Dövlət
proqramlarının uğurlu icrası kənd təsərrüfatının
inkişafına təkan verib
Regionlarda məhsul istehsalının artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir
Azərbaycanın regional inkişaf strategiyasının uğurla həyata keçirilməsindən söhbət açarkən aqrar sektorda əldə olunan uğurları xüsusi vurğulamaq lazımdır. Davamlı və hərtərəfli dövlət dəstəyi sayəsində respublikamızda kənd təsərrüfatında əhəmiyyətli artıma nail olunub. Dünya Bankının məlumat bazasına əsasən, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz çox olub ki, bu da respublikamızda aqrar sahənin dinamik inkişafını təsdiqləyir.
Perspektivdə isə Azərbaycanda aqrar sahənin daha da sürətlə inkişaf edəcəyi gözlənilir. Dünya Bankının verdiyi proqnozlara görə, ölkəmizdə 2016-cı ildə kənd təsərrüfatında 4,2 faiz, 2017-ci və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla artım gözlənilir. Dünya Bankının məlumatında Azərbaycanın hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında ön yerlərdən birini tutacağı qeyd olunub. O da əlamətdar haldır ki, respublikamızda aqrar sektorun ayrı-ayrı istiqamətləri üzrə artım dinamikası ümumi inkişaf göstəricilərini daha da üstələyir.
Ümumiyyətlə, son illərdə ölkənin regionlarında aqrar sektorun davamlı inkişafına nail olmaq məqsədilə zəruri tədbirlər həyata keçirilir. Fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması bu kimi tədbirlər sırasındadır. Bütün bunlarla yanaşı, yeni təsərrüfatçılıq metodlarının tətbiqi, müasir aqrar-sənaye müəssisələrinin yaradılması sayəsində regionlarda aqrar sektorun inkişafında yeni mərhələ başlayıb. Hazırda respublikamızda iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir.
Regionlarda kənd təsərrüfatının inkişafının təminində həyata keçirilən Dövlət proqramlarının mühüm rolu var. Belə ki, 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. Belə ki, məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində 2004-2008-ci illəri əhatə edən ilk Dövlət Proqramında qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub. Bunun ardınca isə 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi.
Hazırda isə 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı icra olunmaqdadır. Sözsüz ki, bu Dövlət proqramları qarşıya qoyulan məqsədlərə nail olunması ilə yanaşı, Azərbaycanda bir sıra sahələrdə sıçrayışlı inkişafa da təkan verib. Digər tərəfdən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, kənd təsərrüfatının inkişafına zəmin yaradıb.
Aqrar sektorun inkişafından söz düşmüşkən, regionlarımızda meyvə-tərəvəz yığımında mühüm göstəricilər əldə edilir. Xüsusi qeyd edilməlidir ki, ənənəvi meyvələrlə yanaşı, bu gün bölgələrimizdə yeni sort meyvələrin yetişdirilməsi yönümündə də işlər aparılır. Məsələn, Lənkəranın sitrus meyvə bağlarında kinkan meyvəsinin yığımına başlanılıb. Vurğulayaq ki, vətəni cənub-şərqi Çin və Hind-Çin olan bu meyvə sitrus meyvələri arasında ən xırda ölçüyə malikdir. Mərhələlərlə yetişən kinkanın məhsuldarlığı bu il yaxşıdır. Böyük ağaclar 60-70 kiloqram bar verib.
Qeyd edək ki, ötən il Koreyadan Azərbaycana gətirilərək Lənkəranda 15 hektar ərazidə əkilmiş yeni növ sitrus ağacları da nübar bar verib. Rayonun Sütəmurdov və Gərmətük kəndlərinin ərazisində əkilmiş ağacları qışın şaxtalı havalarından qorumaq üçün qabaqlayıcı tədbirlər görülür.
İmişli rayonunda isə şəkər çuğunduru sahələrində məhsul yığımı davam edir. Bu il rayonda 211 hektar sahədə şəkər çuğunduru əkilib. Yığım başlayandan bu günə kimi plantasiyalardan 5 min 683 ton məhsul toplanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1843 ton çoxdur.
