TariİXİMİZ, MİLLİ-MƏNƏVİ
DƏYƏRLƏRİMİZ
Hər bir xalqın öz tarixi, adət-ənənələri, milli-mənəvi və dini dəyərləri vardır. Biz öz milli-mənəvi dəyərlərimizlə, dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıb, qoruyub saxlayıb. Bunlar indi xalqımızın mənəviyyatını təşkil edən amillərdir, milli ideologiyamızın - azərbaycançılığın mühüm tərkib hissəsidir. Ana dilimiz və mənəvi-əxlaqi mentalitetimiz milli-mənəvi dəyərlərimizin vacib hissəsini təşkil edir.
Milli ideologiyamızın mühüm tərkib hissələrindən biri ümumbəşəri dəyərlərdir. Bu barədə Ümummilli lider Heydər Əliyev demişdir: “Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, milli sərvətidir. Bizdə nə qədər gözəl əxlaqi qaydalar var, bunlar əsrlər boyu formalaşıb, məsələn, kiçiyin böyüyə hörməti, böyüyün kiçiyə qayğısı, övladın valideynlərinə hədsiz hörməti, valideynlərin də öz övladlarına olan qayğısı və məhəbbəti. Bu, bizim xalqımızın mentalitetidir. Ümumbəşəri dəyərlər konstitusiyamızda öz əksini tapıbdır. Biz hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi aparırıq. Bax bu bir cümlədə ümumbəşəri dəyərlərin ifadəsi öz yerini tapıbdır. Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir”.
Keçən əsrin 20-ci illərinin əvvəllərində qanuni Azərbaycan Demokratik Cümhuriyyətini işğal edib, əvəzində sovet hakimiyyəti qurmuş 30 minlik işğalçı rus qoşunlarının rəhbərləri, Moskvadan respublikaya rəhbər təyin edilmiş yadelli qruplar milli-mənəvi dəyərlərə əhəmiyyət vermir, dövlət orqanlarında ancaq rusdillilər çalışır, dini mərasimlərdə iştirak edənlər cəzalandırılır, milli bayramlar yasaq, milli hisslər təhqir edilirdi. Bakı nefti gecə-gündüz vəhşicəsinə talan edilib, Rusiyaya göndərilirdi. Bütün bunlar az imiş kimi, Rusiya Kommunist Partiyasının Qafqaz bölgəsinin əlaqələndiricisi Orconikidze və Moskva tərəfindən Azərbaycana rəhbər göndərilmiş Kirov Dağlıq Qarabağın Azərbaycandan ayrılıb, Ermənistana birləşdirilməsi haqda qərar da qəbul etdilər. Rəhbərlikdə çalışan az sayda azərbaycanlılar vəziyyəti dəyişmək gücündə deyildilər.
Bütün bu neqativ hallara və kəslərə qarşı Kommunist Partiyasının və Sovet dövlətinin görkəmli xadimi, Leninin yaxın silahdaşlarından biri, Azərbaycanın böyük oğlu Nəriman Nərimanov təkbaşına və axıra qədər ölüm-dirim mübarizəsi apardı .
1894-cü il avqustun 1-də Bakıda Nəriman Nərimanovun rəhbərliyi ilə müsəlman tarixində ilk kitabxana - qiraətxana açıldı və tezliklə bütün Qafqaz müsəlmanlarının maarifləndirmə mərkəzinə çevrildi. Amma sonradan çoxminli oxucuları olan kitabxana - qiraətxana siyasi mülahizələrə əsasən hakimiyyətin göstərişi ilə bağlandı.
O, ictimai xadim kimi Azərbaycanda maarif və mədəniyyətin yayılmasına ciddi təsir göstərirdi.
1900-cü ilin yanvar ayında yüksək səviyyəli pedoqoji xidmətlərinə görə Nəriman Nərimanov “üçüncü dərəcəli Müqəddəs Stanislav ordeni” ilə təltif edildi. Qafqaz təhsil dairəsi müdirinin rəsmi məlumatlarında deyilirdi: “Cənab Nərimanov öz qulluq vəzifələrini can-başla və diqqətlə icra etməsi, sağlam fikirliliyi, ruslara məhəbbəti və hökumətə sədaqəti ilə həmişə fərqlənmişdir”.
