Azərbaycanın regionlarında aqrar sahədə qabaqcıl təcrübəyə və müasir texnologiyaya geniş meydan verilir

 

İndiyədək 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb və həmin təsərrüfatlarda məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir

Hazırda qlobal miqyasda yaşanan gərginliklər hər bir ölkənin öz iqtisadi potensialından, daxili resurslarından daha səmərəli istifadə etmək zərurətini bütün ciddiliyi ilə gündəmə gətirib. Bu baxımdan respublikamızda aqrar sektorun iqtisadi inkişafın prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi böyük önəm daşıyır. Ölkəmizin iqtisadi inkişaf hədəfləri sırasında aqrar sektorun prioritet hesab edilməsi isə heç də təsadüfi deyil. Azərbaycan kənd təsərrüfatının inkişafı sahəsində tarixən güclü ənənələrə malik olan ölkədir. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Bundan başqa, respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını nəzərə alsaq, deyə bilərik ki, ölkəmizdə kənd təsərrüfatının dinamik inkişaf etdirilməsi həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ölkəmizdə Prezident İlham Əliyev tərəfindən geniş potensiala malik aqrar sektorun üstün inkişafına göstərilən siyasi iradəyə uyğun olaraq kənd təsərrüfatına praktiki müstəvidə hər cür maliyyə və texniki dəstək göstərilir, eyni zamanda, bu sahədə hədəflənən yüksək nəticələrin əldə olunması məqsədilə institusional islahatlar həyata keçirilir, qanunvericilik bazası möhkəmləndirilir. Respublikamızda aqrar sektorun müasir texnika və zəruri avadanlıqlarla təchizatını gücləndirmək məqsədilə yaradılan “Aqrolizinq” ASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Ölkəmizdə hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnir.

Respublikamızda aqrar sektora hərtərəfli dəstək verilməsi, öz növbəsində, bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Ölkənin qeyri-neft məhsulları ixracının strukturunda kənd təsərrüfatında istehsal olunan meyvə-tərəvəzin çəkisi getdikcə artır. Onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, xarici istehlak bazarlarında Azərbaycanın keyfiyyətli kənd təsərrüfatı məhsullarına böyük tələbat var. Cari ilin birinci rübündə aqrar sektorda 2,7 faiz artıma nail olunması respublikamızda bu sahədə böyük potensialın olduğunu bir daha təsdiqləyir.

Ölkənin regionlarında yeni kənd təsərrüfatı sistemi formalaşır

Azərbaycanın regionlarında kənd təsərrüfatının inkişafında dünya miqyasında təsdiqini tapan qabaqcıl təcrübənin tətbiqinə geniş meydan verilir. Bu baxımdan ölkənin müxtəlif bölgələrində iri fermer təsərrüfatlarının yaradılması diqqətəlayiq haldır. Azərbaycanın regionlarında iri fermer təsərrüfatlarının yaradılmasına Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bir neçə il bundan qabaq start verilib. Dövlət Torpaq Fondunun hesabına yaradılan iri fermer təsərrüfatlarının fəaliyyətə başlaması ilə ölkəmizdə, əslində, yeni bir kənd təsərrüfatı sisteminin formalaşdığını söyləmək mümkündür.

İri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Dövlət başçısının tapşırığına uyğun olaraq hazırda Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı və digər rayonlarda iri fermer təsərrüfatları yaradılır. İndiyədək 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb və məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Şəmkir və Xaçmaz rayonlarında yaradılan aqroparklarda birinci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində yeni yaradılan iri fermer təsərrüfatlarında məhsuldarlığın artmasından xüsusi məmnunluq ifadə edərək vurğulayıb ki, belə təsərrüfatların yaradılması cari ildə də davam etdiriləcək: “Məhsuldarlıq artmışdır, xüsusilə taxılçılıqda. İri fermer təsərrüfatlarının fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Orada məhsuldarlıq orta məhsuldarlıqdan təxminən iki dəfə çoxdur. Ona görə bu, bir nümunədir. Biz iri fermer təsərrüfatlarının yaradılmasını bu il də davam etdirməliyik. Bu, bizə imkan verəcək ki, idxaldan asılılığı azaldaq”.

