Bölgələrdə nəqliyyat infrastrukturunun inkişafı istiqamətində müəyyən edilmiş vəzifələr uğurla yerinə yetirilir

Yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı intensiv şəkildə davam etdirilən layihələr Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb

Azərbaycanda həyata keçirilən uğurlu inkişaf strategiyası regionların davamlı sosial-iqtisadi tərəqqisinə də mühüm töhfələr verir. Bu kontekstdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları çərçivəsində görülən işlər bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb.

Beləliklə, dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr respublikamızı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb. Bu kontekstdə bütün ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenilənməsi müasir Azərbaycanın mənzərəsini xarakterizə edən əsas cəhətlərdəndir. Yuxarıda da vurğuladığımız kimi, son 12 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq bütün ölkə boyu yaradılan müasir infrastruktur sayəsində son illərdə Azərbaycanın tranzit imkanları əhəmiyyətli dərəcədə artıb və respublikamız bütövlükdə regionun nəqliyyat mərkəzinə çevrilməkdədir. Son 12 ildə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, ilk 2 Dövlət Proqramının həyata keçirildiyi 2004-2013-cü illərdə respublikada yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yolların uzunluğu 9 min kilometri ötüb, bu müddətdə 250 yeni körpü, tunelyol ötürücüsü inşa edilib. Haqqında bəhs olunan dövrdə Azərbaycanın bölgələrində 6 aeroport tikilib ki, onlardan da 4-ü beynəlxalq səviyyəlidir. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi isə 2014-cü ildə istifadəyə verilib. Bütün bunların nəticəsidir ki, indi respublikanın bölgələrindən də beynəlxalq uçuşlar həyata keçirilirbu amil Azərbaycanın regionlarının inkişafına əlavə impuls verir.

Yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələr regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində də intensiv şəkildə davam etdirilir. Yeni Dövlət Proqramının icrasının birinci ili ərzində daha 960 kilometr ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 30-dan çox yeni körpüyol ötürücüləri tikilibya təmir olunub. O cümlədən 2015-ci ildə Qəbələ-Ağdaş, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar, Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Qusar-Ənik-Ləzə, Şəki-Qax və digər avtomobil yollarında əsaslı təmir işləri davam etdirilib. Hacıqabul-Kürdəmir (80 km), Kürdəmir-Ucar-Yevlax (87 km) avtomobil yollarının birinci texniki dərəcə səviyyəsində tikintisi, Muğanlı-Yevlax yolunun yenidən qurulması (115 km), Bakı-Şamaxı-Yevlax yolunun 15-67-ci kilometrlik hissəsində əlavə 2 zolağın tikintisi (52 km), Ələt-Astara avtomobil yolunun Masallı-Lənkəran (22 km) hissəsinin, Kür çayı üzərində yeni körpünün tikintisi davam etdirilib. Bundan başqa, avtomobil nəqliyyatı sahəsində daşımaların tənzimlənməsi, xidmət səviyyəsinin yüksəldilməsi, hərəkətin təhlükəsizliyinin təmin olunması üzrə davamlı tədbirlər həyata keçirilməkdədir. Bu məqsədlə Bərdə, Ağsu, Gədəbəy, Qəbələ, Şamaxı, Xaçmaz, Quba, Yevlax, Daşkəsən, İsmayıllı və Goranboyda yeni avtovağzallar tikilib, Qusar, Oğuz, Xudat, Biləsuvar və Tovuz avtovağzalları yenidən qurulub. Hazırda Gəncə, Horadiz və Quzanlıda yeni avtovağzallar inşa olunur.

Bunlarla yanaşı, Ağstafa rayonunda isə 4 avtomobil körpüsünün tikintisinə başlanılıb. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən aparılan tikinti işləri nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində reallaşdırılır. Körpülər Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi və Poylu-Düzqışlaq-Qazax avtomobil yollarının üzərində inşa edilir. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində inşa ediləcək.

Ötən il avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonunun Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 22 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,5 milyon manatı Sabirabad rayon İcra Hakimiyyətinə ayrılıb. Sərəncamla Maliyyə Nazirliyinə maliyyələşmənin müəyyən olunmuş qaydada təmin edilməsi tapşırılıb. Qeyd edək ki, ötən ilin dekabrında Prezident İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində bu yolun müəyyən hissəsinin açılışında iştirak edib.

