Azərbaycan regional sənaye quruculuğu istiqamətində inamlı addımlar atır

 

Bölgələrdə yaradılan sənaye müəssisələri uğurla fəaliyyət göstərərək ölkənin iqtisadi potensialının artmasında, o cümlədən də məşğulluq probleminin həllində mühüm rol oynayır

Son illərdə Azərbaycanın dinamik iqtisadi inkişafını səciyyələndirən əsas cəhətlərdən biri ölkəmizdə sənayenin, ələlxüsus da qeyri-neft sənayesinin üstün inkişafının təmin edilməsi ilə bağlı olub. Respublikamızda sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlar qazanılıb. Sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2003-cü ildəki 38 faizdən 2015-ci ildə 50 faizədək yüksəlib. Son 13 ildə respublikamızda tikinti materialları istehsalı 2,5 dəfə, elektrik avadanlıqları istehsalı 2,1 dəfə, metallurgiya sənayesi 2,2, geyim istehsalı 2,5 dəfə artıb. 2016-cı ilin birinci rübündə də ölkə üzrə ən yaxşı iqtisadi artım göstəricilərindən biri 5 faizdən çox olmaqla məhz qeyri-neft sənayesində qeydə alınıb.

Respublikamızda sənayenin, ələlxüsus da qeyri-neft sənayesinin iqtisadiyyatın digər sahələri ilə müqayisədə daha üstün genişlənməsi heç də təsadüfi deyil. Bu, son illərdə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir.

Ölkənin regionları da sənaye mərkəzlərinə çevrilir

Prezident İlham Əliyevin yeni sənayeləşmə siyasəti ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrdən biri məhz ölkəmizdə sənayenin regional strukturunun təkmilləşdirilməsi və hər rayonda sənaye məhəllələrinin yaradılması ilə bağlıdır. Dövlət başçısı 2016-cı il yanvarın 26-da keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizdə sənaye quruculuğunun yeni istiqaməti barədə fikirlərini ifadə edərək deyib ki, bu il hər bir rayonda sənaye zonalarının yaradılması başlamalıdır.

Qeyd edək ki, son illərdə ölkəmizdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq sənaye sahəsinin inkişafının və onun yeni regional strukturunun formalaşdırılmasının hüquqi bazasını təmin etmək üçün əməli addımlar atılıb. Dövlət başçısı iqtisadiyyatın və regionların inkişafı üçün əlverişli şəraitin yaradılması, investisiyaların təşviqi və prioritet sahələrə yönəldilməsi, yeni yerlərinin açılması, müasir idarəetmə təcrübəsindən istifadə olunması, rəqabətqabiliyyətli mal və xidmətlərin təqdim edilməsi kimi məsələlərin həllinə nail olmaq məqsədilə hələ 2007-ci ildə “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” müvafiq Fərman imzalayıb. Ölkəmizdə “Xüsusi iqtisadi zonalar haqqında” ayrıca qanun qəbul edilib. Bundan başqa, dövlət başçısının 24 aprel 2013-cü il tarixində imzaladığı Fərmanla “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiqlənib. Bu sənəd sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən çox mühüm baza sənədidir. Eyni zamanda, Prezident İlham Əliyev 2014-cü il 8 oktyabr tarixində ölkədə sənaye məhəllələrinin yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb. Prezident İlham Əliyevin 2014-cü ilin “Sənaye ilielan edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq ölkəmizdə 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanıb.

Son illərdə ölkəmizdə yeni regional sənaye quruculuğuna start verilməsi ilə respublikanın sənaye xəritəsi əhəmiyyətli dərəcədə dəyişib. Regionlarda yaradılan sənaye müəssisələri uğurla fəaliyyət göstərərək ölkənin iqtisadi potensialının artmasında, o cümlədən də bölgələrdə məşğulluq probleminin həllində mühüm rol oynayır.