Hazırda iri fermer təsərrüfatlarında müasir texnologiyanın tətbiqi nəticəsində torpağın münbitliyinin artırılmasına, suvarma suyuna qənaət olunmasına, torpağın şoranlaşması və eroziyaya uğraması proseslərinin qarşısının alınmasına və ən əsası, orta məhsuldarlığın ən azı iki dəfə artırılmasına şərait yaradılıb. Artıq fəaliyyətə başlamış təsərrüfatlarda ərzaq buğdası üzrə orta məhsuldarlıq 57-60 sentner təşkil edir ki, bu da ölkə üzrə göstəricidən iki dəfəyədək çoxdur. Müasir təsərrüfatlarda növbəli əkin sisteminin həyata keçirilməsi kənd təsərrüfatını rentabelli sahəyə çevirməklə yanaşı, bir sıra məhsulların istehsalının artımına səbəb olacaq. Bu da ərzaq buğdasına, yüksək reproduksiyalı buğda toxumuna, heyvandarlıqda və quşçuluqda istifadə edilən və əsasən idxal olunan yem məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsinə imkan verəcək.

Yeni təsərrüfatlar yaradılarkən bölgələrin ənənələri mütləq nəzərə alınır

Aqrar sektorda məhsuldarlığın artırılmasında hər bölgənin fərqli ənənələrinin və coğrafi-iqlim xüsusiyyətlərinin nəzərə alınmasının böyük əhəmiyyəti var. Prezident İlham Əliyev aqrar sektorda məhsuldarlığın artırılması, ixrac imkanlarının genişləndirilməsi, bu yolla ölkəyə valyuta daxilolmalarının çoxaldılmasına nail olmaq üçün qarşıya konkret vəzifələr qoyub. Dövlət başçısının gündəmə gətirdiyi vacib məsələlərdən biri hər bölgənin öz potensialına və ənənələrinə uyğun ixtisaslaşmanın aparılması və ayrı-ayrı iqtisadi zonalar üçün fərqli subsidiya paketinin hazırlanması ilə bağlıdır. Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Azərbaycan çoxiqlimli bir ölkədir. Doqquz iqlim zonamız var. Məxsusi olaraq hər bir zona üçün xüsusi kənd təsərrüfatı məhsulları yetişdirilməlidir və hər bir rayonun, hər bir iqtisadi zonanın öz subsidiya paketi olmalıdır. Belə olan halda kənd təsərrüfatı ixtisaslaşmış şəkildə və daha böyük səmərə ilə inkişaf edəcək”.