Bunlarla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev cari il yanvarın 8-də “İmişli rayonunun Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, 15 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Prezidentin ehtiyat fondundan İmişli rayon İcra Hakimiyyətinə 1,1 milyon manat ayrılıb. Digər tərəfdən, Hacıqabul-Horadiz avtomobil yolundan İmişli şəhəri istiqamətində isə 7 kilometr uzunluğunda yolun tikintisi davam edir. Bəndbərkitmə işləri başa çatıb, yol yatağı genişləndirilib. Hazırda asfalt örtüyünün döşənməsi işləri görülür. Tikintinin sürətlə aparılması üçün əraziyə kifayət qədər müxtəlif təyinatlı texnika və lazımi qədər işçi qüvvəsi cəlb edilib. Yolun inşasının yaxın günlərdə başa çatdırılması nəzərdə tutulub. Yol istifadəyə verildikdən sonra rayonun bir neçə yaşayış məntəqəsi və İmişli şəhərindən Hacıqabul-Horadiz avtomobil yoluna daha rahat çıxmaq mümkün olacaq.

Qeyd etmək lazımdır ki, hazırda bəhs olunan istiqamətdə müəyyən olunmuş tədbirlər ardıcıl olaraq davam etdirilir. Yeri gəlmişkən, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 68-80-ci kilometrlik hissəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmir işləri həyata keçirilir. Təmir-bərpa işləri sözügedən ərazidə hər iki istiqamət üzrə aparılır. Avtomobil yolunun 68-80-ci kilometrlik hissəsində asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsilə qaşınaraq kənara daşınır. Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir. Ümumilikdə 22 min kvadratmetr ərazinin asfaltlanması işləri aparılır. Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Bundan başqa, uzunluğu 40 kilometr olan Muğanlı-İsmayıllı avtomobil yolunda “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cari təmir işləri aparılır. Sözügedən təmir işləri çərçivəsində yol boyu çiyin hissələr təmizlənərək bərkidilir, suötürücü boruların giriş-çıxış hissələri təmizlənir və yenidən bərpa edilir. Həmçinin, yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsilə kənara daşınır. Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir. Bütün işlər tərtib olunmuş cədvələ uyğun və yüksək keyfiyyətlə aparılır. Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda texnika cəlb olunub. Yenidənqurma işlərinə Salyan-Şirvan magistralının 15-ci kilometrliyində, yolun Salyan rayon ərazisindən keçən hissəsindən başlanılıb. İşi sürətlə aparmaq üçün əraziyə 30-dan çox müxtəlif təyinatlı texnika gətirilib. Artıq yolun 5 kilometrdən çox hissəsinə asfalt döşənib. Daha 4 kilometr ərazidə yolun torpaq yatağı hazırlanır. Ölkənin cənub rayonları ilə şimal-qərb bölgəsini birləşdirən yola 5 qat olmaqla, 25 santimetr qalınlığında asfalt döşənir. Bu isə ağır tonnajlı maşınların müntəzəm hərəkət etdiyi yolun uzun müddət istismarına imkan verəcək. Respublika əhəmiyyətli yolun əsaslı təmir olunması ətraf rayonlara gediş-gəlişin yaxşılaşması ilə yanaşı, həm də Salyanın 20-dən çox kəndinə avtomobil əlaqəsini asanlaşdıracaq. Müasir tələblərə uyğun təmir edilən yolun eni 13 metr olacaq. Uzunluğu 34 kilometrə çatan magistral yolun yağış və sel sularından qorunması üçün ehtiyac olan yerlərdə körpü və suötürücülər də inşa ediləcək. Bununla yanaşı, Tərtər-Kəlbəcər avtomobil yolunun Şıxarx qəsəbəsinə qədər olan hissəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmir-tikinti işləri həyata keçirilir. Əsaslı şəkildə təmir olunan yolun uzunluğu 3,2 kilometr olmaqla Tərtər şəhərinin mərkəzi ilə Şıxarx qəsəbəsini birləşdirir. Avtomobil yolunun hərəkət hissəsinin eni 7,5-13 metr arası dəyişir. Təmir-tikinti işləri çərçivəsində, zəruri olan yerlərdə yol yatağında yararsız qrunt qazılaraq kənara daşınıb və yeni yol əsası tikilib. Eyni zamanda, suötürücü borular tikilibyol kənarına yeni səki daşları düzülüb. Hazırda yola yüksəkkeyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Ümumilikdə isə, 31 min 200 kvadratmetr sahənin asfaltlanması nəzərdə tutulub. Bundan əlavə, aparılan tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq. Texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilən təmir-tikinti işləri tərtib olunmuş cədvələ uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Beləliklə, bölgələrdə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi istiqamətində müəyyən edilmiş vəzifələr uğurla yerinə yetirilir və əhəmiyyətli nəticələr əldə olunur.

Nurlan QƏLƏNDƏRLİ

Yeni azərbaycan.- 2016.- 16 aprel.- S.8