Azərbaycanda Nüvə Təbabəti
Mərkəzi açılıb
Aprelin 15-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin nəzdində Nüvə Təbabəti Mərkəzinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, nəinki Azərbaycanda, hətta regionda ilk və yeganə tibb müəssisəsi olan Nüvə Təbabəti Mərkəzinin açılış mərasimində səhiyyə nazirinin müavini Elsevər Ağayev, Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev, Milli Məclisin deputatları, elmi və tibbi ictimaiyyətin nümayəndələri, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəsmiləri iştirak ediblər.
Qonaqları salamlayan akademik Cəmil Əliyev xərçəng xəstəliklərinin erkən aşkarlanmasında çox böyük əhəmiyyət daşıyan belə bir mərkəzin Bakıda istifadəyə verilməsindən məmnunluğunu bildirərək göstərdiyi köməyə görə BAEA-nın rəhbərliyinə təşəkkür edib. Qeyd olunub ki, xərçəng xəstəliklərinin erkən diaqnostikası və müalicəsi üzrə Azərbaycanın aparıcı tibb müəssisəsi olan Milli Onkologiya Mərkəzinin əldə etdiyi nailiyyətlər həm ölkə daxilində, həm də beynəlxalq aləmdə diqqət mərkəzindədir. Cəmil Əliyev bildirib ki, onkologiya tibbin ən ağır sahəsidir. Buna görə səhiyyənin bu sahəsinə dövlət tərəfindən xüsusi diqqət ayrılır. Son illər ərzində Milli Onkologiya Mərkəzində xərçəng xəstəliklərinin diaqnostikası üçün yaradılmış şərait, neyrocərrahiyyə, torakal cərrahiyyə, onkoginekologiya, onkourologiya və onkohematologiya şöbələrinin yaradılması, ABŞ-ın “Varian” şirkətinin ən qabaqcıl texnologiyası əsasında qurulmuş stereotaktik şüa terapiyası mərkəzinin təsis edilməsi, ilk dəfə Nüvə Təbabəti Mərkəzinin yaradılması Azərbaycan Respublikası Prezidentinin onkoloji xəstələrə diqqət və qayğısının bariz nümunəsidir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın himayəsi ilə yaradılmış Uşaq Onkoloji Klinikası isə onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi üçün yüksək keyfiyyətli cərrahiyyə, kimya terapiyası və şüa terapiyası xidmətlərini təmin edir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun müavini Dazhu Yanq isə öz növbəsində səhiyyə, kənd təsərrüfatı, sənaye və su ehtiyatlarının idarə edilməsi kimi sahələrdə nüvə texnologiyalarının tətbiq olunması barədə məlumat verib, təmsil etdiyi qurumun xərçəng və şəkərli diabet kimi xəstəliklərin müalicəsində, habelə dünyada yayılmaqda olan təhlükəli viruslarla mübarizədə yaxından iştirak etdiyini diqqətə çatdırıb.
Dazhu Yanq BAEA ilə ölkəmiz arasında həyata keçirilən Texniki Əməkdaşlıq Proqramı çərçivəsində Milli Onkologiya Mərkəzinin nəzdində Nüvə Təbabəti Mərkəzinin təsis edilməsini müsbət addım kimi dəyərləndirib. BAEA-nın rəsmisi Milli Onkologiya Mərkəzində təcrübəli kadrların çalışdığını, onların xarici ölkələrdə təhsil aldıqlarını və təcrübə keçdiklərini xüsusi qeyd edib. Eyni zamanda, BAEA-nın Milli Onkologiya Mərkəzi ilə nüvə təbabəti sahəsində kadrların hazırlanmasında əməkdaşlıq edəcəyi diqqətə çatdırılıb.
Nüvə Təbabəti Mərkəzinin yaradılmasında göstərdiyi köməyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirən Dazhu Yanq bu tibb müəssisəsinin rolunu xüsusi qeyd edib: “Mən bu fikirdəyəm ki, Nüvə Təbabəti Mərkəzinin və burada quraşdırılan avadanlıqların xərçəngin erkən aşkarlanmasında rolu əvəzsizdir. Xərçəng erkən aşkarlanarsa, onun müalicəsi də uğurla başa çatar. Bir çox inkişaf eləmiş ölkələrdə belə avadanlıqlar mövcuddur. Arzu edirəm ki, bütün xalqlar və dövlətlər belə avadanlıqlardan istifadə edə bilsinlər”.
Açılış mərasimini bildirən qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları Nüvə Təbabəti Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, mərkəzdə pozitron emissiya tomoqrafiya/kompyuter tomoqrafiya (PET/KT) cihazı istifadəyə verilib. Bundan əlavə, burada yerli dərman istehsalı gerçəkləşdirilir. PET/KT orqanizmdə hüceyrə mübadiləsini molekulyar səviyyədə göstərməyə imkan verən müasir tibbi diaqnostik görüntüləmə üsuludur. Xüsusi təyinatlı laboratoriya şəraitində hazırlanmış dərman maddəsi vena daxilinə vurulur və bu maddə orqanizmdə müəyyən toxumalarda toplanaraq ətrafa şüalanma verir.
Mərkəzin PET/KT cihazı olan “Biograph mCT-S40” Siemens şirkətinin ən son texnologiyaları ilə hazırlanıb və minimal doza ilə çox sürətli müayinə aparmaq imkanına malikdir.
Adi PET mərkəzlərində FDG maddəsi uzaq məsafədən gətirildiyindən xəstəyə verilənə qədər aktivliyini qismən itirmiş olur. Burada isə FDG maddəsi alt mərtəbədəki “Siklotron” cihazından əldə edilir, xəstəyə verilən anda yüksək saflığa və lazımi aktivliyə malik olur. Mərkəzdə “Siklotron”da hazırlanan maddələrin sterilliyi, toksikliyi, dozası və molekulyar quruluşu yüksək standartlara cavab verən xüsusi laboratoriyada yoxlanılır və keyfiyyətinə zəmanət verilir. PET/KT-dən onkoloji xəstəliklərin erkən diaqnostikası ilə yanaşı, Altsheymer və Parkinson xəstəliklərinin müayinəsində, epilepsiya, demensiyalar zamanı beyin funksiyalarının dəyərləndirilməsində də istifadə olunacaq.
Qeyd olunub
ki, Nüvə Təbabəti Mərkəzinin
fəaliyyətinin əsas prinsipi
otaqlardakı rahat şərait və dizayndan tutmuş xəstələrə
şəfqət duyğusu aşılayan
gülərüz personala kimi
yüksək səviyyəli müayinə təqdim etməkdir.
Mərkəzdə çalışan həkimlər, əczaçılar,
fiziklər, mühəndislər, kimyaçılar, hətta kiçik və orta tibbi personal xaricdə təhsil
alaraq yüksək praktiki
biliklərə yiyələniblər. Onların arasında bu sahə üzrə böyük
təcrübəyə malik olan xarici mütəxəssislər
də vardır.
Yeni azərbaycan.-
2016.- 16 aprel.- S.2