Multikultural dəyərlərin qorunub saxlanılması və inkişafı Azərbaycan Respublikasının dövlət siyasətidir

 

XXI əsrin ötüb keçən illəri insan təfəkkürünün transformasiyaya məruz qaldığı, əsaslı dəyişikliklərin baş verdiyi dövr kimi səciyyələnə bilər. Qloballaşma, müxtəlif milli ənənələr arasında sərhədlərin aradan qalxması və s. “multikulturalizm”, “multikultural”, “multikultural cəmiyyət” kimi terminlərin yaranmasına səbəb olmuşdur. Hazırkı qloballaşma şəraitində bütün mədəniyyətlər ümumi məkana, hər şeydən öncə informasiya və siyasi-iqtisadi məkana daxil olmuşdur. Mədəni suverenliyə müəyyən təminat verən təcridçilik, demək olar ki, öz funksiyasını tamamilə itirmişdir. Bəşəriyyətin vəhdəti yolunda çox vacib mərhələ 2007-ci ilin mayında Avropa Komissiyası tərəfindən irəli sürülən “Mədəniyyət sahəsində Avropa Strategiyasının qəbul edilməsi” haqqında təklif olmuşdur. Qeyd etmək lazımdır ki, bu təklif üç prinsipə əsaslanır:

- mədəni müxtəliflik və mədəniyyətlərarası dialoq;

- mədəniyyət yaradıcılıq katalizatoru kimi;

- mədəniyyət beynəlxalq əlaqələrdə aparıcı komponent kimi.

Mədəniyyətlərarası dialoqun əsas məqsədi milliyyətindən, dinindən, dil mənsubiyyətindən asılı olmayaraq cəmiyyətin bütün üzvlərinə eyni hüquqların verilməsidir.

Əslində, “multikulturalizm” termini ötən əsrin 60-cı illərində Kanadada meydana gəlmişdir. İkili mədəniyyəti (ingilis-fransız) olan ölkədə böhranlı vəziyyətin həll olunması və idarə edilməsi yollarının axtarışı Kvebek separatizmi təhlükəsi ilə əlaqədar idi. Multimədəni deyil, multikultural cəmiyyət qurulmasını öz əsas məqsədi elan edən Kanada hakimiyyəti frankofon Kvebekin ayrılma cəhdlərini aradan qaldırmağa və eləcə də ölkənin milli dövlətçilik bütövlüyünə münasibətdə ingilisdilli əksəriyyətin narahatlığını yumşaltmağa çalışırdı.

Amerika Birləşmiş Ştatlarında multikulturalizm 1970-ci illərdə meydana gəlmişdir. Lakin Amerika mədəniyyətinin müxtəliflik problemi ABŞ üçün yeni deyildi. ABŞ ənənələrinin əsasını lap əvvəldən müxtəliflik və fərqlilik problemi kimi multikulturalizm təşkil edirdi. Lakin burada multikulturalizm əlavə xüsusiyyətlər əldə etdi. Belə ki, Kanadadan fərqli olaraq burada plüralistik milli eynilik mövcuddur. Sonralar - XX yüzilliyin 80-ci illərinin sonları - 90-cı illərinin əvvəllərində Avropanın İtaliya, Yunanıstan, İspaniya, İrlandiya kimi ölkələrində avropalı olmayan mühacirlərin axını nəticəsində multikulturalizm qeydə alındı.

