Azərbaycan
idmançıları Rio-de-Janeyroda tarix yazdı
Ölkəmizin
hər Olimpiadada qazandığı uğurlar daha da artır
Müstəqillik yolu
ilə inamla irəliləyən Azərbaycanın qısa
müddətdə böyük uğur qazandığı
sahələrdən biri də idmandır. Tam
qətiyyətlə demək mümkündür ki, artıq
idman Azərbaycanda kütləvi hal alıb və
cəmiyyətin ayrılmaz bir hissəsinə çevrilib. Ölkəmizdə
getdikcə daha çox sayda gənc bu sahəyə üz
tutaraq müxtəlif idman növləri ilə
məşğul olmağı özlərinin həyat
tərzinə çevirirlər. İdmançılarımızın
mötəbər yarışlarda ölkəmizi uğurla
təmsil edərək böyük nailiyyətlər
qazanmaları və dünyanın möhtəşəm
arenalarında himnimizi səsləndirmələri,
Vətənə medallarla dönmələri
Azərbaycanın beynəlxalq miqyasda müsbət imicinin
formalaşmasına, nüfuzunun artmasına, daha geniş
miqyasda tanınmasına müsbət təsir göstərir.
Azərbaycanın
qısa müddətdə idman sahəsində böyük
uğurlara imza atması, ilk növbədə, bu sahənin
inkişafına göstərilən dövlət qayğısı
ilə bağlıdır. Prezident İlham Əliyev
həm dövlət başçısı, həm də Milli
Olimpiya Komitəsinin rəhbəri kimi, Azərbaycanda
idmanın kütləviliyinin təmin olunmasına
böyük diqqət yetirir. Prezident İlham Əliyev XXXI
Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan
nümayəndə heyətinin yolasalma mərasimindəki nitqində
ölkəmizdə idmanla, Olimpiya Hərəkatı ilə
bağlı məqsədyönlü siyasət həyata
keçirildiyinə xüsusi diqqət çəkərək
deyib: “Azərbaycan idman dövlətidir. Bunu bütün
dünya, idman ictimaiyyəti qəbul edir, bilir. Azərbaycanda
idmanla, Olimpiya hərəkatı ilə bağlı
məqsədyönlü siyasət aparılır. Məhz
bu siyasət nəticəsində biz bu gün bu uğurlar
haqqında danışa bilərik. Düşünülmüş
siyasət, məqsədyönlü işlər idmanı
Azərbaycanda, cəmiyyətdə önəmli bir ictimai
amilə çevirmişdir”.
Azərbaycan Olimpiya
oyunlarında öz rekordunu yenilədi
Azərbaycanın
bütün dünyada yüksək səviyyəli idman
ölkəsinə çevrildiyini
idmançılarımızın beynəlxalq səviyyəli
yarışlarda ildən-ilə daha uğurlu
nəticələr qazanmaları bir daha təsdiqləyir. Bir
neçə gün əvvəl Rio-de-Janeyroda başa
çatan XXXI Yay Olimpiya Oyunlarında da atletlərimizin
qazandığı nailiyyətlər bunun ən bariz
sübutudur. Belə ki, Braziliyanın paytaxtında
keçirilən son Olimpiya Oyunlarında 56 atletlə təmsil
olunan Azərbaycan komandası 18 (1 qızıl, 7
gümüş və 10 bürünc) medal qazanıb. Komandamızın
hesabına yeganə qızıl medalı taekvondoçu Radik
İsayev yazdırıb. Sərbəst
güləşçilər Toğrul Əsgərov, Xetaq
Qazyumov, boksçu Lorenzo Sotomayor, cüdoçular
Rütəm Orucov və Elmar Qasımov, qadın
güləşçimiz Mariya Stadnik və kanoeçi
Aleksandr Demyanenko yalnız final görüşlərində
uduzaraq gümüş medala sahib olublar. Taekvondo
yarışlarında Milad Beiqi Harçeqani və Patimat
Abakarova, boksçu Kamran Şahsuvarlı, güləşçilər
Rəsul Çunayev, Sabah Şəriəti, Nataliya Sinişin,
Hacı Əliyev, Cəbrayıl Həsənov və
Şərif Şərifov, avarçəkən İnna
Osipenko-Radomskaya isə bürünc medalla
kifayətləniblər. Bu göstərici ilə
yarışları 39-cu sırada başa vurub.
