Azərbaycanda insan
hüquq və azadlıqları təmin olunur
Prezident İlham Əliyev: Azərbaycanda bütün azadlıqlar - söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı təmin edilir, heç bir məhdudiyyət yoxdur və olmayacaq
Demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi kimi strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin daxili siyasət kursunun əsasını təşkil edir. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını şərtləndirən başlıca amil isə mütəmadi surətdə islahatların həyata keçirilməsi olub.
Məlum olduğu kimi, ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin, həmçinin, müdafiə olunması istiqamətində həyata keçirilən çoxşaxəli humanizm siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda isə bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün reallıqlarına və tələblərinə müvafiq surətdə davam etdirilməkdədir. Məhz bu cür ali və humanist mövqeyin qanunauyğun nəticəsi kimi, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun tarixi Azərbaycanda İnsan Hüquqları Günü elan edilib. Sərəncamda Ulu öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də Azərbaycanda ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etdiyi xatırladılır və bildirilir ki, Ulu öndər Heydər Əliyev insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Məhz bunun əsasında 18 iyun tarixi Azərbaycanda İnsan Hüquqları Günü elan olunub.
Ölkəmizdə bütün azadlıqlar təmin edilir
Ümumiyyətlə, Azərbaycan Respublikası müstəqillik qazandığı dövrdən indiyə kimi ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Ölkə Konstitusiyasının müddəalarının təxminən yarıdan çoxu insan hüquq və azadlıqlarını əhatə edir. Bundan başqa, Milli Məclisdə İnsan hüquqları komitəsinin, həmçinin ölkəmizdə Ombudsman Aparatının fəaliyyəti demokratik prinsiplərə verilən dəyərin göstəricisi sayılmalıdır. Azərbaycan, eyni zamanda, insan hüquqlarının qorunması prinsiplərini özündə ehtiva edən beynəlxalq müqavilələri və konvensiyaları dəstəkləyib. BMT Baş Məclisinin 1948-ci il qətnaməsi ilə qəbul olunan “İnsan hüquqları haqqında” Ümumi Bəyannaməni dəstəkləyən Azərbaycan bu istiqamətdə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. O cümlədən ölkəmiz bu gün 50-yə yaxın beynəlxalq konvensiyanı dəstəkləyərək nəinki öz sərhədləri daxilində, bütün dünyada insan hüquqlarının qorunmasının keşiyində dayanır. Azərbaycan həmçinin tolerantlıq nümunəsi olaraq dünyanın diqqət mərkəzindədir. Belə ki, ölkəmizdə dini, irqi, etnik baxımdan heç bir ayrı-seçkilik yoxdur və Konstitusiya ilə bütün ölkə vətəndaşları qanun qarşısında bərabərdir. Ölkəmizdə söz və mətbuat azadlığının mövcud olması Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunur. Bir sözlə, Prezident İlham Əliyevin bir müddət öncə Bakının Nardaran qəsəbəsində sakinlərlə görüşü zamanı bildirdiyi kimi, ölkəmizdə bütün azadlıqlar təmin edilir: “Azərbaycanın hər bir yerində qanunun aliliyi təmin edilməlidir, edilir, hər bir yerdə insanlar rahat yaşamalıdır. Azərbaycanda bütün azadlıqlar təmin edilir. Azərbaycan bu baxımdan çox sürətlə inkişaf edən ölkədir”.
Azərbaycan dövləti QHT sektorunun fəaliyyətinə, vətəndaş cəmiyyətinin inkişafına qayğı göstərir
Bir daha vurğulamaq yerinə düşər ki, ölkəmizdə insan hüquq və azadlıqlarının qanunvericilikdə bu cür geniş formada təsbiti, insan hüquq və azadlıqlarının qorunması Ulu öndərimizin əsasını qoyduğu siyasi kursa əsaslanır. Ümummilli liderimiz Heydər Əliyev hər zaman cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görürdü. Məhz Ulu öndərimizin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi, bir sözlə, modern dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradılıb. Və vətəndaş cəmiyyətinin daha da möhkəmləndirilməsində, hüquqi dövlət quruculuğu prosesinin daha da təkmilləşməsində bu siyasi kursun qətiyyətli şəkildə davam etdirilməsi müstəsna əhəmiyyətə malikdir.
