Azərbaycan
regionlarında qazlaşdırma prosesi davamlı xarakter
daşıyır
Dövlət
proqramlarının uğurla icrası nəticəsində
bölgələrin təbii qazla təminatı işləri
genişmiqyaslı xarakter alıb
Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən inkişaf
strategiyasının əsas hədəflərindən biri də
Azərbaycanı müasir dünya
çağırışlarına uyğun olaraq yüksək
infrastruktur təminatına malik ölkəyə çevirməkdən
ibarətdir.
Bu baxımdan dövlət başçısının
müvafiq fərmanları ilə təsdiqlənən və
ölkəmizdə 2004-cü ildən uğurla
reallaşdırılan regionların sosial-iqtisadi
inkişafına dair Dövlət proqramları, eləcə də
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət proqramları
çərçivəsində reallaşdırılan su,
yol-nəqliyyat, elektrik enerjisi layihələri Azərbaycanın
simasını dəyişib və respublikamızı
infrastruktur təminatı baxımından dünyanın ən
qabaqcıl ölkələri sırasına
çıxarıb. Məhz bu kontekstdə
vurğulamaq yerinə düşər ki, son illərdə Azərbaycanın
güclü infrastruktur təminatına malik ölkəyə
çevrilməsi qazlaşdırma sahəsində də
qabarıq şəkildə nəzərə çarpır.
Bu istiqamətdə əldə edilən uğurlara
keçməzdən öncə qeyd edək ki, son illərdə
həyata keçirilən uğurlu enerji siyasəti sayəsində
ölkəmiz həm də qaz ixracatçısına
çevrilib.
Azərbaycanın təşəbbüsü, qonşu ölkələrin
fəal iştirakı ilə “Şahdəniz”
yatağının ehtiyatlarının işlənməsinə
hesablanan “Cənub” qaz dəhlizi qlobal miqyasda yeganə yeni “mavi
yanacaq” mənbəyi kimi respublikamızın önəmini əhəmiyyətli
dərəcədə artırıb. Məlum
olduğu kimi, bir müddət öncə Bakıda “Cənub
Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində
nazirlərin ikinci toplantısı baş tutub. Toplantıda vurğulandığı kimi, zəngin
karbohidrogen ehtiyatlarına malik Azərbaycan yaxın perspektivdə
Avropanın enerji təhlükəsizliyinə daha sanballı
töhfələr verəcək. Təxminən
3600 kilometr məsafədə uzanacaq yeni dəhlizin
inşasına 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə
tutulub. Beləliklə, bir sıra Avropa ölkələrinin
rəsmilərinin də etiraf etdikləri kimi, hazırda Azərbaycanın
iştirakı ilə “qoca qitə”nin enerji
xəritəsi yenilənir və ölkəmiz bu prosesdə mərkəzi
rol oynayır. Bununla belə, dövlət
başçısının qətiyyətli siyasi iradəsi
ona yönəlib ki, Azərbaycanın zəngin qaz
potensialından, ilk növbədə, ölkə əhalisi bəhrələnməlidir.
Prezident İlham Əliyev ötən il Cəlilabad
rayonuna səfəri çərçivəsində sakinlərlə
görüşündə daxili qaz istehlakının təmin
olunmasının zəruriliyini bir daha vurğulayaraq bildirib:
“Şəbəkələr qurulur, Azərbaycanda qaz
istehsalı artır. Biz xaricə də qaz ixrac
edirik, amma, ilk növbədə, Azərbaycan əhalisini təmin
etməliyik”.
Ümumiyyətlə, son 12 ildə respublikanın
bütün regionlarında genişmiqyaslı
qazlaşdırma layihələri həyata keçirilib ki,
bunun da sayəsində ölkənin bütün şəhərlərinin
“mavi yanacaq” təchizatına yüz faiz həcmində nail
olunub. “Azərbaycan
Respublikasının yanacaq-energetika kompleksinin inkişafı
(2005-2015-ci illər) üzrə Dövlət Proqramı”, “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və
“Bakı şəhərinin və onun qəsəbələrinin
2014-2016-cı illərdə sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı”na uyğun olaraq 2014-2018-ci illərdə
qaz təsərrüfatının yaxşılaşdırma və
qazlaşdırma planı hazırlanıb. “Azəriqaz”
İstehsalat Birliyinin (İB) bütün struktur təşkilatları
bu sənədlərlə nəzərdə tutulan tədbirlərin
uğurla reallaşdırılması üçün səfərbər
edilib və artıq proqram çərçivəsində
xeyli iş yerinə yetirilib. Əvvəlki illərdə
olduğu kimi, ötən il ərzində
də əhalinin və digər istehlakçıların
normal və təhlükəsiz qaz təchizatının təmin
olunması, yaşayış məntəqələrinin
qazlaşdırılması və qaz təminatının bərpası,
qaz təchizatı şəbəkəsinin əsaslı təmiri
kimi məsələlərə xüsusi diqqət yetirilib. İlk növbədə, qazlaşdırılma və
qaz təminatının bərpası işləri
genişmiqyaslı xarakter alıb və ölkənin
bütün bölgələrini əhatə edib.