Nərimanov 1902-ci ildə Odessada Novorosiyski universitetinin
tibb fakültəsinə daxil olur. Universitet xərclərini
Bakı milyonçusu, xeyriyyəçisi Tağıyev boynuna
götürür. Nərimanov 1908-ci ildə
universiteti bitirib Bakıya dönür. Odessa
onun dinc həyat və fəaliyyəti haqda düşüncələrini
inqilabi dünyagörüşü ilə əvəz
etmişdi. Odessadan qayıdışından cəmi
üç ay keçmiş Nərimanov beynəlxalq
inqilabçı statusunda Tiflisdə 1909-cu il
fevral ayının 28-də yeddi aylıq həbs edilib Metex
qalasına salındı. O, Cənubi Azərbaycanda milli
azadlıq hərəkatının rəhbərləri Səttərxanın
və Bağırxanın inqilabi ordusuna pul, adam,
silah və partlayıcı maddə (barıt) göndərməkdə
ittiham edilirdi. İttiham müddəti bitdikdən sonra ona
Tiflisdə yaşamağa icazə verilmədi, beş
illik Həştərxana sürgün edildi.
1918-ci il aprelin 25-də Bakı Xalq Komissarları
Soveti yaradıldı. Nəriman Nərimanov
şəhər təsərrüfatı komissarı
seçildi. Xəstələndiyinə
görə Həştərxandakı məşhur “Tinaki”
palçıq müalicəsinə göndərildi. Nərimanov müalicəsi ilə yanaşı,
partiya fəaliyyətindən də qalmır. Bakının peşəkar inqilabçıları
vaxtaşırı onun yanına məsləhətə gəlirdilər.
Nəriman Nərimanovun Şərqdə milli-azadlıq hərəkatındakı
coşqun siyasi fəaliyyəti barədə Leninin xəbəri
vardı. O, Nərimanovu
1919-cu ilin baharında Həştərxandan Moskvaya dəvət
edir.
Nəriman Nərimanov 1919-cu ilin iyulunda Moskvada RK (b) P
MK-da Azərbaycanın siyasi vəziyyəti və Sovet hakimiyyətinin
qələbəsinin təşkili haqqında məruzə
etmişdir. Bu məsələ Lenini çox
maraqlandırırdı. Nəriman Nərimanov
məruzəsində Azərbaycanda müstəqil Sovet Sosialist
Respublikası yaradılması ideyasını irəli
sürür. Təklif bəyənilir.
Leninin təklifilə Nərimanov bir müddət Rusiya Xarici
İşlər Komissarlığında işlədi, 1919-cu
il noyabrın 4-də Leninin sədrlik etdiyi Xalq Komissarları
Sovetinin növbəti iclasında o, Rusiya Xalq Milli işlər
komissarının - Stalinin müavini vəzifəsinə təyin
edildi. Stalin hesab etdi ki, Lenin onun üzərinə
nəzarətçi təyin edib. Nəriman Nərimanov
sonralar yazılarından birində qeyd etmişdi ki, Stalin
bic-bic gülümsəyərək, hiyləgərcəsinə
mənə dedi: “Əgər bizim yaxşı
yoldaşlarımız cəbhələrdə ölürlərsə,
sənin kimilər kabinetlərdə ölə bilərlər”.
Nəriman
Nərimanov hər zaman öz üzərində Leninin
hüsn-rəğbətini hiss edirdi. O, inqilabi hərəkata
sədaqətini milli-demokratik qüvvələrin Tiflisdə,
Gəncədə Azərbaycan Demokratik Cümhuriyyətini
yaratdığı bir vaxtda, Bakıda ermənilərin,
rusların qurduqları sovetlərə qoşulmasında,
qısa müddətdə olsa da şəhər təsərrüfat
komissarı vəzifəsində çalışması ilə
nümayiş etdirmişdir. Sonra Nəriman Nərimanov sosialist
inqilabının Şərqə və müsəlman ölkələrinə
daha çox uyğun gələn nəzəri və praktiki
prinsiplərini özünün çoxsaylı məqalələrində,
o cümlədən “Biz Qafqaza hansı şüarla gedirik”
adlı məşhur məqaləsində təhlil və təbliğ
edirdi. Lenin məhz bu məqalə ilə tanış
olduqdan sonra Nərimanovu Moskvaya dəvət etdi.