Xatırlatmaq yerinə
düşər ki, 2015-ci ildə respublikamızı təmsil
edən idmançılar çoxsaylı beynəlxalq
yarışlarda 823 medal qazanıblar ki, onların da 321-i
qızıl medaldır. İdmançılarımızın
son illərdə ayrı-ayrı mötəbər
turnirlərdə qazandıqları nəticələr isə
daha sevindirici olub. Çinin Nancinq şəhərində
yeniyetmələr arasında ikinci Yay Olimpiya Oyunlarında
iştirak etmiş milli komandamız 10-cu yeri tutub. Milli
komandamızın təmsilçiləri yarışlarda 12
medal qazanıblar ki, onlardan 5-i qızıl medaldır. Bu
nəticələrə görə Azərbaycan Avropa
ölkələri arasında 6-cı, müsəlman
ölkələri arasında isə 1-ci yerdə
qərarlaşıb.
Ötən ilin
yayında Bakıda keçirilən birinci Avropa Oyunları da
bütövlükdə Azərbaycan idmanının
təntənəsinə çevrildi desək, əsl
həqiqəti ifadə etmiş olarıq. Dünyanın
50 ölkəsindən təxminən 6 min atletin
qatıldığı birinci Avropa Oyunlarında Azərbaycan
idmançıları 21 qızıl, 15 gümüş
və 20 bürünc medal qazanmağa müvəffəq
oldular. Yarışlarda respublikamız Almaniya, Fransa,
Böyük Britaniya, İtaliya, Ukrayna, Türkiyə kimi
yüksək idman nailiyyətləri olan ölkələri
geridə qoyaraq Rusiyadan sonra qitə ikincisi oldu.
Müstəqillik
illərində Azərbaycan idmançılarının
Olimpiadalarda çıxışları da uğurlu olub. Əgər
Azərbaycan müstəqil ölkə kimi Atlantada bir,
Sidneydə üç, Afinada beş, Pekində yeddi,
Londonda 10 medal qazanmışdısa, Rio-2016 Olimpiya
Oyunlarında medalların sayını daha da artırıb -
18. Bu isə həm də o deməkdir ki, Azərbaycan
Olimpiya oyunlarındakı rekordunu yeniləyib.
Azərbaycan komandası
ən səmərəli nəticə əmsalı
üzrə birinci yeri tutub
Yeri gəlmişkən,
nüfuzlu “The Telegraph” qəzeti son Olimpiya oyunları ilə bağlı
çox maraqlı təhlillər aparıb. Qəzetdə
dərc olunan məqalədə Azərbaycan komandasının
öz heyətinin sayına görə ən məhsuldar
nəticə qazandığına diqqət çəkilib. Qəzet
müqayisələr apararaq o nəticəyə gəlib ki,
atlet sayına görə ən səmərəli
nəticə əmsalı üzrə Azərbaycan komandası
birinci yerə layiqdir. Qeyd etdiyimiz kimi, Oyunlarda 56 atletlə
təmsil olunan Azərbaycan komandası 18 medal qazanıb. Bu,
o deməkdir ki, atletlərimizin hər 3 nəfərindən
biri medal qazanıb və beləliklə də, komandamızda
səmərəli nəticə əmsalı 0,3-ə
bərabər olub. Bu kriteriyaya görə Azərbaycan
Rio-2016-da liderlik edən Çin və ABŞ kimi
ölkələri belə qabaqlayır. Müqayisə
üçün bildirək ki, bu ölkələrdə
səmərəli nəticə əmsalı 0,2-yə
bərabərdir.
