əsas prioritetlərindən biri olaraq inkişaf edən turizm sahəsinin uğurları ilbəil daha da genişlənir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycanda 250-dən çox turizm şirkəti və 570-dən çox yerləşdirmə yerləri fəaliyyət göstərir. Son illər ölkəmizə gələn turistlərin sayı 5 dəfədən çox artıb. Ölkədə turizm siyasətinin dövlət səviyyəsində həyata keçirildiyini söyləyən nazir bu sahədə iki Dövlət Proqramının yerinə yetirildiyini deyib. Bildirib ki, hazırda Milli Məclisdə turizm haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Ə.Qarayev vurğulayıb ki, ölkəmizin turizm imkanlarının təbliği məqsədilə Türkiyə və Rusiyada Azərbaycan turizm nümayəndəlikləri açılıb. Nazir bildirib ki, son zamanlar Azərbaycan-Ermənistan təmas xəttində yaşanan hadisələr ölkəmizə gələn turistlərin sayına təsir göstərməyib.

Sərgidə Azərbaycanın və onun regionlarının tarizm imkanları geniş təbliğ olunur. Daxili turizm Azərbaycanda əsas təmayül olaraq qalır və sərgi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendi, eləcə də ölkənin Qax, Qəbələ, Gəncə, Zaqatala, İsmayıllı, Lənkəran, Mingəçevir, Masallı, Sumqayıt və digər regionlarının ənənəvi ekspozisiyası daxili turizm potensialını təqdim edir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendində isə Naxçıvanın unikal təbiəti, tarixi yerləri, o cümlədən mehmanxana və müalicə mərkəzləri təqdim olunur. Qarabağ regionunun gözəlliyini və turizm imkanlarını nümayiş etdirən Qarabağ stendi sərginin ənənəvi iştirakçısıdır. Azərbaycanın 20-dən artıq turizm şirkətini, eləcə də hotel və sanatoriyalarını öz stendində bir araya gətirən Azərbaycan Turizm Assosiasiyası ekspozisiyası isə həm Azərbaycanda, həm də xaricdə turizm üzrə geniş təklifləri əks etdirir.

Qeyd edək ki, yeni iqtisadi kursun fonunda turizmin inkişafı istiqamətində müəyyən edilmiş tədbirlərin ardıcıl və sistemli şəkildə davam etdirilməsi də diqqət mərkəzindədir. Ümumiyyətlə, Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafını qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edibbu istiqamətdə atılan addımlar artıq öz bəhrəsini verir. Son illər ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, möhkəm daxili sabitlik respublikamıza turist axınını şərtləndirən əsas amillərdəndir. Azərbaycanın coğrafi baxımdan əlverişli məkanda yerləşməsi, florafauna növlərinin müxtəlifliyi, Xəzər dənizi, infrastruktur təminatının yaxşılaşdırılması ölkəmizin turizm imkanlarını daha da artırır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ilin Azərbaycanda “Turizm ilielan edilməsi bu sahənin daha da inkişaf etdirilməsinə güclü təkan verib. Əlamətdar haldır ki, ölkəmizin regionlarında turizmin müxtəlif növlərini, o cümlədən biznes, istirahət, sağlamlıq, idman turizmlərini inkişaf etdirmək üçün hər cür imkan vardır. Elə respublikamızda turizmin perspektiv inkişaf strategiyasında da ölkənin bütün regionlarının bu sahədəki potensialından səmərəli şəkildə istifadə etmək nəzərdə tutulub. Beləliklə, respublikamızda turizm potensialı paytaxt Bakı ilə yanaşı, şimal, şimal-qərb, cənub və qərb bölgələrində inkişaf etdirilir.

Azərbaycanın zəngin turizm potensialı paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrində cəmləşib. Buna görə də turizm sahəsində dövlət siyasətində hər bölgənin turizm sahəsində potensialı və ənənələri əsas götürülməklə müvafiq infrastruktur qurulmasına diqqət yetirilir. Başqa sözlə desək, ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Təsadüfi deyil ki, hazırda respublikanın ayrı-ayrı regionlarında yüksək səviyyəli şəraitə malik turizm obyektləri böyük uğurla fəaliyyət göstərir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində respublikamızın regionlarında “Şahdağ”, “Naftalan”, “Duzdağkimi dünya səviyyəli turizm obyektlərinin olduğuna diqqət çəkib. Son illərdə ölkəmizdə turizmin inkişafında diqqətəlayiq uğurların qazanılmasından məmnunluğunu ifadə edən dövlət başçısı ölkəyə çoxlu sayda turistin gəlməsinə nail olmaq üçün daha fəal işləmək lazım gəldiyini vurğulayıb. Prezident İlham Əliyev həmçinin turistləri maraqlandıran ənənəvi sənət növlərinin inkişaf etdirilməsinin zəruriliyinə də diqqət çəkib: “Turizmin inkişafı daha sürətlə getməlidir. Xüsusilə, Avropa Oyunlarından sonra Azərbaycana dünyada maraq daha da artdı. Biz bundan istifadə etməliyik. Nə qədər çox turist gəlsə, Azərbaycanı o qədər də çox adam tanıyacaq və turistlər ölkəmizə valyuta gətirəcəklər. Son 13 il ərzində Azərbaycanda 300-ə yaxın mehmanxana tikilmişdir. Bizim indi dünya səviyyəli kurortlarımız var - “Şahdağkurortu, “Naftalankurortu. Qəbələ beynəlxalq kurort mərkəzinə çevrilibdir və “Qalaaltı” müalicəvi kurort mərkəzidir. Naxçıvanda “Duzdağkurort mərkəzi yaradılıbdır. Sadəcə, daha fəal olmalıyıq ki, turistləri cəlb edək. Burada vizaların sadələşdirilməsi işində əlavə tədbirlər görülüb ki, biz daha da çox turist axınını təmin edək. Azərbaycanın turistləri maraqlandıran ənənəvi sənət növləri də inkişaf etməlidir, o cümlədən xalçaçılıq. Bu, bizim böyük milli sərvətimizdir. Hesab edirəm ki, indi, xüsusilə kəndlərdə şərait yaradılmalıdır ki, qadınlar xalçaçılıqla məşğul olsunlar. Onlar materiallarla, dəzgahlarla, iplərlə təmin olunmalıdırlar, xalça toxusunlar, pul qazansınlar və biz bu malları da xarici bazarlara çıxara bilək”.

Ölkənin regionlarında müxtəlif turist marşrutları üzrə geniş infrastruktur qurulmasından söhbət açarkən dünya miqyasında məşhur brend hotellərin tikintisini ayrıca vurğulamaq gərəkdir. Ölkəmizdə mehmanxanamehmanxana tipli obyektlərin sayı 2003-cü illə müqayisədə 5,4 dəfə artaraq 500-ü ötüb ki, onların da böyük əksəriyyəti regionlarda yerləşir. Ümumiyyətlə, Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların da payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları nəticəsində mümkün olur. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb. Beləliklə, turizm sahəsində həyata keçirilən uğurlu siyasət həm ümummilli tərəqqiyə, həm də regionların dinamik sosial-iqtisadi inkişafına müstəsna töhfələr verir.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2016.-9 aprel.- S.8