Sözügedən istiqamətdə “Azəriqaz”
İstehsalat Birliyi (İB) tərəfindən təxirəsalınmaz
işlər 2016-cı ildə də davam etdirilir. Belə ki, əhali
istehlakçılarının mənzillərində istismar
edilən istismar müddəti başa çatmış mexaniki
sayğaclar yeni “Smart-kart” tipli sayğaclarla əvəz olunur,
yeni qaz kəmərləri çəkilir və istismara
yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri
yeniləri ilə əvəz edilir.
İstehlakçıların qaz təchizatının
yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin
qazlaşdırılması məqsədilə bu ilin
yanvar-mart aylarında 2 min 90 kilometr uzunluğunda yeni qaz kəmərləri
quraşdırılıb, şəbəkənin təhlükəsiz
və normal rejimdə istismarının təmin olunması
üçün 125 kilometr qaz kəməri əsaslı təmir
edilib. Aparılan tikinti-quraşdırma işləri
nəticəsində yanvar-mart aylarında 58 yaşayış
məntəqəsi qazlaşdırılıb.
“Azəriqaz” İstehsalat Birliyi, eyni zamanda, bu ilin
yanvar-mart aylarında 107 çoxmərtəbəli binaya təbii
qaz verib. SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a
bildirilib ki, “Azəriqaz” İB çoxmərtəbəli
binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini
davam etdirir. Görülmüş işlərin
nəticəsidir ki, birlik yanvar-mart aylarında hüquqi və
fiziki şəxslərin müraciətlərini
araşdıraraq, müvafiq sənədləri təqdim olunan
107 çoxmərtəbəli binaya təbii qazın verilməsini
təmin edib. Həmin binalarda ümumilikdə
3 min 191 ailə yaşayır. “Azəriqaz” İB təbii
qazın satışı ilə məşğul olan bir qurum
kimi zəruri sənədləri təqdim edib, bütün
normativ-texniki və təhlükəsizlik tələblərinə
cavab verən istənilən çoxmərtəbəli
binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin
olunmasında maraqlıdır.
Onu da qeyd edək ki, regionların
qazlaşdırılması işi aprel ayında da davam
etdirilməkdədir. Belə ki, aprelin 2-də Kürdəmir rayonunda 1109 nəfər
əhalinin yaşadığı Beyi və 884 nəfər əhalisi
olan Daykazımlı kəndlərinə təbii qaz verilib. Beləliklə,
rayonda Kürdəmir şəhəri də daxil olmaqla, 62
yaşayış məntəqəsindən 51-i və ya rayon əhalisinin
82,3 faizi “mavi yanacaq”la təmin olunub. Beyi və Daykazımlı kəndlərinin
qazlaşdırılmasında müxtəlif diametrli 23388 metr
polad və polietilen borulardan istifadə edilib, mənzillərə
qaz sayğacı və fərdi tənzimləyici
quraşdırılıb.
Rayon mərkəzindən
44 kilometr məsafədə yerləşən Beyi kəndində
keçirilən mərasimdə çıxış edənlər
sakinləri təbrik edib, regionların sosial-iqtisadi
inkişafına dair üçüncü Dövlət
Proqramı çərçivəsində respublikada, eləcə
də Kürdəmirdə həyata keçirilən
sosial-iqtisadi layihələrdən danışıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin göstərişinə
əsasən hazırda respublikamızın hər yerində
olduğu kimi, Kürdəmirdə də bütün
yaşayış məntəqələrinin
qazlaşdırılması davam etdirilir. Rayonda keçən
il 22, bu ilin ötən müddətində
isə 7 kənd təbii qazla təmin edilib. Hazırda isə
7 kənddə, o cümlədən Muradxan, Çöl-Qubalı,
Qocalı, Carlı, Mollakənd, Türkədi və
Axtaçı-Qarabucaq kəndlərində
qazlaşdırılma işləri aparılır. Yaxın vaxtlarda həmin kəndlər də “mavi
yanacaq”la təmin ediləcək.