Taekvondoçularımızın
böyük qələbəsi
Azərbaycan olimpiya
yığmasının Rio-2016-da ən diqqət
çəkən uğurlarından birinə
şübhəsiz ki, taekvondoçularımız imza
atdılar. Belə ki, yığmamızın
üzvləri Milad Beiqi Harçeqani və Patimat Abakarova
bürünc medal qazandığı halda, komandamızın
lideri, Dünya və Avropa çempionu Radik İsayev
bütün rəqiblərini məğlub edərək
fəxri kürsünün birinci pilləsinə
çıxıb. Bununla da, idmançımızın
şərəfinə Rio-de-Janeyroda Azərbaycan Dövlət
Himni səslənib.
Azərbaycan
yığması bu göstərici ilə “Rio-2016”nın taekvondo
yarışlarında dördüncü pillədə
qərarlaşıb. Millimiz yalınız Koreya
Respublikası, Çin və Böyük Britaniyadan geri
qalıb. Avropada ikinci olan komandamız keçmiş Sovet
İttifaqında isə birincidir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də
Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında
qızıl medal qazanmış taekvondoçumuz Radik
İsayevə telefonla zəng edib.
Prezident İlham
Əliyev bildirib ki, Radik İsayevin bu inamlı
qələbəsi bütün Azərbaycan xalqını
sevindirib. Dövlətimizin başçısı qeyd edib
ki, Radik İsayev əvvəllər də sübut edib ki, o,
taekvondo üzrə öz çəki
dərəcəsində dünyada ən güclü
idmançıdır. Belə ki, o, həm dünya
çempionatında qələbə qazanıb, indi də
Olimpiya çempionu adına layiq görülüb. Prezident
İlham Əliyev idmançımızı səmimi
qəlbdən təbrik edib, ona yeni-yeni uğurlar və
qələbələr arzulayıb. Dövlətimizin
başçısı onun təbriklərini
idmançının məşqçisinə də
çatdırmağı xahiş edib.
Təbii ki,
idmançılarımızın mötəbər
beynəlxalq turnirlərdə, Olimpiya Oyunlarında
uğurlarının sayını getdikcə daha da
artırmaları hər bir azərbaycanlının
qəlbində sonsuz qürur hissi oyadır. Şübhə
yoxdur ki, idmançılarımız mötəbər
turnirlərdə, o cümlədən də Olimpiadalarda
uğurlu çıxışlarını
gələcəkdə də davam etdirəcəklər. Prezident
İlham Əliyev buna əminliyini ifadə edərək deyib:
“İdman qələbələri hər bir
vətənpərvər Azərbaycan
vətəndaşını sevindirir. Hər dəfə
biz beynəlxalq yarışlarda görəndə ki, bizim
bayrağımız qaldırılır, ürəyimiz
fərəhlə dolur. Bu sevinc anlarını bizə
idmançılar yaşadır. Əminəm ki,
gələcək yarışlarda idmançılar yenə
də qələbə qazanacaqlar, Azərbaycan xalqını
sevindirəcəklər”.
Zəngin infrastruktur
bazası və dövlətin diqqət və
qayğısı bu böyük nailiyyətləri
şərtləndirir
Son illərdə
respublikamızda idmanın inkişafından və kütləviləşməsindən
söhbət açarkən yeni yaradılan müasir
infrastrukturun rolunu xüsusi qeyd etmək lazımdır. Yeni
tikilən və yaxud yenidən qurulan arenalar sayəsində
Azərbaycan son dərəcə müasir idman infrastrukturuna
malik ölkəyə çevrilib. Hazırda
ölkəmiz idman infrastrukturu təminatı baxımından
dünyanın inkişaf etmiş ölkələrindən
geri qalmır. Prezident İlham Əliyev
respublikamızı fərqləndirən bu cəhətə
diqqət çəkərək bildirib: “Azərbaycanda idman
infrastrukturu yaradılır. Son illər ərzində
bölgələrdə 40-dan çox Olimpiya idman
mərkəzi yaradılmışdır, tikilmişdir. Bakıda
isə idman infrastrukturu ən yüksək
səviyyədədir. Təkcə son bir-iki il
ərzində bir neçə gözəl,
möhtəşəm idman obyekti istifadəyə
verilmişdir”.