Nəhayət, Lenin Nəriman Nərimanovun şəxsində
istedadlı, tapşırılan sahə üzrə geniş məlumatı,
yüksək mədəniyyəti, intellekti, səmimiyyəti
ilə seçilən təmiz qəlbli insanı - yaş
adaşını tapmışdı.
1920-ci il aprelin 28-də Rusiya qoşunları Azərbaycanda
demokratik yolla seçilmiş qanuni hakimiyyəti yıxıb,
ölkəni işğal etdilər. Azərbaycanın
azsaylı ordusunun başını Dağlıq Qarabağ ermənilərinin
üsyanına qatmışdılar.
Nəriman
Nərimanov 1920-ci il mayın 16-da Bakıya
gəlir. 1922-ci ilin may ayının 6-na qədər Azərbaycan
SSR-in Xalq Komissarları Sovetinin sədri vəzifəsində
çalışır. Bakıda Nərimanovu
çox çətin günlər, ağır imtahanlar
gözləyirdi. Dövlət
aparatının mühüm sahələrinə qeyri-azərbaycanlılar
rəhbərlik edirdilər. Azərbaycan
Kommunist Partiyası və 30 minlik işğalçı rus
ordusu onların ixtiyarında idi. Leninlə
razılaşdırılmış Şərq siyasətinin
prinsiplərinə əməl edilmirdi. Prinsiplərin bəzilərilə
tanış olaq.
1. Şərq
ölkələrində inqilabi hərəkatı sürətləndirmək
üçün Azərbaycanda nümunəvi müstəqil
sovet sosialist respublikası yaradılmalı idi. Nərimanovdan
başqa bütün rəhbər işçilər,
bolşeviklər bu ideyanın əleyhinə
çıxdılar.
Orconikidze
Nərimanovla məsləhətləşmədən
özbaşına rəhbər vəzifələrdə
işləyənlər arasında sorğu keçirdi: “Azərbaycan
Respublikası müstəqil mövcud olmalıdır, yaxud
Rusiyanın bir hissəsi kimi ona daxil olmalıdır?” Nərimanovdan
başqa, hamı Azərbaycanın Rusiyanın tərkibinə
qatılmasına səs verdi. Sorğunun nəticəsi dərhal Moskvaya göndərildi.
2.
Nümunəvi müstəqil sovet sosialist respublikasının
yaradılması kadr siyasətində əsaslı dəyişiklik,
reformalar aparılmasını tələb edirdi. Bu məsələ bütövlükdə Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin və
partiyanın Bakı komitəsinin səlahiyyətində idi.
Bu təşkilatlara isə 1920-1933-cü illərdə
qeyri-azərbaycanlılar rəhbərlik edirdilər,
aralarında bir nəfər də olsa azərbaycanlı,
müsəlman yox idi. Kadr siyasətinə
rəhbərliyi Mərkəz həyata keçirirdi.
Moskvanın Azərbaycana rəhbərliyə göndərdiyi
şəxslər: Kaminski Qriqori Naumoviç (Qofman) -
1920-1921-ci illər, yəhudi, Sergey Mironoviç Kirov -
1921-1926-cı illər, rus, Levon İsayeviç Mirzoyan -
1926-1929-cu illər, erməni, Nikolay Fyodoroviç Qikalo -
1929-1930-cu illər, yəhudi, Polonski Vladimir İvanoviç (əsl
adı Ruben Qerşeviç) - 1930-1933-cü illər, yəhudi,
Ruben Qukasoviç Mkrtçyan - 1933-cü il, fevral-dekabr
ayları, erməni.
Bu, Moskvanın, Leninin, Stalinin Azərbaycanda
yürütdükləri milli kadr siyasətlərinin bariz
nümunəsi idi.
Cənubi
Qafqazın digər iki respublikasında - Gürcüstanda və
Ermənistanda Sovet hakimiyyyətinin 70 ili ərzində
özlərindən başqa heç kəs bu respublikalara rəhbər
təyin edilməyib. Azərbaycanda isə rəhbərlikdə
6 nəfər qeyri-azərbaycanlı 14 il ərzində
bir-birini əvəz etmişdilər. Bu,
Moskvanın Azərbaycana bəxş etdiyi beynəlmiləl
kadr buketi idi.