Neftçala Sənaye Məhəlləsində aparılan tikinti işləri yekunlaşmaq üzrədir

Respublikamızda sənayenin regional strukturunun formalaşdırılması, sənaye quruculuğunda regionların potensialından səmərəli istifadə edilməsi baxımından Prezident İlham Əliyevin 2015-ci il 2 fevral tarixində imzaladığı “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncam mühüm əhəmiyyət daşıyır. Ötən ilin ikinci yarısında Neftçala Sənaye Məhəlləsinin inşasına start verilib. Sənaye məhəlləsinin yaradılması üçün 10 hektar torpaq sahəsi ayrılıb. Yeni sənaye məhəlləsi rayon mərkəzindən təxminən 5 kilometr aralıda, Salyan-Neftçala magistral yolunun kənarında inşa edilir. Burada qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri tikilir. Əsas diqqət isə region üçün prioritet olan sənaye məhsullarının istehsalına yönəldiləcək. Ərazidə eyni vaxtda yardımçı binalarla birlikdə 17 tikilinin inşası aparılır. Sənaye məhəlləsində 8 modullaşdırılmış istehsal binası olacaq. İlkin mərhələdə onlardan 4-ü istifadəyə veriləcək. Qalanları sahibkarların sifarişi nəzərə alınmaqla sonradan tikiləcək. Artıq Neftçalada yaradılan sənaye məhəlləsinin birinci mərhələsi çərçivəsində bir sıra işlər uğurla tamamlanıb. Qısa müddətdə inzibati binada, ümumi sahəsi 7779 kvadratmetr olan 4 istehsal blokundabütün zəruri infrastrukturun tikintisində işlərin əksəriyyəti başa çatıb. Məhəllənin dayanıqlı enerji ilə təmin olunması üçün transformator quraşdırılıb. Müxtəlif məqsədlər üçün hər birinin tutumu 200-300 kubmetr olan 6 su anbarı və 2 su quyusu tikilib.

Hazırda “Azərbaycan İnvestisiya Şirkəti” ASC Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün sahibkarların qeyri-neft sənayesi üzrə layihə təkliflərinin qəbulunu davam etdirir. Eyni zamanda, Neftçala Sənaye Məhəlləsinin iştirakçılarına və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara bank, sığorta, hüquqis. xidmətlərin göstərilməsində maraqlı olan hüquqifiziki şəxslərin də layihə təklifləri qəbul olunur.

Qazax Sement Zavodu istehsalın həcmini ildə 3 milyon tona çatdıracaq

Qazax Sement Zavodu” MMC Azərbaycanın qərb regionunda fəaliyyət göstərən iri sement istehsalçılarından biridir və hazırkı istehsal gücü ildə 1 milyon ton sement təşkil edir. 2018-ci ilə qədər zavodun istehsal həcminin genişləndirilərək illik 3 milyon tona çatdırılması, ixrac potensialının artırılması, o cümlədən iri istehsal texnoparkının yaradılması nəzərdə tutulur.

Qazax Sement Zavodu” MMC hazırda sulfatadavamlı sement, həmçinin qalaq və kisə şəklində müxtəlif növ sement məhsulları istehsal edir. Zavod 2015-ci və 2016-cı illərdə istehsal etdiyi məhsulların keyfiyyəti ilə yüksək müştəri məmnuniyyətinə və 25 faizədək bazar payına nail olub. Şirkətin əsas məqsədi Azərbaycanda və bütövlükdə regional miqyasda tikinti sektorunun aparıcı qüvvəsi olmaq və ölkənin milli rifahına öz töhfəsini verməkdir.

Prezident İlham Əliyevin ixracın təşviqi ilə bağlı imzaladığı Sərəncama əsasən, Qazax Sement Zavodu ixrac potensialını artıraraq, 2016-cı il üçün xarici valyuta daxilolmalarının 50 faizə, növbəti illərdə isə 80 faizə çatdırılmasını proqnozlaşdırır.

