Milli Məclisdə Hesablama
Palatasının hesabatı müzakirə olunub
Parlamentin iclasında MSK-nın üzvləri və əvəzedici
üzvləri seçilib
Dünən Milli Məclisin növbəti iclası keçirilib. Öncə millət vəkilləri cari məsələlərlə bağlı çıxış ediblər. Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə aparılan həm daxili, həm də beynəlxalq siyasətin nəticəsində bütün dünya dövlətləri Azərbaycana dəstək olurlar: “Türkiyədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Sammitində də çoxlu ölkələr Azərbaycana dəstək oldu, ərazi bütövlüyümüzü dəstəklədilər”.
S.Novruzov bildirib ki, İƏT Sammitində Azərbaycanın mövqeyinin dəstəklənməsi, Ermənistanın işğalçı dövlət olmasının vurğulanması, bununla əlaqədar xarici işlər nazirlərindən ibarət komissiyanın yaradılması ölkə Prezidentinin apardığı uğurlu siyasətin nəticəsi, ordumuzun gücünün nümunəsidir.
Onun sözlərinə görə, buna baxmayaraq bəzi mətbuat oqranlarında Azərbaycanın apardığı siyasət, ölkəmiz, Milli Məclis haqqında xoşa gəlməyən, həqiqətə uyğun olmayan yazılar verilir.
“Bu, düşmən dəyirmanına su tökməklə məşğul olan qüvvələrin əməlləridir. Məsələn, ABŞ Dövlət Departamenti Azərbaycan haqqında xeyli müsbət fikirlər söyləyir. Erməni lobbisinin təsiri nəticəsində isə müəyyən qüvvələr qərəzli fikirlər də bildirirlər. Həmin mətbuat orqanları da qərəzli fikirləri xüsusi qabardırlar. Eləcə də xaricdə olan ayrı-ayrı QHT-lərin mövqeləri həmin dövlətin fikri kimi təqdim edilir. Bunlar hamısı qərəzlidir və ermənilərə xidmət edən insanların əməlləridir. Azərbaycan xalqı aprelin əvvəlində cəbhə xəttində baş verən hadisələr zamanı həmrəyliyini göstərdi. Milli Məclisin deputatları da bu məsələ haqqında prinsipial mövqelərini ortaya qoydular. Deputatlarımız həmçinin şəhidlərimizin dəfnində də iştirak etdilər. Amma üzdəniraq qüvvələr isə bu məsələlərə kölgə salmaq istəyir, həqiqətə uyğun olmayan fikirlər səsləndirirlər. Fikrimcə, müvafiq qurumlar qərəzli mətbuat orqanları ilə əlaqədar tədbir görməlidir ki, onlar şər-böhtanla məşğul olmasınlar”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Millət vəkili Zahid Oruc Dağlıq Qarabağın erməni icmasına müraciət edərək onları Azərbaycan Konstitusiyasını qəbul etməyə, Sarkisyan rejiminə qarşı mübarizə aparmağa çağırıb.
Millət vəkili Fazil Mustafa aprelin əvvəlində cəbhə xəttində baş verən hadisələrlə bağlı bəzi KİV-lərin yanlış mövqe tutduğunu söyləyib. Onun sözlərinə görə, bir sıra media orqanları hətta deputatları şəhidlərin dəfn mərasimlərində iştirak etməməkdə qınayıb: “Bütün bunlar yanlış məlumatlardır. Millət vəkilləri bütün ictimaiyyətlə birlikdə şəhidlərin dəfn mərasimlərində iştirak edib. Bunu reklam etmək isə doğru deyil”.
Millət vəkili Qüdrət Həsənquliyev də həmkarının fikirləri ilə razılaşıb. Onun sözlərinə görə, bəzi dairələr bu hadisələrdən siyasi dividend qazanmaq istəyir: “Əli Kərimli vaxtilə Avropa Şurasında deyirdi ki, Azərbaycanda və Ermənistanda hakimiyyət dəyişməsə, ölkələr arasında sülh olmayacaq. İndi isə özünü müharibə tərəfdarı kimi göstərir. Bu, riyakarlıqdır”.
