HEYDƏR ƏLİYEV VƏ MULTİKULTURALİZMİN AZƏRBAYCAN MODELİ

 

Milli-mənəvi dəyərlər və azərbaycançılıq - bu sözlər hər bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəsdir. Bu həm də milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması deməkdir. Dövlət müstəqilliyini bərpa edərək, xalqımız keçmişin bütün buxovlarından azad olduqdan sonra, əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı. Müasir tariximizin səhifələrində yer almış milli oyanış dövründə millətin həmin dəyərlər uğrunda canından belə keçməyə hazır olması xalqımızın milli dəyərlərə sadiqliyinin nümunəsidir.

1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev ilk gündən inkişafa mane olan ideoloji-siyasi baryerlərə sinə gərərək Azərbaycan xalqının milli özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə başlamış, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır.

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və Öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı.

Birmənalı şəkildə qeyd etmək olar ki, Ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisidir. Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarına hörmət təmin olundu. Bununla yanaşı, Ulu öndərin hakimiyyətə gəlməsindən sonra qəbul edilən bir çox qanunlarda Azərbaycan ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verildi. Ümummilli liderin Azərbaycanda milli azlıqlarla bağlı siyasəti beynəlxalq qurumlar tərəfindən də hər zaman müsbət qarşılanıb.

Müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə, o cümlədən bununla bağlı tarixən zəngin təcrübəsi ilə tanınan Qərb ölkələrinə nümunədir. Heç də təsadüfü deyil ki, 2016-cı il məhz Azərbaycanda “Multikulturalizm ili” elan olunmuşdur.

Multikulturalizm ölkəmizdə artıq həyat tərzinə çevrilib və bu gün Azərbaycanda milli azlıqların ədəbiyyat, mədəniyyət, dil və tarixlərinin qorunub saxlanılmasına, inkişaf etdirilməsinə geniş şərait yaradılıb. Azərbaycanda qədim ənənələrə malik olan multikulturalizm və tolerantlıq mədəniyyəti Ümummilli lider Heydər Əliyev tərəfindən dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Ulu öndərin siyasi kursunun davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir, multikulturalizmin Azərbaycan modelinin dünyaya nümunə kimi təqdim edilməsi istiqamətində mütərəqqi addımlar atılır.

Ulu öndər xalqda milli heysiyyəti gücləndirmək, onu öz şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün mühüm fundamental tədbirlər həyata keçirmişdir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın - azərbaycançılığın təşəkkül və inkişafına müstəsna diqqət vermişdir. Ümummilli lider Heydər Əliyevin böyüklüyü rəhbər vəzifəyə gəldiyi gündən bu dəyərləri düzgün qiymətləndirməsi, daim diqqət mərkəzində saxlamasıdır. Ümummilli liderin milli ideologiyanın ən mühüm istiqamətlərindən və komponentlərindən biri kimi qiymətləndirdiyi milli-mənəvi dəyərlər özü də mürəkkəb daxili struktura malikdir.

Ulu öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. Bunlarsız millət yoxdur. Bunları qoruyub saxlamış xalq isə həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir. “...Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, - deyən Ulu öndər Heydər Əliyev Azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə sönməz məhəbbət duyğuları ilə yanaşan görkəmli dövlət xadimi, müdrik şəxsiyyət kimi O, hələ ötən əsrin 70-ci illərində yaxşı başa düşürdü ki, aydın və dərk olunmuş milli ideologiya hər bir xalqın irəliyə doğru inkişafının yolgöstərəni və bələdçisidir.