Nəriman
Nərimanov yorulmaq bilmədən, səhhətinin
qayğısına qalmadan Azərbaycanın inkişafı,
intibahı, yenidən qurulması naminə
çalışdığı bir vaxtda, partiya elitası
Bakıda və regionlarda birləşərək, onun siyasətinə
və fəaliyyətinə qarşı çoxsaylı əngəllər
törədirdilər. Bu işdə Azərbaycan
Kommunist Partiyasının Bakı komitəsi xüsusi fəallıq
nümayiş etdirirdi. Partiyanın Bakı
komitəsi erməni təşkilatı kimi tanınırdı.
İki ildə üç erməni katib dəyişildi.
Başqa işə keçməsilə Mikoyan estafeti Sarkis
Danielyana verdi, Sarkis işdən və Azərbaycandan
qovulduqda estafet Mirzoyana keçdi.
Mirzoyan və Sarkis uzun müddət Azərbaycandan kənarda
partiya və dövlət işlərində rəhbər vəzifələrində
çalışdılar. 1937-ci ildə hər
ikisi əksinqilabi fəaliyyətdə ittiham olunaraq güllələndilər.
3. 1920-ci
ildən 1934-cü ilə qədər qeyri-azərbaycanlıların
Moskva tərəfindən Azərbaycan Kommunist Partiyasına rəhbər
təyin edilməsi partiyanın Bakı komitəsinin ermənilərin
inhisarında olması, bu səbəbdən kadrların
seçilməsi, yerləşdirilməsində baş verən
neqativ hallar Nəriman Nərimanovu çox narahat edirdi.
Bakı soveti kimi çox vacib idarədə 715 nəfər məsul
işçinin (qulluqçuların) cəmi 40 nəfəri,
ilk partiya təşkilatının 70 üzvündən 20 nəfəri
azərbaycanlı idi. Peşə-texniki məktəblərində
oxuyan 1218 şagirddən 1192-si rus, 26 nəfəri azərbaycanlı
idi. Bu məlumatlar Nəriman Nərimanovun əziz
xatirəsinə həsr olunmuş, 2015-ci ildə Moskvada nəşr
edilmiş “Smertelnaya sxvatka” adlı kitabdan
götürülmüşdür.
Bakı komitəsi partiyada azərbaycanlıların
sayını azaltmaq məqsədilə 500 nəfər
iranlı azərbaycanlını partiya üzvlüyündən
xaric etmişdi.
4. Nəriman Nərimanov partiyanın antimilli, anti-Azərbaycan
siyasətinə qarşı bir sıra tədbirlər
görmək məcburiyyətində qaldı. O, Moskvaya Stalinə göndərdiyi
məktubda yazırdı: “Mikoyandan sonra Bakı təşkilatının
katibi Danielyan Sarkis olur, Sarkisdən sonra Mirzoyan. Bütün
ehtimallara görə, Mirzoyanın arxasınca Kasparov gələcək
və s. Ona görə də işimin ilk günlərindən
mən açıqca dedim: Bütün mülahizələrə
görə, ilk vaxtlarda erməni yoldaşların məsul vəzifələrə
təyin edilməsindən imtina etmək lazımdır”.
5. Sovet
hakimiyyətinin ilk illərindən hakim dairələrin əhaliyə
qarşı zorakılığı baş alıb gedirdi. Günahsız insanların güllələnməsi
barədə İnqilab komitəsinə - Nərimanova
çoxlu şikayətlər olurdu. Serqo
Orconikidze və digər rəhbər inqilabçılar bu vəziyyəti
inqilabi prosesin gedişi ilə əlaqələndirir və ona
bəraət qazandırırdılar. Nərimanov
Azərbaycanda inqilabi prosesin getmədiyini dedikdə, Serqo və
ətrafı süni şəkildə inqilabi prosesin
yaradılması, əyalətlərdə bəylərin evlərinin
yandırılması, təsərrüfatlarının
dağıdılması, şəhərdə sahibkarların
əmlakının, pulunun müsadirə edilməsi
ideyasını təklif etdilər. Nərimanov
İnqilab komitəsinin razılığı olmadan güllələnmənin
qadağan edilməsi təklifini irəli sürdü. Lakin təklif qəbul edilmədi. Çünki İnqilab komitəsinin Rəyasət
Heyətinin digər iki üzvü Hüseynov və Qarayev təklifi
qəbul etmədilər. Nərimanovun rəhbərlik
etdiyi komitədə belə idisə, digər rəhbər
orqanlardakı vəziyyəti təsəvvür etmək
çətin olmaz.
