Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal
Forumunun rəsmi açılışı olub
Azərbaycan Prezidenti İlham
Əliyev açılış mərasimində iştirak
edib
Aprelin 26-da Bakıda BMT-nin Sivilizasiyalar Alyansının
VII Qlobal Forumunun rəsmi açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və xanımı Mehriban Əliyeva, o cümlədən
dünyanın 140 ölkəsindən dəvət olunmuş
qonaqlar mərasimdə iştirak ediblər.
BMT-nin
Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Bakının ev sahibliyi etməsi təsadüfi deyil. Çünki tolerantlığın məkanı,
multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan
mədəniyyətlərin dialoqunun inkişafına, mədəni
müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar
arasındakı qarşılıqlı münasibətlərin
tənzimlənməsinə yönələn mühüm
layihələrin reallaşdırılması, mötəbər
forumların keçirilməsi sahəsində zəngin təcrübəyə
malikdir.
2014-cü
il sentyabrın 26-da BMT Baş Məclisinin
69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal
Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə
qərar qəbul edilib. Ötən ilin iyul
ayında Prezident İlham Əliyev Forumun Bakı şəhərində
keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin
yaradılması haqqında Sərəncam imzalayıb.
“İnklüziv
cəmiyyətlərdə birgəyaşama:
çağırış və məqsəd” devizi
altında keçirilən Foruma BMT-yə üzv ölkələrin
dövlət və hökumət başçıları,
xarici işlər nazirləri, siyasi liderlər, tərəfdaş
qurumlar, beynəlxalq və regional təşkilatların
nümayəndələri, özəl sektor, incəsənət,
media və akademiyaların təmsilçiləri, donor təşkilatlar
və fondlar daxil olmaqla, çoxlu qonaq qatılıb. Onların arasında Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan və xanımı Əminə
Ərdoğan da var.
Malta
Prezidenti Mari-Luiz Koleyro Prekanın da iştirak etdiyi BMT-nin
Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakı şəhərində
yüksək səviyyədə təşkili Azərbaycan
dövlətinin beynəlxalq nüfuzunun daha da
artırılmasında, xalqımızın tarixi-mədəni
irsinin geniş miqyasda tanıdılmasında əhəmiyyətli
rola malikdir. Çünki tarixi İpək Yolu
üzərində yerləşən Azərbaycan müxtəlif
sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər
boyu milli-mədəni rəngarənglik mühitinin
formalaşdığı, ayrı-ayrı millətlərin və
konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq,
qarşılıqlı anlaşma və dialoq şəraitində
yaşadıqları diyar kimi tanınıb. Ölkəmizdə multikulturalizm artıq alternativi
olmayan həyat tərzinə çevrilib. Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması isə
müasir dövrdə ölkəmizdə gerçəkləşdirilən
siyasətin tolerantlıq prinsiplərinə bu gün də
sadiq qalmasının bariz nümunəsidir.
Dövlət və hökumət
başçıları, Forumun digər yüksək səviyyəli
iştirakçıları birgə foto çəkdiriblər.
Dövlətimizin
başçısı Forumun açılışında
nitq söyləyib: “Zati-aliləri, prezidentlər.
Hörmətli dostlar, dəyərli qonaqlar.
İlk növbədə hamınızı ölkəmizdə
salamlayıram, hər birinizi Azərbaycanda görməkdən
məmnunluq duyuram. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etmək bizim üçün
böyük fəxrdir. Biz bunu mədəniyyətlərarası
dialoq və multikulturalizm dəyərlərinin təşviqi
sahəsində fəaliyyətimizin yüksək qiymətləndirilməsi
əlaməti kimi qəbul edirik.
İlk
olaraq, Alyansın təsisçilərinə - Türkiyə və
İspaniyaya, Prezident Ərdoğan və Baş nazir Sapateroya
10 ildən artıq davam edən və olduqca əhəmiyyətli
təşəbbüsə görə minnətdarlığımı
bildirirəm. Alyansın yaradılması fikri
siyasətçilərin - qardaşım Prezident
Ərdoğan və Baş nazir Sapateronun müdrikliyinin əlaməti
idi və bu fikir beynəlxalq ictimaiyyət tərəfindən
də dəstəkləndi.
Bununla
yanaşı, mən BMT-nin Sivilizasiyalar Alyansındakı ali nümayəndəsi cənab Əl-Nasirə
sülh, həmrəylik və dostluq dəyərlərinin təşviqi
istiqamətində rəhbərliyi və töhfəsinə
görə təşəkkürümü bildirmək istərdim.
Fərəhlənirik ki, bu gün 140-dan artıq ölkənin
nümayəndəsi Sivilizasiyalar Alyansı ilə
bağlı mühüm məsələlərin müzakirəsi
üçün Bakıda toplaşıb. Azərbaycan əsrlər
boyu dinlər, mədəniyyətlər və
sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız
coğrafi körpü deyil, həm də mədəniyyət
körpüsüyük. Əsrlər boyu
müxtəlif dinlərin və mədəniyyətlərin
nümayəndələri Azərbaycanda sülh şəraitində
və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada
hər zaman mövcud olmuşdur. Multikulturalizm
sözü mövcud olmadığı bir zamanda belə, həmin
ideyalar daim yaşayıb.
Bunun nəticəsidir ki, bu gün Azərbaycan
çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada
bütün dinlərin və etnik qrupların nümayəndələri
sülh və əmin-amanlıq şəraitində
yaşayırlar. Bu, bizim ən
böyük sərvətimizdir və biz tariximizlə fəxr
edirik. Biz müxtəlif mədəniyyətləri
özündə əks etdirən tarixi abidələrimizlə
fəxr edirik. Dünyanın ən qədim
məscidlərindən biri Azərbaycanın qədim şəhəri
olan Şamaxıda 743-cü ildə inşa edilmişdir.
Bununla yanaşı, ən qədim kilsələrdən
biri - qədim Qafqaz Albaniyası dövrünə aid kilsə
də məhz Azərbaycanda, daha bir qədim şəhər
olan Şəkinin yaxınlığında yerləşir. Hökumətimiz
məscidlərin, pravoslav və katolik kilsələrinin, habelə
sinaqoqların inşası və təmirinə maliyyə vəsaiti
ayırır. Bu, bizim siyasətimiz və həyat
tərzimizdir. Əsrlər boyu Azərbaycan
ölkəmizdə mövcud olan siyasi və sosial vəziyyətə
baxmayaraq bu sərvəti qoruyub saxlamışdır. Ölkəmiz yalnız 25 ildir ki, müstəqil
dövlətdir. Lakin bu, qədim dövlətdir,
dərin tarixi və mədəni köklərə malikdir.
Bizim üçün multikulturalizm dövlət siyasətidir. Biz bu vacib məsələlərin
müzakirə edilməsi üçün müxtəlif tədbirlər
təşkil edirik. Biz hər iki ildən
bir Azərbaycanda Mədəniyyətlərarası Dialoq
Forumunu təşkil edirik. Mütəmadi olaraq biz
Bakı Beynəlxalq Humanitar Forumuna ev
sahibliyi edirik. Burada da əsas məqsəd
müxtəlif dinlərin nümayəndələrinin bir araya
gətirilməsindən, aramızda daha mühüm
qarşılıqlı anlaşmanın yaradılmasından
ibarətdir.
Azərbaycan
dinlərarası dialoq kimi vacib məsələyə həsr
edilmiş Dünya Dini Liderlərinin zirvə
toplantısına ev sahibliyi etmişdir. Hesab edirəm ki, bu mövzu bu gün dünyanın
gündəliyində duran ən mühüm məsələlərdəndir
və Sivilizasiyalar Alyansının rolu artmaqdadır. Əfsuslar olsun ki, biz, eyni zamanda, regionumuzda, Avropada,
Yaxın Şərqdə, keçmiş Sovet İttifaqı ərazisində
böyük narahatlıq doğuran meyillərin şahidi
oluruq. Etnik və ya dini zəmində
baş verən qarşıdurma və toqquşmalar çox təhlükəli
meyillərdir.