Milli dövlətçilik və milli-mənəvi dəyərlər sıx daxili vəhdətdədir. Yalnız milli kimliyi bəlli olan və özünü bir millət kimi dərk edən xalqın bitkin inkişaf konsepsiyası ola bilər. Ümummilli lider nəinki bu konsepsiyanı yaratdı, həm də çox böyük ustalıqla, səbr və təmkinlə həyata keçirtdi. “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” - deyən Ulu öndər bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu. Hələ keçmiş sovetlər dönəmində tariximizin qədimliyi və zənginliyinin mühüm göstəricisi olan tarixi abidə və eksponatların qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycanın bütün bölgələrində tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında Sərəncam imzaladı. Azərbaycan folklorunun daha dərindən araşdırılması, aşıq sənətinin inkişafı, milli mərasimlərimizin təbliği istiqamətində ciddi tədbirlər həyata keçirildi. İti fəhmi, intuisiyası ilə gələcək müstəqilliyi duyub-hiss edən Heydər Əliyev o illərdə milli-mənəvi intibah üçün möhkəm zəmin hazırlayırdı.

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi rəhbərliyə gələn Heydər Əliyev həyata keçirdiyi dövlət quruculuğu prosesi ilə paralel surətdə mədəni-mənəvi quruculuq və milli-tarixi yaddaşın bərpası işlərinə başladı. Vaxtilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər xalqa qaytarıldı. Heydər Əliyev hər il qədim milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa çıxır, azad və müstəqil xalqımızın Novruz sevinclərindən xüsusi zövq alırdı. Heydər Əliyev bu tədbirləri təkcə Azərbaycan yox, bütün türk dünyası miqyasında həyata keçirirdi. Ortaq türk mədəniyyəti və mənəviyyatının öyrənilib təbliğ edilməsi, keçmişdən gələcəyə ötürülməsi yönündə müstəsna xidmətlər göstərirdi. Qırğızların “Manas “ eposunun 1000 illik yubileyində iştirak və çıxış edən Heydər Əliyev bütün türk dünyası üçün əvəzedilməz müdrik bir şəxsiyyət olduğunu bir daha sübut etdi.

Milli müstəqilliyin ilk illərində Azərbaycan cəmiyyəti üçün həyatın bütün sahələrində olduğu kimi, din sahəsində də müəyyən pərakəndəlik səciyyəvi idi, 70 illik sovet rejimi dövründə insanların zehnindən dini sıxışdırıb çıxarmaq məqsədilə çox iş görülmüşdü. İfrat dərəcədə ideolojiləşdirilmiş stereotiplər bütövlüklə materialist dünyagörüşünə əsaslanan əxlaqi tərbiyə sistemi yaradılmasına yönəldilmişdi. Erməni təcavüzü nəticəsində ölkə ərazisinin böyük bir hissəsinin işğal edilməsi, bir milyonluq qaçqın və köçkünlər ordusunun yaranması ilə bağlı sosial gərginlik şəraitində bu hal, həqiqətən, cəmiyyətimizin, xalqımızın gələcəyi, onun müasir millətlər toplusuna daxil olması yolunda ciddi əngəllər törədirdi.

Din ölkədə müxtəlif siyasi qüvvələrin süni surətdə yaratdığı qarşıdurmaya cəlb edilir, ayrı-ayrı bölgələrdə özünü göstərən separatizm cəhdlərində ortaya atılan şüarlarda dindən siyasi məqsədlərlə istifadə etmək meyli, dini dözümsüzlük, ayrı-seçkilik əhval-ruhiyyəsi özünü büruzə verirdi. 1992-ci ildə tələsik, bölgədə dinin yayıldığı tarixi şəraiti tam nəzarətə almadan hazırlanmış “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi də dini durumda dövlət nəzarətini təmin edib, köklü dəyişiklik yarada bilmədi. Əksinə, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, müxtəlif missioner təşkilatları qanundan və xüsusilə orada olan boşluqlardan istifadə edərək insan haqları və əsas azadlıqlar adı altında hətta milli təhlükəsizlik və ictimai asayiş tələblərinə cavab verməyən dini firqələrin ölkəmizə və millətimizə yad inanclarını yaymağa başladılar. Bir çox dini icma xaricdəki dini mərkəzlərin və missioner təşkilatlarının ölkədə təbliğçilərinə çevrilmişdi. Azərbaycanda dərin köklərə malik olmayan qeyri-ənənəvi dinlər geniş təbliğ edilirdi. Dini durumda tam aşkar olmasa da, qeyri-stabillik meyilləri özünü göstərir, radikallaşma prosesi canlanır və beləliklə, ümumi stabillik və hətta dövlətçilik üçün təhlükə notları səslənirdi.

