Azərbaycan
idmançıları Rio-de-Janeyroda tarix yazdı
Ölkəmizin
hər Olimpiadada qazandığı uğurlar daha da artır
Müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycanın
qısa müddətdə böyük uğur
qazandığı sahələrdən biri də idmandır. Tam qətiyyətlə
demək mümkündür ki, artıq idman Azərbaycanda
kütləvi hal alıb və cəmiyyətin ayrılmaz bir
hissəsinə çevrilib. Ölkəmizdə
getdikcə daha çox sayda gənc bu sahəyə üz
tutaraq müxtəlif idman növləri ilə məşğul
olmağı özlərinin həyat tərzinə
çevirirlər. İdmançılarımızın
mötəbər yarışlarda ölkəmizi uğurla təmsil
edərək böyük nailiyyətlər qazanmaları və
dünyanın möhtəşəm arenalarında himnimizi səsləndirmələri,
Vətənə medallarla dönmələri Azərbaycanın
beynəlxalq miqyasda müsbət imicinin formalaşmasına,
nüfuzunun artmasına, daha geniş miqyasda tanınmasına
müsbət təsir göstərir.
Azərbaycanın qısa müddətdə idman sahəsində
böyük uğurlara imza atması, ilk növbədə, bu
sahənin inkişafına göstərilən dövlət
qayğısı ilə bağlıdır. Prezident
İlham Əliyev həm dövlət başçısı,
həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi, Azərbaycanda
idmanın kütləviliyinin təmin olunmasına
böyük diqqət yetirir. Prezident İlham Əliyev
XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan
nümayəndə heyətinin yolasalma mərasimindəki
nitqində ölkəmizdə idmanla, Olimpiya Hərəkatı
ilə bağlı məqsədyönlü siyasət həyata
keçirildiyinə xüsusi diqqət çəkərək
deyib: “Azərbaycan idman dövlətidir. Bunu
bütün dünya, idman ictimaiyyəti qəbul edir, bilir.
Azərbaycanda idmanla, Olimpiya hərəkatı
ilə bağlı məqsədyönlü siyasət aparılır.
Məhz bu siyasət nəticəsində biz bu
gün bu uğurlar haqqında danışa bilərik. Düşünülmüş siyasət, məqsədyönlü
işlər idmanı Azərbaycanda, cəmiyyətdə
önəmli bir ictimai amilə çevirmişdir”.
Azərbaycan
Olimpiya oyunlarında öz rekordunu yenilədi
Azərbaycanın bütün dünyada yüksək səviyyəli
idman ölkəsinə çevrildiyini
idmançılarımızın beynəlxalq səviyyəli
yarışlarda ildən-ilə daha uğurlu nəticələr
qazanmaları bir daha təsdiqləyir. Bir neçə
gün əvvəl Rio-de-Janeyroda başa çatan XXXI Yay
Olimpiya Oyunlarında da atletlərimizin qazandığı
nailiyyətlər bunun ən bariz sübutudur. Belə ki, Braziliyanın paytaxtında keçirilən
son Olimpiya Oyunlarında 56 atletlə təmsil olunan Azərbaycan
komandası 18 (1 qızıl, 7 gümüş və 10
bürünc) medal qazanıb. Komandamızın
hesabına yeganə qızıl medalı taekvondoçu Radik
İsayev yazdırıb. Sərbəst güləşçilər
Toğrul Əsgərov, Xetaq Qazyumov, boksçu Lorenzo Sotomayor,
cüdoçular Rütəm Orucov və Elmar Qasımov,
qadın güləşçimiz Mariya Stadnik və
kanoeçi Aleksandr Demyanenko yalnız final görüşlərində
uduzaraq gümüş medala sahib olublar. Taekvondo
yarışlarında Milad Beiqi Harçeqani və Patimat
Abakarova, boksçu Kamran Şahsuvarlı, güləşçilər
Rəsul Çunayev, Sabah Şəriəti, Nataliya Sinişin,
Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif
Şərifov, avarçəkən İnna Osipenko-Radomskaya isə
bürünc medalla kifayətləniblər. Bu
göstərici ilə yarışları 39-cu sırada
başa vurub.