Cari ilin əvvəllərindən başlayaraq zavod istehsal prosesinin təkmilləşdirilməsi və kadrların peşə hazırlığının inkişafı üçün Almaniyanın VDZ və Thyssenkrupp şirkətləri ilə əməkdaşlığa başlayıb. Dünyada sementbeton sənayesində ən qədim və təcrübəli tədqiqat institutu olan VDZ ilə “Mərkəzi idarəetmə operatorlarının təlimi” və “Mühəndis təlimi” olmaqla, ikimərhələli təlim proqramı reallaşdırılıb. Təlim proqramı çərçivəsində yerli kadrların bilik və bacarıqlarının artırılması, zavodun istehsal prosesinin mərkəzi sistemdən idarə edilməsinin təkmilləşdirilməsi, sement istehsalı prosesi və digər sahələrdəki mühəndislərin nəzəri və praktiki biliklərinin inkişafına nail olunub.

“Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” MMC fəaliyyətini genişləndirir

“Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində 27 min ton tutuma malik uzunmüddətli və 20 min ton tutuma malik qısamüddətli taxıl ehtiyatı anbarları istifadəyə verilib. Burada taxılın tədarük olunub saxlanılması ilə yanaşı, istehsalına da əlverişli şərait yaradılıb, yeni un dəyirmanı istifadəyə verilib. Gündəlik istehsal gücü 200 ton olan dəyirmanda müasir texnoloji avadanlıqlar quraşdırılıb. Ayrı-ayrı sahələrdə olduğu kimi, un istehsalı sahəsində də regionun perspektiv inkişafı nəzərə alınıb, una tələbatı 65 min tona çatan muxtar respublikada illik istehsal gücü 73 min ton olan yeni un dəyirmanı yaradılıb. Bu dəyirman işlərin kompleks şəkildə həyata keçirilməsinə imkan verir. Belə ki, həm taxıl tədarük edilərək ehtiyat yaradılır, həm də un istehsal olunaraq muxtar respublika əhalisinin una və çörəyə tələbatı ödənilir.

Müəssisədə fəaliyyət göstərən dəyirman keyfiyyətli taxılla təmin edilir. Dəyirmanda üyüdülən buğdadan 78 faiz un, 22 faiz kəpək alınır. Sifarişə uyğun olaraq, əla, I növqara un istehsal edilən dəyirmanda insan orqanizmi üçün vacib elementlərlə zəngin yeni çeşiddə kəpəkli un istehsalı da təmin olunub. Hazır məhsullar 1, 2, 5, 25 və 50 kiloqramlıq kisələrdə “Bərəkət” əmtəə nişanı ilə satışa çıxarılır.

“Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində heyvandarlıq və quşçuluğun inkişafında mühüm rol oynayan qarışıq qüvvəli yem istehsalı müəssisəsinin fəaliyyətə başlaması heyvandarlıq və quşçuluq təsərrüfatlarının inkişafına təkan verib. Qarışıq qüvvəli yem istehsalı sahəsində Almaniya və Türkiyədən alınan, istehsal gücü saatda 3 ton olan müasir texnoloji avadanlıqlar və hər birinin tutumu 10 ton olan 4 bunker quraşdırılıb. Burada müxtəlif çeşiddə ətlik-südlük mal-qara və ətlik-yumurtalıq quş yemləri istehsalına başlanılıb.

Qeyd edək ki, muxtar respublikada ətlik-südlük heyvandarlıq və ətlik-yumurtalıq quşçuluq təsərrüfatlarının illik qüvvəli yemə olan tələbatı 70 min tona yaxındır. Bunun 50 min tonu heyvandarlıq, 20 min tonu isə quşçuluq təsərrüfatlarının payına düşür. Bəhs olunan müəssisənin istifadəyə verilməsi ilə qüvvəli yemə olan tələbat 100 faiz ödənilib.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2016.- 23 aprel.- S.8