6. Azərbaycanlıların
başlarına gətirilən bütün bəlaların,
respublikamızın suverenliyinə - ərazi
bütövlüyünə qarşı təhdidlərin
özəyində dayanan, Bakıda və əyalətlərdə
ağalıq edən iki əcnəbi, yadelli,
işğalçı XI qırmızı ordunun
başında Bakıya soxulmuş Orconikidze və Moskva tərəfindən
Azərbaycan Kommunist Partiyasına katib təyin edilmiş Kirov
idilər. Anti-milli mövqedə fəaliyyət
göstərən qruplaşmaların başında bu iki
şəxs dayanmışdı.
Orconikidzenin
sədri olduğu Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin
Qafqaz bürosu 1921-ci il iyunun 4-də plenum
çağırıb Dağlıq Qarabağın ərazi mənsubiyyətini
müzakirə edib, onun Ermənistan SSR-nin tərkibinə
qatılması haqda qərar çıxardı. Azərbaycanda qərar tutmuş bu iki nəfər
gürcü və rus Dağlıq Qarabağın Azərbaycandan
ayrılıb Ermənistana verilməsinə səs verdilər.
Nərimanov xüsusi diplomatik təşəbbüslə
bu qərarın qarşısını aldı. O təklif etdi ki,
Qarabağın ərazi mənsubiyyəti məsələsi
Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin
iclasında müzakirə edilsin və son qərar qəbul
edilsin. Nərimanov bu məsələni Leninin
köməyilə Azərbaycanın xeyrinə həll edəcəyinə
ümidvar idi.
Orconikidze
Dağlıq Qarabağ barədə Nərimanovun planlarını
başa düşdü, səhəri günü, yəni
iyulun 5-də Qafqaz bürosunu yenidən yığdı, Nərimanovun
təklifi əsasında qəbul edilmiş dünənki qərarı
ləğv etdi, Dağlıq Qarabağı Azərbaycan
hüdudlarında saxlamaqla ona geniş muxtar vilayət statusu
verilməsi haqda qərar qəbul edildi. Bu qərar
artıq Mərkəzi, Ermənistanı və Azərbaycanı
qane edirdi.
1918-1919-cu illərdə ingilislər müharibədə
qalib dövlətin nümayəndələri kimi 9 ay Azərbaycanda
oldular. Qarabağa dair bütün mübahisəli məsələlərdə
Azərbaycan Demokratik Cümhuriyyətinin mövqeyini müdafiə
etdilər. Qaniçən quldur Andronikin dəstələrini
tərk-silah edib, Azərbaycandan qovdular. Üsyankar
erməni dəstələrini Qarabağdan
uzaqlaşdırdılar.
Kirov Sergey Mironoviç (1886-1934) 1921-1925-ci illərdə
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
katibi işləyib. Daşnaklar birlikdə Nərimanovun fəaliyyətinə
maneçilik törədib, Bakı neftini vəhşicəsinə
talayıb Rusiyaya göndərib. Dağlıq
Qarabağın Azərbaycandan ayrılıb Ermənistana
verilməsinə səs verib. Sonralar
partiyanın Leninqrad vilayət komitəsinin katibi işləyərkən
işçisi qadının namusuna qəsd etdiyinə görə
əri tərəfindən güllə ilə vurulub
öldürülüb.
Onun əzəmətli heykəli uzun onillər
Bakının ən yüksək nöqtəsini zəbt
etmişdi.
N.Nərimanovu müdafiə etməyən azərbaycanlı
Ruhulla Axundovun, Ə.Qarayevin, M.Xanbudaqovun, M.Hüseynovun taleləri
də faciə ilə nəticələndi.
1923-cü
il martın 6-da Lenin ağır xəstələndi,
danışıq qabiliyyətini itirdi. Nərimanov
Mərkəzdəki böyük hamisinin məsləhətlərindən,
köməyindən məhrum oldu. Azərbaycanın
rəhbər orqanları ilə münasibətləri daha da gərginləşdi.