Millət vəkili Elmira Axundova isə cəbhə xəttində baş verənlərlə bağlı Rusiya telekanallarının qərəzli mövqe tutduğunu bildirib.
Milli Məclisin sədri Oqtay Əsədov isə qeyd edib ki, aprelin əvvəlində cəbhə xəttində baş verənləri “müharibə” adlandırmaq doğru deyil: “Bu, Ermənistan hərbi birləşmələrinin təxribatı idi. Azərbaycan Ordusu bu təxribata lazımi cavab verdi”.
O.Əsədov bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Onun sözlərinə görə, son hadisələr Azərbaycan Ordusunun hansı gücə sahib olduğunu, müharibə olsaydı, ordumuzun haralara gedib çıxa biləcəyini göstərdi. “Azərbaycan Ordusu sübut etdi ki, bu məsələni həll etmək iqtidarındayıq. Bu, Ermənistanı sülhə məcbur etmək üçün vacib məqamlardan oldu. Hazırda sülh danışıqları gedir. Güman edirəm ki, problem öz həllini tapacaq”, - deyə spiker vurğulayıb.
İclasda Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri və əvəzedici üzvləri təsdiq edilib. Milli Məclisin sədri Oqtay Əsədov qanunvericiliyə uyğun olaraq parlamentə seçkilərdən sonra Mərkəzi Seçki Komissiyasının tərkibinin yenidən formalaşdırılmalı olduğunu bildirib. Müzakirələr zamanı çıxış edən deputatlar MSK-nın indiki formatda formalaşdırılmasını məqbul sayıblar. YAP İcra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Şiyavuş Novruzov deyib ki, MSK-nın indiki formatı uzun müddətdir fəaliyyət göstərir. Burada həm parlamentdə təmsil olunan çoxluğun, həm bitərəflərin, həm də azlıqda olanların nümayəndəsi var. Millət vəkili qeyd edib ki, bəzi hallarda MSK-nın hansısa yeni formatda olmasını təklif etsələr də, qurum indiki formatda çox uğurlu fəaliyyət göstərir: “MSK indiki formatda seçki proseslərini çox uğurlu şəkildə təşkil edir. Daima təkmilləşdirmə işləri aparılır. Yerlərdə dairə seçki komissiyaları formalaşıb. Onlar bütün lazımi təchizatla təmin olunublar. Mütəmadi şəkildə maarifləndirmə işləri həyata keçirilir. Buradakı insanlar Seçki Məcəlləsini, Azərbaycanda olan normativ hüquqi aktları mükəmməl bilən, təcrübəli mütəxəssislərdir. Hər dəfə seçkilərdə yeni beynəlxalq təcrübənin tətbiqinin şahidi oluruq. Seçki dövründə seçicilər, siyasi partiyalar, müşahidəçilər, məşvərətçi səs hüquqlu üzvlər təlimatlandırılırlar”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, yeni Seçki Məcəlləsi 2003-cü ildə qəbul olunduqdan sonra əhəmiyyətli yol keçdik. Onun sözlərinə görə, zamanında beynəlxalq təşkilatlar, xüsusilə ATƏT MSK-nın formalaşdırılması ilə bağlı müxtəlif formatlar təklif edirdi: “Amma hesab edirik ki, bu gün gəldiyimiz nəticə və MSK-nın fəaliyyətindəki uğurlar onu göstərdi ki, vaxtilə Ulu öndər Heydər Əliyev tərəfindən təqdim olunmuş Seçki Məcəlləsinin parlamentdə qəbul olunması və ən başlıcası MSK-nın müəyyənləşdirmə formatı çox düzgün yol olub. Çünki yeni məcəllənin qəbulu peşəkar seçki administrasiyasının yaradılmasına həsr olunurdu. Onlar müstəqil insanlardır və fəaliyyətləri dövründə siyasi fəaliyyətdən uzaqdırlar. Həm YAP, həm azlığı təmsil edən partiyalar, həm də bitərəflər peşəkar, bu işdə təcrübəsi olan namizədləri irəli sürüblər. MSK-nın fəaliyyəti onu göstərir ki, zamanında Seçki Məcəlləsində komissiyaların formalaşdırılması ilə bağlı seçdiyimiz yol dəqiq və düzgündür”.