Dünya elmi fikrində multikulturalizm məfhumu yetərincə birmənalı anlaşılmır. Amerika tarixçisi R.Bernstayn “multikulturalizm”i qeyri-müəyyən anlayış hesab edirdi. Kolumbiya Ensiklopediyasında göstərilir ki, “Multikulturalizm və ya mədəni plüralizm - regionda hansısa mədəniyyətin üstünlüyünü istisna edən və bir ərazidə çoxlu sayda mədəniyyətlər nəzəriyyəsini təsvir edən termindir. Böyük sayda insanlar üçün məqbul olan insan müxtəlifliklərinin geniş diapazonunun yaradılması sayəsində multikulturalizm irqçilik, seksizm və digər diskriminasiya formalarının aradan qaldırılmasına səy göstərir” (The Columbia Encyclopedia, Columbia, 1993. - 839 p.). Ayrı-ayrı alimlər tərəfindən də multikulturalizmin müxtəlif aspektləri nəzərdən keçirilir. Multikulturalizm müxtəlif mədəniyyətlərin bərabərləşməsi cəhdini, bir mədəniyyətin hegemonluğuna əks olaraq digər mədəniyyətlərin bərabərhüquqlu mövcudluq modelini; bir dövlət daxilində müxtəlif qrupların institusional razılığa nail olmasını; hakim mədəniyyətin olmadığı və “mədəniyyət” anlayışının “etnos” anlayışına söykənmədiyi cəmiyyəti; etnik dəyərlər üzərində ümummilli dəyərləri bərqərar edən ideologiya və siyasəti; “çoxmədəniyyətliliyə” sinonim olan sosiumun etnomədəni fraqmentləşmə fenomenini nəzərdə tutur.

Proqressiv multikultural siyasətin üç konsepti var: 1.Mədəni-intellektual-yaradıcı fəaliyyət azadlığının nisbəti və texnokratizmin inkişafı ilə müqayisədə onun inkişafının qabaqlanması; 2.Milii mədəniyyətlərin innovativ istiqamətlərə qarşı həssaslığı; 3.Yüksək mədəniyyət və sivilizasiyalara inteqrasiya. Bütün bunlar həmişə və xüsusilə də bu gün Qafqazda multikulturalizmin inkişafı üçün səciyyəvidir (İrada Quseynova. Mulğtikulturalizm i eqo praktiçeskaə realizaüiə na Kavkaze. GEOSTRATEGIYA aylıq ictimai-siyasi elmi jurnal ą 06 (18) noyabr - dekabr 2013, səh. 21-24).

Mütəxəssislərin fikrincə, multikulturalizm mahiyyətinə görə tolerantlıqla sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına gətirib çıxarır. Bu isə insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır.

Qafqaz tarixən uzun əsrlər ərzində tamamilə fərqli mədəniyyəti, dünyagörüşü, həyat tərzi, ənənələri olan işğalçıların hücumuna məruz qalmışdır. Onların sırasında ərəb işğalçıları, rus çarizmi, monqollar, romalılar və s.-i göstərmək olar. Məhz multikulturalizm - həm keçmiş, həm də müasir - “gəlmə” mədəniyyətlərin assimilyasiya təsirindən müdafiəni təmin etmişdir, ərəb mədəniyyətinin yeridilməsi halında isə Qafqaz etnosu gəlmələri hətta öz mədəniyyətinə istiqamətləndirə bilmişdi. Məlum olduğu kimi, əgər multikultural dəyərlər olmasaydı, indiyə qədər heç bir böyük bəşər mədəniyyəti də yarana bilməzdi. Çünki müəyyən sərhədlər daxilində təcrid olunmuş və özünə qapanmış hər hansı bir mədəniyyət tənəzzülə məhkumdur. İnteqrasiya proseslərinin sürətləndiyi qloballaşma dövründə isə heç bir ölkə multikulturalizmin təsirindən kənarda qala bilməz. Qərbin bir ideologiya olaraq baxdığı multikulturalizm bir çox yerlərdə, o cümlədən Azərbaycanda həyat tərzi olaraq qəbul olunur. İnsanlar minillər boyu yaşadıqları çoxmədəniyyətli həyatı bir zənginlik kimi qəbul edirlər.