İri fermer təsərrüfatları yaradılarkən respublikanın bölgələrinin coğrafi-iqlim xüsusiyyətləri, o cümlədən də tarixən formalaşan ənənələri əsas götürülür. Bu baxımdan zəngin çayçılıq ənənələri olan Astarada “Astaraçay” kənd təsərrüfatı müəssisəsinin fəaliyyətə başlaması təsadüfi deyil. Təsərrüfatın ümumi əkin sahəsi 640 hektardır. Çay plantasiyalarında müasir suvarma şəbəkəsi yaradılıb və hazırda təsərrüfatda 400 hektara yaxın çay sahəsi mövcuddur. Əkilən “Kolxida” çay toxumları Gürcüstanın Batumi şəhərinin Çayçılıq Elmi-tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən toplanıb. Toxumlar sınaqdan keçirilərək yerli şəraitə uyğunlaşdırılıb. Burada həmçinin Koreya Respublikası şirkətinin layihəsi əsasında çay fabriki inşa edilib. Ərazisi 5 hektar olan fabrikdə xaricdən gətirilən ən müasir avadanlıq quraşdırılıb. Müəssisənin məhsuldarlığı gün ərzində 12 tondur. Gələcəkdə gündəlik çay istehsalını 24 tona çatdırmaq mümkündür. Çəkici-bükücü sex də müasirliyi ilə diqqəti çəkir. Sex çəkisi 100, 200 və 400 qram olan çay bükümləri hazırlamaq üçün nəzərdə tutulub. Müəssisədə dəqiqədə 8 ədəd çay bükümünün istehsalı mümkündür. Qeyd edək ki, çayçılığın təməli ötən əsrin 30-cu illərindən başlayaraq respublikamızın bir sıra bölgələrində, əsasən də Astara və Lənkəranda qoyulub. Uzunömürlü çay kolları həm bol və qiymətli məhsulu ilə, həm də ekologiyanın mühafizəsi və qorunması baxımından nadir bitkilərdən sayılır. Respublikamızda çayçılığın inkişafında sovet dövründə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər də mühüm rol oynayıb. Çay bitkisi hər yerdə deyil, yalnız spesifik xüsusiyyətləri olan torpaqlarda yetişdirilir. Bu baxımdan Astara öz əhəmiyyəti ilə diqqət çəkir. Astarada yetişdirilən yaşıl çay öz dadı və keyfiyyəti ilə seçilir. Bu bölgədə ekoloji cəhətdən təmiz şəraitdə yetişdirilən məhsul dünyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq sərgilərdə dəfələrlə qızıl medala layiq görülüb. Son illərdə bu sahədə yaranan durğunluq artıq aradan qalxır. İndi Astarada çayçılığın əvvəlki şöhrətinin özünə qaytarılmasına geniş imkanlar açılıb. Çünki çayçılıq Astaranın kənd təsərrüfatı sektorunda strateji əhəmiyyətə malik sahədir. “Astaraçay” kimi müəssisələrin istifadəyə verilməsi isə, ilk növbədə, Azərbaycanda böyük ənənəsi olan çayçılığın yenidən dirçəlməsinə şərait yaradır. Müəssisədə çay muzeyi, dequstasiya zalı və turistlər üçün çay evi də tikilib.

Prezident İlham Əliyev ötən ilin aprelində bölgəyə səfəri çərçivəsində çay fabriki ilə tanış olub. Dövlət başçısı kollektiv üzvləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Azərbaycanın yaxın gələcəkdə özünü keyfiyyətli yerli çayla təmin edəcəyinə əminliyini nəzərə çatdıraraq bildirib: “Astarada çayçılığın çox qədim və gözəl ənənələri var. Sovet dövründə böyük çay plantasiyaları salınmışdır. Əfsuslar olsun ki, sonrakı dövrdə bu sahə bir qədər tənəzzülə uğramışdır. Biz məcbur olub çayı xaricdən idxal etməyə başlamışdıq. Amma indi belə gözəl müəssisələr yarandıqda, əminəm ki, Azərbaycan yaxın gələcəkdə özünü keyfiyyətli yerli çayla təmin edəcək”.

