Şəhid Mahir Sabir oğlu Mirzəyev son mənzilə yola salınıb

 

Cəbhə xəttində erməni hərbi birləşmələrinin təxribatının qarşısının alınması zamanı qəhrəmancasına şəhid olmuş Mahir Sabir oğlu Mirzəyev aprelin 9-da torpağa tapşırılıb. Binəqədi rayonu Biləcəri qəsəbəsində keçirilən dəfn mərasimində Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Hikmət Babaoğlu, Madər Musayev, Məlahət İbrahimqızı, Sevinc Hüseynova, YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəfn mərasimində Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Müdafiə Nazirliyinin rəsmiləri, ictimaiyyət nümayəndələri Vətən uğrunda qəhrəmancasına şəhid olan Mahir Mirzəyevin şücaətindən danışıblar. Şəhidin atası Sabir Mirzəyev övladının torpaqlarımızın işğalçılardan azad edilməsində iştirakından qürur duyduğunu bildirib: “Mən qürur duyuram ki, yeganə oğlumun torpaqlarımızın işğaldan azad olunmasında xidməti var, o bu yolda şəhid oldu. Lazım gələrsə, mən də əlimə silah götürüb övladımın yolunu davam etdirməyə hazıram”.

Milli Ordunun əsgəri böyük izdihamla son mənzilə yola salınıb. Şəhidə ehtiramını bildirmək üçün minlərlə insan küçələrə çıxıb. Onu son mənzilə yola salmağa gələn ictimaiyyət nümayəndələri, xüsusilə gənclər “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarları səsləndiriblər.

Dəfn mərasimində şəhidin xatirəsinə havaya yaylım atəşi açılıb.

Yeni azərbaycan.- 2016.- 12 aprel.- S.3