Hesab edirəm ki, Bakıda keçirilən belə bir
toplantı - VII Qlobal Forum bu məsələlərin
müzakirəsinə həsr ediləcək və həmrəylik,
sülh, qarşılıqlı anlaşma və tərəfdaşlıq
işinə öz töhfəsini verəcəkdir.
2008-ci ildə
biz “Bakı Prosesi”nin təşəbbüskarı
olduq ki, bu da mədəniyyətlərarası dialoq
üçün geniş bir platformaya çevrildi. Azərbaycan, eyni zamanda, həm İslam Əməkdaşlıq
Təşkilatına, həm də Avropa Şurasına üzv
olan yalnız bir neçə dövlətdən biridir. Beləliklə, 2008-ci ildə Avropa Şurasına
üzv dövlətlərin mədəniyyət nazirlərinin
Bakıda təşkil edilmiş toplantısına biz İslam
Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin
mədəniyyət nazirlərini dəvət etdik. Bu iki təşkilatı təmsil edən 100-dən
artıq nazir ilk dəfə Bakıda bir araya gəldi.
Növbəti
il, 2009-cu ildə biz İslam Əməkdaşlıq
Təşkilatının mədəniyyət nazirlərini
burada topladıq və Avropa dövlətlərinin mədəniyyət
nazirlərini Bakıya dəvət etdik. Bu proses “Bakı
Prosesi” adlandırıldı və biz fəxr edirik ki, bu
müsbət təşəbbüs artıq bizim qədim
şəhərimizlə bağlıdır. Bu proses inkişaf
edir və getdikcə daha çox dəstəklənir. O,
qlobal təşəbbüsə çevrilir, həmrəylik,
qarşılıqlı anlaşma və mədəniyyətlərarası
dialoqa öz töhfəsini verir. Azərbaycanın
coğrafi mövqeyi hər kəsə məlumdur, eyni zamanda,
bizim təşəbbüslərimiz mədəniyyətlər
və sivilizasiyalar arasında körpü kimi ölkəmizin
mövqelərinin gücləndirilməsi məqsədini
daşıyır. O ölkə ki,
qarşılıqlı anlaşmaya daha çox töhfə
vermək iqtidarındadır, bunu etməlidir.
Çox
fəxr edirik ki, ötən il Bakı ilk
Avropa Oyunlarına ev sahibliyi etdi. Gələn il
isə biz Bakıda 4-cü İslam Həmrəylik
Oyunlarını təşkil edəcəyik. Yəni, iki il içərisində Avropa və İslam
dövlətlərinin idmançıları eyni şəhərdə
oyunlarda iştirak etmiş olacaqlar. Məsələ
yalnız idman və medalların sayı, nailiyyətlərlə
bağlı deyil. Bu, dostluq,
qarşılıqlı anlaşma, həmrəylik və tərəfdaşlıq
deməkdir.
Bizim aramızda bölüşdürəcəyimiz
heç nə yoxdur. Hamımız eyni planetdə
yaşayırıq. Bütün xalqlar
sülh, əmin-amanlıq və təhlükəsizlik şəraitində
yaşamağı, ailələrini qorumağı,
övladlarını böyütməyi arzulayır. Bütün dinlər eyni dəyərləri -
insanlıq, mərhəmət, həmrəylik və
sülhü təbliğ edir. Bu gün
dünyanın tələb etdiyi səylərimizin birləşdirilməsidir.
Bugünkü toplantı, bu Forum multikulturalizm
ideyasının beynəlxalq ictimaiyyət tərəfindən
güclü dəstəklənməsinin aydın göstəricisidir.
Dediyim kimi, bu gün burada 140-dan artıq dövlətin
nümayəndəsi iştirak edir.
Multikulturalizmin alternativi yoxdur. Əlbəttə, bizə
məlumdur ki, bununla bağlı müxtəlif fikir və
baxışlar var. Bəziləri multikulturalizmin iflasa
uğradığını iddia edirlər, ancaq müsbət
nümunələr var. Bizim üçün multikulturalizm
dövlət siyasətidir və bizim həyat tərzimizdir.
Gəlin, alternativlərə nəzər salaq, onlar nədən
ibarətdir? Bunlar çox təhlükəli alternativlərdir -
ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik, diskriminasiya, nifrət.
Bu səbəbdən multikulturalizm dəyərlərinin
gücləndirilməsi hesab edirəm ki, müasir siyasətin
çox müsbət meyli olacaqdır. Bütün
məsuliyyətli siyasətçilər bu müsbət
dinamikaya töhfələrini verməlidirlər.
Bildirdiyim
kimi, Azərbaycan nisbətən gənc dövlətdir, bu il biz müstəqilliyimizin bərpasının
25-ci ildönümünü qeyd edəcəyik. Bu illər bizim siyasi və iqtisadi sistemimizin
transformasiya illəri olmuşdur. Bu,
dövlət quruculuğu illəri olmuşdur. Düşünürəm ki, bütün
mühüm hədəflərimizə nail olmuşuq.
Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu
üzvünə çevrilmişdir. Azərbaycan BMT, ATƏT, İslam
Əməkdaşlıq Təşkilatı, Avropa
Şurası, Qoşulmama Hərəkatı və bir sıra
digər beynəlxalq qurumların üzvüdür. Biz güclü beynəlxalq dəstəyə malikik.
2011-ci ildə 155 dövlətin dəstəyi ilə
Azərbaycanın ilk dəfə BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvlüyünə
seçilməsi məhz bunun təzahürü oldu. Bu, ölkəmizin böyük qələbəsi və
Azərbaycana böyük ehtiramın əlaməti oldu.
Olduqca
qısa zamanda, 25 il içərisində
biz özümüzü etibarlı beynəlxalq tərəfdaş,
müstəqil xarici siyasətə malik, regional inkişafa, təhlükəsizliyə,
sabitliyə və multikulturalizmə töhfə verən
ölkə kimi təqdim etməyə müvəffəq
olmuşuq. Müstəqillik illəri bizim siyasi
sistemimizin transformasiyası, demokratik təsisatların
yaradılması illəri olmuşdur. Biz buna
nail olmuşuq, Azərbaycanda bütün azadlıqlar təmin
edilir, o cümlədən media və internet
azadlığı. Ölkə əhalisinin 70
faizdən çoxu internet istifadəçisidir. Toplaşma və din azadlığı, yəni,
bütün azadlıqlar təmin edilir. Bu
isə öz növbəsində sürətli iqtisadi
inkişaf üçün yaxşı zəmin yaradır.
Azərbaycanda həyata keçirilən iqtisadi
islahatlar siyasi islahatlarla paralel şəkildə
aparılmışdır.
Təəssüflər olsun ki, dövlətçiliyimizin
yaranması zamanı qonşu Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzü dominant amil olmuşdur. Həmin təcavüz
ölkəmizin beynəlxalq səviyyədə
tanınmış ərazisinin bir hissəsinin
işğalı ilə nəticələnmişdir. Dağlıq Qarabağ Azərbaycanın tarixi
parçasıdır, hüquqi baxımdan da bu, belədir.
Azərbaycan BMT-yə üzv olarkən
Dağlıq Qarabağ ölkəmizin tərkib hissəsi kimi
qəbul edilmişdir.
Lakin həmin təcavüz nəticəsində
Dağlıq Qarabağ Ermənistan tərəfindən tamamən
işğal edilmişdir. Nəinki Azərbaycanın
Dağlıq Qarabağ bölgəsi, Dağlıq
Qarabağın ətrafında yerləşən digər
yeddi rayonu da işğal altındadır. İşğal
nəticəsində bizim 1 milyondan artıq qaçqın və
məcburi köçkünümüz yaranıb. Ermənistan bizə qarşı etnik təmizləmə
aparmışdır və ərazimizin 20 faizi 20 ildən
artıqdır ki, işğal altındadır.
İşğal edilmiş ərazilərimizdə hər
şey dağıdılmışdır. ATƏT oraya
iki dəfə faktaraşdırıcı missiya göndərmişdir
və onlar dəhşətli hesabatlar təqdim etmişlər.
Bütün tikililərimiz, tarixi abidələrimiz,
məscidlərimiz, məzarlıqlarımız
dağıdılmış vəziyyətdədir.