Lənkəranda yeni sitrus bağları salınır

Azərbaycanın dilbər guşələrindən olan Lənkəranın sitrus bağlarının şöhrəti ölkəmizin hüdudlarından uzaqlara yayılıb. Sovet dönəmində burada yetişdirilən müxtəlif növ sitrus meyvələri keçmiş ittifaqın ayrı-ayrı regionlarına və uzaq xaricə göndərilirdi. Hazırda rayonun əlverişli coğrafi-iqlim xüsusiyyətlərinə və ənənələrinə uyğun olaraq burada yeni sitrus bağları salınır. Ölkəmizdə “Kənd təsərrüfatı ili” çərçivəsində nəzərdə tutulan tədbirlər planına uyğun olaraq, Lənkəranda yeni “Gilan aqro-sitrus” təsərrüfatı yaradılıb. Yeni sitrus təsərrüfatının ümumi sahəsi 45 hektardır. Hazırda 15 hektar sahədə “Gilan aqro” şirkəti tərəfindən Cənubi Koreyadan gətirilən 20 min ədəd “Shiranuhi” (Hallabong) və “Kanpei” (Red Hyaang) sitrus ağacları əkilib. Təsərrüfatda işlər davam etdirilir. Yeni salınmış sitrus təsərrüfatında 140 nəfərin daimi işləməsi nəzərdə tutulur. Sitrus təsərrüfatının ümumi smeta dəyəri 10 milyon manatdır. Gələcəkdə təsərrüfat genişləndirilərək 500 hektara yaxın ərazini əhatə edəcək. O cümlədən dağətəyi ərazilərdə terras əkin üsulu ilə sitrus plantasiyaları salınacaq. Aparılacaq işlərin nəticəsində bölgədə istifadəsiz qalmış torpaqlar yenidən kənd təsərrüfatı dövriyyəsinə qaytarılacaq və bu da 2000 yeni daimi iş yerinin yaranmasına imkan verəcək. Burada suvarma ilkin olaraq damcı üsulu ilə həyata keçiriləcək, sonradan bununla yanaşı, çiləmə üsulundan da istifadə edilməsi nəzərdə tutulub. Becərilən məhsuldar sitrus növlərindən yüksək dad keyfiyyətlərinə və əmtəəlik xüsusiyyətlərə malik meyvələr əldə ediləcək. Bu növlərin məhsuldarlığı hektarda orta hesabla 35-45 tona çatır ki, bu da yerli növlərdən 2-3 dəfə çoxdur. İstehsal olunmuş meyvələrdən təzə halda və qida, qənnadı, kosmetik, ətriyyat və digər sənaye sahələrində, həmçinin şirə istehsalında və şərabçılıqda istifadə edilməsi nəzərdə tutulur. O cümlədən daxili bazarda satış üçün rayonda mövcud olan Gilan-Lənkəran konserv zavodunda meyvə şirəsi istehsal olunacaq. Sitrus təsərrüfatında ümumilikdə 1800 ton məhsul götürüləcək. Bu da 180 min nəfərin illik istehlak normasına bərabərdir.

Buğda toxumuna olan tələbat yerli istehsal hesabına təmin olunacaq

Ölkəmizdə aqrar sektorun strateji inkişaf kursuna uyğun olaraq, toxumçuluğa böyük diqqət yetirilir. Ölkə başçısının 2 mart 2015-ci il tarixli Sərəncamına əsasən yaradılan Dövlət Toxum Fondu “Toxumçuluq haqqında” qanuna uyğun olaraq, məhsul istehsalçılarını keyfiyyətli toxumla təmin etmək, dövlətin beynəlxalq müqavilələrini yerinə yetirmək, habelə təbii fəlakətə məruz qalmış bölgələrə kömək göstərmək funksiyalarını həyata keçirəcək.

Lənkəran iqtisadi rayonuna daxil olan Cəlilabadda yaradılan “Avanqard” fermer təsərrüfatı da əsasən toxumçuluq üzrə ixtisaslaşıb. Yeni fermer təsərrüfatı keçmiş dövlət kənd təsərrüfatı istehsalı müəssisəsinin bazasında 1300 hektar torpaq sahəsi üzrə müsabiqənin qalibi olmuş “Avanqard” MMC tərəfindən yaradılıb. Təsərrüfatın investisiya layihəsinin ümumi dəyəri 5,9 milyon manat təşkil edir ki, bunun da 1,9 milyon manatı sahibkarın şəxsi vəsaiti, 4 milyon manatı isə güzəştli kredit vəsaiti hesabına həyata keçirilir. Təsərrüfat yüksək reproduksiyalı buğda toxumuna olan tələbatın yerli istehsal hesabına ödənilməsində əhəmiyyətli rol oynayacaq.