Ümumiyyətlə, qeyri-hökumət təşkilatları hər zaman demokratik təsisatın ayrılmaz bir hissəsi olub. Bu baxımdan Azərbaycanda müşahidə edilən dinamik sosial-iqtisadi tərəqqi ilə paralel surətdə cəmiyyətin demokratikləşməsi və vətəndaş fəallığının artması III sektor adlanan vətəndaş cəmiyyəti sektorunun da inkişafını özündə ehtiva edir. Təbii ki, Azərbaycanda QHT sektorunun fəaliyyətinə dövlət təminatı verən əsas hüquqi baza ölkə Konstitusiyasıdır. Məsələn, sərbəst birləşmək azadlığını özündə əks etdirən Konstitusiyanın 58-ci maddəsi hər kəsin başqaları ilə birləşmək, hər kəsin istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnu təsbit etməklə yanaşı, bu birliklərin sərbəst fəaliyyətinə tam təminat verir. Bundan başqa, ölkəmizdə 1998-ci ildə “Qrant haqqında” qanunun qəbulu qeyri-hökumət təşkilatlarının əsas maliyyə mənbəyini və bütövlükdə donor-resipiyent münasibətlərini tənzimləmək baxımından müstəsna rol oynadı. 2000-ci ildə qəbul edilən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun isə qeyri-hökumət təşkilatlarına aid bütün məsələlərə aydınlıq gətirir.
Bütün bunları sadalamaqla yanaşı, qeyd edək ki, bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət Azərbaycanda hüquqi dövlətin möhkəmləndirilməsi, inkişaf etdirilməsi, o cümlədən də vətəndaş cəmiyyətinin praktiki olaraq möhkəmlənməsi və inkişafı üçün zəmin yaradıb. 2007-ci ildə MDB məkanında ilk dəfə olaraq məhz ölkəmizdə qəbul olunan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası, 2008-ci ildə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu qəbildən olan addımlardandır. Dövlət Dəstəyi Şurasının yaradılması vətəndaş cəmiyyəti institutlarının inkişafına çox böyük təkan verdi. Bu qurum vasitəsi ilə dövlət tərəfindən vətəndaş cəmiyyəti institutlarına, yəni QHT-lərə, gənclər təşkilatlarına və digər qurumlara hər il maliyyə vəsaitləri ayrılır.
Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası ölkəmizdə QHT sektorunun inkişafının yeni mərhələsinin başlanması üçün baza prinsiplərini müəyyənləşdirdi. Bu gün ölkəmizdə aparılan siyasət demokratik təsisatların daha yüksək səviyyədə işləməsi, həmçinin demokratiyanın inkişafı üçün böyük imkanlar yaradır. Beləliklə, Prezident İlham Əliyevin 28 May - Respublika Günü münasibətilə verilən qəbulda çıxışında qeyd etdiyi kimi, ölkəmiz demokratiyanın inkişafı istiqamətində böyük uğurlara nail olub: “Demokratiyanın inkişafı hər bir ölkə üçün böyük önəm daşıyır, o cümlədən Azərbaycan üçün. Hesab edirəm ki, biz bu istiqamətdə də böyük uğurlara nail olmuşuq. Azərbaycanda bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir”.
Azərbaycanda söz azadlığı yüksək səviyyədə qorunur, azad mətbuatın inkişafı diqqət mərkəzindədir
Kimsəyə sirr deyil ki, azad söz azad vətəndaş cəmiyyətinin qurulmasında əsas atributlardan sayılır. Ümumiyyətlə, demokratik cəmiyyətin inkişafı hər zaman azad sözün inkişafı ilə düz mütənasiblik təşkil edib. Bu mənada Azərbaycanda mövcud olan azad, demokratik cəmiyyətin inkişafı həm də ölkəmizdə azad sözə, azad mətbuatın inkişafına verilən qiymət kimi dəyərləndirilməlidir. Yəni ölkəmizdə mətbuatın inkişafına göstərilən dövlət qayğısı, azad sözün ifadəsinə yaradılan şərait bu sahədəki inkişafın əsas amillərindən sayılır. Bu məqamda xatırlatmaq yerinə düşər ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda söz azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı. Məsələn, Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada mətbuata verilən qiymət öz əksini bu cür tapıb: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.
Eyni zamanda, Ulu öndər tərəfindən 1998-ci ildə “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir. Bu Fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım idi. Məhz bu Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi. 2000-ci ilin martında Ulu öndərin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu, həmçinin, bir sıra digər mühüm addımlar atıldı.