Xatırlatmaq yerinə düşər ki, 2015-ci ildə
respublikamızı təmsil edən idmançılar
çoxsaylı beynəlxalq yarışlarda 823 medal
qazanıblar ki, onların da 321-i qızıl medaldır. İdmançılarımızın
son illərdə ayrı-ayrı mötəbər turnirlərdə
qazandıqları nəticələr isə daha sevindirici olub.
Çinin Nancinq şəhərində yeniyetmələr
arasında ikinci Yay Olimpiya Oyunlarında iştirak etmiş
milli komandamız 10-cu yeri tutub. Milli
komandamızın təmsilçiləri yarışlarda 12
medal qazanıblar ki, onlardan 5-i qızıl medaldır. Bu nəticələrə görə Azərbaycan
Avropa ölkələri arasında 6-cı, müsəlman
ölkələri arasında isə 1-ci yerdə qərarlaşıb.
Ötən ilin yayında Bakıda keçirilən
birinci Avropa Oyunları da bütövlükdə Azərbaycan
idmanının təntənəsinə çevrildi desək,
əsl həqiqəti ifadə etmiş olarıq. Dünyanın 50 ölkəsindən
təxminən 6 min atletin qatıldığı birinci Avropa
Oyunlarında Azərbaycan idmançıları 21
qızıl, 15 gümüş və 20 bürünc medal qazanmağa
müvəffəq oldular. Yarışlarda
respublikamız Almaniya, Fransa, Böyük Britaniya, İtaliya,
Ukrayna, Türkiyə kimi yüksək idman nailiyyətləri
olan ölkələri geridə qoyaraq Rusiyadan sonra qitə
ikincisi oldu.
Müstəqillik illərində Azərbaycan
idmançılarının Olimpiadalarda
çıxışları da uğurlu olub. Əgər Azərbaycan
müstəqil ölkə kimi Atlantada bir, Sidneydə
üç, Afinada beş, Pekində yeddi,
Londonda 10 medal qazanmışdısa, Rio-2016 Olimpiya
Oyunlarında medalların sayını daha da artırıb -
18. Bu isə həm də o deməkdir ki, Azərbaycan
Olimpiya oyunlarındakı rekordunu yeniləyib.
Azərbaycan
komandası ən səmərəli nəticə əmsalı
üzrə birinci yeri tutub
Yeri gəlmişkən, nüfuzlu “The Telegraph” qəzeti
son Olimpiya oyunları ilə bağlı çox maraqlı təhlillər
aparıb. Qəzetdə dərc olunan məqalədə Azərbaycan
komandasının öz heyətinin sayına görə ən
məhsuldar nəticə qazandığına diqqət çəkilib.
Qəzet müqayisələr apararaq o nəticəyə
gəlib ki, atlet sayına görə ən səmərəli
nəticə əmsalı üzrə Azərbaycan komandası
birinci yerə layiqdir. Qeyd etdiyimiz kimi,
Oyunlarda 56 atletlə təmsil olunan Azərbaycan komandası 18
medal qazanıb. Bu, o deməkdir ki, atletlərimizin hər
3 nəfərindən biri medal qazanıb və beləliklə
də, komandamızda səmərəli nəticə əmsalı
0,3-ə bərabər olub. Bu
kriteriyaya görə Azərbaycan Rio-2016-da liderlik edən
Çin və ABŞ kimi ölkələri belə
qabaqlayır. Müqayisə üçün bildirək
ki, bu ölkələrdə səmərəli nəticə əmsalı
0,2-yə bərabərdir.
Taekvondoçularımızın
böyük qələbəsi
Azərbaycan olimpiya yığmasının Rio-2016-da ən
diqqət çəkən uğurlarından birinə
şübhəsiz ki, taekvondoçularımız imza
atdılar.