Burada, Bakının mərkəzində, siz erməni
xalqının dini mirasının tərəfimizdən necə
qorunduğunun şahidi ola bilərsiniz. Erməni kilsəsi bərpa edilmiş və ilk
gündən inşa edildiyi yerdə yerləşir. Lakin işğal edilmiş torpaqlarda bizim
bütün məscidlərimiz viran edilmişdir.
Bu işğala son qoymaq üçün beynəlxalq
ictimaiyyət müvafiq qətnamə və qərarlar qəbul
etmişdir.
Ən ali beynəlxalq qurum olan BMT Təhlükəsizlik
Şurası Ermənistan qoşunlarının işğal
edilmiş ərazilərimizdən dərhal və qeyd-şərtsiz
çıxarılmasını tələb edən dörd qətnamə
qəbul etmişdir. Əfsuslar olsun ki, Ermənistan
sadəcə bu qətnamələrə məhəl qoymur və
onlara əməl etmir.
Burada ən mühüm element beynəlxalq təşkilatların
qətnamə və qərarlarının icrası mexanizmidir. Bəzi
hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri
bir neçə gün, hətta bir neçə saat ərzində
həyata keçirilir. Bizə gəldikdə
isə, artıq 20 ildən çox keçir və münaqişə
həll olunmamış qalır.
ATƏT,
İslam Əməkdaşlıq Təşkilatı, Avropa
Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı
da Ermənistan qoşunlarının Azərbaycanın
işğal edilmiş ərazilərindən
çıxarılmasını tələb edən bənzər
qətnamə və qərarlar qəbul etmişlər. Ermənistan isə bunlara məhəl qoymur və
işğalçını beynəlxalq hüququn
normalarına əməl etməyə məcbur edəcək
beynəlxalq təzyiq isə göstərilmir.
Xalqımıza qarşı soyqırımı həyata
keçirilmişdir. Xocalı soyqırımı artıq 10
dövlət tərəfindən tanınmışdır.
Həmin soyqırımı nəticəsində
iki yüzü qadın və uşaq olmaqla, yüzlərlə
azərbaycanlı - mülki şəxslər qətlə
yetirilmişdir. Bu, insanlığa
qarşı törədilmiş cinayətdir və bir daha
bizim hansı təhlükəyə məruz
qaldığımızı nümayiş etdirir.
Ermənistan ilə Azərbaycan arasındakı
münaqişə beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi,
BMT Təhlükəsizlik Şurasının qətnamələri
və Helsinki Yekun Aktı əsasında həll edilməlidir. Ərazilərimiz
azad edilməlidir, insanlarımız evlərinə geri dönmək
imkanına malik olmalıdır.
1990-cı illərin əvvəlində biz böyük
humanitar fəlakətlə üzləşdik. Çünki 250 min azərbaycanlı
Ermənistandan qovulmuş, daha 700 mindən çox məcburi
köçkün isə Dağlıq Qarabağ və digər
bölgələrdən idi. O zaman Azərbaycanın əhalisinin
8 milyondan az olduğunu nəzərə
alsaq, adambaşına düşən qaçqın və məcburi
köçkün sayına görə Azərbaycan çox
güman ki, dünyada birinci yer tuturdu.
Biz bilirik ki, onların yerləşdirilməsi, zəruri
şəraitin yaradılması nə dərəcədə
çətin məsələdir. O vaxt biz tamamilə maliyyə vəsaitindən
məhrum vəziyyətdə, dünyanın ən yoxsul,
yaşayış səviyyəsinin yoxsulluqdan aşağı
olduğu ölkələrindən biri idik. Əlbəttə,
o zaman bizə müəyyən beynəlxalq dəstək
göstərilirdi, lakin əsasən biz bu məsələnin
öhdəsindən özümüz gəldik.
Bu günə
qədər 90-dan artıq qəsəbə inşa etməyimizə
və hər il 20 min qaçqın və
köçkünü yerləşdirməyimizə baxmayaraq,
onların bəziləri hələ də çətin şəraitdə
- yataqxana, məktəb və uşaq bağçalarında
yaşayır. Biz onların yaşayış
şəraitinin yaxşılaşdırılması
üçün əlimizdən gələni edirik, lakin bu,
uzun zaman tələb edir.
Yəni, bu gün biz bəzi ölkələrin
qaçqınlarla bağlı üzləşdiyi vəziyyəti
aydın şəkildə anlayırıq. Bu, həqiqətən
də humanitar fəlakətdir və bütün beynəlxalq
ictimaiyyət bu məsələlərin həllində
iştirak etməlidir. Ən çox
qaçqın qəbul etmiş ölkələr hazırda dəstəklənməlidir
- yalnız sözlə deyil, ciddi maliyyə yardımları ilə.
Bir daha qeyd etmək istəyirəm ki,
işğaldan əziyyət çəkməkdə davam edən
ölkə kimi bunların nə dərəcədə çətin
olduğu bizə yaxşı məlumdur. Hər
bir nöqteyi-nəzərdən - siyasi, mənəvi, iqtisadi və
sosial baxımdan.
İşğala baxmayaraq, ölkəmiz inkişaf edir. Biz onillik ərzində
- 2004-2014-cü illərdə dünyada ən yüksək
iqtisadi artım göstəricilərinə malik olmuşuq.
Biz yoxsulluğu kəskin şəkildə, 50
faizdən təqribən 5 faizə endirə bilmişik. İşsizliyin səviyyəsi də 5 faizə
yaxındır. Biz təhsilə sərmayə
yatırırıq. Azərbaycanda
savadlılığın səviyyəsi 100 faizə
yaxındır. Son illər ərzində 3
mindən artıq yeni məktəb tikilib və ya bərpa
edilib. Ölkə ərazisində 500-dən
artıq xəstəxana inşa edilib. Bu isə
uşaq ölümlərinin kəskin şəkildə
azaldılmasına yardım etdi.
Azərbaycanda
gender bərabərliyi tam olaraq müdafiə edilir. Əslində, Azərbaycanda qadınlar təqribən
100 ildir ki, yəni, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin
yaranması dövründən səsvermə hüququna
malikdir. Yeri gəlmişkən, həmin
respublika müsəlman dünyasının ilk demokratik
respublikası olmuşdur.
Biz ətraf mühitin qorunmasına sərmayə
yatırırıq. Burada, Abşeron yarımadasında neft
hasilatı səbəbindən çirklənmiş geniş ərazilər
mövcud idi və biz bu əraziləri təmizləməli
olduq. Yerində isə parklar və ictimai
yerlər yaratdıq. Başqa sözlə
desək, biz BMT-nin Minilliyin İnkişaf Məqsədləri
ilə bağlı çox vacib irəliləyiş əldə
edirik və düzgün yoldayıq.
Hətta bu gün, neftin qiymətində kəskin
ucuzlaşma baş verdiyi və bütün neft
istehsalçısı olan dövlətlərin iqtisadi
böhranla üzləşdiyi bir vaxtda bu, bizim
iqtisadiyyatımıza ciddi təsir göstərməmişdir
və mən əminəm ki, biz 2016-cı ildə
bütün əsas məqsədlərimizə nail
olacağıq.
Azərbaycan enerji resursları ilə zəngin ölkə
kimi tanınır. Ancaq bizim əsas məqsədimiz “qara
qızıl”ın, yəni, neftin insan kapitalına çevrilməsidir.
Bu səbəbdən, təhsil sahəsinə sərmayələrin
qoyuluşu, sosial müdafiənin gücləndirilməsi və
islahatlar elə bir vəziyyət yaradıb ki, iqtisadiyyatımız
şaxələndirilib və neftdən asılılıq
azalmaqdadır.