Qeyd edək ki,
ölkəmizdə müasir idman infrastrukturu yaradılması
istiqamətində məqsədyönlü işə 1997-ci
ildə Milli Olimpiya Komitəsinin rəhbərliyinin
dəyişməsindən sonra başlanıb. Azərbaycanda
idman və çoxminli idmançılar ordusu MOK-un yeni
prezidenti İlham Əliyevin simasında öz böyük
hamilərini tapdılar. MOK-un yeni rəhbərliyinin
təşəbbüsü ilə respublikamızda idman
təsərrüfatının yenilənməsinə, o
cümlədən də bu sahədə müasir infrastruktur
qurulmasına start verildi.
Ötən ilin iyununda
ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi
birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində
həyata keçirilən layihələr ölkəmizin idman
infrastrukturunu əhəmiyyətli dərəcədə
zənginləşdirib. Birinci Avropa Oyunlarına
hazırlıq məqsədilə 5 müasir idman qurğusu -
Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su
İdmanı Mərkəzi, Bakı Atıcılıq
Mərkəzi və möhtəşəm Olimpiya Stadionu
inşa edilib. Bundan başqa, ən yüksək dünya
standartları səviyyəsində yaradılan atletlər
kəndi barədə də ən xoş sözlər
söyləmək mümkündür. Atletlər kəndi
7300 çarpayısı olan 1000-dən artıq
mənzildən ibarətdir. Birinci Avropa Oyunlarına
hazırlıq çərçivəsində,
həmçinin bir sıra mövcud idman qurğularında, o
cümlədən də Bakı İdman Sarayında, Kristal
Hollda, Heydər Əliyev adına İdman-Konsert
Sarayında əsaslı yenidənqurma və zəruri
uyğunlaşdırma işləri aparılıb. Əlamətdar
haldır ki, ölkəmizdə yeni inşa olunan və yaxud
yenidən qurulan idman obyektlərində ən yüksək
standartlar tətbiq olunur.
Bakıda yelkən
idmanı üçün nəzərdə tutulan Yaxt-klub,
“Musado” Taekvando evi, Otüstü xokkey kompleksi, “ABU-Arena”
həndbol mərkəzi də yeni tikilən idman obyektləri
sırasındadır.
Yeni yaradılan
qurğular, arenalar funksional baxımdan müasir idman
obyektləri olmaqla yanaşı, eyni zamanda, gözəl
memarlıq nümunələridir. Yeni idman obyektlərinin
ətrafında bir qayda olaraq genişmiqyaslı abadlıq
işləri həyata keçirilir ki, bu da həm
ayrı-ayrı yaşayış məntəqələrinin
gözəlləşməsi, həm də yerlərdə
ekoloji problemlərin həlli baxımından çox
önəmlidir. Bir vaxtlar Bakı Olimpiya Stadionunun
ətrafının ekoloji fəlakət zonası olduğunu
hamı yaxşı xatırlayır. Buradakı
bataqlıq və çirkab sularının
axıdıldığı Böyükşor gölü,
sözün əsl mənasında, ekoloji təhlükə
mənbəyi idi. Olimpiya Stadionunun inşası ilə
paralel şəkildə həmin ərazidə böyük
abadlıq işləri həyata keçirildi,
Böyükşor gölü tullantılardan təmizləndi
və orada ekoloji cəhətdən təmiz, təxminən 1
kilometr uzunluğunda yeni park-bulvar yaradıldı. Su
İdmanı Sarayının ətrafı da
əvvəllər neft tullantıları ilə
çirklənmiş ərazilər idi. Qısa
müddətdə bəhs olunan ərazi də
abadlaşdırılaraq orada bakılıların və
şəhərimizin qonaqlarının sevimli istirahət
yerinə çevrilən gözəl park salınıb. Prezident
İlham Əliyev Azərbaycanın regionlarında da müasir
idman infrastrukturunun yaradılmasının önəmini
isə xüsusi vurğulayıb: “İdman infrastrukturunun
xüsusilə regionlarda yaradılması imkan verir ki,
bölgələrdə yaşayan uşaqlar, gənclər
idmanla məşğul olsunlar. Mən bütün regional
Olimpiya mərkəzlərinin açılışlarında
şəxsən iştirak etmişəm və demişəm,
əsas vəzifə ondan ibarətdir ki, biz idmanın
kütləviliyini təmin edək”.