Ərazidə yeraltı qrunt sularının axıdılması məqsədilə 4860 metr uzunluğunda drenaj qazılıb, ABŞ-ın “Lindsay” şirkətinin istehsalı olan süni yağış yağdırma üsulu ilə müasir suvarma sistemləri quraşdırılıb. Təsərrüfatın fasiləsiz su ilə təminatını həyata keçirmək üçün 3 kilometr uzunluğunda mövcud kanal təmizlənib, tutumu 50 min kubmetr olan süni göl yaradılıb, 2,3 kilometr uzunluğunda yeni elektrik xətti çəkilib.

Təsərrüfat üçün ofis binası, nasosxanalar və texnikaların saxlanılması məqsədilə avtopark tikilib. “Aqrolizinq” ASC vasitəsilə Almaniyanın “Claas” şirkətinin istehsalı olan texnika və aqreqatlar gətirilib. Layihənin icrası nəticəsində 50-dək yeni iş yeri yaradılıb.

Samuxlu fermerlər 3000 hektar ərazidə qarğıdalı becərəcəklər

Samux rayonunda da fermer təsərrüfatının yaradılmasına böyük diqqət göstərilir. Rayonda fermerlər öz təsərrüfatlarını genişləndirmək üçün dövlətin ayırdığı güzəştli kreditlərdən və digər yardımlardan hərtərəfli bəhrələnirlər. Bunun nəticəsidir ki, rayonda fermer təsərrüfatlarında yetişdirilən məhsulların xüsusi çəkisi ilbəil artır. Bu günlərdə Samux rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilərkən bildirilib ki, Prezident İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin aradan qaldırılması məqsədilə verdiyi müvafiq tapşırığa əsasən, rayonda aqrar sektorda intensiv metodlardan geniş istifadə olunur, o cümlədən də fermerlərin təşəbbüsləri hərtərəfli dəstəklənir. Rayon ərazisində iri taxılçılıq təsərrüfatının yaradılması məqsədi ilə “AQRO DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün 5000 hektar münbit torpaq sahəsi ayrılıb. Cəmiyyət tərəfindən təsərrüfatda çalışacaq maşın-mexanizmlər və digər texniki avadanlıqlar gətirilib. Həmin sahənin suvarılma sisteminin qurulması “Abkon” MMC şirkətinə həvalə edilib. Sahənin suvarılması məqsədilə 13 kilometr uzunluğunda əsas su xətti çəkilib. Kompleksin idarə edilməsində istifadə olunacaq yardımçı binaların tikintisi isə davam etdirilir. Yaxın vaxtlarda həmin ərazidə 3000 hektar sahədə qarğıdalı əkiləcək. Bu isə, öz növbəsində, yüzlərlə yeni iş yerinin yaradılmasına imkan verəcək.

Tərtərli fermer bir hektardan 50 tona yaxın çiyələk yığmaq arzusundadır

Respublikamızda iri fermer təsərrüfatlarının yaradılması ilə paralel surətdə, kiçik və orta fermer təsərrüfatlarının inkişafı da yüksək şəkildə dəstəklənir. Prezident İlham Əliyev yuxarıda bəhs olunan konfransdakı nitqində bildirib ki, biz kiçik və orta fermer təsərrüfatlarını da yaddan çıxarmamalıyıq. Onlara da daim diqqət göstərilməlidir, şərait yaradılmalıdır.

Tərtər rayonunun İrəvanlı kəndində əhalinin əsas məşğuliyyət növlərindən biri çiyələk istehsalıdır. Kənddə kiçik fermerlər müasir becərmə texnologiyalarından, damcı suvarma üsulundan istifadə etməklə və məhsuldar çiyələk növlərini becərməklə yüksək göstəricilərə nail olurlar.