Bununla
yanaşı, biz irimiqyaslı enerji layihəsinin - “Cənub
Qaz Dəhlizi”nin təşəbbüskarı
olmuşuq. Bu, enerji əməkdaşlığı
və enerji təhlükəsizliyi layihəsidir. Eyni zamanda, biz coğrafi mövqeyimizi nəzərə
alaraq nəqliyyat dəhlizlərinin təşviqi ilə məşğul
olan ölkələrdən ibarət heyətin fəal
üzvüyük. Ölkələrin
sayına nəzər salsaq hansı regional əməkdaşlıqdan
söhbət getdiyi aydın görünər. İcazənizlə, mən onların adlarını
sadalamaq istərdim. Bu enerji və nəqliyyat
dəhlizləri yalnız enerji və yüklərin
daşınması demək deyil. Bu, əməkdaşlıq
dəhlizləridir. “Cənub Qaz Dəhlizi”
layihəsinin üzvləri Azərbaycan, Gürcüstan,
Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və
İtaliyadır. Əminəm ki,
sonrakı mərhələdə Balkan ölkələri də
layihəyə qoşulacaq.
Şərq-Qərb dəhlizi - İpək Yolu layihəsi
üç dövlət - Azərbaycan, Gürcüstan və
Türkiyə tərəfindən irəli
sürülmüşdür. Bu gün o, genişlənməkdədir,
Mərkəzi Asiya və Çini, Türkiyədən isə
Avropa istiqamətini əhatə edir. Bu,
yeni İpək Yolu olacaqdır. Şimal-Cənub
dəhlizi də Azərbaycanın fəal iştirak etdiyi layihədir.
Bu layihə Şimali Avropa ölkələrini,
Rusiya, Azərbaycan, İran, Pakistan və Hindistanı əhatə
edir.
Bu layihələr tərəfdaşlıq layihələridir. Çünki
bütün bu dövlətlər bir-biri ilə bağlı
olur. Əgər siz bir-birinizlə
bağlı, bir-birinizə arxayın vəziyyətdəsinizsə,
o zaman daha çox proqnozlaşdıra bilmə, təhlükəsizlik
və əməkdaşlıq olur.
Enerji təhlükəsizliyi və nəqliyyat kimi
iqtisadi maraqlar, çətinliklərin öhdəsindən gələrək
xalqlarımıza daha yaxşı şərait yaratmaq kimi dəyərlərin
paylaşılması və bütün bunların təməlində
birgə dəyərlərimiz olan dini
dözümlülük, qarşılıqlı anlaşma və
multikulturalizm əsasında qurulmuş beynəlxalq əməkdaşlıq
formatları hesab edirəm ki, region xalqlarının həyatını
daha da yaxşılaşdıracaq.
Bir daha bu vacib tədbirdə bu gün bizimlə
olduqlarına görə bütün qonaqlarımıza minnətdarlığımı
bildirir, Forumun işinə uğurlar arzulayıram”.
* * *
Sonra BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi
Nasir Əbdüləziz Əl-Nasir çıxış edərək
deyib: “Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri
cənab İlham Əliyev.
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb
Tayyib Ərdoğan.
İspaniyanın xarici işlər naziri cənab Xose
Manuel Qarsia Marqallo.
Zati-aliləri, hörmətli qonaqlar, nümayəndələr,
xanımlar və cənablar.
İcazə
verin, çıxışıma Birləşmiş Millətlər
Təşkilatının Sivilizasiyalar Alyansının
“İnklüziv cəmiyyətlərdə birgəyaşayış:
çağırış və məqsəd” mövzusuna həsr
olunmuş VII Qlobal Forumunu qəbul etdiyinə görə Azərbaycan
Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham
Əliyevə və Azərbaycan hökumətinə dərin
minnətdarlığımı ifadə etməklə
başlayım.
Prezident Əliyevin bu məsələ ilə
bağlı liderliyi xüsusi qeyd edilməlidir. 2016-cı ilin
“Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar Onun irəli
sürdüyü təşəbbüs dünya xalqları
arasında münasibətlərin gücləndirilməsinə
yönəlmiş mühüm addım kimi geniş şəkildə
təşviq edilir. Bu baxımdan hesab edirik
ki, Bakı bu tədbirin keçirilməsi üçün ən
münasib bir yer idi. Çox sağ
olun, cənab Prezident.
Son bir
neçə il ərzində mən
multikulturalizm və tolerantlığı təşviq etmək
şərəfinə nail oldum. Alyans
radikallaşma və qütbləşmənin
qarşısını almaqla, daha böyük mədəniyyətlərarası
anlaşmanı həvəsləndirməklə, eləcə
də bu məqsədləri irəliyə doğru aparan layihə
və proqramlarda iştirak etməklə daha təhlükəsiz
dünyanın qurulmasına töhfə vermək
üçün formalaşdırılmış zərif
qüvvə mexanizmi rolunu oynayır. Bu
gün bizim hamımızın əldə edilmiş nailiyyətləri
nəzərdən keçirmək, üzləşdiyimiz
çağırışları və qarşımızda
duran vəzifələri araşdırmaq imkanımız
olacaq.
Bu ilin
şüarı “İnklüziv cəmiyyətlərdə birgəyaşayış:
çağırış və məqsəd” mövzusudur. Bu şüar BMT-nin sülh və təhlükəsizlik,
insan haqları, qanunun aliliyi və davamlı inkişaf kimi
dörd əsas prinsipinə uyğun gəlir. Daha dəqiq
desək, bu şüar 2030-cu il
üçün davamlı inkişaf gündəliyinə
uyğundur. Davamlı inkişafın 16-cı məqsədində
xüsusi olaraq deyilir: “Davamlı inkişaf naminə sülhsevər
və inklüziv cəmiyyətlər təşviq edilməli,
hamının ədalətə çıxışı təmin
olunmalı və bütün səviyyələrdə səmərəli,
məsuliyyətli və inklüziv təsisatlar
qurulmalıdır”. Davamlı inkişaf sülh
və təhlükəsizlik olmadan həyata keçirilə
bilməz. Eyni zamanda, sülh və təhlükəsizlik
davamlı inkişaf olmadan riskə məruz qalır”.
Nasir Əbdüləziz Əl-Nasir zorakı ekstremizm,
terrorçuluq, işsizlik və digər problemlərin həllinə
gənclərin də yaxından cəlb edilmələrinin
vacibliyini diqqətə çatdırıb. O, qarşıya qoyulan
ümdə vəzifələrə nail olmaqda dialoqun çox
vacib rol oynadığını vurğulayaraq bildirib:
“İnklüziv cəmiyyətlərin qurulması dialoq və
inteqrasiya, təhsil, gənclər, mədəni müxtəliflik,
miqrasiya, media və ünsiyyət kimi sahələrdə
çətinliklərin aradan qaldırılmasını tələb
edir. Bu sahələrin hamısı Sivilizasiyalar
Alyansının mandatı daxilindədir. Zorakı
ekstremizmin araşdırılması, qarşısının
alınması və vaxtında tədbirlərin görülməsi
bəşəriyyətin üzləşdiyi ən mürəkkəb
məsələlərdən biridir. Zorakı
ekstremizm BMT-nin məqsəd və prinsiplərinə
qarşı çıxan bir
çağırışdır. Baş
katib BMT-nin müxtəlif qurum və təşkilatlarına
müraciət edərək onlardan birgə işləməyi,
“birgə nail olaq” adlı inklüziv yanaşma vasitəsilə
zorakı ekstremizmin qarşısının alınması ilə
bağlı tədbirlər planını həyata keçirməyi
tələb etmişdir. BMT-nin Sivilizasiyalar
Alyansı bütün bu qlobal
çağırışların mədəni və dini
müxtəliflik, o cümlədən zorakı ekstremizm
baxımından həlli üçün inklüziv
yanaşmalar üzərində çalışır. Biz BMT-nin digər qurumları və bölmələri
ilə birgə zorakı ekstremizmin aradan qaldırılması
üçün baş katibin tədbirlər planının tərtibatında
iştirak etmişik. Nəzərdə
tutulan tədbirlərdə xüsusən də dini və mədəni
kökləri olduğu təqdirdə qütbləşməyə,
radikallaşmaya və zorakı ekstremizmə qarşı
mübarizə aparmaq planlaşdırılır”.