Son vaxtlar qloballaşmanın və milli mədəniyyətlərin qarşılıqlı təsiri, mədəni qloballaşmanın mahiyyəti, mədəniyyətlərarası münasibətlər, mədəniyyətlərin dialoqu kimi bəşəri problemlər ictimai elm nümayəndələrinin tədqiq və müzakirə etdikləri əsas elmi problemlərdəndir. Qloballaşma prosesinin mahiyyəti həm insanların, həm də dövlətlərin qarşılıqlı əlaqələrinin və qarşılıqlı asılılıqlarının kəskin genişlənməsində və mürəkkəbləşməsindədir. Bu isə özünü planetar informasiya məkanının, dünya kapital, mal və işçi qüvvəsi bazarının formalaşmasında, təbii mühitə texnogen təsir problemlərinin beynəlmiləlləşməsində, millətlərarası və dinlərarası münaqişələrin və təhlükəsizliyin çözülməsində göstərir. İnsanların qarşılıqlı asılılığının güclənməsi, çağdaş dünyanın qloballaşması prosesində aydın üzə çıxan bəşəriyyətin gələcək taleyinə görə məsuliyyətin dərk edilməsi tolerantlıq mədəniyyətinin formalaşmasına səbəb olur. Qarşılıqlı iqtisadi və maliyyə asılılığı, informasiya qloballaşması və təhlükəsizlik baxımından qarşılıqlı asılılıq müasir dünyanın qloballaşmasının səciyyəvi xüsusiyyətləridir.

Multikulturalizm Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılmışdır. Lakin bir sıra Qərb ölkələri, o cümlədən Böyük Britaniya, Fransa, Almaniya uzun illər apardıqları multikulturalizm siyasətindən hazırda rəsmi şəkildə imtina etmişlər. İmtinanın əsas səbəbini ümumi şəkildə Böyük Britaniyanın Baş naziri Devid Kemeron 5 fevral 2011-ci il tarixində Münhendə təhlükəsizlik üzrə keçirilən konfransdakı çıxışında Böyük Britaniyada məskunlaşmış əcnəbilərin yaşadıqları cəmiyyətə inteqrasiya etmək istəməmələri ilə izah etmişdir. Bəzi siyasətçilər də multikulturalizmin süqutundan danışırlar. Hazırda mühacirlərlə bağlı Avropada təhlükəli şərait yaranmışdır. Onların sayı artdıqca Avropa ölkələri hakimiyyət orqanları üçün sosial sferanı nəzarətdə saxlamaq mürəkkəbləşmişdir. Avropa sakinlərinin bir hissəsi miqrantlara həssas yanaşsa da, digər bir hissə qaçqınların öz ölkələrində yerləşdirilməsinin qəti əleyhinədir. Avropa Şurası Almaniya və Avstriyada təxribat xarakterli hərəkətlərdən narahatlığını bildirmişdir. Hakimiyyət orqanları millətlərarası düşmənçiliyin və ksenofobiyanın qarşısını almaq məqsədilə qanunvericiliyi möhkəmləndirməlidirlər.

Qeyd etmək istərdim ki, bunun tam əksi olan mənzərə Azərbaycanda müşahidə edilməkdədir. Belə ki, Azərbaycanda ölkə rəhbərliyi səviyyəsində dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqa töhfələr verilir. Akademik Ramiz Mehdiyev haqlı olaraq göstərir ki, “Multikulturalizm mövzusu Avropada uzun illər boyu müzakirə edilib. Avropalılar hesab edirdilər ki, cəmiyyətin inkişafının gələcəyi tolerantlıq və dözümlülük ənənəsinin inkişafı ilə bağlıdır. Lakin bu gün Avropada multikulturalizm ciddi böhran keçirir. İnsanlar daim qorxu içində yaşayır... Avropa Azərbaycandan yüzilliklər boyu formalaşmış tolerantlıq, dini dözümlülük və multikulturalizm təcrübəsini əxz etsəydi, pis olmazdı” (Ramiz Mehdiyev. “Dünya nizamından “nizamsızlığa” doğru”. Bakı, “Şərq-Qərb, 2015). Müəllifin sözlərinə görə, islamofobiyanın artması və multikulturalizmin böhranı onu göstərir ki, Avropa həm institusional və sistem böhranı, həm də ideya böhranı keçirir.