Ümummilli lider Heydər Əliyev respublikada yenidən hakimiyyətə qayıdanda cəmiyyətin dinə bağlı durumu belə mürəkkəb və ziddiyyətli idi. Bu cür çətin şəraitdən yalnız yüksək dövlətçilik təcrübəsi olan bir şəxs baş çıxara, vəziyyəti düzgün qiymətləndirib dönüş yarada bilərdi. Yalnız Heydər Əliyev Öz dərin biliyi, yüksək bacarığı, mətin iradəsi, böyük idarəçilik təcrübəsi, düzgün və uzaqgörən siyasəti sayəsində dövlət-din münasibətlərini inzibatçılığa yol vermədən, məqbul beynəlxalq standartlara müvafiq şəkildə öz təbii məcrasına qaytara bilər, dövlətin strateji xəttinə əsasən tənzim edə bilərdi. İlk növbədə, din-dövlət münasibətlərində yaranmış uçurum aradan götürülməli, qarşılıqlı inam bərpa olunmalı idi və dövlətin antidin, ateist siyasəti yeritməməsinə insanları inandırmaq, dinin, həqiqətən də, milli-mənəvi dəyərlərdə yerini müəyyən etmək tələb olunurdu. Bu, asan və tezliklə həyata keçirilməsi mümkün olan iş deyildi. Yəqin ki, hər şeydən əvvəl vəziyyətdə köklü dəyişiklik yaratmaq üçün problemə münasibət bildirməklə yanaşı, qanuni zəmin hazırlamaq lazım idi. Bu məqsədlə “Dini etiqad azadığı haqqında” Azərbaycan Respubikası Qanununda müəyyən dəyişikliklər edildi, bəzi maddələr ləğv, bəzisinə isə əlavələr edildi.

Ulu öndər Heydər Əliyev islamiyyətlə bağlı olan dini mərasim və adətlərin də layiqincə keçirilməsi üçün hər cür şərait yaratmışdı. 1994-cü ildə Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində müqəddəs Kəbəni ziyarət etməsi, Mirmövsüm Ağa ziyarətgahında din xadimləri və möminlərlə görüşməsi, Bibiheybət məscid-kompleksinin yenidən qurulmasına xeyir-dua verməsi Ulu öndərin dini-əxlaqi dəyərlərə sadiqliyinin, Allahını və peyğəmbərini sevən imanlı bir insan olmasının real təsdiqi idi. Qloballaşan dünyada mənəvi dəyərlərin böyük təhlükələrlə üzləşdiyi məqamlarda Heydər Əliyev qətiyyətli bir lider kimi mövqeyini ortaya qoyurdu. Ulu öndərin milli-mənəvi dəyərlərin qorunması ilə bağlı 2001-ci il avqustun 13-də verdiyi “Milli-mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir” bəyanatı problemə təkcə dövlət rəhbərinin yox, həm də müdrik bir el ağsaqqalının münasibəti idi. “Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”, - deyən Ümummilli liderin işıqlı ideyaları bu gün də yaşayır və həyata keçirilir.

Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Azərbaycan Prezidenti İlham Əliyev regionda cərəyan edən proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən ciddi fenomenə çevrilmişdir. Bu gün Prezident İlham Əliyevi, eyni zamanda, Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük. Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Dövlətçilik hisslərinə malik olmadan xalq milli dövlətini inkişaf etdirə bilməz.

Bu gün Ulu öndərin ali ideyalarının gerçəkləşməsində cənab İlham Əliyevlə birgə Onun xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva da yaxından iştirak edir. Yüksək mənəvi-əxlaqi dəyərləri parlaq şəxsiyyətində cəmləyən Azərbaycan qadını kimi Mehriban xanım Əliyeva demokratik, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına birinci xanım ənənəsini də gətirmişdir. Əslində, nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansısa mərhələsində unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı məhz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.