BMT-nin
Sivilizasiyalar Alyansının ali nümayəndəsi
Bakıda keçirilən Forum çərçivəsində
müxtəlif sessiyalarda zorakı ekstremizm mövzusunun
xüsusilə diqqət mərkəzində
olacağını bildirərək vurğulayıb: “Ötən
il BMT-nin Sivilizasiyalar Alyansı özünün 10-cu
ildönümünü qeyd etdi və üzv dövlətlər
konsensusla Baş Məclisin yeni qətnaməsini qəbul etməklə
dəstəyin vacibliyini etiraf etdilər. Bu tədbirlər
zorakı ekstremizmin qarşısının alınmasına
töhfə verən məsələlərə müsbət
təsir göstərir. Vaxt keçdikcə
həmin layihələr orada iştirak edən şəxslərin
həyatını da dəyişdirdi.
BMT Sivilizasiyalar Alyansının layihə fəaliyyətinin
təsiri yalnız təlimdə iştirak etmiş şəxslərin
sayı, imkanların yaradılması, mədəniyyətlərarası
mübadilə və təhsil proqramları ilə
ölçülə bilməz. Onun real bəhrəsini
gənc vətəndaş cəmiyyəti liderlərinin fəaliyyətini,
icmalarda, eləcə də regional və milli səviyyələrdə
həyata keçirilən proqramların nəticələrini
hiss etməklə ölçmək olar. Bu
tədbirlərlə BMT-nin Sivilizasiyalar Alyansının
proqramları tolerantlıq, anlaşma və
qarşılıqlı hörmət kimi müsbət mesajlar
almış yüz minlərlə insana, o cümlədən gənclərə
müsbət təsir göstərir.
Xanımlar və cənablar, biz zorakı ekstremizmin
qarısını almaq üçün ədavət və
etimadsızlıq kimi fikirlərin yayılmasına
qarşı çıxmalıyıq. Biz mediada
Avropada kütləvi böhranın idarə edilməsi
üsulunu və bir sıra ölkələrdə
miqrantların ədavət şüarları altında necə
qəbul olunduqlarını görürük. Miqrantlar, qaçqınlar və gənclər
terrorçu qruplar tərəfindən zor tətbiq edilməklə
səfərbər olunma kimi böyük risk
altındadırlar. Bəzi mətbu orqanlar
tərəfindən miqrantlar və terrorçular arasında
yaradılan eyniləşmə xüsusən də qəbul edən
ölkələrdə ksenofobiyanı, stereotipləri,
ittihamları artırır və nəinki ədavətə,
təcrid olunmaya, qütbləşməyə, o cümlədən
radikallaşmaya, zorakılığa və terrorçuluğa
yol açır.
Cari münaqişələr, o cümlədən
humanitar böhranlar və nəticədə insanların zorla
didərgin düşməsi zorakı ekstremizm və
terrorçuluq hədəsini artırır və son onilliklər
ərzində əldə edilmiş inkişafı təhdid
altına çəkir. Biz 2030-cu il üçün
davamlı inkişaf gündəliyini həyata keçirmək
istiqamətində səylərimizi artırmalıyıq. Heç kəs bu işdən kənarda qalmalı
deyil. Yadda saxlayaq ki, bu işdə biz
hamımız tərəfdaşıq, biz hamımız qlobal
vətəndaşıq. Qoy, işlərimiz
sözlərimizlə düz gəlsin.
Yekunda icazə verin, bir daha bildirim ki, “müharibə
insanların beynində başlayır” kəlməsi var və
sülhə aparan yol insanların qəlbindən keçir. Ümid edək
ki, BMT-nin Sivilizasiyalar Alyansının təmin etdiyi bu platforma
sülhə körpü salmaq üçün insanların
beyninə və qəlbinə yol tapacaq.
Sizə Forumun işində məhsuldar müzakirələr
arzulayıram.
Sağ olun”.
* * *
Daha sonra BMT-nin baş katibi Pan Gi Munun Forum
iştirakçılarına videomüraciəti
nümayiş etdirilib. Pan Gi Mun videomüraciətində deyib: “Zati-aliləri
Azərbaycan Prezidenti cənab İlham Əliyev.
Zati-aliləri Türkiyə Prezidenti cənab Rəcəb
Tayyib Ərdoğan.
Zati-aliləri İspaniyanın xarici işlər naziri cənab
Xose Manuel Qarsiya Marqallo.
Zati-aliləri
BMT-nin Sivilizasiyalar Alyansının ali
nümayəndəsi cənab Nasir Əbdüləziz
Əl-Nasir.
Zati-aliləri, xanımlar və cənablar.
İcazə verin, nitqimə müəyyən səbəblərlə
əlaqədar planlaşdırıldığı kimi sizə
şəxsən qoşula bilmədiyimə görə dərin
təəssüfümü ifadə etməklə
başlayım.
Mən
BMT-nin Sivilizasiyalar Alyansının VII
Qlobal Forumunun bütün iştirakçılarına səmimi
salamlarımı çatdırmaqdan məmnunam. Mən bu dəyərli təşəbbüsə
görə həmtəsisçilər olan Türkiyə və
İspaniyaya təşəkkürümü bildirirəm.
Mən Zati-aliləri Prezident İlham Əliyevin, Azərbaycan
hökumətinin və Bakı şəhərinin qonaqpərvərliyini
yüksək qiymətləndirirəm.
Biz ağır böhranlar zamanında
yaşayırıq. Rekord sayda insan öz evini tərk etmək
məcburiyyətində qalır. Bir
çoxları zorakı ekstremizm və təqibdən
qaçır. Onlar təhlükəsiz
sığınacaq olacağına ümid etdikləri yerə
çatanda çox vaxt nifrət və diskriminasiya ilə
qarşılanırlar. Bölünmə və
təcrid ekstremistlərə sərf edir. Onların
atdığı bombalar binaları hədəfə alır.
Lakin əslində onların məhv etmək istədiyi
bizim qarşılıqlı anlaşmamızdır. Bu səbəbdən də mən bu Forumun
“İnklüziv cəmiyyətlərdə birgəyaşayış”
mövzusuna həsr olunmasını alqışlayıram.
Bu, həmçinin
davamlı inkişaf üzrə 2030-cu il
gündəliyinin əsas məqsədidir. Bu
gündəlik bütün insanlar, xüsusilə
irqçilik, diskriminasiya, ksenofobiya və
zorakılığın digər formaları üzündən
uzun müddət təcrid olunmuş insanlar
üçündür. Alyans heç kimin
unudulmaması və hamıya ləyaqətli həyat təmin
etmək üçün bu qlobal planı
reallaşdırmağa kömək edir. Mən
BMT-nin bu qurumunu tam dəstəkləyirəm.
Zati-aliləri, xanımlar və cənablar, gələn
ay İstanbulda keçiriləcək ilk Ümumdünya Humanitar
Yardım Sammitində biz ən həssas insanların
ehtiyacları ilə məşğul olacağıq. Mən sizin
hamınızı bu əhəmiyyətli toplantını dəstəkləməyə
çağırıram. Sonra sentyabrın
19-da Baş Məclis irimiqyaslı miqrasiya
çağırışları üzrə mübarizə
ilə bağlı yüksək səviyyəli
görüş keçirəcək. Eyni
zamanda, biz bütün dünyada mübahisə və
münaqişələri həll etmək və sülhü
möhkəmləndirmək üçün işləyirik.
Biz münaqişələrin əsas səbəbləri
ilə məşğul olaraq diqqəti onların
qarşısının alınmasına cəmləşdiririk.
Baş Məclis BMT-nin zorakı ekstremizmin
qarşısının alınması ilə bağlı Fəaliyyət
Planını alqışlayıb. Bu fenomenin kökü heç bir
din, region, milliyyət və etnik qrupla bağlı deyil. Stereotipləşmə təhlükəlidir və
sabitliyi pozur. Sensasiya dalınca qaçmaq
qəzetləri satdıra bilər, lakin problemləri həll
etmir. Mən Alyansın mülayim
baxışlı təbəqələrin səsini gücləndirmək
və faktları təqdim etməyə yardımla
bağlı işini alqışlayıram.