1923-cü il iyunun əvvəllərində
Moskvaya, Mərkəzi Komitəyə, Stalinə 47 vərəq
həcmində “Ucqarlarda bizim inqilabımızın tarixinə
dair” məruzə göndərdi. Məruzədə
partiyanın mərkəzi orqanlarının adına,
Azərbaycanın partiya - sovet orqanlarının rəhbərlərinə
iradlar, kəskin tənqidi fikirlər yer almışdı. Stalinin tapşırıqlarına əsasən
partiyanın Mərkəzi Nəzarət Komissiyası tərkibində
Nərimanovun məruzəsini yoxlamaq üçün 3 nəfərdən
ibarət qrup yaradıldı. Protokolların
hər biri Nərimanova qarşı ittiham sənədi kimi səslənir.
Bir qayda olaraq, protokolların hamısında Nərimanovun
məruzəsində yazılanların öz təsdiqini
tapmadığı qeyd olunurdu.
1923-cü
ilin 12 iyulunda partiyanın Bakı təşkilatının və
Mərkəzi Nəzarət Komissiyasının birgə
iclasında Əli Heydər Qarayevin təklifilə Nərimanovun
davranışının partiya üzvü adına
uyğun olmaması haqda qərar qəbul edildi.
Nərimanovun məruzəsi də kamil bir sənəd
deyildi. Hansı səbəbdənsə məruzə
çox tələsik yazılıb, redaktə olunmayıb, təkrarlara
yol verilib, ittihamlar əsaslandırılmayıb.
Mərkəzi
Nəzarət Komissiyasının yoxlamaları düz beş ay çəkdi: 16 iyun 1923-cü ildən
15 noyabr 1923-cü ilə qədər - partiyanın Siyasi
Bürosunun 46 nömrəli tarixi qərarına qədər.
1923-cü
il Nəriman Nərimanov üçün dəhşətli
yuxular ilinə çevrildi. Araşdırmalar
gedişində ona qarşı protokollarda saysız-hesabsız
təhqiramiz ifadələr tərtib edildi. Nəhayət,
Nəriman Nərimanov Stalinə məktub yazdı, siyasi fəaliyyətdən
əl çəkdiyini, Mərkəzi İcraiyyə Komitəsi
üzvlüyündən istefa verdiyini bildirdi,
özünün və ailəsinin səhhətilə əlaqədar
Bakıda yaşayıb, ədəbi və ictimai fəaliyyətlə
məşğul olmasına icazə istədi. İcazə
verilmədi, əvəzində partiyanın Siyasi Bürosunun Nərimanov
barədə tarixi əhəmiyyət kəsb edən və bənzəri
olmayan qərarı dərc edildi: “Partiyanın Mərkəzi
Komitəsi Nəriman Nərimanova tam inanır və etibar
edir”.
Bu qərar Nəriman Nərimanovun təkcə
partiyanın Mərkəzi Nəzarət Komissiyası və Azərbaycanın
partiya və sovet qaragüruhu üzərində deyil, həm də
Siyasi Büro üzərində qələbəsi idi. Siyasi Büro və onun
üzvləri 5 ay çəkən yoxlamaların gedişində
Leninin yaxın silahdaşına qarşı az
qala linc məhkəməsi tətbiq etmiş komissiyaya bir dəfə
də olsun irad bildirməmişdilər. Bu qərardan
sonra Serqo Orconikidze və MNK sədri Qubelman qəbul etdikləri
qərarlarla daban-dabana zidd olan çıxışlar edib, Nərimanovun
Azərbaycandakı bütün fəaliyyətini, onun şəxsi
və dövlətçilik keyfiyyətlərini təriflədilər.
Əziz Nesinin təbirincə desək,
“yaltaqlığın Şərq variantından” həyasızcasına
bəhrələndilər, özlərini təmizə
çıxarmağa çalışdılar.
Bu qərar Nərimanovun fiziki həyatını və
siyasi fəaliyyətini bir qədər - 15 ay uzatdı. Əks halda
komissiyanın qərarları ilə Nərimanovun SSRİ
MİK-ə sədrliyi bir araya sığmırdı, həm
də ona qarşı repressiyaya yol açırdı.