Hesab edirəm ki, müasir Azərbaycanda multikulturalizmin möhkəmləndirilməsi və saxlanmasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev xüsusi rol oynayıb. Müasir Azərbaycanın memarı olan Ulu öndər respublikamızda multikulturalizmin həm hüquqi, həm də siyasi banisidir. Heydər Əliyev multikulturalizm siyasətini ölkənin demokratik inkişafının ayrılmaz tərkib hissəsi hesab edirdi. 1993-cü ildə xalqın təkidi ilə Azərbaycanda ikinci dəfə siyasi rəhbərliyə qayıdan Ulu öndərin siyasi iradəsi nəticəsində ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğunun əsası qoyuldu, ölkənin bütün vətəndaşlarının, milli azlıqların hüquqlarının qorunmasına Konstitusiya və qanunlarımızla yüksək səviyyədə təminat verildi. Milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix və adət-ənənələrinin qorunub saxlanmasına, həmçinin inkişaf etdirilməsi üçün hüquqi bazanın formalaşdırılmasına başlandı. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörmət təmin olundu. Ümummilli liderimiz Heydər Əliyevin gözəl kəlamlarından birində deyilir: “Azərbaycanın ən başlıca sərvətlərindən biri, bəlkə də ən başlıcası qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır”.

Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində mədəniyyətlər və dinlərarası dialoq siyasəti davam etdirilmiş, müxtəlif etnik və dini qrupların Azərbaycanda bir arada, qardaş kimi yaşamalarının təməli qoyulmuşdur.

Hazırda Ümummilli liderimizin ideyalarını, Onun alternativi olmayan siyasətini gerçəkləşdirməkdə davam edən Prezident İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına yönəldilmiş siyasəti də uğurla inkişaf etdirir. Dövlət başçısının bu istiqamətdə atdığı addımlar, gördüyü işlər əyani şəkildə sübut edir ki, multikulturalizm Azərbaycanda həyatımızın önəmli hissələrindən birini təşkil edir. Təkcə son bir neçə ilə nəzər salmaq yetərlidir. 2014-cü il fevralın 28-də ölkəmizdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi təsis edilmiş, 2014-cü il 15 may tarixində isə Prezident İlham Əliyev tərəfindən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında Sərəncam imzalanmışdır. Bu, ölkəmizdə həyata keçirilən siyasətin tolerantlıq prinsiplərinə əsaslandığını sübut edir. Mərkəz Azərbaycan və dünya multikultural nailiyyətlərinin beynəlxalq mütəxəssislər tərəfindən öyrənilməsi, multikulturalizm üzrə dünya mütəxəssislərinin, eyni zamanda, populyar siyasi, ictimai, elm, mədəniyyət, incəsənət xadimlərinin şəxsi təcrübələrini təhlil etmək və yaymaq kimi nəcib fəaliyyətləri öz vəzifələri sırasına daxil edib. Bu istiqamətlərdə dünyanın müxtəlif layihələr həyata keçirən məşhur universitetləri, elm ocaqları ilə birgə milli, dini, elmi, sosial mahiyyət kəsb edən, gələcək dünya düzənində əsas söz sahibi olacaq bugünkü gənc nəslin düzgün formalaşdırılması üçün layihələr həyata keçirilməsi də Mərkəzin məqsəd və məramına daxildir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi həmçinin Azərbaycandakı etnik azlıqlara aid folklor nümunələri toplusunun hazırlanması, xarici dillərə tərcümə edilməsi və xaricdə nəşrinin təşkili, Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə fəaliyyət göstərəcək. (http://azertag.az/xeber/Multikulturalizm_Azerbaycanda_dovlet_siyasetinin_en_onemli_istiqametlerinden_biridir-813373).