Belə ki, yığmamızın üzvləri Milad Beiqi
Harçeqani və Patimat Abakarova bürünc medal
qazandığı halda, komandamızın lideri, Dünya və
Avropa çempionu Radik İsayev bütün rəqiblərini
məğlub edərək fəxri kürsünün birinci
pilləsinə çıxıb. Bununla da,
idmançımızın şərəfinə
Rio-de-Janeyroda Azərbaycan Dövlət Himni səslənib.
Azərbaycan
yığması bu göstərici ilə “Rio-2016”nın taekvondo yarışlarında
dördüncü pillədə qərarlaşıb. Millimiz yalınız Koreya Respublikası, Çin və
Böyük Britaniyadan geri qalıb. Avropada
ikinci olan komandamız keçmiş Sovet İttifaqında isə
birincidir.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev avqustun 21-də Rio-de-Janeyroda keçirilən Olimpiya
Oyunlarında qızıl medal qazanmış taekvondoçumuz
Radik İsayevə telefonla zəng edib.
Prezident İlham Əliyev bildirib ki, Radik İsayevin bu
inamlı qələbəsi bütün Azərbaycan
xalqını sevindirib. Dövlətimizin başçısı
qeyd edib ki, Radik İsayev əvvəllər də sübut edib
ki, o, taekvondo üzrə öz çəki dərəcəsində
dünyada ən güclü idmançıdır. Belə
ki, o, həm dünya çempionatında qələbə
qazanıb, indi də Olimpiya çempionu adına
layiq görülüb. Prezident İlham
Əliyev idmançımızı səmimi qəlbdən təbrik
edib, ona yeni-yeni uğurlar və qələbələr
arzulayıb. Dövlətimizin
başçısı onun təbriklərini
idmançının məşqçisinə də
çatdırmağı xahiş edib.
Təbii ki, idmançılarımızın mötəbər
beynəlxalq turnirlərdə, Olimpiya Oyunlarında
uğurlarının sayını getdikcə daha da
artırmaları hər bir azərbaycanlının qəlbində
sonsuz qürur hissi oyadır. Şübhə yoxdur
ki, idmançılarımız mötəbər turnirlərdə,
o cümlədən də Olimpiadalarda uğurlu
çıxışlarını gələcəkdə də
davam etdirəcəklər. Prezident İlham Əliyev buna
əminliyini ifadə edərək deyib: “İdman qələbələri
hər bir vətənpərvər Azərbaycan vətəndaşını
sevindirir. Hər dəfə biz beynəlxalq
yarışlarda görəndə ki, bizim bayrağımız
qaldırılır, ürəyimiz fərəhlə dolur.
Bu sevinc anlarını bizə idmançılar
yaşadır. Əminəm ki, gələcək
yarışlarda idmançılar yenə də qələbə
qazanacaqlar, Azərbaycan xalqını sevindirəcəklər”.
Zəngin
infrastruktur bazası və dövlətin diqqət və
qayğısı bu böyük nailiyyətləri şərtləndirir
Son illərdə respublikamızda idmanın
inkişafından və kütləviləşməsindən
söhbət açarkən yeni yaradılan müasir
infrastrukturun rolunu xüsusi qeyd etmək lazımdır. Yeni tikilən
və yaxud yenidən qurulan arenalar sayəsində Azərbaycan
son dərəcə müasir idman infrastrukturuna malik ölkəyə
çevrilib. Hazırda ölkəmiz idman
infrastrukturu təminatı baxımından dünyanın
inkişaf etmiş ölkələrindən geri qalmır.
Prezident İlham Əliyev respublikamızı fərqləndirən
bu cəhətə diqqət çəkərək bildirib:
“Azərbaycanda idman infrastrukturu yaradılır. Son
illər ərzində bölgələrdə 40-dan çox
Olimpiya idman mərkəzi yaradılmışdır,
tikilmişdir. Bakıda isə idman
infrastrukturu ən yüksək səviyyədədir. Təkcə son bir-iki il ərzində bir neçə
gözəl, möhtəşəm idman obyekti istifadəyə
verilmişdir”.