Etiraf edilməlidir ki, bu gün Azərbaycanın tutduğu demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu millətin özünü dərindən dərk etməsini tələb edir, milli özünüdərk isə millətin ictimai və dini fikrinə, fəlsəfəsinə, adət-ənənələrinə müraciət edilməsini labüd edir. Çünki burada, bir tərəfdən, milli substansiyanın özünüdərk təcrübəsi, digər tərəfdən isə, bu substansiyanın nisbətən güclü və aydın mənəvi təzahürləri cəm olmuşdur. Əsrlər boyu Azərbaycan ərazisində müxtəlif millətlərin, etnik qrupların və dinlərin nümayəndələri yaşamalı olublar. Onlar illərlə Azərbaycanda əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşayıblar və ölkəmiz müxtəlif sivilizasiyaların qovuşduğu məkan olub.

Tarix boyu ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələrini həmişə dostluq, qardaşlıq münasibətləri birləşdirib. Ayrı-ayrı etiqad və inanclara malik insanların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında xalqımıza xas olan mədəni və mənəvi dəyərlər müstəsna rol oynayıb. İndi də Azərbaycanda müxtəlif dini və etnik qruplar sülh şəraitində birgə yaşayırlar və tarixən tolerant cəmiyyətin bərqərar olması burada məskunlaşmış azsaylı xalq və etnik qrupların öz varlığını qoruyub saxlamasına əlverişli mühit yaradıb.

Bu gün ölkəmizdə multikulturalizm həm də dövlət siyasəti kimi həyata keçirilir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda multikulturalizm ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi fəaliyyət indi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük inamla davam etdirilir. Qeyd edək ki, dövlət başçısının Azərbaycanda multikultural münasibətlərin inkişafı yönündə atdığı addımlar davamlı xarakter daşıyır. Bildiyimiz kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan edib və Prezidentin təşəbbüsü ilə multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Yürüdülən siyasətin nəticələrindən biri olaraq, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təsis edilib. Bu addım multikulturalizm sahəsində ölkədə əsrlərdən bəri toplanmış böyük tarixi təcrübəyə qayğı zərurətindən qaynaqlanır.

Ümummilli lider Heydər Əliyev multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edir, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, müxtəlif dinlərə məxsus insanların dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Multikulturalizmi Azərbaycanın dövlət siyasəti, xalqımızın həyat tərzi kimi dəyərləndirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir.

Dövlətimizin başçısı daim ölkəmizin bu təşkilatlar tərəfindən qəbul edilən milli azlıqların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı konvensiyalara qoşulmasının vacibliyini qeyd edir. Azərbaycanın mənəvi-siyasi yüksəlişində son dərəcə vacib məqamlardan biri Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə 2011-ci ildən bəri, həm də mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar forumların keçirilməsidir.

Statistik məlumatlara görə, Azərbaycanda 100-dən artıq xalqın yaşadığı qeydə alınmışdır. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra məhdudiyyətlərin götürülməsi, sərhədlərin açılması bu rəqəmlərin artmasına səbəb olmuşdur. Müxtəlif xalqların, millətlərin özləri ilə gətirdikləri mədəniyyət çaşqınlıq, xaos yaratmadı. Daima geosiyasi baxımdan tranzit mövqedə yerləşən Azərbaycan mənən bu axına hazır idi. Multikulturalizm müxtəlif xalqların bütün mədəni göstəricilərinin qarşılıqlı inteqrasiyasını öyrənməyə yönəlmişdir.