2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilmişdir. Bu, Azərbaycanın artmaqda olan beynəlxalq imicinin daha da möhkəmlənməsinə səbəb olacaq. Məlum olduğu kimi, bu il Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi barədə də qərar qəbul edilmişdir. Bu da öz növbəsində dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.

Multikulturalizmin alternativinin özünütəcrid olduğunu bəyan edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: “Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır. Azərbaycanda yaşayan xalqlar əsrlər boyu multikulturalizm şəraitində yaşayıblar” (Beynəlxalq Humanitar Forumun açılışında İlham Əliyevin nitqi. http:president.azarticles/3310). Müxtəlif xalqların, millətlərin, dinlərin xüsusiyyətlərinə tolerant münasibət azərbaycanlıların mentaliteti üçün çox səciyyəvi bir dəyərdir. Hesab edirəm ki, fərqli baxışlara, adətlərə, vərdişlərə dözümlülük mövqeyini özündə ehtiva edən multikulturalizm Azərbaycan üçün daha böyük önəm kəsb edir.

Azərbaycan Respublikası beynəlxalq mədəniyyətlərarası forumların keçirildiyi ənənəvi məkanlardan birinə çevrilmişdir. 2008-ci ildə bütün qitələri əhatə edən beynəlxalq qadın konfransı keçirilmiş və mədəniyyətlərarası dialoqda qadınların roluna dair Bakı Bəyannaməsi qəbul edilmişdir. 2009-cu il Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur. 2018-ci ildə isə Naxçıvanın İslam Mədəniyyətinin paytaxtı elan olunması qərara alınmışdır. 2009-cu ildə Bakıda İslam Konfransı Təşkilatına üzv olan ölkələrin və həm də Avropa dövlətlərinin mədəniyyət nazirlərinin toplantısı keçirilmişdir.

Qədim dövrdən bu günə qədər Azərbaycan bütün dünyaya açıq olan bir diyar kimi tanınır və ölkəmizdə hökm sürən yüksək tolerantlıq mühitini insanlarımızla ilk təmasdan hiss etmək mümkündür. YUNESCO, İSESCO, BMT-nin Sivilizasiyalar Alyansı və Avropa Şurasının dəstəyi ilə 2011 və 2013-cü illərdə Bakıda I və II Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları keçirilmişdir. Növbəti Forum - III Mədəniyyətlərarası Dialoq Forumu 2015-ci ilin mayında təşkil olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə bildirmişdir ki, bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər: “Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Təəssüflər olsun ki, bu gün dünyanın müxtəlif yerlərində baş verənlər dərin narahatlıq doğurur. Biz mənfi istiqamətdə cərəyan edən meyillərin şahidi oluruq. Gərginliyin və nifrətin azaldılması beynəlxalq gündəmin ən mühüm məsələlərindəndir. Bizim ölkədə multikulturalizm ənənələri hər zaman güclü olub və Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu dəyərlərin təşviqi istiqamətində hökumətimizin atdığı daha bir addım idi”.

Tədbirdə qeyd olunmuşdur ki, Azərbaycan mədəniyyətlərarası, dinlərarası dialoqun baş tutduğu multimədəni, multikonfessional ölkədir və bu sahədə uğurlar qazanmışdır. Multikulturalizmi gücləndirmək, dəstəkləmək üçün həyata keçirilməli iki əsas istiqamət var: bunlardan birincisi zəngin mədəni irsi, maddi və qeyri-maddi mədəni irsi qorumaq, ikincisi isə müasir mədəniyyətdə həmin izləri qoruyub saxlamaqdır. Hər iki istiqamət ölkəmizdə uğurla gerçəkləşdirilir.