Aprelin 5-də Gədəbəy rayonunun Samanlıq kəndinə
ilk dəfə təbii qaz verilib. 212 abonenti olan kəndin birpilləli
sistem əsasında qazlaşdırılması zamanı 18
min 34 metrlik müxtəlif diametrli metal borulardan istifadə
olunub, daşıyıcı və məhəllədaxili qaz xətləri
çəkilib, hər bir abonent üçün ayrıca
sayğac və fərdi tənzimləyici
quraşdırılıb.
Aprelin
6-da isə Neftçalanın yaşayış məntəqələrinin
qazlaşdırılması layihəsi çərçivəsində
1375 nəfərə yaxın əhalinin
yaşadığı Mürsəqulu kəndinə ilk dəfə
“mavi yanacaq” verilib. 257 abonenti olan kəndin
qazlaşdırılması üçün birpilləli
sistem əsasında 5 min 672 metr uzunluğunda polietilen və 17
min 108 metr müxtəlif diametrli metal borularla
daşıyıcı və məhəllə daxili qaz xətləri
çəkilib. Evlərdə 257 sayğac və
fərdi tənzimləyici quraşdırılıb.
Kəndə təbii qazın verilməsi münasibətilə
keçirilən mərasimdə çıxış edən
rayon İcra Hakimiyyəti başçısının
müavini Nəriman Xəlilov dövlətin regionlara
qayğısı və bu istiqamətdə görülən
işləri diqqətə çatdırıb. Qeyd edilib ki, ötən il “Azəriqaz” İstehsalat Birliyi tərəfindən
rayonun 13 kəndi təbii qazla təmin olunub. Hazırda
5 yaşayış məntəqəsinin
qazlaşdırılması istiqamətində işlər
sürətlə davam etdirilir. Yaxın
günlərdə bu kəndlərin sakinləri də “mavi
yanacaq”dan istifadə edəcəklər.
Uzun illər fasilədən sonra aprelin 7-də Şəki
rayonunun ucqar yaşayış məntəqələrindən
olan Cəyirli kəndinə yenidən təbii qaz verilib. 468 abonenti olan kəndin
qazlaşdırılması üçün birpilləli
sistem əsasında ümumi uzunluğu 6 min 138 metr müxtəlif
diametrli polietilen və ümumi uzunluğu 27 min 774 metr müxtəlif
diametrli metal borularla daşıyıcı və məhəllədaxili
qaz xətləri çəkilib, mənzillərə
sayğac və fərdi tənzimləyicilər
quraşdırılıb.
Bu münasibətlə keçirilən mərasimdə
çıxış edənlər Prezident İlham
Əliyevin diqqət və qayğısı sayəsində
son illər paytaxtla yanaşı, regionlarda da əhalinin
yaşayış səviyyəsinin
yaxşılaşdırılması, sosial problemlərinin həlli
istiqamətində davamlı tədbirlərin həyata
keçirildiyini diqqətə çatdırıblar. Vurğulanıb ki, rayonun
ucqar yaşayış məntəqələrindən olan,
Şəki şəhərindən 55 kilometr məsafədə
yerləşən Cəyirli kəndinə yenidən təbii
qazın verilməsi dövlət
başçısının regionların sosial-iqtisadi
inkişafına göstərdiyi qayğıya bariz nümunədir.
Bildirilib
ki, hazırda Şəkinin 32 yaşayış məntəqəsi
təbii qazdan istifadə edir. Əhali abonentləri üzrə
qazlaşdırılma 76 faiz təşkil edir. Eyni zamanda,
rayonun daha 12 kəndinin qazlaşdırılması istiqamətində
iş aparılır. Cari il ərzində bu kəndlərə
də “mavi yanacağ”ın verilməsi təmin olunacaq.
Aprelin 8-də
Ucar rayonunun Çiyni kəndinə ilk dəfə təbii qaz
verilib. SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, 92
abonenti olan kəndin birpilləli sistem əsasında
qazlaşdırılması zamanı 14 min 816 metr
uzunluğunda müxtəlif diametrli metal borulardan istifadə
olunub, daşıyıcı və məhəllədaxili qaz xətləri
çəkilib, hər bir abonent üçün ayrıca
sayğac və fərdi tənzimləyici
quraşdırılıb.
Nardar
BAYRAMLI
Yeni Azərbaycan.-
2016.- 12 aprel.- S.8