Qəbələ rayonunun iqtisadiyyatında önəmli yerlərdən birini tutan bağçılıq kənd əhalisinin əsas məşğuliyyət sahəsi hesab olunur. Qəbələnin meyvə bağlarında bol məhsul yetişdirən kəndlilər qoz, fındıq və şabalıd yığımını başa çatdırıblar. Qəbələdə mövcud olan 3220 hektar fındıq bağından 6400 ton məhsul əldə edilib. Bu da ötən ildəkindən 100 ton çoxdur. Kəndlilər məhsulu yerli bazarlara çıxarmaqla yanaşı, sərfəli qiymətə fındıq qəbulu məntəqələrinə də satırlar. Rayonda bir fındıq emalı zavodu, eləcə də kiçik fındıq emalı müəssisələri fəaliyyət göstərir. Bu da kəndliləri ildən-ilə fındıq bağlarını genişləndirməyə və məhsuldarlığı daha da artırmağa həvəsləndirir. Cari ildə 40 hektar sahədə yeni fındıq bağı salınıb. Bu da ötənilkindən 12 hektar çoxdur. Həmçinin Qəbələnin qoz və şabalıd bağlarında yetişən bol məhsulun vaxtında və itkisiz toplanılması üçün bağlarda iməciliklər təşkil olunub. Kəndlilər cari ildə 390 hektar şabalıd bağından 430 ton, 160 hektar qoz bağından 375 ton məhsul əldə ediblər. Qeyd edək ki, qəbələli fermerlər son bir ildə 10 hektar sahədə yeni şabalıd, 12 hektar sahədə isə qoz bağı salıblar.
Kürdəmir rayonunda da bitkiçilik sahəsi üzrə cari ilin məhsul toplanışı başa çatmaq üzrədir. Bu il bölgədə 14090 ton kartof, 22514 ton tərəvəz, 69602 ton bostan məhsulları və sair yığılıb. Məhsul istehsalı ötən illə müqayisədə xeyli artıb. Belə ki, kartof istehsalı 555 ton, tərəvəz istehsalı 254 ton, bostan məhsullarının istehsalı isə 3681 ton çox olub.
Eləcə də, Göyçay rayonunun xurma
bağlarında məhsul yığımı başa
çatıb. Bu il Göyçayın 30-a yaxın kəndində
xurma bağlarında bol məhsul yetişdirilib. Havanın
yağmurlu və şaxtalı keçməsini nəzərə
alan kəndlilər məhsulun vaxtında və itkisiz
yığılması üçün bütün qüvvələri
səfərbər ediblər. Rayonda mövcud olan 805 hektar bar verən
xurma bağından 18 min 700 ton məhsul əldə edilib. Qeyd edək
ki, məhsuldarlıq ötən ildəkindən 400 ton
çox olub. Ötən il rayonda
xurma bağlarından 18 min 300 ton məhsul toplanılıb.
İş adamları rayon sakinlərindən aldıqları
xurmanın bir hissəsini qış aylarına saxlamaq
üçün Göyçayın Potu kəndindəki
tutumu 700 ton və Ərəbcəbirli kəndindəki tutumu
1000 ton olan soyuducu anbarlara yerləşdiriblər.
Qeyd edək ki, göyçaylı fermerlər son illər
rayonda xurma bağlarını xeyli genişləndiriblər. Cari ilin
yazında rayonda 12 hektar sahədə yeni xurma bağları
salınıb. Hazırda isə daha 10
hektar sahədə yeni bağın salınması
üçün işlər görülür. Mütəxəssislər rayonda bu sahənin sürətlə
inkişafının səbəbini məhsulun yerli və
xarici bazarlara çıxarılması üçün
lazımi şəraitin yaradılması və meyvənin
saxlanılması üçün Göyçayda soyuducu
anbar komplekslərinin fəaliyyət göstərməsi ilə
əlaqələndirirlər.
Ağdaş rayonunda da heyva yığımı başa
çatıb.