20 ildən artıqdır ki, çiyələk istehsalı ilə məşğul olan İrəvanlı kənd sakini Rza Əhmədov AZƏRTAC-ın müxbiri ilə söhbətində çiyələyin becərilməsindən bəhs edib. Bildirib ki, 2011-ci ildən başlayaraq xaricdən gətirilmiş məhsuldarlığı ilə seçilən “Viktoriya” çiyələk növünü becərir. Yeni becərmə üsulunun tətbiqi və “Viktoriya” növünün əkilməsi sayəsində məhsuldarlıq 2 dəfə yüksəlib. Fermer R.Əhmədov bildirib: “Yerli çiyələyin məhsuldarlığı və saxlama müddəti az olurdu. Yığılan məhsul bir günə satılmasa, xarab olurdu. Əgər yerli çiyələk növləri ilə bir hektardan 10-12 ton məhsul götürülürdüsə, “Viktoriya” növü ilə eyni ərazidən 22-25 ton məhsul götürmək mümkündür. Yeni sortun üstünlüklərindən biri də aprelin sonundan noyabr ayınadək davamlı məhsul verməsi və dərilmiş çiyələyin saxlama müddətinin daha artıq olmasıdır. Bu il isə xaricdən məhsuldarlığı daha yüksək, saxlama müddəti çox, süfrəlik və mürəbbəlik “Albion”, “Portala”, “Monterey”, “San Andreas” sortlarından olan şitillər gətirərək əkmişik. Bu çiyələk növlərinin bir hektarından 50 tona yaxın məhsul istehsalı gözlənilir”.

Rza Əhmədov çiyələyin becərmə texnologiyası haqqında da məlumat verib. Bildirib ki, çiyələk əkilən sahələrdə işlər ilboyu aparılır. Əvvəlcə torpaq əkinə hazırlanır, peyin verilir. Şitilin əkilməsi sentyabrın sonlarında həyata keçirilir. Fevral-mart aylarında köhnə yarpaqlar təmizlənir. Suvarma damcı üsulu ilə aparılır. Bu üsulla suya qənaət edilir, su bitkilər arasında bərabər paylanır, torpaq qaysaqlamır, yumşaq qalır, alaq otlarının azalmasına, məhsuldarlığın yüksəlməsinə nail olunur. Damcı suvarma sisteminin qurulması isə 3 min manata başa gəlir. Zərərvericilərə və xəstəliklərə qarşı mübarizə tədbirləri də vaxtında aparılmalıdır. Bir dəfə əkilən şitildən 3 il məhsul götürülür.

Bundan sonra fermerlər satış problemi ilə üzləşməyəcəklər

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev cari il aprelin 11-də “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” müvafiq Sərəncam imzalayıb. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev mətbuata açıqlamasında bildirib ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti fermerlərin öz məhsullarını çətinlik çəkmədən sata bilmələri üçün böyük imkan yaradacaq. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olacaq qurum dövlət müəssisə və təşkilatlarının ərzaq məhsulları ilə mərkəzləşdirilmiş qaydada təmin olunmasını təşkil edəcək.

“Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması” qaydası isə ərzaq məhsulunu satmaq istəyində olan istehsalçılara elektron qaydada qeydiyyata düşərək, məhsullarını dövlət tədarükçüsünə satmağa şərait yaradacaq. Bu barədə də danışan M.Hacıyev deyib: “Dövlətimizin başçısının 2016-cı il 11 aprel tarixində imzaladığı Fərmanla təsdiqlənən “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması” qaydası və “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam Azərbaycanda kənd təsərrüfatının inkişafına təkan verəcək”.

M.Hacıyev bildirib ki, kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq məqsədilə Prezident İlham Əliyev tərəfindən imzalanan Fərman və sərəncamların icrası üçün Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələrinə təlimatlar verilib.

Mübariz ABDULLAYEV

Yeni azərbaycan.- 2016.- 20 aprel.- S.8