Qeyd edək ki, ölkəmizdə müasir idman
infrastrukturu yaradılması istiqamətində məqsədyönlü
işə 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbərliyinin
dəyişməsindən sonra başlanıb. Azərbaycanda
idman və çoxminli idmançılar ordusu MOK-un yeni
prezidenti İlham Əliyevin simasında öz böyük
hamilərini tapdılar. MOK-un yeni rəhbərliyinin
təşəbbüsü ilə respublikamızda idman təsərrüfatının
yenilənməsinə, o cümlədən də bu sahədə
müasir infrastruktur qurulmasına start verildi.
Ötən
ilin iyununda ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi birinci Avropa Oyunlarına
hazırlıq çərçivəsində həyata
keçirilən layihələr ölkəmizin idman
infrastrukturunu əhəmiyyətli dərəcədə zənginləşdirib.
Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə 5
müasir idman qurğusu - Milli Gimnastika Arenası, BMX
Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı
Atıcılıq Mərkəzi və möhtəşəm
Olimpiya Stadionu inşa edilib. Bundan başqa, ən
yüksək dünya standartları səviyyəsində
yaradılan atletlər kəndi barədə də ən
xoş sözlər söyləmək mümkündür.
Atletlər kəndi 7300 çarpayısı olan
1000-dən artıq mənzildən ibarətdir. Birinci
Avropa Oyunlarına hazırlıq çərçivəsində,
həmçinin bir sıra mövcud idman qurğularında, o
cümlədən də Bakı İdman Sarayında, Kristal
Hollda, Heydər Əliyev adına
İdman-Konsert Sarayında əsaslı yenidənqurma və zəruri
uyğunlaşdırma işləri aparılıb. Əlamətdar haldır ki, ölkəmizdə yeni
inşa olunan və yaxud yenidən qurulan idman obyektlərində
ən yüksək standartlar tətbiq olunur.
Bakıda yelkən idmanı üçün nəzərdə
tutulan Yaxt-klub, “Musado” Taekvando evi, Otüstü xokkey kompleksi,
“ABU-Arena” həndbol mərkəzi də yeni tikilən idman
obyektləri sırasındadır.
Yeni yaradılan qurğular, arenalar funksional baxımdan
müasir idman obyektləri olmaqla yanaşı, eyni zamanda,
gözəl memarlıq nümunələridir. Yeni idman
obyektlərinin ətrafında bir qayda olaraq genişmiqyaslı
abadlıq işləri həyata keçirilir ki, bu da həm
ayrı-ayrı yaşayış məntəqələrinin
gözəlləşməsi, həm də yerlərdə
ekoloji problemlərin həlli baxımından çox önəmlidir.
Bir vaxtlar Bakı Olimpiya Stadionunun ətrafının
ekoloji fəlakət zonası olduğunu hamı yaxşı
xatırlayır. Buradakı bataqlıq və
çirkab sularının axıdıldığı
Böyükşor gölü, sözün əsl mənasında,
ekoloji təhlükə mənbəyi idi. Olimpiya
Stadionunun inşası ilə paralel şəkildə həmin
ərazidə böyük abadlıq işləri həyata
keçirildi, Böyükşor gölü tullantılardan təmizləndi
və orada ekoloji cəhətdən təmiz, təxminən 1
kilometr uzunluğunda yeni park-bulvar yaradıldı. Su İdmanı Sarayının ətrafı da əvvəllər
neft tullantıları ilə çirklənmiş ərazilər
idi. Qısa müddətdə bəhs
olunan ərazi də abadlaşdırılaraq orada
bakılıların və şəhərimizin
qonaqlarının sevimli istirahət yerinə çevrilən
gözəl park salınıb. Prezident İlham Əliyev
Azərbaycanın regionlarında da müasir idman
infrastrukturunun yaradılmasının önəmini isə
xüsusi vurğulayıb: “İdman infrastrukturunun xüsusilə
regionlarda yaradılması imkan verir ki, bölgələrdə
yaşayan uşaqlar, gənclər idmanla məşğul
olsunlar. Mən bütün regional Olimpiya mərkəzlərinin
açılışlarında şəxsən iştirak
etmişəm və demişəm, əsas vəzifə ondan
ibarətdir ki, biz idmanın kütləviliyini təmin edək”.