Havanın əlverişli olması və ağaclara lazımi
aqrotexniki qulluq göstərilməsi nəticəsində bu il rayonda bol məhsul əldə edilib. Kəndlilər iki ay öncə bağlarda məhsul
tədarükünə başlayıblar və ümumilikdə
2500 tondan çox heyva yığıblar. Ötən il isə bağlardan 2300 ton heyva
yığılmışdı. Bağbanlar hər
hektardan orta hesabla 60-70 ton məhsul topladıqlarını
deyirlər. Ağdaş heyvası yerli
bazarlarda satılmaqla yanaşı, xarici bazarlara da
çıxarılıb. Rayonda mövcud
olan 1608 hektar bar verən meyvə bağlarının 340
hektarını heyva bağı təşkil edir.
Bağbanlar ötən il 10, bu ilin yaz aylarında
isə 14 hektar sahədə yeni heyva bağı salıblar. Hazırda yeni meyvə bağlarının
salınması üçün kəndlərdə
hazırlıq işləri görülür.
Qeyd edək ki, heyvaçılıq rayonun Orta Ləki,
Aşağı Cardam, Güvəkənd, Yenikənd kəndlərində
əhalinin əsas gəlir mənbəyi hesab edilir. Bu kəndlərdə
heyvanın 15 sortu yetişdirilir.
Prezident İlham Əliyevin aqrar sahənin
inkişafına göstərdiyi diqqət və qayğı,
kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyi ilə əlaqədar
imzaladığı sərəncamlar Zaqatala rayonunda da bu
sektorun inkişafına güclü təkan verib. Belə ki, son 10 ildə
Zaqatala rayonunda aqrar sahədə ümumi məhsul
istehsalının həcmi 2,7 dəfə
artıb. O cümlədən ötən müddətdə
rayonda taxıl istehsalı 54 faiz, kartof istehsalı 50 faiz, meyvə
və tərəvəz istehsalı 21 faiz, bostan məhsullarının
istehsalı 14 faiz yüksəlib. Rayonda istehsal olunan tərəvəz
və bostan məhsulları daxili tələbatdan 2,2 dəfə, meyvə və giləmeyvə isə
5,4 dəfə çoxdur.
Şamaxı rayonunda meyvə yığımı
başa çatıb. Cari mövsümdə mövcud 442,9
hektar meyvə bağlarından 1101 ton məhsul
yığılıb. İstehsal olunan meyvə
ötən ildəki göstəricidən 222 ton çox olub.
Qeyd edək ki, Şamaxıda son illər yeni
meyvə bağları salınıb. Burada daha çox alma və qoz yetişdirilir. Yetişdirilən
məhsul şirə zavodlarına satılır, habelə
yerli bazarlara çıxarılır.
Cəbhə bölgəsində yerləşən Tərtər
rayonunda payız-tarla işləri davam etdirilir. Bu il torpaq mülkiyyətçiləri
7932 hektarda buğda, 4282 hektarda arpa, 195 hektarda lobya, 2 hektarda
darı, 1 hektarda sarqo, 153 hektarda qarğıdalı, 918
hektarda dən üçün günəbaxan, 534 hektarda
kartof, 1187 hektarda şəkər çuğunduru, 918 hektarda
tərəvəz, 1035 hektarda pambıq əkiblər. Sahələrdən
41 min 233 ton taxıl, 967 ton lobya, 3 ton darı, 0,2 ton sarqo, 742
ton qarğıdalı, 2148 ton günəbaxan, 5831 ton kartof, 11
min 745 ton tərəvəz, 29 min 407 ton şəkər
çuğunduru, 77 ton bostan bitkiləri, 1529,5 ton pambıq, həmçinin
8622 ton meyvə və giləmeyvə, 648 ton üzüm
yığılıb.