Şübhə və qorxu dolu dünyada Alyans etimad və
anlaşma yaradır. Onun layihələri gənc
innovatorları dəstəkləyir, jurnalistləri resurslarla təmin
edir və dialoqu dəstəkləyən liderlərə
hörmət edir. Gəlin, həmçinin
zamanımızın çağırışları ilə
üzləşdiyimiz bir vaxtda bu qiymətli Alyansı gücləndirək.
Təşkilatçılığınıza və
hazırlığınıza görə təşəkkür
edirəm”.
* * *
İspaniyanın
xarici işlər naziri Xose Manuel Qarsia Marqallo
çıxış edərək deyib: “Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev.
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb
Tayyib Ərdoğan.
Digər nümayəndələr, İspaniya hökumətinin
nümayəndələri, xanımlar və cənablar.
Əvvəlcə
səmimi qonaqpərvərliyə və bu Foruma ev
sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə
təşəkkürümü bildirmək istərdim. Həmçinin baş katib cənab Pan Gi Muna bu təşəbbüsə
verdiyi davamlı dəstəyə görə minnətdaram.
Eyni zamanda, ali nümayəndə
Əl-Nasiri və Sivilizasiyalar Alyansının həmtəsisçisi
olan Türkiyə Prezidenti Ərdoğanı salamlayıram.
Əsrlər boyu Bakı karvansarayları Roma və ya
İstanbuldan başlayan Asiyanın hüdudlarına gedən
Böyük İpək Yolunun səyahətçilərini qəbul
edib. Bazar və küçələrdə həmin vaxt
tacirlər ipək və ədviyyatlarla mübadilə
etmiş, müxtəlif ölkələr barədə xəbərləri
bölüşmüş və Şərqin, eləcə də
Qərbin dahiləri barədə ətraflı məlumatlar
vermişlər. İpək Yolu bir növ
həmin vaxtın interneti idi və Bakı isə onun bir hissəsi,
ən mühüm qovşaqlarından biri idi. Bu baxımdan xoş təsadüfdür ki, Bakı
bu gün Sivilizasiyalar Alyansının Forumunu qəbul edir.
Azərbaycan və onun paytaxtı Lissabon və Madriddən
tutmuş Pekinə qədər böyük məkanın mərkəzində
yerləşir, bir çox yeni marşrutların
başlanğıcıdır. Buradan insanlar
keçir, ideyalar mübadilə olunur və ticari əlaqələr
qurulur.
Bu gün biz Bakıda ona görə
toplaşmışıq ki, yeni qlobal İpək Yolundayıq. Sivilizasiyalar
Alyansı elə bir məkandır ki, dünyanın müxtəlif
yerlərindən səyahətçilər və onların
karvanları məhz buradan keçir. Bu
baxımdan bu tədbir hamını bir araya gətirir. Bütün bu mübadilələr və əlaqələr
bizim müxtəlif çağırışlara qarşı
cavab tədbirlərinin görülməsinə, çoxtərəfli
münasibətlər sisteminin qurulmasına xidmət edə bilər”.
İspaniyanın
xarici işlər naziri terrorizmə qarşı mübarizədə
səyləri daha da artırmağın vacibliyini
vurğulayaraq bildirib: “Terrorizm heç bir vəchlə
İslamla əlaqələndirilməməlidir. Çünki terrorizmin qurbanlarının əksəriyyəti
elə müsəlmanlardır. Əminəm
ki, mənim ölkəmdə də məhz bu cür
düşünürlər.
Üzləşdiyimiz terrorizm o qədər nəhəngdir
ki, heç bir ölkə bu bəlaya qarşı təkbaşına
mübarizə apara bilməz. Bu, BMT-nin müvafiq sənədlərində
də əksini tapıb. Milli mədəniyyətlər
də hər zaman BMT-nin sülh və təhlükəsizlik
sahəsində gördüyü işlərdə və
göstərdiyi səylərdə mühüm yer tutur. Təbii ki, mədəni meyarlar heç bir halda inkar
edilə bilməz. Çünki mövcud
münaqişələrə istər mədəniyyətlərarası,
istərsə də dinlərarası dialoq yolu ilə son qoyula
bilər. Beləliklə də, mədəniyyətlərarası
dialoq yolu ilə münaqişələrin
qarşısının alınmasının preventiv, - yəni,
qabaqlayıcı tədbirlərinə doğru getməliyik”.
Xose Manuel
Qarsiya Marqallo terrorizmlə mübarizənin daha qabarıq
xarakter alması üçün terror qurbanlarının səsinə
də həssaslıqla yanaşılmasının önəmini
diqqətə çatdıraraq deyib: “Biz BMT-nin Baş Məclisi
qarşısında məsələ qaldırdıq. Çünki biz məhz terrorizmdən əziyyət
çəkən ölkələrin nümayəndələrinin
fikirlərini yüksək kürsüdən dinləmək
istədik. Çünki biz bu məsələni
BMT kürsülərindən hamının eşitməyini
istəyirdik. Beləliklə də, biz
terrorizmin qarşısını almağı və buna son
qoymağı tələb edirdik. Biz inanırıq ki,
qarşıya qoyulan ali məqsədə
nail olmaq üçün məhz terrorizmdən əziyyət
çəkən ölkələrə daha çox diqqət
yetirilməlidir. Biz, həmçinin dini və
etnik azlıqlara diqqət yetirilməsinin vacibliyini
anlayırıq.
Hazırda dünyada baş verən böhranlardan və
münaqişələrdən zərər çəkən
çoxlu insanlar var. Biz terrorizmə və münaqişələrə
qarşı səmərəli mübarizə aparmaq
üçün üç istiqamətdə işləməliyik. Birincisi,
ümumi vətəndaşlıq prinsiplərini, insan
haqlarını, bərabərlik amilini öndə
tutmalıyıq. İkincisi, milli
azlıqların müdafiə mexanizmləri səmərəli
olmalıdır. Üçüncüsü
isə, terrorizm aktlarını törədənlər qanun
qarşısında cavab verməlidir.
2015-ci ildə Parisdə dini münaqişələrin
qarşısının alınması, Yaxın Şərqdən
olan miqrantlar probleminin həlli ilə bağlı BMT-nin Təhlükəsizlik
Şurası qarşısında konkret tədbirlərin
görülməsi üçün iki təkliflə
çıxış etdim. Birincisi, nümayəndənin
təyin olunması, ikincisi isə, BMT-nin terrorizmə və
ekstremizmə qarşı mübarizə üzrə xüsusi
qrupunun yaradılması təkliflərini irəli
sürdüm. Mən bunu reallığa
çevirmək üçün sizin hamınızı birgə
fəaliyyətə çağırıram”.
İrqçiliyə
və bu qəbildən digər problemlərə qarşı
mübarizədən danışan İspaniyanın xarici siyasət
idarəsinin rəhbəri sülh
çağırışları və dialoqa
qadınların da geniş cəlb edilmələrinin zəruriliyini
qeyd edərək bildirib: “Xüsusilə xanımlara bir
müraciətim var. BMT-nin Təhlükəsizlik
Şurasının 2015-ci ilin oktyabrındakı
görüşündə 22.42 saylı qətnamə təsdiq
edilmişdir. Bu qətnamə qadınların
rolunu sülh carçıları kimi önə
çıxarmışdır. Təbii ki,
kişilərin məhz danışıqlar komandası
qruplarında önəmli rolu danılmazdır. Eləcə də məhz sözügedən
sülh danışıqlarının təbii ki, icrası da
çox vacibdir. Təbii ki, qadınların
iştirakı fəal şəkildə təmin edilmədən
sülh qeyri-mümkündür. Mən, həmçinin
qabaqcıl müsbət təcrübələr toplusu
qaydalarının sosial inklüzivliyi üçün qəbul
edilməsinin lehinəyəm. Burada da
qeyri-tolerantlığa qarşı qabaqcıl müsbət təcrübələrin
tətbiqi təmin olunmalıdır. Təbii
ki, kitab və çıxışlar toplusu heç də ən
yaxşı, ən müsbət maarifləndirmə vasitəsi
deyil. Ən müsbət vasitə deyərdim
ki, müxtəlif qrupların bir araya gələrək təhsil,
tədris ocaqlarından kənarda fəaliyyət göstərmələridir.