Mötəbər
beynəlxalq yarışların keçirilməsinin Azərbaycana
həvalə edilməsi ölkəmizə olan inamın ifadəsidir
Ölkəmizin müsbət beynəlxalq imicinin möhkəmlənməsində
idman sahəsində həyata keçirilən tədbirlər
də mühüm rol oynayır. Respublikamızda
idmanın inkişafının güclü şəkildə
dəstəklənməsi və təşviq olunması beynəlxalq
idman ictimaiyyətində Azərbaycana böyük inam
yaradıb. Bu inamın nəticəsidir ki,
Azərbaycan artıq dünya və Avropa miqyaslı
yarışların keçirildiyi bir mərkəzə
çevrilib. Prezident İlham Əliyev Azərbaycanda
keçirilən müxtəlif idman yarışlarının
səviyyəsinin ildən-ilə yüksəldiyindən məmnunluq
ifadə edərək vurğulayıb: “Ölkəmizdə bir
qayda olaraq beynəlxalq idman yarışları keçirilir. Biz bunu artıq neçə ildir müşahidə
edirik. İldən-ilə bu
yarışların sayı da artır və səviyyəsi də
yüksəlir. Bu gün dünya, Avropa
çempionatlarının Azərbaycanda keçirilməsi adi
hala çevrilib. Əgər əvvəlki illərdə,
xüsusilə 2000-ci illərin əvvəllərində
hansısa gənclər və yaxud da yeniyetmələr
arasında Avropa və ya dünya çempionatı
keçirilirdisə və biz bundan fərəhlənirdiksə,
bu gün dünya çempionatları, Avropa
çempionatları, Olimpiya Oyunlarına təsnifat turnirləri,
müxtəlif digər beynəlxalq yarışlar Azərbaycanda,
demək olar ki, ildə bir neçə dəfə
keçirilir. Bu, beynəlxalq idman aləmi tərəfindən
bizə göstərilən böyük hörmətdir”.
Azərbaycan
ev sahibliyi etdiyi turnirlərdə bir qayda
olaraq öz xoş niyyətini nümayiş etdirərək
yarışların ölkələr və xalqlar arasında
dostluq, həmrəylik bayramına çevrilməsinə
çalışır. Son illərdə Bakıda futbol
üzrə qızlar arasında dünya çempionatı
keçirilib, ölkəmiz bədii gimnastika və taekvando
üzrə Avropa çempionatlarına, həmçinin
yüksək səviyyəli bir sıra başqa turnirlərə
ev sahibliyi edib. Yuxarıda
qeyd etdiyimiz kimi, 2015-ci ilin yayında Bakıda tarixdə ilk dəfə
birinci Avropa Oyunları keçirildi. Avropa
Olimpiya Komitəsinə üzv olan bütün ölkələrin
qatıldığı birinci Avropa Oyunları Yay Olimpiya
Oyunları səviyyəsində keçirildi. Yarışların təşkilində Azərbaycan
yeni dünya standartları müəyyənləşdirdi.
Bir qədər bundan əvvəl isə Bakı böyük
tamaşaçı auditoriyasına malik “Formula-1”
yarışlarına uğurla ev sahibliyi
etdi. Cari ildə ölkəmizdə həmçinin
dünya şahmat olimpiadası keçiriləcək.
2017-ci ildə ölkəmiz daha bir mötəbər
yarışmaya - İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək.