Nəriman
Nərimanov 1925-ci il martın 19-da Moskvada
ürək çatışmazlığından vəfat
etmişdir. Cənazə martın 22-də Kreml
divarlarında dəfn edilmişdir. Nərimanov
Qırmızı meydanda Kreml divarlarında dəfn edilən
yeganə azərbaycanlıdır. Dəfn
mərasimində mərkəzi orqanların, müttəfiq
respublikaların nümayəndələri iştirak və
çıxış etmişdilər. Mərasimdə
Azərbaycandan iştirak edən olmamışdır.
Əgər 1923-cü ildə Nərimanovu Siyasi
Büronun məlum qərarı ilə sərt cəza tədbirlərindən
Lenin xilas etdisə, onun tarixi xidmətlərini özünə
qaytaran, onun qısa həyat yolunu əbədiyyətə qədər
uzadan Azərbaycan xalqının Ümummilli lideri Heydər
Əliyev oldu.
Nərimanov və Heydər Əliyevin hər ikisinin fəaliyyəti dövlətçilik baxımından Azərbaycanın suverenliyi, müstəqilliyi, ictimai-sosial baxımdan xalqın əmin-amanlığı və həyat səviyyəsinin yüksək dərəcədə təmin edilməsi prinsipinə əsaslanırdı. Nərimanovun bu sahədəki səyləri Moskvanın Azərbaycanda yürütdüyü müstəmləkəçilik siyasəti və idarəetmədəki kobud bolşevizm metodları ilə tam ziddiyyət təşkil edirdi. Nərimanov bu mübarizədə tək-tənha idi.
Ulu öndər Heydər Əliyev bu sahədə fəaliyyətində Nərimanovdan əhəmiyyətli dərəcədə fərqlənirdi. O, respublikaya rəhbər təyin edilməzdən əvvəl məsul vəzifələrdə çalışmış və idarəetmə sahəsində güclü təcrübə toplamışdı. Opponentlərini tərk-silah etməyi, bir-birindən ayırmağı yaxşı bacarırdı. Güclü arqumentləri, məntiqi, natiqlik istedadı vardı. Birinci hakimiyyəti illərində (1969-1982) gələcək müstəqil respublikanın güclü maddi-texniki bazasını yaratdı. İkinci hakimiyyəti dövründə (1993-2003-cü illər) qabaqcıl dünya təcrübəsinə əsaslanıb, müstəqil Azərbaycan Respublikasını qurdu, inkişaf etdirdi.
Hər ikisinə intizam cəzası vermək üçün partiyanın ali nəzarət komissiyasına göstəriş verilmişdi. Göstərişi Nərimanova qarşı Stalin, Heydər Əliyevə qarşı Qorbaçov vermişdi. Nəzarət Komissiyası Nərimanova qarşı 5 ay sərasər yoxlamalar təşkil etdi, bir dəfə onu partiya sıralarından azad etdi, bir dəfə ona şiddətli töhmət verdi və nəhayət, onun Azərbaycandan kənarlaşdırılması - sürgün edilməsi barədə qərar çıxardı.
Ulu öndər Heydər Əliyev Moskvada bütün vəzifələrindən azad edildikdən sonra Onun doğma yurduna - Azərbaycana qayıtmasına icazə verilmirdi. 1990-cı ilin may ayında növbəti dəfə Bakıya bron hesabına aviabilet sifariş verəndə Onu partiyanın Mərkəzi Nəzarət Komissiyasının sədri Puqo qəbul etdi, aralarında açıq, sərt danışıqlar oldu. Puqo seyfində yığılmış qovluqları Heydər Əliyevə göstərib dedi ki, Sizin haqqınızda Azərbaycandan yazılmış şikayət məktublarıdır. Əgər Bakıya getsən, onları işə salacağam. Puqo buna çox cəhd etmişdi, amma yazılanların heç biri təsdiqini tapmamışdı.
Nəriman Nərimanovun və Heydər Əliyevin Azərbaycana rəhbərlikdən azad edilib, Moskvada daha böyük vəzifələrə təyin edilmələri xoşniyyətli olmamışdı. Hər iki halda məqsəd Azərbaycanı başsız qoymaq və rəhbərliyə öz əlaltılarını gətirib siyasi avantüralarla məşğul olmaq idi. Bu məşğuliyyətin acı nəticələrini isə xalqımız öz çiyinlərində daşımalı olurdu.
Kərim Kərimov
Yeni azərbaycan.-
2016.- 21 aprel.- S.5