Mən təklif edərdim ki, bu Alyans mütəxəssis
qrupları səviyyəsində görüşərək
konkret tədris proqramlarına daxil edə biləcəkləri
təlimatları və tədris təcrübələrini
müxtəlif ölkələrdə faydalı olduğunu
sübut etsinlər ki, nəticə etibarilə biz onlardan agah
olaq və onları öz müvafiq vəziyyətlərimizdə
səmərəli şəkildə tətbiq edə bilək. Biz, həmçinin gələn
il gənclərin daha bir
toplantısının da keçirilməsini təklif edərdik
ki, orada onlar tolerantlıqla bağlı məsələlərdə
öz fikir və rəylərini bildirsin, təcrübə
mübadiləsi apara bilsinlər. Beləliklə,
biz gərək siyasi keçid proseslərində təmərküzləşməni
təmin edə bilək. Bunlar da
Sivilizasiyalar Alyansının iki təməl prinsipidir,
sütunudur. Bir tərəfdən mədəniyyətlərarası
anlaşma arasında və demokratik proseslərdə də
güclü əlaqələrin olması və eyni zamanda,
proqramlarımız və layihələrimiz insan
haqlarını, eləcə də fundamental azadlıqlara olan
rəğbəti, hörməti, həmçinin demokratik
proseslərin təmərküzləşməsi və
insanlara olan rəğbət və hörmət, xüsusilə
milli azlıqlara olan rəğbət və hörmət təmin
olunsun. İspaniyada demokratik keçid təbii
ki, dialoq və tolerantlığın bir təntənəsi
olmuşdur. Təcrübə də
parlamentdən başlamışdır. Konsensus
da ən fundamental məsələlərdən biridir ki, vacib
bir meyar olaraq sülhün təmin olunmasında mühüm
rol oynamışdır.
Mən çıxışımın sonunda Malyufdan
sitat gətirmək istərdim. Astoriya mükafatını qəbul
edərkən o, belə söyləmişdi: “Müxtəliflik
özü sadəcə olaraq bir reallıqdır. Bizim birgə yaşamağımız
üçün fərqliliklərimiz, rəngimiz,
inanclarımız, dillərimizin müxtəlifliyi heç də
vacib deyil. Vacib olan bizim necə birliyə nail
olmağımız, birgə yaşayaraq inkişaf, tərəqqi
üçün bu müxtəliflikdən necə istifadə
etməyimizdir”. Zənnimcə, VII Qlobal Forum
qarşımıza qoyulan bu hədəfə nail olmaq
üçün bizə yeni imkanlar yaradacaqdır. Təşəkkür edirəm”.
* * *
Forumda
çıxış edən Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan deyib: “Hörmətli Prezident,
qardaşım İlham Əliyev.
Hörmətli
ali nümayəndə.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
Sizləri sevgi və hörmətlə salamlayıram.
İspaniya ilə birlikdə təməlini qoyduğumuz
Sivilizasiyalar Alyansının VII Qlobal Forumu münasibətilə
Azərbaycanın paytaxtı Bakıda sizinlə birlikdə
olmaqdan məmnunluq duyuram. Qlobal forumlar
Alyansımızın müxtəlif regionlarda kök
salmasına və o coğrafiyanın zənginliklərindən
bəhrələnərək güclənməsinə səbəb
olur. Bu gün də Alyansı dəstəkləyən
liderlər olaraq, tarix boyu qədim və fərqli mədəniyyətlərin
sülh və əmin-amanlıq şəraitində birlikdə
yaşadığı Azərbaycanda toplaşmışıq.
Ev
sahibimiz, dəyərli qardaşım Prezident İlham
Əliyevin təşəbbüsü ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Azərbaycan
BMT-nin Sivilizasiyalar Alyansının VII
Qlobal Forumuna ev sahibliyi etməklə xüsusi məna
daşıyan bu ili daha da zirvəyə qaldırdı. Bu Forumun Alyansımıza Cənubi Qafqazın və
Orta Asiyanın zəngin mədəni mirasından faydalanma
imkanı təqdim edəcəyinə inanıram. Təşəbbüsümüzün
güclənərək gələcəyə
çatdırılmasında mühüm vasitə olacaq bu
toplantımıza ev sahibliyi etdiyi
üçün Azərbaycana xüsusilə təşəkkürümü
bildirirəm.
Hörmətli
qonaqlar, Sivilizasiyalar Alyansı təşəbbüsünün
təməlini 11 il əvvəl İspaniyanın o dövrdəki
Baş naziri, hörmətli dostum Xose Luis Rodrigez Sapatero ilə
birlikdə qoymuşduq. Ötən müddətdə
təşəbbüsümüz daha geniş vüsət
aldı və gücləndi. Bu gün 140-dan
çox ölkə bu təşəbbüsə -
Sivilizasiyalar Alyansına dəstək verir. Geniş miqyasda özünə dəstək tapan bu
qrup güclənərək hazırkı səviyyəyə
çatdı. Sivilizasiyalar Alyansı
BMT-nin nəzdində, BMT platformasının ən
mühüm təşəbbüslərindən birinə
çevrildi. Ali nümayəndə Nasir
Əbdüləziz Əl-Nasirin rəhbərliyi ilə
reallaşdırılan layihələr sayəsində
Sivilizasiyalar Alyansının amalları, dəyərləri və
mesajları hər gün artaraq geniş kütlələrə
çatdırılır. Ötən il
BMT Baş Məclisində yüzədək üzv ölkənin
təşəbbüsü ilə bu istiqamətdə bir qərar
qəbul edildi. Bu qərar Sivilizasiyalar
Alyansının təqdim etdiyi baxışların və hədəflərin
qlobal miqyasda qəbul edilməsinin ən gözəl ifadəsi
oldu. Tolerantlıq, qarşılıqlı anlaşma və
dialoqa əsaslanan birləşmək məqsədimizə dəstək
verən bütün dost ölkələrə təşəkkürümü
bildirirəm. Ailəmizə ən son qatılan
üzvümüz Qırğızıstana da bu münasibətlə
“Xoş gəldiniz” deyirəm”.
Türkiyə
dövlətinin başçısı terrorçuluq və
qarşıda duran digər problemlərlə mübarizə ilə
bağlı daha çox iş
görülməsinin zəruriliyini vurğulayaraq bildirib: “Bu
gün 60 milyon insanın ölkələrindəki
toqquşmalar nəticəsində evlərini tərk etmək
məcburiyyətində qaldıqları bir dünyada
yaşayırıq. Əksəriyyəti
uşaqlardan və qadınlardan ibarət olan bu məsum
insanların bir hissəsinin ümidlə çıxdıqları
yolçuluq dənizlərin qaranlıq sularında daha
böyük fəlakətlərlə nəticələnir.
İstədikləri yerə çata bilənlər
isə qonaq olduqları cəmiyyətlərdə şübhə
ilə qarşılaşır və ayrı-seçkiliyə
məruz qalırlar. Bu faciələrin
baş verməsinə səbəb olan hadisələrin yaşandığı
ərazilərə baxdıqda, həqiqətən ziddiyyətlərlə
dolu mənzərə ilə qarşılaşırıq.
İslam adından hərəkət edən
qruplaşmalar ən böyük qətliamları məhz
müsəlmanlara qarşı törədir, ən
böyük zərəri onlara verirlər. Açıq-aydın deyirəm, bu terror şəbəkələrinin
əli ilə min illərlə mövcud olan mədəni sərvət
məhv edilir, qədim şəhərlər xarabalığa
çevrilir. Bu qruplaşmaların səbəb
olduqları düşüncə ucbatından, xüsusilə
Qərb dövlətlərində ksenofobiya və
islamofobiyanın sürətlə artdığını
müşahidə edirik. Bəzi məkrli siyasət
yürüdən dairələrin fürsətdən istifadə
edərək ayrı-seçkiliyi şiddətləndirməsini,
sevgi əvəzinə nifrət toxumları əkməsini,
ayrı-seçkiliyi özləri üçün vəzifə
kimi gördüklərini müşahidə edirik. Beləliklə də, müxtəlif mədəniyyətlərə,
inanclara sahib olan insanlar arasındakı uçurumun dərinləşməsi
daha böyük fəlakətlərin
yaşanacağını indidən deməyə əsas verir.