2011-2014-cü illərdə I, II, III və IV Bakı Beynəlxalq Humanitar forumlarının və başqa nüfuzlu tədbirlərin Bakıda təşkil olunması bunu təsdiq edir. IV Bakı Beynəlxalq Humanitar Forumunda da multikulturalizm məsələlərinə toxunan dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan ölkələr arasında əlaqələrin inkişafı üçün humanitar aspektlərə böyük əhəmiyyət verir. Bunu qədim Azərbaycan tarixi, mədəniyyəti tələb edir. Uzun əsrlər ərzində ölkəmizin ərazisində çoxkonfessiyalı, çoxmillətli cəmiyyət formalaşıb, Azərbaycan müstəqillik əldə etdikdən sonra bu meyillər daha da güclənmişdir. Azərbaycanda bütün xalqlar dostluq, mehribanlıq şəraitində yaşayırlar. Azərbaycanda dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmadığını və bunun bizim böyük sərvətimiz olduğunu vurğulayan Prezident İlham Əliyev ölkəmizin bu baxımdan zəngin təcrübəyə malik olduğunu söyləyib: “Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək. Təsadüfi deyil ki, Azərbaycan tərəfindən irəli sürülmüş bir neçə təşəbbüs artıq həyatda öz yerini tapıbdır və bu təşəbbüslər ətrafında yeni imkanlar yaranır” (Bakıda IV Beynəlxalq Humanitar Forum işə başlayıb. “Azərbaycan” qəzeti, 2 oktyabr 2014-cü il).

2011-ci il oktyabrın 10-11-də “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə keçirilmiş Beynəlxalq Humanitar Forumun qəbul etdiyi qətnamədə göstərilir ki, qloballaşmanın müxtəlif modellərinin və variantlarının nəzərdən keçirilməsi bugünkü mövcud mədəniyyətlərin və mənəvi oriyentrlərin müxtəlifliyinə adekvat diqqət yetirməyə imkan verir. Qloballaşma şəraitində mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı təsir prosesi heç də müəyyən dəyərlər sistemini hamıya qəbul etdirmək məqsədi daşımır. Qətnamədə bir ölkənin və ya bir sıra ölkələrin dəyərlər sisteminin heç də mütləq həqiqət kimi qəbul edilməsinin düzgün olmadığı, azadlıq, bərabərlik, həmrəylik, tolerantlıq, təbiətə ehtiram kimi fundamental dəyərlərin mühüm əhəmiyyəti təsdiq edilmişdir.

2011-ci ilin aprelində Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Qadınlar - mədəniyyətlərarası dialoqun təmsilçiləri” mövzusunda sessiya keçirilmişdir. Bu sessiyada ilk olaraq çıxış edən Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın məruzəsi özünün çox dərin məna, məzmun və mündəricə kəsb etməsi ilə forumun bütün iştirakçılarının böyük marağına səbəb olmuşdur. O, çıxışında demişdir ki, son illər unikal şəhərimiz - paytaxtımız Bakı bütün dünyada, sözün həqiqi mənasında, dialoq mərkəzinə, məkanına, diyarına çevrilmişdir. Bu baxımdan, son bir neçə ilə nəzər salmaq kifayətdir. Həmin sammitlər sırasında mədəniyyətlərarası, sivilizasiyalararası və dinlərarası dialoq xüsusilə üstünlük təşkil edir. Hətta buna aid konkret adlar, misallar da çəkmək olar. 2008-ci ildə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” adlı beynəlxalq Bakı Forumu keçirilmişdir. Bu beynəlxalq simpoziumda bütün dünyanın qadınlarını təmsil edən nümayəndələr iştirak etmişlər. Burada “Bakı bəyannaməsi” qəbul olunmuşdur.

2012-ci ildə Böyük Britaniya parlamentində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, bu ölkədə fəaliyyət göstərən İngiltərə-Azərbaycan Cəmiyyəti və “Odlar Yurdu” qurumunun təşkilatçılığı ilə “Avropa multikulturalizminin perspektivləri: Dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli” mövzusunda konfransda çıxış etmiş, dini tolerantlıq və dinlərarası dialoq probleminin nəzəri əsasları, bu sahədə mövcud olan elmi yanaşmalar barədə danışaraq, bu məsələnin ümumbəşəri problemə çevrildiyini və onun öyrənilməsi və həlli yollarının tapılmasında Azərbaycan təcrübəsinin uğurlu model olduğunu qeyd etmişdir.