Mötəbər
beynəlxalq yarışların keçirilməsinin
Azərbaycana həvalə edilməsi ölkəmizə olan
inamın ifadəsidir
Ölkəmizin
müsbət beynəlxalq imicinin
möhkəmlənməsində idman sahəsində həyata
keçirilən tədbirlər də mühüm rol
oynayır. Respublikamızda idmanın inkişafının
güclü şəkildə dəstəklənməsi
və təşviq olunması beynəlxalq idman
ictimaiyyətində Azərbaycana böyük inam yaradıb. Bu
inamın nəticəsidir ki, Azərbaycan artıq dünya
və Avropa miqyaslı yarışların keçirildiyi bir
mərkəzə çevrilib. Prezident İlham Əliyev
Azərbaycanda keçirilən müxtəlif idman
yarışlarının səviyyəsinin ildən-ilə
yüksəldiyindən məmnunluq ifadə edərək vurğulayıb:
“Ölkəmizdə bir qayda olaraq beynəlxalq idman
yarışları keçirilir. Biz bunu artıq
neçə ildir müşahidə edirik. İldən-ilə
bu yarışların sayı da artır və
səviyyəsi də yüksəlir. Bu gün dünya,
Avropa çempionatlarının Azərbaycanda
keçirilməsi adi hala çevrilib. Əgər
əvvəlki illərdə, xüsusilə 2000-ci illərin
əvvəllərində hansısa gənclər və yaxud
da yeniyetmələr arasında Avropa və ya dünya
çempionatı keçirilirdisə və biz bundan
fərəhlənirdiksə, bu gün dünya
çempionatları, Avropa çempionatları, Olimpiya
Oyunlarına təsnifat turnirləri, müxtəlif digər
beynəlxalq yarışlar Azərbaycanda, demək olar ki,
ildə bir neçə dəfə keçirilir. Bu,
beynəlxalq idman aləmi tərəfindən bizə
göstərilən böyük hörmətdir”.
Azərbaycan ev sahibliyi
etdiyi turnirlərdə bir qayda olaraq öz xoş niyyətini
nümayiş etdirərək yarışların
ölkələr və xalqlar arasında dostluq,
həmrəylik bayramına çevrilməsinə
çalışır. Son illərdə Bakıda futbol
üzrə qızlar arasında dünya çempionatı
keçirilib, ölkəmiz bədii gimnastika və taekvando
üzrə Avropa çempionatlarına, həmçinin
yüksək səviyyəli bir sıra başqa
turnirlərə ev sahibliyi edib. Yuxarıda qeyd
etdiyimiz kimi, 2015-ci ilin yayında Bakıda tarixdə ilk
dəfə birinci Avropa Oyunları keçirildi. Avropa
Olimpiya Komitəsinə üzv olan bütün
ölkələrin qatıldığı birinci Avropa
Oyunları Yay Olimpiya Oyunları səviyyəsində
keçirildi. Yarışların təşkilində
Azərbaycan yeni dünya standartları
müəyyənləşdirdi. Bir qədər bundan
əvvəl isə Bakı böyük tamaşaçı
auditoriyasına malik “Formula-1” yarışlarına uğurla ev sahibliyi
etdi. Cari ildə ölkəmizdə həmçinin
dünya şahmat olimpiadası keçiriləcək. 2017-ci
ildə ölkəmiz daha bir mötəbər yarışmaya
- İslam Həmrəylik Oyunlarına ev sahibliyi
edəcək.