Göyçay rayonunda nar yığımını
başa çatdıran kəndlilər ötən ildəkindən
daha çox məhsul əldə ediblər. Bu il
bağlara göstərilən aqrotexniki qulluğun yüksək
səviyyədə olması və havanın əlverişli
keçməsi bol məhsulun əldə edilməsinə səbəb
olub. Ən önəmlisi isə, qabaqlayıcı tədbirlər
görüldüyü üçün bu il
ağaclarda zədəli nar azlıq təşkil edib.
Havanın yağmurlu və şaxtalı olmasını nəzərə
alan kəndlilər meyvənin ağacda
qalaraq tələf olmaması üçün iməciliklər
təşkil edib, məhsul yığımını
vaxtından tez başa çatdırıblar.
Cari ildə
Göyçayda fermerlər və fərdi təsərrüfat
sahibləri 3960 hektar nar bağından 48 min 500 ton məhsul
yığıblar. Kəndlilər toplanan nar məhsulunu
öz həyətlərində kiloqramını
ölçüsünə görə 1-3 manata Rusiya və
digər MDB ölkələrinin bazarlarına, eləcə də
Bakı şəhərinə aparan iş adamlarına
satıblar. İş adamları Göyçay
narının 50 faizini Rusiya, Ukrayna və Gürcüstan
bazarlarına çıxarıblar. Verilən məlumata
görə, ötən il 47 min 200 ton nar məhsulu
tədarük olunub.
Qeyd edək ki, Göyçayda narçılığa
olan maraq ildən-ilə artır, yeni və məhsuldar nar
sortlarının yetişdirilməsi, təzə
bağların salınması üçün tədbirlər
görülür. Son iki ildə rayonda 350 hektar sahədə
yeni nar bağı salınıb. Hazırda
rayonda yeni nar bağlarının salınması
üçün sahələrdə hazırlıq işləri
görülür. Rayonun 40-a yaxın kəndində nar
bağlarında əsasən ixrac qabiliyyətinə malik
“Gülövşə”, “Vələs”, “Şəndi”,
“Şirin”, “Bala Mürsəl” nar sortlarını yetişdirməyə
üstünlük verirlər. Ötən əsrin 90-cı illərinin
əvvəllərində Göyçayda cəmi 251 hektar məhsuldar
nar bağı mövcud idisə, hazırda rayonda 4350 hektar sahədə
nar bağı var ki, bunun da 3960 hektarı barverəndir.
Yeri gəlmişkən, bölgələrdə meyvə
bağlarının artırılması yönümündə
də mühüm addımlar atılır. Prezident
İlham Əliyevin noyabrın 16-da imzaladığı “İpəkçiliyin
və fındıqçılığın inkişafına
dövlət dəstəyinin gücləndirilməsi ilə
bağlı əlavə tədbirlər haqqında” Sərəncam
ölkəmizdə meyvəçiliyin inkişafında
xüsusi əhəmiyyət daşıyır. Ölkədə
kənd təsərrüfatının ənənəvi sahələrindən
olan ipəkçiliyin və
fındıqçılığın inkişafının
sürətləndirilməsi, bu sahələrin potensial
imkanlarından səmərəli istifadə edilməsi və
məhsul istehsalına əhalinin marağının
artırılması üçün barama toxumlarının,
tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin
tədarük edilməsi və məhsul
istehsalçılarına əvəzsiz verilməsi məqsədi
ilə “Kənd təsərrüfatının
inkişafına dövlət dəstəyinin gücləndirilməsi
ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 2 mart tarixli Sərəncamı
ilə Kənd Təsərrüfatı Nazirliyinə
ayrılmış vəsait hesabına 1,463 milyon manat, o
cümlədən barama toxumlarının alınmasına 163
min manat, tut (çəkil) tinglərinin alınmasına 600
min manat, fındıq pöhrələrinin alınmasına
700 min manat ödəniləcək.