Lakin biz həmişə bunu demişik və
deyirik ki, terrorun, terrorçuların və terrorçu
qruplaşmaların dini, mənşəyi, bölgəsi və
mədəniyyəti yoxdur. Məsum insanların
həyatına qəsd etməyi heç bir inanc, din, mədəniyyət,
vicdan qəbul etməz. Xüsusilə də
İslam hərfi mənası sülh olan bir dindir. Mənası sülh olan bir din terroru qəbul edə
bilərmi?! Bizim dinimizdə terrorun əsla
yeri yoxdur. Başda İŞİD olmaqla,
İslam adından hərəkət edən bu
qruplaşmaların İslamla heç bir əlaqəsi yoxdur.
Çünki terror hər şeydən əvvəl
bilavasitə insanın özünə düşməndir.
İnsanlıq olaraq, qarşı-qarşıya
olduğumuz bu təhdid hamımızı narahat edir. Təsəvvür edin, -
xüsusilə, əsasən bu zaldakıları daha
yaxından maraqlandırdığı üçün deyirəm,
- ölənin və öldürənin “Allahu-Əkbər”
dediyi bir anlayış ola bilərmi? Bunun bizim dinimizlə əlaqəsi yoxdur. Heç bir mədəniyyət bu təhdiddən kənarda
qalmayıb. Terror qruplaşmaları mədəniyyətlər
ittifaqı layihəsi kimi qurmağa
çalışdığımız müştərək
idealın ən böyük düşmənidir. Bu təhdidin qarşısını ancaq birgə səylərimizlə
ala bilərik. Əks təqdirdə, hər
mövqe, hər bəyanat terrora, terror təşkilatlarına
dəstək anlamına gəlir”.
Məzhəbçilik,
irqçilik və terrorla bağlı mübarizəni
geniş xarakterizə edən Rəcəb Tayyib Ərdoğan
Türkiyənin miqrantların qəbulu və onların
ağır vəziyyəti ilə bağlı həssas
mövqe tutduğunu konkret faktlar əsasında diqqətə
çatdıraraq deyib: “Hazırda üç milyon
qaçqın ölkəmizdədir. Sağ olsunlar, dostlar gəlib
bizə təşəkkür edirlər. Bizdə belə bir
ifadə var: “Bal, bal deməklə, ağız şirin olmaz”. Balı yeyəndə ağız şirin olar. İndi bizə təşəkkür edirlər, bunu
başa düşdük. Bizim bu vaxta qədər
rəsmi sənədlərə əsasən xərclərimiz
10 milyard dolları ötüb. Hələ
QHT-lərimizin, bələdiyyələrimizin xərclədikləri
vəsaiti demirəm. Onlarla birlikdə
hesablasaq, 15-20 milyard dollara çatır. Hazırda
qaçqın düşərgələrimizdə yaşayan
insanların sayı 280 mindir. Bundan
başqa, şəhərlərimizdə yaşayanlarla birlikdə
bu üç milyon insanı ölkəmizdə qonaq kimi qəbul
etmişik. Üstəlik, biz
qapılarımızı bəzi Qərb ölkələri
kimi bağlamırıq. Bunu da demək istəyirəm
ki, qapılarımızı o bombalardan qaçıb gələnlərin
üzünə açmaqda davam edəcəyik. Çünki biz o insanları ölümün pəncəsində
qoya bilmərik.
Əziz dostlar, bu gün açılışını
etdiyimiz BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu əhatə
etdiyi cəmiyyətlərdə birgəyaşama mövzusunda
həyata keçiririk. Çünki aparacağımız
mübarizədə bizi uğura qovuşduracaq yol fərqliliklərimizlə
birlikdə yaşamağı öyrənməkdən
keçir. Terrorun bütün
formalarına qarşı mübarizədə zəfər
ancaq ağıllara, qəlblərə, vicdanlara müraciət
edərək əldə oluna bilər. Dözümsüzlüyə,
ayrı-seçkiliyə, ksenofobiyaya, müxtəlifliyə
qarşı olan qorxuya qalib gəldiyimiz gün bu mübarizədə
uğur əldə edə bilərik. Zorakılıq
tərəfdarları dini dəyərləri təhrif etməklə
yaratdıqları utopiyalarla gənc nəsillərə təsir
göstərir, onları fəlakətə aparırlar. Bunun əvəzində yeni nəsillərə
inancları, ədaləti və bərabərliyi əsas
götürən həqiqi mesajları ən doğru şəkildə
öyrətməliyik. Müxtəlif dinlərin
nümayəndələri olaraq, bunu
bacardığımızda dünyanın hamımızın
birlikdə yaşaya biləcəyi yer olduğu daha
yaxşı anlaşılacaq.
Bu istiqamətdə birlikdə fəaliyyət göstərməyə
davam etməliyik. Sivilizasiyalar Alyansına, onun prinsip və
dəyərlərinə həmişəkindən daha
güclü şəkildə sahib çıxmalıyıq.
XXI əsrdə bəşəriyyətin
çatdığı yerin gündəmini terror təşkilatlarının
müəyyən etdiyi bir sonluğa məhkum
olmayacağına inanıram. Gələcək
nəsillərə daha gözəl bir gələcək miras
qoymaq üçün səsimizi bu gündən ucaltmalı və
dərhal fəaliyyətə başlamalıyıq.
Bu Forumda iki gün ərzində veriləcək mesajlar
çox önəmlidir. Dünyanın müxtəlif yerlərində
dözümsüzlükdən, irqçilikdən,
ksenofobiyadan, ayrı-seçkilikdən əziyyət çəkənlərin
nəzərləri hazırda Bakıya yönəlib. Hamı Bakıda qəbul ediləcək yekun Bəyannaməni
gözləyir. Eyni zamanda, bu meyillərdən
güc alaraq güclənən radikal cərəyanları
müdafiə edənlərin də nəzərləri bizim
üzərimizdədir. Bizim
qarşılıqlı hörmət, tolerantlıq və
dialoq əsasında birləşməyimizdən ən
çox utananlar da məhz onlardır.
Foruma qatılan siyasi və dini liderlər, alimlər, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri olaraq hamımızın üzərinə düşən vəzifələr var. Dünya ictimaiyyətinə Sivilizasiyalar Alyansının qurulma məqsədini təşkil edən qarşılıqlı hörmət, anlayış və dialoq əsasında sülh şəraitində birgə yaşamağın mümkün olduğu mesajını verməliyik. Bu hədəfə nail olmaq üçün birlikdə hərəkət etməkdə qətiyyətli olduğumuzu həm məzlumlara, həm də zalımlara ən gur səslə çatdırmalıyıq. Bakıda Sivilizasiyalar Alyansını və onun dəyərlərini daha da inkişaf etdirməkdə qətiyyətli olduğumuzu açıq-aşkar ifadə edəcəyimizi düşünürəm. Mədəniyyətlərarası dialoq təşəbbüsünün güclü şəkildə fəaliyyətini davam etdirməsi üçün lazımi siyasi və maddi dəstəyin davam etdiriləcəyini hamımız birlikdə bəyan etməliyik. Bu şərəfli mövqe yalnız bəşəriyyətin bizdən gözlədiyi deyil, eyni zamanda, gələcək nəsillər qarşısında vəzifə borcumuzdur.
Mən bu düşüncə ilə bütün iştirakçılara Forum müddətində görüləcək işlərdə uğurlar arzulayıram. Hamınıza sevgilərimi, ehtiramımı bildirirəm, təşəkkür edirəm”.
* * *
Forum işini plenar və bölmə iclasları, BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli toplantısı ilə davam etdirib.
* * *
Aprelin 26-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və xanımı Mehriban
Əliyevanın adından BMT-nin Sivilizasiyalar Alyansının
Bakıda keçirilən VII Qlobal Forumunun
iştirakçılarının şərəfinə ziyafət
verilib.
Yeni Azərbaycan.-
2016.- 27 aprel.- S.4