Dünyanın inkişaf etmiş ölkələri inkişafın bu həddində belə tolerantlıq anlayışını mədəniyyətlərinə daxil edə bilmir, dini zəmində qarşıdurmalarla tez-tez rastlaşırlar. Lakin Azərbaycan Respublikasının bu istiqamətdə apardığı siyasət bu kimi dövlətlərə nümunə ola bilər. Hətta bir çox konfranslarda xarici mütəxəssislər bu işin necə təşkil olunmasının öyrənilməsi ilə də məşğul olduqlarını ifadə etmişdilər. Multukulturalizm anlayışını bəzi Avropa ölkələri qəbul etmirlər. Buna səbəb isə bu ölkələrin həmin ərazilərdə yaşayan xalqların mədəniyyətinə önəm verməmələri, onların özlərinin vahid mədəniyyətinə tabe olmalarını tələb etmələridir. Lakin humanizm ideyalarının, insan hüquqlarının qorunduğu bu əsrdə istər böyük, istərsə də kiçik xalqların mədəni mövqeyinə hörmətlə yanaşmaq dövlətin siyasətinin əsasını təşkil etməlidir. Azərbaycan ərazisində yaşayan ən xırda xalqların belə hüquqları qorunmuş, onlara qanun çərçivəsində azadlıq verilmişdir. Öz mədəniyyətlərini inkişaf etdirmək üçün teatr binaları, dillərinin qorunması üçün məktəblər və mətbu orqanlar yaradılmış, eyni zamanda, dini etiqadlarına hörmətlə yanaşılaraq ibadətgahlar tikilmişdir.

Bu cür etnik və dini zənginliyə malik Azərbaycan hər sıravi vətəndaşına qucaq açaraq onların hər birinə bərabər şərait və hüquqlar təmin edir. Fərqli dinlərin nümayəndələri hər zaman həmrəy olaraq vətənin azadlığı və firavanlığı uğrunda çalışıb, yeri gələndə silaha sarılaraq Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda vuruşublar. Ana vətən üçün canını fəda vermiş belə vətəndaşların anım yeri - Şəhidlər xiyabanı qardaşlıq və vəhdət simvoludur.

Bütün dünya hər il noyabrın 16-da Beynəlxalq tolerantlıq gününü qeyd edir. Hər il yüksək səviyyəli tədbirlər təşkil edən Azərbaycan 2016-cı ildə bu tarixi xüsusi təntənə ilə qeyd edəcək. Çünki 2016-cı il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Multikulturalizm ili” elan olunub. Tolerantlıqla paralel, hətta bənzər məna daşıyan və əhəmiyyət kəsb edən multikulturalizm çoxçalarlı etnik və dini tərkibli əhaliyə malik Azərbaycanda dövlət siyasətinin əsas vektorlarından biri hesab olunur.

Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi bir çox obyektiv amillərdən qaynaqlanır. Birincisi, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb, bu sahədə geniş təcrübə toplayıb. İkincisi, Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaradıb və indi bu, bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Üçüncüsü, Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün bütün zəruri siyasi və sosial şərait mövcuddur.

Azərbaycan Respublikası Konstitusiyasına əsasən, demokratik, hüquqi və dünyəvi dövlətdir. Azərbaycan bütün dini etiqadlara qarşı pozitiv sekulyarizm modelini tətbiq edir. Belə ki, dövlət dinə qayğı və dəstək göstərərək tolerantlığı din siyasətinin əsası və tərkib hissəsi kimi həyata keçirir. Konstitusiyada tolerantlığın qorunması üçün xüsusi maddə də əks olunub. Belə ki, qanunun 18-ci maddəsinin I bəndində göstərilir ki, “bütün dini etiqadlar qanun qarşısında bərabərdir”. 48-ci maddədə isə Azərbaycanda yaşayan hər kəsin vicdan azadlığı, ictimai qaydanı pozmayan, yaxud ictimai əxlaqa zidd olmayan dini mərasimlərin yerinə yetirilməsinin sərbəstliyi təsbit olunur.