Azərbaycan Prezidentinin kənd təsərrüfatının
ixrac potensialı yüksək olan sahələrindən
fındıqçılığın inkişaf etdirilməsi
ilə bağlı verdiyi tapşırıq və göstərişlərin
icrasını təmin etmək məqsədilə Qax rayonunda
yeni fındıq bağlarının salınması istiqamətində
zəruri işlər görülür. Qısa müddətdə
rayon ərazisində bələdiyyə və xüsusi
mülkiyyətə aid torpaq sahələrində 619 hektar sahədə
yeni fındıq bağları salınıb və bu istiqamətdə
iş sürətlə davam etdirilir. Ümumiyyətlə,
yaxın illərdə rayon ərazisində 4 min hektar, o
cümlədən cari ilin sonunadək min hektardan artıq sahədə
yeni fındıq bağlarının salınması nəzərdə
tutulur. Hazırda Qax rayonunda mövcud
fındıq bağlarının ümumi sahəsi 5041
hektardır. Bu bağların 4600
hektarı barverəndir. Bu il
fındıq bağlarından 3152 ton, yəni ötən ildəkindən
94 ton çox məhsul tədarük olunub.
İsmayıllı rayonunda da
fındıqçılığın inkişafı ilə
bağlı mühüm addımların atılması nəzərdə
tutulur. Belə ki, qısa müddətdə 100 hektaradək
sahədə fındıq tingi əkilib. Topçu,
Çəmənli, Kürdmaşı, Sumağallı, Tircan,
Talıstan və digər kəndlərin ərazilərində
əkin daha mütəşəkkil həyata keçirilir. Bu işlərə yüzlərlə işçi
qüvvəsi cəlb olunub. Fındıq
tingləri əsasən Qax, Oğuz, Qəbələ
rayonlarından gətirilir. Bununla
yanaşı, daxili imkanlar hesabına da müəyyən qədər
ting əldə olunub.
Zərdab rayonunda isə yeni tut bağları
salınır, köhnə bağlar isə bərpa olunur. Ümumilikdə bu il bölgədə 280 min ədəd tut
tinginin əkilməsi nəzərdə tutulub. Artıq
əkin aparılacaq sahələrdə şumlama, hamarlama
işləri başa çatdırılıb, quyuların
qazılması davam etdirilir. Hələlik rayon üzrə
11 min 450 ədəd ting əkilib. Bundan 10 min 400
ədədi Zərdab Regional Meşəsalma Müəssisəsi
tərəfindən, 1050-si isə Dəkkoba ərazi vahidlərində
əkilib. Rayonda yeni tut
bağlarının salınması, habelə köhnə
bağların bərpası işləri davam etdirilir.
Şəki rayonunda isə
baramaçılığın yem bazasının möhkəmləndirilməsi
məqsədilə cari ilin payız mövsümündə 50
min ədəd tut tinginin əkilməsi nəzərdə
tutulub. Artıq bu istiqamətdə işlərə
başlanılıb və qısa müddətdə rayon ərazisində
10 min 800 ədəd tut tingi əkilib. Tinglərin 2300 ədədi
kümdarların özlərinə məxsus pay
torpaqlarında, 8500 ədədi isə Şəki Meşə
Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən
dövlət meşə fonduna aid torpaqlarda əkilib. Hazırda tinglərin əkini sürətlə davam
etdirilir.
Qeyd edək ki, “Şəki-İpək” ASC-nin tinglik sahəsində
yetişdirilən tinglər fermerlərə pulsuz
paylanılır. Bu tinglərdən yetişdirilən
ağacların məhsuldarlığı 3 ildən sonra 50-60
faizə çatır. Hazırda Səhmdar
Cəmiyyətin özünün Şəki rayonunun ərazisində
icarəyə götürdüyü 117 hektar sahədə məhsuldar
tut bağları var.