Azərbaycanın həm Avropa Oyunlarına, həm də İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi ölkəmizin dünya miqyasında oynadığı nadir rolu təsdiqləmək baxımından çox önəmlidir. Məlumdur ki, hazırda dünya miqyasında
milli-dini-etnik zəmində münaqişələr baş
verir, ksenefobiya halları artır. Belə bir
şəraitdə Azərbaycan xalqımızın
ənənələrinə və xoş niyyətinə sadiq
qalaraq sivilizasiyalararası əməkdaşlığın
möhkəmlənməsinə, xalqların,
ölkələrin bir-birlərinə yaxınlaşmasına
öz töhfəsini verməyə çalışır. Prezident
İlham Əliyev Avropa Oyunları və İslam
Həmrəylik Oyunlarının dünyada multikulturalizmi
ən yaxşı formada təcəssüm etdirdiyinə
diqqət çəkərək bildirib: “2015-ci ildə Avropa,
2017-ci ildə İslam Oyunlarının keçirilməsi
ölkəmizin nadir şəraitini əks etdirir. Bildiyiniz
kimi, bu il Azərbaycanda “Multikulturalizm ili”dir. Multikulturalizmi
ən yaxşı formada təcəssüm etdirən bu iki
oyundur - Avropa və İslam Oyunları”.
Yüksək idman
nailiyyətləri ölkəmizin uğurlarının tərkib
hissəsidir
Son 12 ildə
Azərbaycan özünü dünyaya bütün
sahələrdə dinamik inkişaf edən ölkə kimi
təqdim edib. Bəhs olunan dövrdə
ölkəmizdə uğurlu regional inkişaf strategiyası
reallaşdırılıb və paytaxt, iri
şəhərlərlə paralel şəkildə
bölgələrin tarazlı inkişafı təmin
edilib.İntensiv şəkildə həyata keçirilən
layihələr sayəsində respublikamız müasir
infrastruktur təminatına malik ölkəyə çevrilib. Yeni
inşa olunan yollar, körpülər, logistik
mərkəzlər Azərbaycanın tranzit imkanlarını
əhəmiyyətli dərəcədə artırıb. Hazırda
ölkəmizin təşəbbüsləri ilə yeni
regional layihələr icra edilir. Bütün bunlar hər
sahədə dinamik inkişaf edən Azərbaycanın
müasir mənzərəsini səciyyələndirir. Respublikamız,
eyni zamanda, regionda sabitliyin və təhlükəsizliyin
təmin olunmasına, Avropanın enerji təchizatının
möhkəmlənməsinə də öz sanballı
töhfəsini verir. Bir sözlə, Azərbaycanın
inkişafı hərtərəfli xarakter daşıyır
və respublikamız bölgədə təhlükəsizlik,
sabitlik və inkişaf məkanı kimi fərqlənir. Prezident
İlham Əliyev diqqəti ölkəmizin
hərtərəfli inkişaf etdiyinə yönəldib.Dövlət
başçısı vurğulayıb ki, idman uğurları
ölkəmizin uğurlarının tərkib hissəsidir:
“Biz öz yolumuzla gedirik. İdman uğurları
ölkəmizin uğurlarının tərkib hissəsidir. Ancaq
güclü dövlətlərdə güclü idman var.
Olimpiya Oyunlarının nəticələrinə baxın. Hansı
komandalar birinci yerlərdədir. Onların böyük
əksəriyyəti inkişaf etmiş ölkələrin
komandalarıdır. Yəni idmanı ümumi inkişafdan
ayırmaq olmaz. Ona görə Azərbaycan idmanının
inkişafı ümumi inkişafımızın
təzahürüdür. Əgər bizdə iqtisadi,
maliyyə müstəqilliyi olmasaydı və biz iqtisadi
cəhətdən inkişaf etməsəydik, idmanın
inkişafına istədiyimiz səviyyədə vəsait qoya
bilməzdik”.
Mübariz
ABDULLAYE
Yeni
azərbaycan.- 2016.- 23 avqust.- S.1