Millət vəkili Qüdrət Həsənquliyev isə MSK üzvlərinə diplomatik pasportların verilməsini təklif edib.
Səsvermə nəticəsində MSK üzvləri Fuad Cavadov, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, Məzahir Pənahov, İlham Məmmədov, Natiq Məmmədov, Arifə Muxtarova, Nizami Nadirov, Qabil Orucov, Azər Tağıyev, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev, Mikayıl Rəhimov, İlkin Şahbazov, MSK-nın əvəzedici üzvləri isə Sürəddin Hümbətov, Bəhruz Quliyev, Aydın Muradov və Niyaməddin Orduxanov seçilib.
MSK üzvləri adından çıxış edən Məzahir Pənahov komissiyanın indiyə qədər qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərdiyini bildirib. O qeyd edib ki, MSK bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq.
İclasda Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı müzakirə edilib. 2015-ci il üzrə hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edib. V.Gülməmmədov ötən il ərzində bir sıra qurumlarda yol verilən maliyyə pozuntularından danışıb. Palata sədri deputatlara təklif olunan hesabatda 98 təklif və 15 tövsiyənin öz əksini tapdığını bildirib.
Müzakirələrdə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, millət vəkilləri Elmira Axundova, Tahir Kərimli, Əflatun Amaşov, Əli Məsimli, İlham Məmmədov və başqaları çıxış edərək hesabata münasibət bildiriblər. Müzakirələrdən sonra hesabat qəbul olunub.
Daha sonra iclasda “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişikliklər edilməsi məsələsi müzakirəyə çıxarılıb. Layihə haqqında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. Dəyişikliyə əsasən, özünün və ya qanuni nümayəndəsinin razılığı tələb olunmadan vətəndaşa qanunvericilikdə müəyyən edilmiş qaydada tibbi yardım (tibbi müayinə, hospitalizasiya, nəzarət etmək, izolyasiya etmək) göstərilməsi ətrafdakılar üçün təhlükəli xəstəliklərə tutulan, ağır ruhi pozuntulardan əzab çəkən, yaxud ruhi xəstəlik nəticəsində ictimai təhlükəli əməl törədən şəxslərə aid edilir. Həmin şəxslərə tibbi yardım göstərilməsi haqqında qərar həkim tərəfindən qəbul edilir. Vətəndaşın razılığı olmadıqda, qanuni nümayəndələrin isə razılığı olduqda, əksepidemik tədbirlərin həyata keçirilməsi ilə bağlı tibbi yardımın göstərilməsi qanunvericiliklə tənzimlənir. Ağır ruhi pozuntulara düçar olmuş şəxslərin müayinəsi və hospitalizasiyası qanunvericilikdə müəyyən edilmiş qaydada aparılır. Həmçinin onkoloji xəstələrin həyat və sağlamlığı üçün ciddi təhlükə olduqda uyğun müalicə yazılı razılıq olmadan aparıla bilər.
Vətəndaşın, yaxud qanuni nümayəndənin razılığı tələb olunmayan və ya məhkəmənin qərarı ilə müəyyən olunan hallarda hospitalizasiyanın səbəbləri aradan qaldırılanadək vətəndaş müalicə-profilaktika müəssisəsində saxlanılacaq.
Müzakirələr zamanı çıxış edən YAP İcra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, narkomanlar nəinki özlərinin, həmçinin ətraf mühitin də korlanmasına “xidmət” edirlər. Onların məcburi müalicə edilməsi vacib şərtlərdən biridir. Millət vəkili qeyd edib ki, gələcəkdə narkomanların məcburi müalicəsinin mexanizmləri də işlənib hazırlanmalıdır: “Narkomanların məcburi şəkildə hansı xəstəxanada, pulsuz və ya pullu müalicəsinin aparılacağı müəyyənləşməlidir. Bu dəyişiklik çox vacib və zəruridir”.
Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
Daha sonra “Psixiatriya yardımı haqqında” qanuna, İnzibati Xətalar, Mülki Prosessual məcəllələrinə dəyişiklik edilməsi barədə qanun layihələri qəbul edilib.
Nardar BAYRAMLI
Yeni azərbaycan.-
2016.- 16 aprel.- S.2