Oljas Süleymenova AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Fəxri Doktoru adı verilib

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda tanınmış şair, yazıçı, ədəbiyyatşünas, ictimai-siyasi xadim, diplomat, Qazaxıstanın Xalq Yazıçısı Oljas Süleymenova Fəxri Doktor adı verilməsi mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Oljas Süleymenovun rəhbərlik etdiyi Qazaxıstan nümayəndə heyətini AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli salamlayıb. O, Oljas Süleymenovun həyat və yaradıcılığı haqqında giriş nitqində qeyd edib ki, bütün türk dünyasının fəxri olan tanınmış şair və yazıçını Azərbaycan oxucuları çox sevir. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda onun yaradıcılığının öyrənilməsi istiqamətində aparılır, iki monoqrafiya nəşr edilib. AMEA-nın Elmi Şurasının 2016-cı il 2 aprel Qərarı ilə Oljas Süleymenova akademiyanın Nizami adına Ədəbiyyat İnstitutunun Fəxri Doktoru adı verilib.

Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev müasir qazax ədəbiyyatının inkişafında Oljas Süleymenovun mühüm xidmətlərini və rolunu vurğulayıb. Bildirib ki, onun hər kitabı bütün türk dünyasının intellektual həyatında əlamətdar hadisəyə çevrilib.

Dünya ədəbiyyatı və komparativistika” şöbəsinin böyük elmi işçisi, ədibin yaradıcılığı haqqında iki kitabın müəllifi Aida FeyzullayevaOljas Süleymenovun yaradıcılıq portretimövzusunda məruzə edib.

Sonra Qazaxıstan Milli Universitetinin rektoru, akademik Qalimqair Mutanov, Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov çıxış ediblər. A.Məhərrəmov xatırladıb ki, 2006-cı ildə O.Süleymenovun 70 illik yubileyi ilə əlaqədar ona BDU-nun Fəxri Doktoru adı verilib.

XX əsr ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı, filologiya elmləri doktoru Nizami Tağısoy, Milli Məclisin deputatı, “Atatürk” Mərkəzinin rəhbəri Nizami Cəfərov O.Süleymenovun ədəbiyyatın inkişafına verdiyi töhfələrdən söz açıblar.

Qeyd edilib ki, O.Süleymenovun şeir və poemaları ingilis, fransız, alman, ispan, çex, polyak, slovak, bolqar, macar, monqoltürk dillərinə tərcümə edilib. Şair Fransada xüsusilə tanınıb. Orada O.Süleymenovun müxtəlif vaxtlarda ədəbi mətbuatda dərc edilmiş şeirləri ilə yanaşı, bir neçə poetik toplusu da nəşr olunub. Parisdə nəşr edilmişMeymun ili” (1967) və “Gil kitab” ilə əlaqədar aparılan diskussiya Fransa ədəbi dairələrində geniş əks-səda doğurub.

O.Süleymenovun kosmosa həsr etdiyi şeirindən “Yer, insana təzim et” misrası Vladimir vilayəti Kirjaç yaxınlığında Yuri Qaqarinin həlak olduğu yerdə Rukavişnikovun yaratdığı obeliskin pyedestalına həkk edilib.

Yazıçının ssenariləri əsasında “Atalar yurdu” (1966), “Göy marşrut” (1968), bu yaxınlarda isə XIX əsr qazax şairi Maxambet Utemisov haqqında “Qırmızı yovşan” və “Ax, Peterburqda necə maraqlı idi” filmləri çəkilib.

O.Süleymenov tədbirdə çıxış edərək deyib: “Burada eşitdiyim səmimi sözlər məni həqiqətən həyəcanlandırdı və mənə xatırlatdı ki, bundan sonra həyatda nə etməliyəm. Başa düşdüm ki, Azərbaycana necə bağlıyam. Dilçiliklə yarım əsrdən çoxdur məşğulam. Qısaca olaraq daha nəyi edəcəyimi söyləyim. Mən bütün türklərin tarixinin təqdim edildiyi kitabımı başa çatdırmaq istəyirəm. Deyə bilərəm ki, türklərin tarixi türkologiyada qəbul edildiyi kimi V əsrdən deyil, eramızdan əvvəl IV əsrdən başlayır. Qədim Şumer, Misir, Çin abidələrində - hər yerdə türklər yazılı mədəniyyətin izini qoyublar. Bütün bunları toplamaq və ümumiləşdirmək lazımdır. Bu artıq yekunlaşmaq mərhələsindədir”.

Tədbir iştirakçılarına ədibin həyat və yaradıcılığı haqqında slaydlar göstərilib.

Yeni Azərbaycan.- 2016.- 27 aprel.- S.5