Konstitusiya ilə qorunan bu hüquqlardan yararlanaraq Azərbaycanın hər bir vətəndaşı öz dini inancını, sosial fəaliyyətini rahat şəkildə yerinə yetirə bilir. Çünki əgər tolerantlıq avropalı üçün hüquqi bir vəzifədirsə, azərbaycanlı üçün mənəvi məsələdir. Bu gün ölkədə hökm sürən ictimai sabitlik, vətəndaş həmrəyliyi, etnik və dini tolerantlıq milli siyasətin məntiqi nəticəsidir. Əgər Azərbaycanın tarixinə nəzər salsaq, görərik ki, burada heç vaxt milli və dini zəmində ayrı-seçkilik və ya qarşıdurma baş verməyib, bunun tam əksi, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli, mədəni və dini münasibətlər mövcud olub və olmaqda davam edir. Müstəqilliyinin ilk dövrlərində dünyada gedən dinlərarası və mədəniyyətlərarası dialoq prosesinin aktiv iştirakçısı olan Azərbaycan bu gün, demək olar ki, bu prosesin hərəkətverici qüvvəsinə çevrilib.

Bunun məntiqi nəticəsidir ki, tarixən formalaşmış tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib. Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Şərqlə Qərb, Qərblə İslam dünyası arasında bir körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir.

Multikulturalizmin əsasında müxtəlif millətlərdən olan insanların hər bir şəxsiyyətə hörmət qoyaraq, qanunlar əsasında birgə yaşama ideyası dayanır. Bu zaman mədəni, dini, etnik və digər xüsusiyyətlərə zərər dəyməməlidir. Əsl multikulturalizmin hökm sürdüyü cəmiyyətə nail olmağın vasitələri tolerantlıq, qanunlara və bir-birinin azadlığına hörmət təşkil edir.

Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şərait yaradılmışdır. Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra ölkəmizdə multikulturalizm ənənələrinin güclənməsinə dövlət dəstəyi formalaşıb və bu siyasət ildən-ilə daha da güclənir. Azərbaycan multikulturalizm cəhətdən dünyaya nümunə olan bir ölkəyə çevrilmişdir. Azərbaycanda multikulturalizm dövlət siyasətinə çevrilmişdir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı bir dövlət kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Bu gün Azərbaycanda mədəni, etnik müxtəlifliyin qorunmasına yönələn və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi ənənələri qoruyub saxlamağa və daha da inkişaf etdirməyə yönəlmişdir.

Beynəlxalq konfranslarda alimlər, siyasətçilər, beyin mərkəzlərinin ekspertləri tərəfindən Azərbaycan bütün dünyaya dözümlülük, tolerantlıq örnəyi kimi göstərilir. Azərbaycandakı tolerantlıq və multikulturalizmin beynəlxalq aləmdə rəğbətlə qarşılanması dünya mətbuatında da öz əksini tapır. Avropalı və amerikalı jurnalistlərin müəllifi olduqları yazılarda Azərbaycan mədəniyyətlərarası və dinlərarası tolerantlıq nümunəsi kimi təqdim olunur. Azərbaycanın müsbət tolerantlıq təcrübəsindən çıxış edərək bu gün paytaxt Bakı son illər dini tolerantlıq mövzusunda bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edərək mədəniyyətlərarası dialoq üçün bir mərkəzə çevrilib. Bunun təsdiqi olaraq, son illərdə Dünya Dini Liderləri Sammitinin, MDB Dinlərarası Şurasının, MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının toplantılarının Bakıda keçirilməsini qeyd etmək kifayətdir.

Bu gün fəxrlə qeyd etmək olar ki, Azərbaycan təkcə neft ixrac edən ölkə deyil, həmçinin Qərbin özünə multikulturalizm ənənələri ixrac edəcək bir ölkədir. Əbəs yerə deyil ki, ölkəmizə təşrif buyuran Qərb siyasətçilərinin ən çox sadaladıqları məsələlər sırasında Azərbaycanın Qərb və dünya üçün multikulturalizm nümunəsi olması vurğulanır.

Nizami XUDİYEV

Yeni Azərbaycan.- 2016.- 23 aprel.- S.5