Təbii ki, Ulu öndərimiz Heydər Əliyev tərəfindən
əsası qoyulan bu yol, milli mətbuatımızın
inkişafını özündə təcəssüm etdirən
bu siyasi xətt Prezident İlham Əliyev
tərəfindən də uğurla davam etdirilməkdədir. Prezident İlham
Əliyevin 2005-ci ildə milli mətbuatımızın
130 illik yubileyi
münasibətilə jurnalistlərə fəxri adların
verilməsi, 2010-cu ilin 22 iyulunda
“Azərbaycan mətbuat işçilərinin sosial
müdafiəsinin gücləndirilməsi tədbirləri”
haqqında sərəncamları ölkə
başçısının azad sözə
verdiyi qiyməti bir daha ortaya qoymuş
oldu. Məhz həmin
dövrdə imzalanan bu
Sərəncam Azərbaycan mediasının
inkişafının yeni bir
mərhələsinin başlanğıcını qoydu. 2013-cü ildə jurnalistlərə yeni mənzillərin paylanması, eləcə
də Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının qəbulu, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması Prezident
İlham Əliyevin azad
sözə yüksək dəyər verdiyini
növbəti dəfə nümayiş etdirdi. Bundan başqa, hazırda ölkəmiz dünyada internet istifadəçilərinin
sayına görə öncül yerlərdən
birini tutur. Azərbaycanda
yeni media
resurslarının inkişafı xüsusilə diqqət mərkəzindədir.
Prezident İlham
Əliyev Azərbaycan-Almaniya iqtisadi Forumunun açılışındakı
nitqində bu məqama toxunaraq
bildirib ki, ölkəmizdə
internet azaddır, senzura
yoxdur: “Biz siyasi və iqtisadi islahatlar siyasəti həyata keçiririk.
Azərbaycanda bütün
fundamental azadlıqlar, o cümlədən
media azadlığı təmin
olunur. Bizdə internet azaddır, senzura yoxdur. Ölkə əhalisinin 75 faizdən çoxu internet istifadəçisidir”.
Bir sözlə,
bütün bu sadalananlar ölkəmizdə
söz azadlığının
yüksək səviyyədə
qorunduğunu, azad mətbuatın inkişafının
dövlətin diqqət
mərkəzində olduğunu
bir daha təsdiqləyir. Daha dəqiq desək, görünən odur ki, bu gün
inkişafının yeni
mərhələsini yaşayan
Azərbaycan mətbuatı
heç bir məhdudiyyətlə qarşılaşmır
və Prezident İlham Əliyevin Respublika Günü ilə bağlı qəbuldakı çıxışında
da bildirdiyi kimi, biz gələcəkdə
də demokratik inkişafa sadiq olacağıq: “Azərbaycanda
bütün azadlıqlar
- söz azadlığı,
mətbuat azadlığı,
sərbəst toplaşma
azadlığı, siyasi
fəaliyyət azadlığı
təmin edilir, heç bir məhdudiyyət yoxdur və olmayacaq. Bu da qarşıya
bir vəzifə kimi qoyulur ki,
biz gələcəkdə də
demokratik inkişafa sadiq olmalıyıq”.
Ölkəmizdə insan və vətəndaş
hüquq və azadlıqlarının təmin
və müdafiə olunmasına yönəlmiş
humanizm siyasətindən
söhbət açarkən
Azərbaycanda vicdan və etiqad azadlığı məsələsinə
də toxunmaq vacibdir. Məhz bu kontekstdə
qeyd etmək yerinə düşər ki, sivilizasiyalararası dialoqa mühüm töhfələr verən,
tolerantlıq məkanı
kimi tanınan Azərbaycanda bütün
azadlıqlar, o cümlədən
vicdan azadlığı
təmin edilib. Bu gün Azərbaycan
dini-mənəvi dəyərlərin
mühafizə edildiyi
və vətəndaşlara
konstitusion əsasda özlərinin vicdan və dini etiqad
azadlıqlarından istifadə
etməyə əlverişli
şəraitin yaradıldığı
ölkələr sırasında
yer almaqdadır.
Yəni,
Azərbaycan dövləti
hər bir vətəndaşının dini
etiqad və vicdan azadlığının
təmin olunması yönündə fundamental tədbirlər
görməkdədir. Belə ki, dini etiqad
və vicdan azadlığının təmin
edilməsinə dair müvafiq qanunların qəbul olunması, insanlara öz azadlıqlarından ictimai
asayişə və əxlaqa, eləcə də milli maraqlara
zidd olmayan formada yararlanmağa geniş şəraitin yaradılması fundamental tədbirlər
sırasındadır.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2016.- 24 avqust.- S.2