“Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsinin rəsmi
açılışına hazırlıq davam
edir
“Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsinin rəsmi açılış mərasimində şəhərin Cavad Xan küçəsində və Gəncəçay Bulvar Kompleksində “Qədim Gəncə” sərgisi (mənəvi dəyərləri təcəssüm etdirən səhnələr, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələri) nümayiş olunacaq. Şəhərin rəqs kollektivlərinin rəngarəng rəqsləri, peşəkar musiqiçilərin qədim musiqi alətlərində ifası şənlik iştirakçılarında xoş ovqat yaradacaq. Xalq tətbiqi sənət nümunələri, əl işləri sərgilənəcək. İştirakçılara Azərbaycan mətbəxinin dadlı təamları təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsinin açılışına hazırlıqla bağlı görülən işlərin vəziyyəti ilə tanış olan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib.
Elmar Vəliyev deyib ki, tədbirlər silsilə xarakterli olacaq. Açılışda bir sıra qonaqlar, o cümlədən avropalı gənclər iştirak edəcəklər. Layihənin açılışına həsr edilən tədbirlər çərçivəsində qonaqlar şəhərdəki Heydər Əliyev Mərkəzi, Məhsəti Gəncəvi Mərkəzi, Nizami Məqbərəsi və Nizami Muzeyi, Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi və Göygöl Milli Parkı ilə yaxından tanış olacaqlar.
Tədbirlərin keçirildiyi müddətdə, həmçinin “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin ofisinin və “Gənclər Evi”nin açılışı da nəzərdə tutulur.
Daha sonra
şəhər İcra Hakimiyyətinin
başçısı işçi qrupuna və təşkilatçılara
tapşırıq və tövsiyələrini verib.
Yeni Azərbaycan.-
2016.- 23 aprel.- S.8