Azərbaycanın
həm Avropa Oyunlarına, həm də İslam Həmrəylik
Oyunlarına ev sahibliyi etməsi ölkəmizin
dünya miqyasında oynadığı nadir rolu təsdiqləmək
baxımından çox önəmlidir. Məlumdur
ki, hazırda dünya miqyasında milli-dini-etnik zəmində
münaqişələr baş verir, ksenefobiya halları
artır. Belə bir şəraitdə Azərbaycan
xalqımızın ənənələrinə və xoş
niyyətinə sadiq qalaraq sivilizasiyalararası əməkdaşlığın
möhkəmlənməsinə, xalqların, ölkələrin
bir-birlərinə yaxınlaşmasına öz töhfəsini
verməyə çalışır. Prezident İlham
Əliyev Avropa Oyunları və İslam Həmrəylik
Oyunlarının dünyada multikulturalizmi ən yaxşı
formada təcəssüm etdirdiyinə diqqət çəkərək
bildirib: “2015-ci ildə Avropa, 2017-ci ildə İslam
Oyunlarının keçirilməsi ölkəmizin nadir şəraitini
əks etdirir. Bildiyiniz kimi, bu il Azərbaycanda
“Multikulturalizm ili”dir. Multikulturalizmi ən yaxşı formada təcəssüm
etdirən bu iki oyundur - Avropa və İslam Oyunları”.
Yüksək
idman nailiyyətləri ölkəmizin uğurlarının tərkib
hissəsidir
Son 12 ildə Azərbaycan özünü dünyaya
bütün sahələrdə dinamik inkişaf edən
ölkə kimi təqdim edib. Bəhs olunan dövrdə
ölkəmizdə uğurlu regional inkişaf strategiyası
reallaşdırılıb və paytaxt, iri şəhərlərlə
paralel şəkildə bölgələrin tarazlı
inkişafı təmin edilib. İntensiv
şəkildə həyata keçirilən layihələr
sayəsində respublikamız müasir infrastruktur təminatına
malik ölkəyə çevrilib. Yeni
inşa olunan yollar, körpülər, logistik mərkəzlər
Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli
dərəcədə artırıb. Hazırda
ölkəmizin təşəbbüsləri ilə yeni
regional layihələr icra edilir. Bütün
bunlar hər sahədə dinamik inkişaf edən Azərbaycanın
müasir mənzərəsini səciyyələndirir. Respublikamız, eyni zamanda, regionda sabitliyin və təhlükəsizliyin
təmin olunmasına, Avropanın enerji təchizatının
möhkəmlənməsinə də öz sanballı
töhfəsini verir. Bir sözlə, Azərbaycanın
inkişafı hərtərəfli xarakter daşıyır və
respublikamız bölgədə təhlükəsizlik,
sabitlik və inkişaf məkanı kimi fərqlənir.
Prezident İlham Əliyev diqqəti ölkəmizin
hərtərəfli inkişaf etdiyinə yönəldib.
Dövlət başçısı vurğulayıb ki, idman
uğurları ölkəmizin uğurlarının tərkib
hissəsidir: “Biz öz yolumuzla gedirik. İdman
uğurları ölkəmizin uğurlarının tərkib
hissəsidir. Ancaq güclü dövlətlərdə
güclü idman var. Olimpiya Oyunlarının nəticələrinə
baxın. Hansı komandalar birinci yerlərdədir.
Onların böyük əksəriyyəti
inkişaf etmiş ölkələrin komandalarıdır.
Yəni idmanı ümumi inkişafdan ayırmaq
olmaz. Ona görə Azərbaycan
idmanının inkişafı ümumi
inkişafımızın təzahürüdür. Əgər bizdə iqtisadi, maliyyə müstəqilliyi
olmasaydı və biz iqtisadi cəhətdən inkişaf etməsəydik,
idmanın inkişafına istədiyimiz səviyyədə vəsait
qoya bilməzdik”.
Mübariz ABDULLAYE
Yeni azərbaycan.-
2016.- 23 avqust.- S.1