Balakən rayonunda da fındıq istehsalının
arıtırılması yönümündə mühüm
işlər görülür. Azərbaycan
Prezidentinin fındıqçılığın inkişaf
etdirilməsi ilə bağlı verdiyi tapşırıq və
göstərişlərin icrasını təmin etmək məqsədilə
hazırda Balakən rayonunda yeni fındıq
bağlarının salınması istiqamətində zəruri
işlər aparılır. Bu ilin payız əkini
mövsümündə rayon ərazisində artıq 1413,2 hektar sahədə yeni fındıq
bağları salınıb. Yeni fındıq
bağlarının 726,5 hektarı
xüsusi, 442,2 hektarı bələdiyyə, 244,5 hektarı isə
dövlət mülkiyyətinə aid torpaq sahələrində
salınıb. Payız mövsümünün
sonunadək yeni salınan fındıq bağlarının
ümumi sahəsinin 1500 hektara çatdırılması
planlaşdırılır. Ümumiyyətlə,
yaxın illər ərzində rayonda 5 min hektar sahədə
yeni fındıq bağlarının salınması nəzərdə
tutulur. Hazırda rayonda mövcud
fındıq bağlarının ümumi sahəsi 4454
hektardır. Bu il bağlardan 3,5 min
ton məhsul tədarük olunub.
Qeyd edək ki, tut, qoz, fındıq meyvələri ilə yanaşı, üzümçülüyün inkişafı istiqamətində mühüm addımlar atılmaqdadır. Bu il bölgələrdə yığılan üzüm ötən illərlə müqayisədə çoxdur. Məsələn, Naxçıvan Muxtar Respublikasında payızın ortasına qədər olan dövrdə 9625 ton üzüm toplanıb. Qeyd edək ki, muxtar respublikanın təbii-iqlim şəraiti üzümçülüyün inkişaf etdirilməsinə imkan verir. Üzümçülüyün inkişafına dair Dövlət proqramının icrası diqqət mərkəzində saxlanılır, yeni üzüm bağları salınır, bu sahədə istehsalın həcminin artırılması və bazarın tələbatının ödənilməsi məqsədilə ardıcıl tədbirlər görülür. Təkcə bunu qeyd etmək kifayətdir ki, ötən ay muxtar respublikada keçirilən iməciliklər zamanı Uzunoba su anbarının yaxınlığındakı ərazidə 2 hektar sahədə 2500-ə yaxın üzüm tingi əkilib. Bu sahədə elmi-tədqiqat işləri də davam etdirilir. AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunda Naxçıvan Muxtar Respublikasında mövcud üzüm genofondunun toplanılaraq qorunması, həmçinin kompleks şəkildə botaniki, genetik və ampeloqrafik tədqiqi aparılmaqla, ərazidə yayılan 120-dən çox aborigen, 23 introduksiya olunmuş, 17 yeni klon variasiyalarından və 50-dən çox seleksiya üsulları ilə alınmış formalardan ibarət “Üzüm genofondu” kolleksiya bağı salınıb.
Tovuzlu sahibkarlar isə bu il üzüm bağlarında bol məhsul yetişdiriblər. Plantasiyalarda üzüm yığımı sona çatmaq üzrədir. Sahibkarlar bu ayın əvvəlinədək bağlardan 8280 ton məhsul toplayıblar. Yığılan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 ton çoxdur.
Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı tapşırığına əsasən Tovuz rayonunda da yeni üzüm bağlarının salınmasına başlanılıb. Yeni üzüm bağları əsasən rayonun Bozalqanlı, Əlimərdanlı, Aşağı Quşçu, Dönük Qırıqlı və Düz Qırıqlı kəndlərinin ərazisində salınır. Mövsümün sonunadək 90 hektara yaxın yeni üzüm bağı salınacaq və bunun üçün də 156 mindən artıq üzüm tingi tədarük olunub. Qeyd edək ki, hazırda rayonda 636 hektar üzüm bağı var.
Sonda bir daha vurğulamaq yerinə düşər ki, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Məhz bu amil cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsini zəruri edir. Xüsusilə, son bir neçə ildə aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu, təbii fəlakətlər və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətlərinin artmasına səbəb olduğu dövrdə bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. Nəticədə, ərzaq məhsulları ilə etibarlı təminat beynəlxalq və milli səviyyədə iqtisadi təhlükəsizliyin əsas tərkib hissəsi olmaqla dünya ölkələrinin siyasətində aparıcı istiqamətə çevrilib. Bu baxımdan, Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2016.- 1 dekabr.- S.8