Bu ilin yanvar ayında İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclasında çıxış edərkən Mehriban xanım Əliyeva demişdir: “Bu gün Azərbaycan dünyada qlobal multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Müxtəlif millətlərə və dinlərə mənsub olan insanlar əsrlər boyu Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayıblar. Bu gün biz ənənələri qorumaq və gücləndirmək üçün əlimizdən gələni edirik. Bu il biz BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi edəcəyik. 2017-ci ildə paytaxtımızda IV İslam Həmrəylik Oyunları keçiriləcək. Beləliklə, Bakı iki il ərzində 100-dən artıq ölkəni bir araya gətirən Avropa və İslam Oyunlarına ev sahibliyi etmiş şəhər olacaq. Bu, bizim beynəlxalq münasibətlərin, qarşılıqlı hörmət və anlaşmanın, tolerantlığın gücləndirilməsinə töhfəmizdir”.

Bu yaxınlarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş - 2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi layihəsi keçirilmişdir. 17 ölkənin nümayəndələri Azərbaycanın multikulturalizm təcrübəsi ilə yaxından tanış olmuşlar. Hazırda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yay və qış məktəbləri müntəzəm keçirilməkdədir. Qış məktəbinin təşkil edilməsi Azərbaycanda multikulturalizmin təbliğ edilməsində əhəmiyyətli rol oynayır. Qış məktəbinin iştirakçıları Azərbaycandakı multikultural şəraitdən razılıqlarını bildirmiş, burada gördüklərinin ən yüksək qiymətə layiq olduğunu vurğulamışlar.

Ümummilli liderimiz Heydər Əliyev strategiyasının ardıcıl şəkildə davam etdirildiyi Azərbaycan Respublikası hazırda sürətlə, davamlı şəkildə bütün sahələr üzrə inkişaf etməkdədir. Bunun yeganə səbəbi isə Prezident İlham Əliyev tərəfindən Ulu öndərin müdrik və alternativi olmayan siyasətinin uğurla davam etdirilməsində, Heydər Əliyev ideyalarına sadiqlikdə və xalqın da bu siyasəti dəstəkləməsindədir. İqtisadi, sosial, mədəni və həyatımızın digər vacib sferalarında həmçinin müşahidə olunan tərəqqi, vətəndaş həmrəyliyi, sosial rifah ölkə vətəndaşlarının istək və arzularına uyğun şəkildə təmin olunur. Bu baxımdan, Azərbaycanda bərqərar olmuş ictimai-siyasi sabitlik, tolerant mühit, multikulturalist cəmiyyət bir daha sübut edir ki, ölkəmiz düzgün yoldadır. Əminik ki, bu istiqamətlərdə qazandığımız zəngin təcrübədən dünyanın hətta inkişaf etmiş ölkələri tərəfindən belə, istifadə edilməsi məqsədəuyğun olar. Necə ki, bu fikri Azərbaycana gələn əcnəbi mütəxəssislər, ölkə rəhbərləri və başqaları da etiraf edirlər. Azərbaycan xalqı, ölkəmizin bütün vətəndaşları Ulu öndərin dövlət rəhbərliyi səviyyəsində müvəffəqiyyətlə davam etdirilən siyasətini ürəkdən bəyənir, dəstəkləyirlər, biz bu siyasətə daim sadiq qalacaq və Azərbaycanın müstəqilliyini əbədi, daimi edəcəyik.

İRADƏ HÜSEYNOVA,

Yeni Azərbaycan Partiyasının

Siyasi Şurasının üzvü, Bakı Dövlət Universitetinin professor

Yeni azərbaycan.- 2016.- 20 aprel.- S.6